Alpay Azərdən yeni hekayə: Boynubükük

Alpay Azərdən yeni hekayə:  Boynubükük

01 Noyabr 2023 12:18 171


“Parlaq Gələcəyimiz” təşkilatının sədri Afiq Qəniyev saat onda başlayan konfransa yarım saat əvvəl özünü yetirir. Tanıdığı adamları görən kimi qucaqlayıb öpmək, vəzifəlilərə “Sizə böyük hörmətim var” deyib yeri gəldi-gəlmədi tərifləmək, tanımadığı xariciləri qırx ilin dostu kimi əzbərlədiyi “Hello may frend, yu ar velkom to Azəbaycan” (Salam dostum, Azərbaycana xoş gəlmisiz) sözləriylə salamlamaq, hamısıyla şəkil çəkdirib axşam feysbukda bir xeyli dostunu işarələyərək paylaşmaq, sonra tez-tez öz profilinə girib neçə adamın, kimlərin bəyənmə işarəsi qoymasını bilmək, şərhləri bəyənib hər birinə “təşəkkür edirəm” yazmaq onun sevimli adətiydi.

Ərəstun Məmmədovun nazir müavini təyin olunduğu xəbərini apa.az-da oxuyan Afiq tezcə öz feysbuk profilinə girib onun adını işarələyərək belə bir status yazdı: “Hörmətli Ərəstun müəllim! Nazir müavini vəzifəsinə təyin edilməniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, yeni işinizdə uğurlar arzu edirəm. İnanıram ki, Siz...”

Ərəstunun telefonuna iki gün davamlı zənglər, mesajlar gəldi, dövlət qurumları rəhbərlərinin, müavinlərinin, idarə, şöbə rəislərinin, deputatların, şirkət başçılarının bəzilərinin zənglərinə həvəslə, bəzilərinə məcburən cavab verdi, vatsap mesajlarına “təşəkkür edirəm” yazdı, vəzifəcə özündən aşağıdakıların mesajlarına iki gün sonra həmrəylik, alqış işarələri göndərib ürəyində “smaylik bəsinizdi” dedi. Feysbuk profilinə girmədi, bildi ki, onlarla, bəlkə də yüzlərlə adam onu təbrik edib. Nə hamısını bəyənməyə, nə də ümumi təşəkkür statusu yazmağa həvəsliydi. Əvvəl istədi profilinə girib Afiqin və bir neçə nəfərin statusundan başqa, qalan hamısını bəyənsin, bəlkə, bundan sonra Afiq özünə qarşı etinasızlığı, saymamazlığı görüb yaltaqlığına son qoya. Bir həftə sonra feysbuka girəndə, ilk yadına düşənlərdən biri elə Afiq oldu. “Yaşı altmışı keçmiş adamın çətin ki, bundan sonra xarakteri dəyişə. Bu da həyatda çoxlu layk almaqdan ləzzət alır,” – deyinib onunku daxil, bütün təbrik statuslarını bəyəndi, profilində hamıya diqqətinə, xoş sözlərinə görə təşəkkür statusu yazdı.

Bir gün Ərəstun profilinə girəndə, əsəbindən az qaldı kompüterin monitoruna yumruq vursun. Bildirişlər yerində 36 bəyənmədən 24-ü Afiqdən gəlmişdi. “Yox, bu, lap ağ oldu,” – öz-özünə deyindi. Bəyənmələrin bəzisi o, hələ nazirlikdə şöbə müdiri işləyən vaxt paylaşdığı şəkillərə, statuslara aid idi, şərhlərdə isə Afiq əttökənliyin pik həddinə çatmışdı. “Çox dəyərli Ərəstun müəllim, Sizinlə dostluğumdan qürur duyuram”, “Sizin kimi insanlar yüz ildə bir dəfə dünyaya gəlir”. Ərəstun son cümlədən qıcıq oldu, Afiqin dəfələrlə deputatların, müxtəlif nazirlik işçilərinin statuslarına yazdığı bu cür şərhləri görmüşdü. Son anda hansısa gizli bir qüvvə onu qoymadı Afiqi bloklasın, dostluqdan çıxardı, sanki münasibətlərçün əl yeri saxladı, halbuki, bu adamdan heç bir asılılığı yox idi.

Üç gün sonra Afiqdən dostluq ismarışı gəldi. “Bu üç gündə feysdə aktiv olmamışam. Maraqlıdı, necə bilib dostluqdan çıxartdığımı?” – Ərəstun özünə sual verdi. Səhərisi feysbuka mesaj gəldi: “Hörmətli Ərəstun müəllim, zəhmət olmasa dostluğumu qəbul edin. Necəsə olub siz mənim dostluğumda yoxsuz”. “Necəsə olub yox, səni dostluqdan çıxartmışam və bunu yaxşı bilirsən, a tülkü,” – Ərəstun donquldandı.

