Andre Moruadan seçmə yazılar: Kitab, roman və məhəbbət haqqında

Andre Moruadan seçmə yazılar:   Kitab, roman və məhəbbət haqqında

15 Aprelel 2024 10:37 95


KİTAB SEÇİMİ HAQQINDA

...Soruşursunuz ki, nəyi, hansı kitabları oxumaq lazımdır.

Yəqin, məsləhətlərim sizi təəccübləndirəcək. Mənim müdrik müəllimim Alen deyirdi ki, bizə heç də çox kitab oxumaq lazım deyil və bu prinsipin üstünlüyünü öz şəxsi nümunəsində təsdiq edirdi.

Onun kitabxanası bir neçə görkəmli müəllifin – Homerin, Horatsinin, Tatsitin, Sen-Simonun, Russonun, Stendalın, Balzakın, Jorj Sandın, Viktor Hüqonun və əlbəttə ki, filosofların: Platonun, Aristotelin, Dekartın, Spinozanın, Kantın, Hegelin, Ogüst Kontun əsərlərindən ibarət idi. Sonrakı illərdə bura Rollanın, Valerinin, Klodelin, Prustun, Kiplinqin əsərlərini də əlavə etmişdi. Seçim son dərəcə təvazökar idi, lakin bu dahiyanə əsərlərin hamısını o çox əla mənimsəmişdi. Onları daim, təkrar-təkrar oxuyaraq, hər dəfə özü üçün yeni cizgilər kəşf edirdi.

Alen belə fikirləşirdi ki, kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır. Sadəcə, tanımır! Votrenlə Rübamprenin ilk görüşü Balzakın hansı romanında təsvir olunub? Hansı romanda oxucu Feliks de Vandeneslə yenidən, artıq onun evli vaxtında görüşür? Yaxud, Venteylin septeti barədə birinci dəfə Prustun hansı romanında söhbət açılır? Bu cür suallara cavab verə bilməyən adamı həqiqi oxucu adlandırmaq olmaz.

“Tapmaq yox, tapdığını öz qənimətinə çevirmək vacibdir”, – Valeri belə deyirdi. Bir neçə həqiqi əsəri diqqətlə oxuyub mənimsəmiş qadın arxayın ola bilər ki, gün ərzində üç təzə kitabı tələsik gözdən keçirən qadından daha savadlıdır.

Buradan belə bir nəticə çıxırmı ki, müasir müəlliflərə diqqət yetirmək lazım deyil? Əlbəttə ki, yox. Üstəlik də, yaddan çıxarmayın ki, həmin müəlliflərdən bəziləri sabah məşhur ismə, məşhur imzaya çevriləcək. Amma həddən artıq pərakəndəliyə də lüzum yoxdur.

Bəs necə hərəkət etməli?

Hər şeydən əvvəl, ilin ədəbi məhsuluna özünü “tutmaq” üçün bir az vaxt vermək lazımdır. Nəşriyyatlar, yaxud ədəbi dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş büsbütün unudulan nə qədər əsərlər, nə qədər kitablar var!

Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək. Dünyada tüğyan edən kitab bolluğunu diqqətlə izləyib, onların arasından özümüzə dost seçməyə çalışaq. Bizim istənilən birimizin çağdaş müəlliflər arasında öz sevimlilərimiz var. Qoy hər kəs onların yaradıcılığını izləsin! Mən qələminə ümid bəslədiyim, istedadına inandığım bir neçə cavan yazıçının dərc etdirdiyi yazıların hamısını oxuyuram. Amma belə müəlliflərin həddən çox olmasını istəmirəm. Yoxsa boğularam.

Elə ki kitabın mənəvi, yaxud bədii dəyərinə əmin olduq – həmin kitabı əldə etmək lazımdır. Yalnız hər zaman əlimizin altında saxladığımız əsərlərlə yaxından və hərtərəfli tanış olmaq olar.

Bəs necə oxumaq lazımdır?

