Allahın evinin kölgəsi - Hədiyyədən yeni hekayə

Allahın evinin kölgəsi  - Hədiyyədən yeni hekayə

14:35 149


Hədiyyə Şəfaqət


Ağlamaq istəyirəm. Başa düşdüm. Ağlamaq lazımdır.

“Şər vaxtı ağlamazlar”, - anam deyirdi. Şər vaxtıdır. Hava çoxdan qaralıb, hətta gecə də düşüb. Amma göyün üzündə, buludların arasından hələ də tünd mavilik görünür.

Allahın evini və həyətini işıqlaqndıran lampaların ağ işığında oturub fikirləşirəm: “Bəli, ağlamaq lazımdır. Mənim ağlamağa ehtiyacım var. Elə burda Allahın...”

Ağlıma “Allahın evinin kölgəsində” sözləri gəlir, baxıram ki, yox, mən Allahın evinin həyətində, dəmir skameykada, işıqların altında oturmuşam. Heç Allahın evinin həyətinə dəmir skameyka qoyarlar? Yayda od kimi qızmayacaqmı? Qışda soyuğu bıçaq kimi kəsməyəcəkmi?

Bu bıçaq kimi kəsməyi soyuğa hardan calayıblar, bilmirəm. İfadəli təsvir vasitəsi. Hm... Yox, deyəsən yayda od kimi qızmırdı, gəlib otururdum axı?

Allahın evinin həyətini işıqlandıran lampalardan birinin ağ işığı göyün üzündəki bir parça tünd maviliyi daha yaxşı görməyimə mane olur. Əlimi azca qabağa qaldırıb lampanın işığının üstünü örtürəm, elədir, göyün üzü daha gözəl görünür. Tez də çəkirəm, kənardan baxanların nə fikirləşə biləcəyini təsəvvür edib gülümsəyirəm. Gülümsəyən kimi yadıma düşür ki, ağlamaq istəyirdim, baxıram ki, ağlayıramış, hətta Allahın evinin həyətini bəzəyən lampanın işığı göz yaşlarının arxasında qalıb deyə belə gur görünürmüş. .

Allahın evini şəhərin ən gözəl yerində tikiblər. Təpənin üstündə. Mənzərəsi əladır. Ətrafında da bağ salıblar, daş döşənmiş cığırlar çəkiblər. Şəhərin ən böyük bağı Allahın evinə məxsusdur.

Bir az aşağıda, təpənin dibində isə şəhərin ən böyük restoranı yerləşir. Yuxarı kabab iyi vurur, musiqi səsləri yüksəlir. İşıqları çaraqban.

Ən qədim gəminin kapitanının məzarı isə Allahın evindən bir az aralıda yerləşir.

Bəziləri qədim kapitanın məzarının burda olmasına şübhə ilə yanaşırlar. Onun gəmisinin nə zamansa burada ilişib dayandığını inkar etməkdə yarışa giriblər. Deyirlər, bu, boş əfsanədir, burada heç kim basdırılmayıb, üstündə tikilən balaca türbəyə artıq şey kimi baxırlar. Amma Allahın evinin şəhərin ən gözəl yerində tikilməsinə heç kimin etirazı yoxdur.

Allahın evindən əvvəl bu şəhərin ən gözəl evi şəhər hakiminin evi idi. Ev yerindədir, hakimi qovublar. Yəni çıxardıblar. Hakimlikdən çıxan kimi evindən də perik düşüb. Əvvəllər adamların qorxa-qorxa da olsa baxmaq istəmədikləri ev, sən demə, hakimin öz evi deyilmiş, hökumətin imiş. Amma əvvəl elə ona da Allah kimi baxırdılar, hələ yeri gəlsə ondan sildikləri qədər heç Allahdan silmirdilər.

Allahı evindən çıxartmaq mümkün deyil. Çünki Allahı vəzifədən də çıxartmaq mümkün deyil. Buna heç kimin gücü çatmaz. Heç kimin ağlına da gəlməz. Çünki başqa Allah yoxdur, birini çıxardıb o birini qoya bilməzsən. Dəyişə bilməzsən.

Necə deyilir: Həqiqi hakimiyyət ancaq ona məxsusdur.

Ona görə də dünyanın hər yerində ən böyük və ən gözəl evlər onun evləridir. Heç kim barmağını tuşlayıb Allahdan soruşmur: “Hansı pulla?” Heç kim. Amma məsələn, aşağıdakı restoranın da, yanında yarımçıq qalmış tikilinin də başının üstündə bu gözəgörünməz sual asılıb.

Allahı axtarmaq mümkündür. Tapmaq da. İtirmək də. Varlığına şübhə etmək də. Qarğıyırlar da Allahı, qınayırlar da Allahı. Amma bircə adam tapmazsan ki, yumruğunu qaldırıb deyə: “Allah evini başına uçurdacaq!”

Allahı Allahla necə hədələyəsən?