Bir neçə gün sonra köməkçisi cari məsələləri nazir müavininə məruzə edib kabinetdən çıxana yaxın tərəddüd qarışıq təbəssümlə dedi: “Ərəstun məllim, bir məsələ var, amma vallah, bilmirəm, necə deyim”. – “De görək”. – “Səhər “Parlaq Gələcəyimiz” təşkilatının sədri Afiq Qəniyev zəng eləmişdi. Dedi ki, sizə feysbuka dostluq...” – “Bildim, gedə bilərsən... Bir dəyqə dayan. Sən bunun təşkilatının adına bax. Parlaq Gələcəyimiz, yox bir, günəşli günlərimiz. Başa düşdük, pul qazanmaqçün yığışıb qehete yaradıblar, savadları çatmayıb, o cür əttökən ad tapıblar. Yaxşı, bəs Ədliyyə nazirliyində oturanlar təşkilatı qeydiyyata alanda hara baxıblar? Bax, bunu başa düşəmmirəm”. Bir həftə sonra beynəlxalq konfransda Afiqlə rastlaşacağına əmin olduğundan, könülsüz onun dostluğunu qəbul etdi. Bildi ki, qəbul etməsə, bu adam konfransda ona yaxınlaşıb, boynunu büküb deyəcək: “Ərəstun məllim, sizi dostluğumda görmədim, təkrar dostluq göndərdim. Köməkçinizə də zəng eliyib demişdim, yəqin sizə deyib”. Bu səhnə onunçün o qədər canlı gəldi ki, öz-özünə pıçıldadı: “Hə, deyib. Qəbul eləməmişəmsə, deməli, belə lazımdı. Durub təzdən köməkçimə niyə zəng edirsən?”

Boyu bir səksən olan Afiq boynunu bükəndə, qıraqdan əcaib görünürdü. Bəzən Ərəstunun fantaziyalarında bu baş qısıla-qısıla bədəninə girib görünməz olurdu, Ərəstun əlini onun içinə salaraq başı dartıb çıxardırdı və deyirdi: “Ay Afiq, axı nə məcburdu bu cür boy-boxunla adamların qarşısında boynunu bükürsən”.

Candərdi “Qəbul et”i tıklayandan az sonra inboksuna mesaj gəldi: “Əsəstun məllim, dostluğumu qəbul etdiyiniz üçün sizə səmimi və dərin təşəkkürümü bildirirəm”. “Yox bir, qarşınızda səmimi və ikiqat baş əyirəm. Elə bil feysbuka prapiska olunub,” – deyinən nazir müavini mesaja reaksiya vermədi, sonra qəfil ağlına gəldi ki, Afiq ümumi tanışlardan onun təzə telefon nömrəsini əldə edə bilər. Tez köməkçisinə zəng etdi: “Mənim təzə nömrəmi qeheteçilərdən istəyən olsa, heç kimə vermirsən. Afiq, Rafiq, Tofiq, heç kimə. Aydındı?” – “Aydındı”.

Bir həftə sonra Ərəstun Park İnn hotelinn “Dan ulduzu” zalına girəndə, çalışdı ətrafına nəzər salmasın, tez keçib VİP-lərə aid birinci sırada oturdu. Narahatıydı, bilirdi ki, harda olsa, Afiq özünü çatdıracaq. Plenar iclas bitdi, Ərəstun təhsil nazirinin müaviniylə söhbət edə-edə zaldan çıxana yaxın Afiq qəfil qarşısında peyda oldu. “Salam Ərəstun müəllim. Necəsiz?” – “Yaxşıyam,” – nazir müavini soyuq tonda cavab verdi. Afiq növbəti dəfə onu yeni vəzifəyə təyin olunması münasibətiylə təbrik edib dedi: “Bir dəyqə vaxtınızı ala bilərəm?” Qırağa çəkildilər, Afiq utancaqlıq maskası taxıb dedi: “Vallah, deməyə utanıram... Oğlum Mahir bir ildi Beynəlxalq Universiteti qurtarıb, işsizdi. Mümkünsə, nazirlikdə onu adi bir işə götürməyə kömək edə bilərsiz?” “Buna görə həftələrlə feysbukda yaltaqlanırdın?” ürəyində deyinən nazir müavini dilləndi: “Oğlunuza deyin qəbula zəng eləsin, mənim adımı verib köməkçim Faiq Müslümovla danışsın, sivisini (CV) ona göndərsin”. – “Baş üstə, Ərəstun müəllim. Çox sağ olun, Allah sizdən çox-çox razı olsun. Vallah, heç bilmirəm xəcalətinizdən necə çıxacam. Həmişə qulluğunuzda hazıram”. Ərəstun fikir verdi ki, Afiq son cümlələri deyəndə boynunu bükmədi. “Məntiqlə əksinə olmalıydı” fikirləşə-fikirləşə Ərəstun ondan uzaqlaşdı və başa düşdü ki, Afiqin oğlunu işə götürsə, real, virtual həyatda yaltaqlığın beşqat dozasıyla üzləşəcək, şərhlərin, şəkil, status bəyənmələrinin sayı-hesabı olmayacaq. İşə götürməsə, bir həftəyə-filan inboksu mesajlarla dolacaq: bəs iş məsələsindən nə xəbər var, oğlum sivisini göndərmişdi. Cavab verməsə, lap bloklasa da, növbəti tədbirlərin birində heç nə olmamış kimi qənşərində peyda olacaq.