Əgər kitab bizi “tutursa”, birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq. Biz, sadəcə, səhifələri gözümüzə təpir, birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş, yaxud qələm olmalıdır. Xoşagələn parçaları, yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur – zövqü və mühakimə düzgünlüyünü başqa heç nə bu cür forma¬laşdıra bilməz. Özünə söz verməlisən ki, ürəkdən qiymətləndirdiyin yazıçı¬ların əsərlərini oxuyarkən heç nəyi ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun təsvirlərini buraxan oxucu – onun həqiqi sərrafı sayıla bilməz.

Ən səmərəli mütaliə üsulu – “ulduzşəkilli” oxudur: oxucu əsas süjetdən başlayaraq müxtəlif istiqamətlərdə (sanki ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini genişləndirir. Misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş vurmaqla, öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim biganə qalmağım mümkün deyil.

Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni “İki dəfə itirilmiş Evridik”ə yönləndirdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri məhz bu şəkildə yaranır.

ROMANLAR HAQQINDA

...Məndən romanların necə yazıldığını soruşursunuz?

Əgər bunu bilsəydim, onda heç onları yazmazdım. Bu, qətiyyən zarafat deyil, sözlərimi qeyri-ciddi qəbul etməyin. Belə güman edirəm ki, öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı – günahkardır.

İşlənmiş, necə deyərlər, qurulmuş romanlar da mövcuddur. Belə romanlarda yazıçı müəyyən tezisi təsdiq etməyə can atır. Hansısa personaj Şəri (melodramda xəyanətkar yaramaz, ekzistensialist romanda “əclaf”), digər personajlar – Ləyaqəti, Azadlığı, İnamı, yaxud İnqilabı (qəhrəmanların xarakteri dövrə görə dəyişir) təcəssüm etdirir. Sonda Xeyir bu və ya digər şəkildə qələbə qazanır, romançı isə məğlub olur.

Başqa bir yazıçı yalnız «firma» reseptlərindən istifadə edir: “Gənc qızların ən gözəlini götürün. Böyük müsibətlərdən, əzablardan sonra ona öz adaxlısı ilə görüşmək imkanı verin. Qıza rəqib qismində məşum bir qadın seçin. Üzün sürən mübarizə. Son anda paklığın, bəkarətin təntənəsi. Oxucu kütləsinin zövqünü yaddan çıxarmadan bütün bunları müxtəlif dozalarda bir-birinə qatın. Bütün ömrünüz boyu yalnız bu resepti işlədin. İyirminci variantda rifahınız yaxşılaşacaq və möhkəmlənəcək».

Üçüncü müəllif tarixi mövzunu, bir qayda olaraq, tragizm və mənəviyyat azadlığı ilə dolu olan dövrləri seçir. Fransız inqilabı dövrünün zindanları hərəkət üçün çox münasib fondur: sevgi əhvalatları gilyotinlə qonşuluqdadır. Napoleon imperiya¬sının müharibələri də işə yarayar – burda düşmən üzərində qazanılan qələbələrlə qadın üzərində qazanılan qələbələr bir-birini əvəz edir.

Hadisələrin cərəyan etdiyi dövrü müəyyənləşdirəndən sonra, müəllif öz kitabına eyni dərəcədə ədəbsiz, amansız və cazibədar qadın qəhrəmanı yerləşdirir, bu canalıcı xanımı hər otuz səhifədən sonra növbəti aşnasıyla yatağa salır. Vəssalam, yüz min tiraj təmin olunub! Hər üç cilddən sonra dövrü dəyişin.

Amma bu reseptlər üzrə şedevrlər yaranmır, sərvət toplanır.