Lap deyək ki, bəndələrini sakitləşdirmək fikrinə düşdü; bəs hansı birini uçurtsun? Qurban olduğumun evi bir deyil, beş deyil. Allaha ev tikənlərin öz evləri başlarına uça bilər, uçurula bilər, amma onların başı Allahın evinin dağıntıları altında qalmayacaq, öz evlərinin dağıntıları altında qalacaq.

Evləri başına uçan adamlar qaçıb ora-bura gedirlər, təzə evlər tikirlər, bəlkə də ömürlük orda-burda sürünürlər, çadırda, qazmada qalırlar, bəzən utana-utana uzun müddət qohum-qardaşın, dost-tanışın evinə sığınırlar, amma gəlib bircə ay Allahın evində qalmırlar. Allahın evi yaşayış yeri deyil. Allahın evi uşaqlar evi, qocalar evi deyil. Güllə də dəyir, raket də düşür Allahın evinə, Allahın evi təhlükələrdən sığortalanmayıb.

Buralarda adam az olur. Sakitlikdir. Allah gəlib təzə evinə baş çəksə yaxşı olar. Görəsən gəlirmi? Görəsən, gəlib baxıbmı tikinti necə gedir, necə naxışlanır, necə bəzənir? İşığını, suyunu necə çəkirlər?

Düzdür, gəlməsə də olar. Necə olsa, hər şeydən xəbərdardır. Həyətə daşları necə gəldi döşəyən fəhlələrin beynindən keçən bircə fikir ona gizli deyilsə, böyük çılçıraqların haradan alındığını, neçəyə başa gəldiyini, divar lövhəciklərinin niyə indidən aralanıb bu gün-sabah töküləcəyini bilirsə... Nə etsin, gəlib ustaların üstünə qışqırsın? Desin, sökün, canınız çıxsın, yenidən düzün? Ya işdən qovsun?

Onluq deyil.

Allah səbr yiyəsidir.

Bir də, axı hər şey Onun kölgəsi altında baş verir. Artıq sözə ehtiyac yoxdur. Aranı qatmağa da.

Mən də hər axşam Allahın evinin işıqları yanana qədər həyətdə oturub kitab oxuyuram. Bir də görürsən, biri yaxınlaşıb soruşur: “Burda nə edirsiniz?” Başımı qaldılrıb baxıram: “Kitab oxuyuram”. “Nə kitabdır elə?” Kitabın üz qapağını göstərirəm: “Adı “Korlaşma”dır, Elias Kanetti adlı yazıçı yazıb”. Dayanıb üzümə baxır. “Həəə, bizimkilərdən deyil?” “Deyil”, - deyirəm, - “qorxmayın”. Axrıncını ürəyimdə deyirəm, hər ehtimala qarşı. “Xanım Rəbiqə tərcümə edib, tanıyırsınız?” “Yox”, - başını yelləyir, xanım Rəbiqə deməklə adamı çaşdırıam, elə biləcək, o da bizimkilərdən deyil. “Eh, xanım Rəbiqə”, - ürəyimdə fikirləşirəm, - “axşamın bir vaxtı min kilometr uzaqda, Allahın evinin həyətində adın çəkilir, xəbərin varmı?”

Yoxdur. Haradan xəbəri olsun? Allahın xəbəri var, söz yox.

Cənab Şübhə daha bilmir nə desin, gedir. Bu qədər adam girib-çıxır Allahın evinə, görəsən onlardan nəsə soruşurlar? Səndən isə soruşurlar: “Burada nə edirsiniz?” Çünki sən, hər axşam gəlib burada kitab oxuyursan, üstəlik, ağlayırsan da (görəsən, Cənab Şübhə bunu görüb?), amma Allahin evinə ayaq basmırsan...


Ağlamaq demişkən, yaxşı, bəsdir, bir hovur ağladın, yerdə qalanı sonraya qalsın.

Sonraya, yəni nə vaxta? Səhərə?

“Dan yerinə ağlamazlar”, – bunu da atam deyirdi. Şər vaxtı ağlama, dan yerinə ağlama. Bəs mən yazıq haçan ağlayım? Başımı qaldlırıb göyə baxıram, Allah deyilənə görə yuxarıdadır axı?

Məni də görürmü?

Məni bu boyda evinin böyük həyətinin bir küncündə necə görsün? Nöqtə boyda varlığam. Allahın həyətindəki fidanlar məndən böyükdür. Lampalar da məndən böyükdür. Üstəlik işıqları da adamın gözünü kor edir.

Ayağa qalxıram: Evə qayıdım. Cığırları dolamasına gəzib elə gedirəm. Havada bir damcı hava yoxdur. Yay çoxdan bitib, amma sərinlik düşməyib. Başımı yenə yuxarı qaldırıram, təyyarə axşam reysini başa vurur, asta - asta alçalır. Şəhərin üstündə, Allahın göyündə bir dairə də vurub limana enəcək. Qızım təyyarədən qorxurdu, uşaq idi. Daha qorxmur. Böyüyüb. Adam böyüyəndə uçmaqdan qorxmur. Yox, elə adamlar var, qorxurlar. Sudan qorxmurlar, göydən qorxurlar. Bir dəfə təyyarədə yanımda yaşlı xanım əyləşmişdi, təyyarənin hər tərpənişində dirsəkliyi sıxıb Allaha dua edirdi. Dua arası da təyyarəçiləri danlayırdı: Bu zəhrimarı sürməyi öyrənin, sonra göyə çıxın!