Bir gün Ərəstun yaltaqlıq haqda geniş düşünməyə başladı: “Hamı deyir, yaltaqlıq pis şeydi, bu, öz yerində. Bəlkə, Afiq inanır ki, yaltaq deyil, ya bunu dərk etmir, elə bilir səmimidi, inanır ki, vəzifədə olanlara sadəcə, xoş münasibət göstərir. Yəni doğrudan anlamır ki, əndazəni keçir? Ola bilməz, oğlu, ya başqa yaxınları buna indiyə qədər heç olmasa bir dəfə deməsinlər ki, bizi camaatın içində biabır eliyirsən, bu qədər olmaz. Bir dəfə yox e, dəfələrlə deyiblər. Afiq də çox güman, eşitdiklərini qulaqardına vurub deyib, əcəb edirəm, gedin öz işinizlə məşğul olun. Bəlkə, yaltaqlıqdan həzz alır, enerji alır? Guya indiyə qədər mən özüm yaltaqlıq eləməmişəm?”

Azərbaycan Politexnik İnstitutunda komsomol katibi olanda, rektorun, respublika komsomol katiblərinin qabağında mil kimi dayanmağı, keçən əsrin səksənlərində Leytenant Şmidt adına Maşınqayırma zavodunda kommunist partiyası komitəsi sədri kimi partnomenklatura işçilərinə, doxsanların əvvəlləri Səbayel rayon icra hakimiyyətində təlimatçı işləyən vaxt icra başçısına, daha sonra indi işlədiyi nazirlikdə pillə-pillə qalxdıqca özündən yuxarıdakılara saysız-hesabsız “baş üstə” deməsini xatırlayanda, Ərəstun bir təhər oldu. “Amma baş üstəni bütün hallarda yaltaqlığa yozmaq olmaz”. Ona elə gəldi, son cümləylə özü özünü aldadır. Yaddaşında bir az da qurdalandı, on il əvvəl rəhmətə getmiş, ömrü boyu Azərbaycan Politexnik İnstitutunda dərs demiş, elə onun sayəsində həmin instituta qəbul olmuş böyük qardaşı Əhmədlə olan mübahisəsi yadına düşdü.

Keçən əsr, səksənlərin əvvəlləri, zavodda partiya komitəsi sədri işləyən vaxtlarıydı. Yayda axşamüstü həmin qardaşıyla dənizkənarı bulvarda gəzişəndə, Bakı şəhər partiya komitəsində təlimatçı işləyən Artur Minasyan rastlaşmışdılar... Axşama qədər dişini dişinə sıxan Əhməd evə çatan kimi başlamışdı, nə başlamışdı: “Ölüb yerə girdim sənin biabırçı hərəkətinə görə. Sənə yüz dəfə demişəm, adamlarla danışanda, əlini tez-tez hülqumundan tutma! O hərəkət kiminsə qarşısında alçalmaq deməkdi”. – “Elə deyil,” – bunu deyəndə səsi yavaş çıxmışdı Ərəstunun. “Elədi, mənə inanmırsansa, get başqalarından soruş. Utandığımdan əlimlə üzümün yarısını örtmüşdüm ki, birdən məllimlərdən, ya tələbələrimdən görən olar. Sabah biri soruşsa, yanınızdakı kim idi, nə cavab verəcəm?” Ərəstun qardaşına naəlac yenə demişdi ki, elə deyil, çox adamın belə etdiyini görüb. “Onlar da elə sənin tayındı da” qardaşı demişdi. Sonralar vəzifəlilərin qarşısında əli hülqumuna tərəf gedəndə, qardaşının qəzəbli sifəti Ərəstunun gözləri önünə gəlmişdi, əlini tez yanına salmışdı.