Gözəllik mənbələri çox dərinlərdən püskürür, onlar sirr pərdəsinə bürünüb. Həqiqi roman onu yaradanın daxili tələbatına cavab verir. Öz həyatını yenidən, ayrı maska altında yaşamağa imkan verən əsərlər yaratmaq sanki Stendalın, Balzakın xoşuna gəlirdi. “Parm monastırı”ndakı yaraşıqlı italyan zadəganı Fabrisio da, varlı bankirin övladı, gənc və gözəl leytenant Lüsyen də – Stendalın özüdür. Bəzən maskanın altına boylanmaq çətin olur. Flober deyirdi: “Madam Bovari – mən özüməm”. Məhz buna görə “Madam Bovari” şedevrdir.

Yazıçı lazım olan süjeti tapdığını necə bilir, bunu necə öyrənir?

Bax bu cür: əgər süjet üzərində düşünərkən həyəcan keçirirsə, mövzu qəlbinin həssas tellərini titrədirsə, ürəyində əzablı, yaxud şirin xatirələr oyadırsa, onda yazılacaq kitabın əla olmaq şansı var.

Və bir də, iki mütləq şərtə əməl olunmalıdır – hadisələrdən bir qədər kənara çəkilmək lazımdır, yaxud Balzakın dediyi kimi, gərəkdir ki, hər şey yaxşıca durulsun.

“Poeziya elə bir həyəcandır ki, bu həyəcanları sakit halda xatırlayırsan...”

Əgər sevgilinizi elə indicə itirmisinizsə, dərhal qolunuzu çırmayıb roman yazmağa girişməyin. Yara hələ qan verir, onu qurdalamaq yox, sarımaq lazımdır. Yara qaysaq bağlayanda, siz ona toxunarkən acı bir məmnunluq duyacaqsınız: ağrı o dərəcədə şiddətli deyil ki, içinizdən iniltilər qopsun; amma yara sizdə oxumaq həvəsi oyatmaq üçün həm də kifayət qədər sızıltılı olacaq. “Oxumaq” sözü təkcə şair üçün deyil, romançı üçün də məqbuldur.

İkinci şərt: romandakı hadisələrin dolayısı ilə sizing öz şəxsi həyatınıza münasibəti olmalıdır.

Əgər poman yazmaq fikrinə düşsəniz, həyatınızda baş vermiş hadisələri dəyişdirmədən şərh etməyin, taleyinizə oxşar olan başqa taledən bəhs edin. Bu, sizə öz hisslərinizi söyləməyə imkan verəcək və eyni vaxtda illüziyalarınızı qoruyub saxlayacaq, sanki, sifətiniz maska ilə örtüləcək.

NİKBİNLİK VƏ BƏDBİNLİK HAQQINDA

Siz məni nikbinliyimə görə məzəmmət edirsiniz?

Hə, mən nikbin adamam, hər şeyin yaxşı olacağını düşünməyə meylliyəm. “Əgər sən uçuruma yuvarlansan, yəqin ki, yarğanın dibində səninçün yumşaq yorğan-döşək salındığını düşünərdin” – müharibədə yoldaşlarımdan biri deyirdi.

Mübaliğədir! Mən, Volterin Panqlosu kimi, bizim bu gözəl dünyamızda heç də hər şeyin yaxşılığa doğru getdiyini düşünmürəm. Həyatın dəhşətli sifəti, işgəncə və zülmü mənə yaxşı məlumdur. Lakin, mən həyatın büsbütün pis olması fikrində deyiləm. Bu qətiyyən belə deyil.

Düzdür, biz niyəsini çox da dərindən dərk etmədən sonsuz məkandakı bir topa çirkin üzərində fırlanırıq və orası da düzdür ki, biz insanlar günlərin bir günü mütləq ölüb gedəsiyik. Gerçəkliyin sərt üzü belədir və onu mərdanə şəkildə qəbul etmək lazımdır. Bəli, biz bir ovuc çirkli torpağın üzərində fırlanırıq. Problem isə başqadır: bəs biz onun üzərində olduğumuz müddətdə nə edə bilirik və nə etməliyik?