Hamı o qadına gülürdü. Zarafata salırdılar, başını qatmağa çalışırdılar. Stüardessa yanımdan keçəndə dedim, bəlkə dərman verəsiniz? Qadın acıqlandı: “Nə dərmanı, həftədə iki dəfə gedib gəlirəm!”. Elə o anda təyyarə bir qanadı üstündə döndü, enməyə hazırlaşırdı. Qadın yenə dirsəklikdən yapışdı: “Yavaş dönün buranı, min dəfə demişəm!”

Başımı aşağı saldım. İki tərəfdən ləklərdən aşıb-daşan hansısa bitkinin qolları uzanıb cığırın ortasına çatırdı. Elə bil ortada qovuşmağa can atır. Necə gözəldir, – fikirləşdim. Nə əcəb biçməyiblər, - sonra da bunu beynimdən keçirdim. Qoymazlar ki, belə qala. Səliqə-səhman vacibdir. Lək ləkdir, bitki bitki, cığır da cığır. Ləki aşdınsa, kəsilməlisən. Kəsərlər o üzdən – bu üzdən bir-birinizə uzanan, səkinin ortasından qovuşmaq istəyən qollarınızı! Sonra hələ bəlkə kökündən də çıxarıb atdılar – alaq otları!

Allahın evinin işıqları arxada qaldı, pilləkənləri düşməyə başladım. Asta-asta, fikirli-fikirli. Görəsən, Allah bu qədər evi olmasına görə evsizlərdən utanırmı? Görəsən bəndələri küçədə qalanda narahat olurmu?

Bağda qabağıma çıxan balaca qara pişik balasını xatırladım. Yəqin qovub çıxartmışdılar, yazıq-yazıq, amma həyasızcasına haray vururdu. Səsiylə axtarıb tapmşdım. Gözlərində də xəstəlik vardı. Əvvəl istədim, ağacdan götürüb aparım evə, gözlərinə dərman töküm, sağalsın, saxlayım bizdə. Amma yadıma düşdü ki, evdə bunlarıb balacalarından beşi var, böyüyündən biri. “Hamısı mənə düşməz ki!” – qəddarcasına fikirləşdim. Amma sonra vicdanım rahat buraxmadı. Evdə uşaqlara da deməmişdim, bilmişdim ki, gedib tapıb gətirəcəklər.

“Arada belə qəddarlaşmağım var”, - Allaha deyirdim. - “Onu da sən fikirləş. Bütün yetimlərinə mən baxa bilmərəm. Özüm evsiz-eşiksiz qalmışam, qazandığım qəpik-quruşu ev sahibi əlimdən alır. Özgə evində beşinə - altısına mən baxıram. Böyüyəndə çıxıb gedirlər, amma yenə biri – ikisi qayıdıb gəlir, pişiksiz günümüz yoxdur. O qədər evin var, götür beş-altısını da sən apar. Gözləri xəstədir? Heç mənim gözlərimdən xəbərin var? İtini-pişiyini bizə ümid olmusan, sağ ol, böyük şərəfdir, amma bağışlayasan, evindən aşağıdakı restorana tapşır, bir onuna da onlar baxsınlar.

Nə bilirsən baxmırlar, - başımı bulayıram, - bilmədən danışırsan.

Pilləkənlərin ayağından baxanda Allahın evinin ancaq işıqlı minarələri və qübbələri görünür.

Allahın evinin həyətindən ulduzlar necə gözəl görünərdi. amma gərək işıqları söndürələr, təkcə qaranlıq qala, bir də ulduzlu kəhkəşan. Təsəvvür edin! Elə bilirsən, sürətlə başıüstə qara dərinliyə uçursan. Adamın ürəyi pərvazlanır, həm öz zərrəcə kiçikliyini hiss edirsən, həm qəlbinin döyüntüsünün necə böyük məna daşıdığını. Allahdan başa heç nə qalmır. Qara dərinliyə uça-uça qanadlarının Allahın qəlbinin boşluğundakı hənirini alırsan.

Mümkün deyil, çünki Allahın evinin və həyətinin işıqları gecələr heç vaxt sönmür. Amma kənddə işıqlar tez-tez sönürdü, biz də həyətdə atamla üzü göyə uzanıb ulduzlara baxırdıq.

Mən ulduzlardan düşmüşəm, atam da, hələ desən anam da. Anam deyirdi: Şər vaxtı ağlama. Atam deyirdi: Dan üzünə ağlamazlar.

Onlar olmayan yerdə ağlamaq istəyəndə də Allahın evinin işıqları yanıb başımı qatır.

Bəs mən nə vaxt ağlayım?