İndisə özünə sual verirdi: bəyənmədiyi, ürəyi yatmadığı vəzifəliləri bayramlarda təbrik etmək, televiziyada çıxış edərkən protokol xatirinə birincini tərifləmək, nazir çıxış edərkən, qeyd dəftərində yeri gəldi-gəlmədi nəsə yazmaq, nazirin qəbulunda ona qulaq asa-asa tez-tez başını tərpətmək, dodaqaltı “bəli, bəli” demək yaltaqlıq sayıla bilərmi? “Yaxşı, indi mənim Afiqdən fərqim nədir? Onda yaltaqlıq həyat tərzinə, xroniki hala çevrilib, məndə hərdənbir olur. Mən əlimi boğazıma aparmağı tərgidə bildim, Afiqdə ömrü boyu tərgitmək sözünün t-sı belə olmayıb. O, yaltaqlıq elədiyini bilmir, mən ən azından, bunu dərk edirəm. Əşi o da bilir, necə yəni bilmir? Sadəcə utanmır, öyrəşib. Mənsə az da olsa xəcalət çəkirəm, əzab çəkirəm buna görə”. Bunlar ağlından keçəndə böyük qardaşı Əhməd yadına düşdü. “Mən artıq nazirlikdə işləməyə başlayanda, Əhməd məni danlamaqdan çəkindi, ona qədər yüz dəfə televizorda görmüşdü kimləri tərifləmişəm. İndi də pensiyadadı, yəqin fikirləşir, sabah nəvələrinə görə işi düşə bilər, məni danlamır, acılamır ki, nəsə xahiş edəndə üzü olsun”. Ərəstun özü də onunla mübahisələrdən qaçırdı və içində bir qorxu varıydı, qardaşı birdən əsəbiləşsə, “Elə bilirsən, yadımdan çıxıb bulvarda erməninin qabağında alçalmağın? Amma indi on yaş səndən böyük qardaşının üzünə bozarırsan” sözləri çıxa bilərdi ağzından.

Bir sözlə, Ərəstun Sovet dövründə özündən yüksək vəzifə tutanlara “baş üstə, yoldaş filankəsov”, cəbhəçilərin dönəmində “baş üstə, filankəs bəy”, sonrakılara “baş üstə, filankəs müəllim” deyə-deyə nazir müavini postuna qədər gəlib çıxmışdı. Bunları fikirləşə-fikirləşə təsəlli tapdı: indiyə qədər etdikləri yaltaqlıq olsa da, ən azından, Afiq kimi ətrafdakılarda ikrah hissi doğurmur. Sonra fikirləşdi, bəlkə, ondakı yaltaqlanmaq yox, yarınmaqdı. “Bu lap keçəl Həsən, Həsən keçəl məsələsi oldu... Amma yarınmaq altdan-altdan olur, o qədər gözə çarpmır, yaltaqlıq açıq şəkildə olur”.

Axırı, o, Afiqin oğlunu nazirliyin təchizat şöbəsində işə götürdü. Sonrakı günlərdə atası təşəkkür etməkçün qəbula iki dəfə zəng etsə də, Ərəstun hər ikisində katibəsinə “De ki, iclasdadı” tapşırdı, Afiqin feysbukun inboksuna yazdığı uzun təşəkkürü isə oxumağa səbri çatmadı.