İkincisi, mən nikbin adamam, çünki yer üzündə nəsə etməyi, həm öz şəxsi həyatımı, həm də – daha geniş mənada götürəndə – bəşəriyyətin həyatını yaxşılaşdır¬mağı mümkün sayıram. Belə hesab edirəm ki, artıq böyük tərəqqiyə nail olunub, insan təbiəti fəth edib. Əlbəttə, bədbin etiraz edib razılaşmayacaq: “Elədir, lakin bütün bu kəşflər yalnız hərbi məqsədlərdən ötrü istifadə edilir və bəşəriyyət məhvin bir addımlığındadır». Yox, mən bunun qaçılmaz olduğunu düşünmürəm, hansısa dərəcədə bu, bizim özümüzdən asılıdır. Bilirəm ki, böyüklük insana xasdır; bilirəm ki, bizim hər birimizdə həmin yaxşı şeyi oyatmaq mümkündür. Bir sözlə, insanın köləliyi barədə danışmaqdansa, azadlığı barədə danışmaq daha yaxşıdır.

Üçüncüsü, hər hansı hadisə ilə üzbəüz qalanda mənim ilk edəcəyim – onun mahiyyətindəki pisi deyil, yaxşını üzə çıxarmaq cəhdim olacaq. Misal üçün: şərait belə gətirdi ki, çox nüfuzlu bir adamla mübahisə etməli oldum. Bədbin dərhal belə düşünərdi: “Nə pis oldu! Bu, karyerama pis təsir göstərəcək”. Mənsə deyirəm: “Nə yaxşı oldu! Bu qanmazdan canımı qurtardım”.

Bax mənim nisbi nikbinliyimin mahiyyəti bundan ibarətdir.

Biz hər ikimiz – Alen, ardınca da mən – bütün ömrümüz boyu nikbin olaraq qalacağımıza and içimişik, ona görə ki, nəyin bahasına olur-olsun qarşına nikbin olmağı məqsəd qoymasan, qara-qura bədbinlik dərhal özünə bəraət qazanacaq; ona görə ki, adam ümidsizliyə qapılırsa, yaxud pis ovqata köklənirsə, bu onu mütləq pisliyə və uğursuzluğa aparıb çıxaracaq. Əgər mən yıxılmaqdan qorxuramsa, onda mütləq yıxılasıyam. Bu, başgicəllənmə adlanır və bütöv xalqlara xas olduğu kimi, ayrı-ayrı adamlara da xasdır. Əgər mən belə hesab edirəmsə ki, öz ölkəmin işlərində heç nəyi dəyişə bilmərəm, onda doğrudan da heç nəyi dəyişməyi bacarmayacağam.

Məsələ ondan ibarətdir ki, həm özüm üçün, həm də ətrafımdakılardan ötrü yaxşı havanı da, pis havanı da mən özüm yaradıram.

Bədbinlik isə yoluxucudur.

Əgər qonşumun düzgün adam olmadığını fikirləşir və ona daim inamsız münasibət bəsləyirəmsə, mənim günahım ucbatından o belə də olacaq.

Adamlarda qorxu yox, inam yaratmaq – antik dövrün müdriklərinin sirri bundadır. Bizim cağdaş müdriklərimiz isə, əksinə, insanların ürəyinə ümidsizlik toxumu səpirlər; mən onların müdrikliyinə inanmıram.

- Belə de! - bədbin razılaşmır. – Sizcə, həyata, insanlara inam müdriklikdir? Görəsən, bu inam dəhşətli peşmanlıqların səbəbi olmayıbmı? Adına həyat deyilən bitməz döyüşdə bəyəm bu inam sizinçün zəiflik mənbəyinə çevrilməyibmi?

Bəli, etiraf edirəm ki, bərk peşmanlıq keçirdiyim vaxtlarım heç də az olmayıb. Xüsusən, millətçilik siyasətinin dəhşətləriylə, ölkəmi iki yerə ayıran qanlı uçurumla, sürgünlə, mühacirətlə, yaxınlarımın həbsiylə, evimin talanmasıyla, ən çətin məqamlarda bəzi yaxın dostlarımın xəyanəti ilə qarşılaşdığım son on ildə bu acıları çox yaşamışam. Bütün bunlar dünyanın təkmilləşəcəyinə şübhə etmək üçün mənə çox əsaslar verib. Amma mən axı dünyanın düzələcəyinə heç zaman inanmamışam; pislərin mövcud olduğunu da, bədbəxtlik dövründə kütlənin qəzəbli ola biləcəyini kütləşəcəyini də həmişə bilirdim. Mənim nikbinliyim yalnız bir şeydən ibarət idi (elə indi də elədir): inanırdım və inanıram ki, biz hadisələrə müəyyən ölçüdə təsir etmək iqtidarındayıq və əgər bütün səylərimizə baxmayaraq, bədbəxtliyi dəf edə bilməsək də, ləyaqətlə sinə gərməyi bacarmaqla onu yenə bilərik.

Dekart bu barədə məndən daha yaxşı deyib: “Mən öz qarşıma taleyi deyil, özümü dəf etməyi məqsəd qoymuşam və dünyanın nizamını yox, öz cəhdlərimi dəyişdirmək istəyirəm”.

Əhatəsində yaşadığım yaxşı adamları sevib, pis adamlardan qaçmaq, xeyir işlərə sevinib, şərə ləyaqətlə sinə gərmək, pislikləri unutmağı öyrənmək – mənim nikbinliyimin məğzində dayanan budur və bu nikbinlik həyatda mənə çox kömək edib. O, sizə də kömək edəcək.

XRONOFAQLAR

Xronofaq – yəni, vaxtyeyən. Bu söz, səhv etmirəmsə, Monterlan tərəfindən uydurulub və insan cinsinin təhlükəli çoxnövlüyü anlamındadır.

Xronofaq – hər şeydən əvvəl, heç bir işi olmayan adamdır və bu adam vaxtı nəyə sərf etməyi, necə öldürməyi bilmədiyindən öz asudə saatlarını, daha dəqiqi, vaxtının boşluğunu sizin vaxtınızı yeməklə doldurur.

Bu canlının, bu həşəratın sırtıqlığı son dərəcə ağlasığmazdır.

Xronofaq tanmadığı müəlliflərə məktub yazıb, onlardan təcili cavab istəyir; həyasızlığna salıb hətta məktuba poçt markası da əlavə edir, bununla da tərbiyəli, qanacaqlı adresatı çaşdırıb lazımsız görüşə qabaqcadan nail olur və qurbanlığının zəhləsini tökərək onu o dərəcədə bezdirir gətirir ki, axırda zavallı əsəbiləşib təbdən çıxır, bütün ədəb-ərkan qaydalarını bir kənara atmağa məcbur qalır.

Xronofaq öz həyatını nəql edib, sizdən də həyatınız barədə soruşacaq. Hələ yaxşı ki, bütün başqa şeylərdən əlavə, xronofaq gündəlik tutmur, yoxsa sonradan ora qeyd edərdi ki, guya dəyişmisiniz, daha həminki adam deyilsiniz, əvvəlki həvəslə danışmaq qabiliyyətiniz yox olub, deyəsən, artıq tükənmisiniz və sizinlə danışmaq az maraqlıdır – bir sözlə, onun ümidlərini doğrultmadığınız üçün xronofaq siz sarıdan bərk peşmandır.

Vaxtınızın bir hissəsini kəsib onun ağzına atmaqla xronofaqı doyuracağınıza ümid etməyin. Qətiyyən. O, acgözdür. Yemək vaxtı kiminsə ehtiyatsızlıq edərək cücənin qanadını atdığı köpək təzə yem dalınca onu yemləyən əlin üstünə necə qayıdırsa və pəncəsini irəli uzadaraq sümsük baxışlarla gözünü həmin adamın üzünə necə zilləyib durursa, qarşısın¬da¬kının mülayim xasiyyətli, ürəyiyuxa adam olduğunu aşkar edən xornofaq da öz tapıntısından eynən o cür insafsızcasına sui-istifadə edəcək. Sizin təmkininiz onda yeni həvəs oyadacaq – yanınıza yenidən qayıtmaq, sizə yenidən yazmaq, zəhlənizi hər vasitə ilə tökmək həvəsi.