Ərəstun qafqazinfo.az-da məşhur nazirliklərdən birində idarə rəisi işləyən, uzun illərdi dostluq etdiyi Məsim İsayevin korrupsiya maddəsiylə həbsi xəbərini oxuyandan və həmin an bədənindən güclü gizilti keçəndən iki gün sonra qəfil xatırladı ki, dostu həm də Afiqlə feysbukda dostdurlar. Yadındaydı, onunla iki-üç tədbirdə şəkillər çəkdirib “İnzibati İşlər Nazirliyində idarə rəisi kimi çalışan çox hörmətli Məsim İsayevlə dostluğumdan qürur duyuram” sözləriylə paylaşmışdı. Afiqin profilinə girib fotoqalereyasında xeyli gəzişdi, şəkillər yox idi. “Hamısını silib, birini də saxlamayıb. Deməli, Allah eləməmiş, sabah mənim də başıma eyni iş gəlsə... Götürüb Afiqin daxili işlər nazirliyində, ya prokurorluqda işləyən bir tanışını tapasan, onun adından feyk profil açasan, ordan buna dostluq göndərib yazasan ki, qəbul et, bu, mənim müvəqqəti profilimdi. Sonra yazasan ki, bəs eşitdin, Ərəstun Məmmədovu tutdular. O dəyqə soruşacaq, doğrudan, axı saytlarda o barədə heç nə yazmayıblar? Mən də yazam ki, mənə inanmırsan? On beş dəyqə sonra profilinə girib baxasan, şəkillərimi silibmi. Əlbəttə siləcək, hələ profilimə girib statuslarıma yazdığı şərhləri, laykları da siləcək”. Afiqin kompüterin “siçan”ıyla həyəcanla, tez-tez şəkilləri silməsini təsəvvürünə gətirən Ərəstunun dodağı qaçdı.

Məsim İsayevlə söhbətlərin birində hər ikisinin yaxşı tanıdığı, Ticarət nazirliyində idarə rəisi işləyən Vidadidən söhbət düşəndə o, Ərəstuna demişdi: “Srağagün onun ictimai kanaldakı çıxışına qulaq asdım. İnan, onun yerinə mən utandım. Üç cümlədən bir möhtərəm, möhtərəm, nə qədər eyni şeyi təkrarlamaq olar. Bu adam anlamır ki, möhtərəm təsadüfən həmin çıxışa qulaq assa, əsəbindən səpər”. Məsim son cümləni deyəndə hər ikisi qəşş edib gülmüşdü. Qəfil gülməyini kəsib diqqətlə ətrafına baxan Məsim təlaşla pıçıldamışdı: “Çox da şey eləmiyək, eşidəllər, çatdırallar”.

Həmin söhbətdən xeyli sonra Ərəstun axşam evdə oturub İctimai TV-də xəbərlərə baxarkən, Məsim İsayevin müsahibə verdiyini görmüşdü. Pultu götürüb televizorun səsini artırmışdı, Məsim suallara cavab verə-verə dünyasını dəyişmiş bir, yaşamaqda olan tanınmış iki dövlət xadimini tərifləyirdi, ehtiyatla, emosiyasız, qıraqdan “yaltaq kimi görünməyim” taktikasıyla, sanki öncədən dostu Ərəstunun ona qulaq asa biləcəyini duymuşdu. Ərəstun gülə-gülə öz-özünə demişdi: “Vidadini lağa qoyurdun ki, möhtərəm sözündən çox istifadə edir. Amma özün bir dəfəyə üçünü təriflədin, ay Məsim”. Ərəstun son vaxtlar şöbə müdirlərinin, idarə rəislərinin, millət vəkillərinin statuslarını bəyəndiyini, təmənnalı, saxta şərhlər yazdığını, rəsmi tədbirlərdə prezident aparatında işləyən şöbə müdirlərinə, nazirlərə, nazir müavinlərinə xoş gəlmək, ya onların gözündə ağıllı görünməkçün dediyi sözləri xatırlayanda yenə öz-özünə dedi: “Bəs mən elədiyim taktiki yarınma deyil ki?” Bu mövzu onunçün o qədər həssas idi ki, yarınma məsələsində özünü başqalarıyla müqayisə etməkçün arada feysbukda gəzişib nazirlikdə sektor, şöbə müdirlərinin vəzifəcə özlərindən yuxarıdakılara “diqqət göstərmə” dərəcəsini təhlil edirdi. Fikir vermişdi, nazir müavinləri, idarə rəisləri nadir hallarda sektor, şöbə müdirlərinin statuslarını bəyənir, ya şərh yazırlar, hər şey əksinə olurdu.

İllər öncə nazirlikdə şöbə müdiri işləyən vaxt Afiqin böyük qardaşı Həsənin üç məclisində baş verənlər yadına düşdü. Onda Ərəstunun nazirlikdəki işi qeyri-hökumət təşkilatlarıyla bağlı idi. Arada QHT rəhbərləriylə görüşüb ictimai sektoru müzakirə edirdilər, bir yerdə tədbirlər keçirirdilər və nazirliyin layihələrə ayırdığı qrantlarla bağlı ilkin razılığı Ərəstun verirdi.