- İşim başımdan aşır, - siz inamsızlıqla deyirsiniz.

- Doğrudanmı? – xronofaq soruşacaq. - Necə də maraqlıdır. Siz nə üzərində işləyirsiniz ki?

- Roman üzərində.

- Roman üzərində? Elə mənim həyatım xalis romandır...

Vəssalam, hesab edin ki, atı mahmızlamısınız. Gecəyarısı sizi həmin yerdəcə tutacaq. Əgər saqqızınızı oğurlayıb sizi özünə cəlb eləsə, batdınız; artıq köpəyin öz yuvasına apardığı sümüksünüz və əmin olun ki, axıra qədər sümürməyincə sizdən əl çəkməyəcək. Əgər o hələ öz dostlarını da üstünüzə qısqırtsa, təsəvvür edin ki, sizi bütöv bir xronofaq sürüsü didib-gəmirəcək. Bu canlılar sürü şəklində qruplaşır və öz ovlarını bir-biri ilə həvəslə bölüşürlər.

Sizə nəsihət: xronofaqlarla münasibətdə sərt olun, onları amansızlıqla qırın. Yumşaqlıq və utancaqlıqla heç nəyə nail olmazsınız. Əksinə, xronofaqların rifahı üçün mikroiqlimi məhz elə bu xüsusiyyətlər yaradır.

Xronofaqın canı çox bərkdir, onu məhv etmək lazımdır. Zorakılıq mənə yad xüsusiyyətdir, amma hazırkı vəziyyətdə bu zəruridir. Axı qorunmağa heç bir cəhd göstərmədən yırtıcı heyvana imkan verməli deyilsiniz ki, sizi parçalasın. Xronofaq isə eynən yırtıcı kimidir – o, sizin həyatınızı parçalayır. Çünki bizim həyatımız elə vaxtdır, başqa şey deyil.

“Hanı o adam ki, vaxtı azacıq da olsa, qiymətləndirir, hər günün üstündə əsməyi bacarır, zamanın onu anbaan, dəqiqəbədəqiqə ölümə yaxınlaşdırdığını dərk edir? Həyatı sabaha saxladıqca, o ötüb keçir. Heç nə bizə vaxt qədər məxsus deyil; vaxt – bizimkidir. Biz isə qarşımıza çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus olan bu yeganə var-dövlətimizi işğal etsin...”

Gör Seneka iki min il qabaq dostu Lutsiliyaya nə yazmışdı!

Bu isə sübut edir ki, xronofaqlar hələ insan birliyinin təşəkkül tapdığı ən qədim çağlardan mövcuddur.

İLK MƏHƏBBƏT

(Bayronun donjuanlığına, Balzakın sədaqətinə səbəb nə idi?)

İlk məhəbbətin izləri kişinin qəlbində bütün ömrü boyu yaşayır. Əgər bu, xoşbəxt cağ olubsa, əgər yeniyetmədə ilk dəfə hissiyyat oyatmış qadın, yaxud qız ona qarşılıq veribsə, öz hisslərinin həqiqiliyindən şübhələnməyə bir dəfə də olsun yer qoymayıbsa, onda etimad ab-havası və qəlb rahatlığı həmişə kişinin yol yoldaşı olacaq. Yox, əgər səmimi qəlbdən ürək açdığı həmin o ilk dəfəsində rədd olunubsa və ona dönük çıxıblarsa, onda yara heç vaxt tam qaysaq bağlamayacaq, sarsılmış ruhi vəziyyət isə uzun müddət bərpa olunmayacaq.

Demək olmaz ki, belə sarsıntıların nəticəsi həmişə eyni cür alınır.

Məhəbbət – simptomları hər dəfə müxtəlif şəkildə üzə çıxan xəstəlikdir.

Şikəstliyi ucbatından Meri Eni Çavort tərəfindən ikrahla qarşılanan Bayron sonradan donjuana çevrilmiş və digər bütün qadınları bu birinci qadından gördüyü qəddarığın əvəzini ödəməyə məcbur etmişdi.

Kasıblığı ucbatından Mariya Bidnell tərəfindən rədd edilən Dikkens sonradan zəhmli, tündməzac, deyingən ərə çevrildi. Öz səadətini tapmaqda Bayrona da, Dikkensə də məhz ilk uğursuzluqları mane olmuşdu.

Çox tez-tez olur ki, ilk məhəbbətinin oxu daşa dəyən, birinci sevgisində uğursuzluqla üzləşən kişi bütün ömrü boyu incə və şairanə, səmimi və hissiyyatlı, qızcığaz kimi məsum və ana kimi nəvazişkar, hər şeyi başa düşən və sözəbaxan bir qadınıın həsrətini çəkir, yalnız və yalnız beləsini arzulayır. Daim xəyalındakı o nazənin pərinin dalınca qaçan kişi bir əyləncədən o birinə keçir. Canlı, dünyəvi bir qadınla – qoy heç mükəmməl, ya sadə olmasın, amma canlı olsun – yaxınlıq etmək əvəzinə həmin kişi, romantik şairlərin ifadə etdiyi kimi, mələk axtarışına çıxır, özü isə vəhşiləşir.

Olur ki, öz həmyaşıdı tərəfindən peşman edilən gənc kişi qırx yaşlı xanımla yaxınlıq etməyə başlayır. Qadın duyğularını bəzəyən sezilməz ana nəvazişi həmin xanımın ona qarşı daimi nəvazişində kişiyə inam aşılayır. Üstəlik də, qadın özünün yaşlı olduğunu, qocalığın qapını kəsdirdiyini anladığından gənc sevgilini yanında saxlamaq üçün bütün qüvvəsini sərf edir, necə deyərlər, dəridən-qabıqdan çıxır.

Cavanlıqda özündən xeyli yaşlı qadınla sevgi əlaqəsinə girən Balzak bütün ömrü boyu özünəinam hissini və bir qədər sadəlövh müştəbehliyi – həyatın çətin “döyüşlərində” ona xidmət göstərmiş keyfiyyəti qoruyub saxlamışdı.

Bura onu da əlavə edək ki, otuz beş, yaxud qırx yaşlı qadın ömür yollarında ortaya çıxan çətinliklər barədə heç nə bilməyən gənc qızla müqayisədə həyatda daha etibarlı bələdçidir. Amma bir məsələ də var ki, belə ittifaqlarda vaxt ötdükcə tarazlığı qoruyub saxlamaq müşkülə çevrilir.

Xoşbəxtlik üçün ən münasib ittifaq isə – bir-birinə şəksiz sadiq olan, öz məhəbbətinə son dərəcə namusla yanaşan, nəyin bahasına olur-olsun qarşılıqlı anlaşmanı qoruyub saxlamağa can atan təxminən eyni yaşlı kişilərlə qadınların (kişi bir qədər böyük də ola bilər) izdivacıdır.

İlk məhəbbəti bütün həyat boyunca yaşatmaq – bundan gözəl nə ola bilər!

Bundan ötrü qızlar başqa kişilərə qaş-göz süzdürmək, necə deyərlər, onlarla mazaqlaşmaq¬dan imtina etməlidirlər. Aydındır ki, bu çox da asan iş deyil. Amma bəlkə Bayronun bədxahlıqları barədəki hekayət yüngülməcazlıqda və ilk baxışda zərərsiz görünən işvəkarlığın arxasında hansı təhlükələrin gizləndiyini bu qızlara anlada bilər.


Hazırladı: Mahir N. Qarayev