Hüzr çadırına daxil olanda, Afiq onu otuz iki dişli təbəssümlə qarşılamışdı, aparıb yaxşı yerlərdən birində oturtmuşdu, tez mollaya yaxınlaşıb qulağına nəsə pıçıldamışdı. Molla başını tərpədə-tərpədə üzündə təbəssüm ona qulaq asandan sonra mikrofonla elan etmişdi: “Məclisimizdə ...nazirliyin QHT-lərlə şöbə müdiri çox hörmətli Ərəstun Məmmədov da iştirak edir”. Hüzr məclisində ilk dəfə belə şeylə rastlaşan Ərəstun mollaya, onun yanında oturan Afiqə baxıb əlini sinəsinin üstünə qoyaraq başını tərpədib xəfifcə gülümsəsə də, ürəyində demişdi: “Elə bil toydayam. Afiq toy yiyəsi, molla da tamada. Bircə o qalıb ki, molla məni səbəbkar haqqında ürək sözlərimi deməyə çağıra”. Ətrafa göz atıb görmüşdü, bir-iki nəfər qımışır, qalanları isə baxışlarıyla onu axtarırlar.

Afiq bəzən onun təşkilatına nahar vaxtı gələn vacib adamları yaxınlıqdakı Frat restoranından sifariş verib gətizdirdiyi çoban salatına, mərcimək şorbasına, İsgəndər kababına, ayrana, sonra çay dəstgahına qonaq etməmiş yanından buraxmırdı. Qeheteçilər arasında belə bir zarafat yayılmışdı: “Acmışam, bəlkə gedək Afiqin təşkilatına, İsgəndər kababı yeyək”. O birilər adətən, belə reaksiya verirdi: “Afiq vip qonaqlara yemək-içmək verir, bizim kimi az qrant alan kasıbları çayla yola verir”.

Afiqin ofisdə verdiyi qonaqlıqların məqsədi dövlət, QHT tədbirlərində ön sıralarda oturmaq, çıxış etməyə-etməyə telekameralara düşmək, axşam dost-tanışa zəng edib “Axşam AZTV-də, Speysdə, İTV-də xəbərlərə baxarsız, məni ...tədbirdə göstərəcəklər” ismarıçını çatdırmaq idi. İskəndər kababını nəzərə alan QHT rəhbərləri də Afiqi telekameralara yaxın sırada əyləşdirirdilər.

Bir dəfə “Parlaq gələcəyimiz” təşkilatına Ədliyyə nazirliyində işləyən Fərman adlı məmur gəlmişdi, söhbət edə-edə yemişdilər, masaya çaylar, mürəbbələr, şokoladlar düzüləndə, “Çiçəklənən yurdumuz” təşkilatının sədri Fərman qapının ağzında görünmüşdü. “Baa, görün kim gəlib!” – hay-küylə təzə qonağı salamlayan Afiq ayağa durub ona tərəf addımlamışdı, bağrına basıb marçamarçla üzündən öpəndən sonra onu adaşıyla tanış etmişdi. Üzünü məmura tutub demişdi: “Fərman müəllim, təsadüfə baxın, bir gündə mənimçün əziz olan iki Fərman ofisimə gəlib mənə şərəf verib. Bu günü heç vaxt unutmaram”. Oturub çay içə-içə söhbət etmişdilər, söhbətin şirin yerində qeheteçi Fərman məmur adaşına öz təşkilatının adının dəyişdirilməsi, yenidən Ədliyyə nazirliyində qeydiyyata alınmasıyla bağlı xahiş etmişdi. “Həll edərik” deyən məmur Fərmanın sifəti ciddi ifadə almışdı, anlamışdı ki, bu görüş, yemək-içmək təsadüfi deyil, hər şeyi Afiq əvvəlcədən düzüb-qoşub. Bir müddət sonra “Çiçəklənən Yurdumuz” olmuşdu “Yurdumuzun İnkişafı Naminə” təşkilatı və məmur Fərmanın köməkliyi ilə Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdi.

Məmur Fərman dost-tanışıyla görüşən vaxt Afiqdən söz düşəndə, ovqatından asılı olaraq, gah gülə-gülə, gah istehzayla, gah da başını bulayıb əsəbi-əsəbi deyirdi: “Sonralar özünə demədim ki, ay Afiq, xahişin var, zəng elə mənə, ya bu adamı yanıma göndər, mən də nəyi bacarıramsa, onu edim. Tay məni və onu niyə eyni vaxtda ofisinə çağırırsan, yalandan hay-küylə deyirsən ki, ay təsadüfə bax, eyni vaxtda iki Fərman təşkilatıma qonaq gəlib, mənə şərəf verib”.

Bir gün sektor müdiri kimi Ərəstun yenə “Parlaq Gələcəyimiz” təşkilatına gəlmişdi. Afiq Frat restorana zəng edib sifarişləri verəndə, Ərəstun tez ayağa qalxıb barmağıyla telefonun düymələrini basaraq “Mən toxam, ancaq çay” demişdi. Ərəstunun qətiyyətli etirazından sonra Afiq məcbur olub dəstəyi yerinə qoymuşdu. Söhbət zamanı dolabın üstündəki tünd boz rəngli fiqur qonağın diqqətini cəlb etmişdi, barmağıyla göstərib “O, nədi elə?” soruşmuşdu. Afiq tez ayağa durub boz rəngli ağzını açmış timsah heykəlciyi götürüb Ərəstuna uzatmışdı. “Bir dostum var, sizdən yaxşı olmasın, Maskvada yaşayır, biznesmendi, Afrikada olanda, alıb mənə gətirmişdi. Təmiz gümüşdəndi”. – “Maraqlı suvenirdi, elə bil indi adamı dişləyəcək,” – deyib Ərəstun əlində tutduğu fiqura diqqətlə baxmışdı. Afiqin gur səslə dediyi “Qurbandı sizə!” sözlərindən diksinən Ərəstun tez demişdi: “Yox, yox, nə danışırsız, bu, sizə hədiyyə kimi verilib, mənə yox”. Bir-birinin qolunu itələmə başlamışdı, “Bax, yemək yemədiz, bunu da götürməsəz, Allaha and olsun, inciyərəm sizdən” deyən Afiq axırı, güc-bəlayla timsahı sektor müdirinin pencəyinin yan cibinə dürtə bilmişdi... Bunları sonralar xatırlayan Ərəstun öz-özünə dedi: “Deyirəm axı, mən niyə bu adama bağlanmışam, oğlunu işə götürmüşəm. Görünür, o vaxtdan bu şeylər yaddaşımda iz qoyub, ona görə arada Afiqə qarşı qıcıq yoxa çıxır”.

***

Nazir müavini səhər on ikiyə iyirmi dəqiqə işləmiş sənədlərlə məşğul olan vaxt arvadı zəng edib ağlaya-ağlaya dedi: “Anam keçindi. Tez gəl”. Ərəstun xəbəri köməkçisinə deyib əlavə etdi: “Sən cənab nazir işdə olana qədər yerində ol, məni soruşsa, vəziyyəti başa salarsan”. – “Baş üstə, Ərəstun müəllim”. Nazir müavininə elə gəldi, son on ildə “baş üstə”lərin ən səmimisini eşitdi.

On-on beş qohum-qonşu həyətdə hüzr məsələlərini müzakirə edərkən, AA seriyalı qara BMV həyətə daxil oldu. Ərəstun maşından düşən kimi həyətdəkilər bir-bir ona yaxınlaşıb “Allah rəhmət eləsin” dedilər. Beşinci mərtəbəyə qalxıb arvadına, baldızlarına baş sağlığı verdi, arvadını qırağa çəkib qəbir yeri, molla, meyiti yuma məsələləri barədə danışdı. Məlum oldu ki, baldızı oğlanları artıq qəbiristanlıqdadırlar, o biri qohumlar bir azdan meyiti yumaqçün məscidə aparacaqlar. “Bəlkə elə məsciddən birbaşa qəbirist...” Arvadı Ərəstunun sözünü kəsdi: “Yox, mamam vəsiyyət eliyib ki, yuyandan sonra evə gətirsinlər. Məçit elə uzaqda deyil, aparıb gətirmək vaxt aparsın. Budu buradı da”.

Ərəstun həyətdəydi, artıq nazirlikdən xəbər tutub gələnlər, zəng edib baş sağlığı verənlər, qəbiristanlığın yerini soruşanlar var idi. Ayaqüstü söhbətin iyirminci dəqiqəsində hazırlaşırdı arvadına zəng edib desin, meyiti məscidə aparmaq lazımdı, beş-on dəqiqəyə yuxarı çıxacayıq, bir də gördü yaxınlıqda dayanan qəhvəyi Mersedesdən Afiq nazirlikdə işləyən oğlu Mahirlə çıxaraq yeyin addımlarla ona tərəf gəlir. Yaxınlaşan kimi Afiq “Allah rəhmət eləsin” deyib başını uzatdı üzündən öpsün, nazir müavini ondan çimçəşirmiş kimi başını sərt hərəkətlə geri çəkdi, qıraqdakılar da onun bu kobud jestini gördü. Pərt olmuş Afiq titrək səslə dedi: “Allah ruhunu şad etsin, Allah o dünyasını versin. Axır qəminiz olsun. Nədən rəhmətə getdi?” Bu sualı heç gözləməyən Ərəstun hirsini cilovlayıb “Qocalıqdan” cavab verdi. (Qaynanası altmış iki yaşında infarktdan ölmüşdü.) Atasının pərt halını görən oğlu isə onu işə düzəldən adama baş sağlığı verməyi unutmuşdu.

Ərəstun qol saatına, sonra diqqətlə Afiqə baxdı, gözlərindən bilindi ki, nəyisə götür-qoy edir, nəyisə deməyə hazırlaşır. Afiq də ondan vacib bir tapşırıq alacağını hiss edirdi, “baş üstə” deməyə hazır vəziyyətdə, gözlərini qırpmadan ona baxırdı. Ərəstun onun qoluna girib qırağa çəkərək yarımpıçıltıyla dedi: “Dəfndə iştirak etməyə vaxtın var?” – “Həlbəttə, həlbəttə. Elə ona görə gəlmişəm. Belə bir gündə mən əgər...” – “Bir az yavaş danış. İndi saat birdi, – güclə eşidiləcək pıçıltıya keçdi, – Mahirlə gedin Xırdalan qəbristanlığına. Sumqayıt yoluyla gedirsiz, Xırdalan dairəsinə çatanda dönürsiz sola, Arazmarketi keçib sağa birinci döngəyə girəndə, gül mağazası görəcəksən. Orda gözləyin, uzağı üçün yarısı bizim maşınlar qəbristanlığa yaxınlaşacaq”. – “Baş üstə, Ərəstun müəllim, – iki-üç addım atmışdı ki, geri qayıtdı. – Başqa tapşırığıvız?” – “Heç nə lazım deyil. Gedin, orda gözləyin bizi”.

Afiq, nazir müavininin ilk dəfə ona “sən” deyə müraciət etdiyinə görə hədsiz sevinirdi. “Məni doğma bilir ki, sən deyir. Başqa nə ola bilər? Oğlumu işə götürüb, Həsənin üçünə gəlmişdi, indi hüzrü düşüb, yanındayam, ona görə sən dedi,” – maşın sürə-sürə fikirləşirdi. Görüşərkən üzünü öpmək istəyəndə, Ərəstunun başını sərt şəkildə geri çəkməyini də bu məqamla əlaqələndirdi. “Gördü ki, pərt oldum, öz də başqalarının yanında, könlümü almaqçün məni yaxın adamı kimi qəbristanlığa göndərdi”.

Qəbiristanlığının yaxınlığındakı gül mağazasına çatanda, ata-bala arasında kiçik mübahisə oldu. Ərəstun dedi, iyirmi dənə gül alaq, oğlu etiraz etdi ki, iyirmi çoxdu, şit çıxar, on dənə bəsdir. Sonda razılığa gəlib on dörd dənə qırmızı qərənfil alıb oturdular maşına.

İyirmi dəqiqə, yarım saat, bir saat keçdi, tez-tez qol saatına baxan Afiq iki-üç dəfə “Nooldu e bunlar? Harda qaldılar?” dedi, oğlu isə hər dəfə eləcə dərindən köks ötürdü. Axırı, Afiq maşını işə salaraq dedi: “Onlar deyəsən, o biri girişdən giriblər”. Oğlu bu dəfə nə köks ötürdü, nə də bir söz dedi. Maşın qəbristanlığa girib daş-kəsəyə dəydiyindən hoppana-hoppana, tozanaq qopara-qopara diki qalxmağa başladı, qıraqdan baxanlar elə bildi, bunlar dəfnə gecikir. Afiq köhnə Mersedesiylə qəbristanlığı ələk-vələk etdi, dodaqaltı “Bəlkə bunlar...”, davamını demədi, ürəyində bitirdi cümləni: “Başqa qəbristanlığa getdilər”, öncə aldanması fikrini yaxına buraxmadı, Ərəstunun ayrılmazdan öncə onunla çox məhrəm danışmağının arxasında hiylə, oyun olduğu ağlından keçəndə sarsıldı.

Sonra mühərriki işə salınmayan (“xalastoy”da), üstü-başı toza bulaşmış maşın sakitcə, mağmınca diki enməyə başladı. Oğlu yenə dinmirdi, kədərlə yan şüşədən qəbirlərə baxırdı, əlindəki qərənfilləri sıxdığından, beş-altısı qırılmışdı.

21 noyabr, 2021-30 oktyabr, 2023
Bakı-Lənkəran-Qalaaltı-Altıağac