Yüz ilə sığmayan gün

Yüz ilə sığmayan gün

23 Dekabr 2025 16:59 373


Fəxri Uğurlu

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı haqqında

1990-cı ildə Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” adlı povesti işıq üzü gördü, üstündən bir-iki il keçmiş filoloq Məti Osmanoğlunun tərcüməsində əsər kitabça şəklində bizdə də çapdan çıxdı. Kitabın annotasiyasında povest yazıçının dünya şöhrətli “Gün var əsrə bərabər” romanına əlavə kimi təqdim olunurdu, hərçənd Çingiz xanla bağlı əfsanəvi süjeti həm başdan, həm də sondan romanın Stalin repressiyasına qurban getmiş talesiz personajı Abutalıb Kuttubayevlə bağlı iki fəsil müşayiət eləyirdi. Tezliklə bəlli oldu ki, roman nəşrə imzalandığı 1980-ci ildə Suslov ideoloji senzurasının qayçısına tuş gəldiyinə görə bu fəsillər kitabdan çıxarılıbmış. Müəllif ilk fürsətdəcə şikəst olunmuş əsərinin qopuq əzalarını yerinə oturdub.

Oxuyanlar bilirlər ki, bu romanda iki mifik süjet var: biri Çingiz xanla bağlı həmin rəvayət, o biri – adı artıq dünya ədəbiyyatında terminə, istilaha çevrilmiş manqurt haqqında əfsanə. Birində yazıçı insanın ağalıq ehtirasını (Çingiz xan obrazının prototipi, əlbəttə, ellər atası Stalin yoldaşdır), o birində köləlik instinktini hədəf götürüb. Bu dünyada şərin zatən iki üzü var – biri zalım, despot üzü, o biri məzlum, qul üzü. Xeyirin yolu bu ikiüzlü, ikibaşlı dünyanın iki qütbünün arasından keçib göyə ucalır – yer üzünü iki qütbə bölən dəmir yolun uzandığı Sarı-Özək çölünün ortasındakı, özəyindəki kosmodromdan göyə millənən kosmik raketlər kimi:

“Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirdi...

Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız Sarı-Torpaq çöllərin göbəyi hesab edilən Sarı-Özək düzənliyi uzanıb gedir...

Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi bu yerlərdə də bütün məsafələr dəmiryolla ölçülürdü.

Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi...” (Tərcümə İshaq İbrahimovundur)

Bu abzas romanın refreni, əsər boyu dönə-dönə təkrarlanan rədifidir. Bəli, rədif təkcə şeirdə olmur...

***

Yüzdən artıq ölkədə yüz səksənə yaxın dilə çevrilmiş bu romanın bir adı da “Boranlı yarımdayanacaq”dır. Yadımdadır ki, ötən əsrin səksəninci illərinin əvvəllərində “Roman-qazeta” adlı populyar sovet ədəbi dərgisində (roman ilk dəfə “Novıy mir” jurnalında indiki adıyla işıq üzü görmüşdü) əsər bu adla nəşr olunmuşdu, Pasternakın 1959-cu ildə yazdığı “Tükənməz günlər” şeirinin axırdan əvvəlki misrasından götürülmüş “Gün var əsrə bərabər” başlığı isə ikinci ad kimi verilmişdi. Sonradan ikinci başlıq birincini üstələdi, Aytmatovun ilk romanı məhz bu adla məşhurlaşdı. Müəllifin “Boranlı” adlandırdığı dayanacağın prototipi isə Qazaxıstan ərazisindəki Baykonur kosmodromunun yaxınlığında yerləşən Töretam stansiyasıdır.

Yazıçı əsərinə sadə bir dəmiryolçu fəhlə Yedigey Cangəldini (balaca yarımstansiyada ömürlük kök saldığına görə ona Boranlı Yedigey deyirlər) qəhrəman seçməklə onu dünyanın, kainatın ortasına çəkib – bir alimi, şairi, sərkərdəni, kosmonavtı yox, məhz fəhləni, “kiçik” insanı, onun mənəvi aləmini, onun baxışlarını hadisələrin mərkəzinə qoyub. Hadisələr deyəndə ki, burada elə çox hadisə də yoxdur, hər şey elə əsrə bərabər o bir günün içində baş verir, qəhrəmanın könül dostu Qazanqapın ölümüylə başlayıb dəfniylə bitir. Ancaq vaxtın indisini simvolizə eləyən o bir günün içinə zamanın xarabalıqları altında can verən nəhəng bir keçmiş də sığır, uzaq planetdən yer üzünə doğru yola çıxmış parlaq bir gələcək də. Müəllif keçmişi-gələcəyi bir uzun günün bazasına toplamaqla zamanın indisinə əbədiyyət pasportu verir, hərçənd yaxşı məlumdur ki, zamanın indisi olmur, indiki zaman ələ gəlmir, indi yalnız əbədiyyətə xas anlayışdır.

Əlbəttə, bunun tərsini də deyən tapılar – ki, zaman, həyat yalnız indiki zamanda mövcuddur, zamanın nə keçmişi var, nə gələcəyi, yeganə gerçək zaman, yaşanan zaman indiki zamandır. Qədim mübahisədir, o qədər qədimdir ki, insanlar daha bunu çəkib-çevirməkdən yorulublar, düşünməyi yadırğayıblar, zamansa yorulub-usanmadan onları beşiyində min il əvvəlki təmkiniylə yırğalayır. Əsas odur ki, Aytmatovun romanına iki tərifin, iki yanaşmanın ikisi də yarayır, əsrə bərabər o gün hər iki halda əbədiyyətə vəsiqə qazanmış sayılır.

***

Əsrə bərabər gündən otuz il qabaq – qırx dördüncü ilin sonunda döyüşdə kontuziya alıb cəbhədən tərxis olunanda həkimlər Yedigeyi bir ilə tam sağalacağına inandırmışdılar, intəhası həmin müddətdə ona ağır iş tutmaq yaramazdı. Bu səbəbdən o, arvadıyla birgə dəmiryol idarəsinə üz tutur ki, bəlkə orada veteran üçün gözətçidən-qarovulçudan bir iş tapıla. Orada Yedigey təsadüfən dəmiryolçu Qazanqapla tanış olur, sözləri-söhbətləri tutur, Qazanqap gənc ailəni Boranlıya dəvət eləyir. Adamsız, susuz çöllərin ortasındakı səkkiz-doqquz komalıq yarımstansiyada şərait ağır olsa da, yenə evsiz-eşiksiz sərgərdan dolanmaqdan yaxşıdır.

Boz səhranın göbəyindəki razyezdi ilk görəndə Yedigeyin gözü qırılır – ortada balaca adacıq, ətrafda ucsuz-bucaqsız qumlu çöllər. Ağlına gətirmir ki, bütün ömrünü bu cəhənnəmdə keçirməli olacaq. Siftə vaxtlar Qazanqap ona dayaq durur, gənc ailəyə sağmal dəvə amanat verir, dəvənin erkək balasını onlara bağışlayır. Köşəyin adını Qaranər qoyurlar, Qazanqapın, Yedigeyin balalarıyla baş-başa o da gün-gün, saat-saat böyüyür. Hərçənd “baş-başa” sözü burada yerinə düşmür, çünki dəvənin zamanı insanın zamanından yeyin axır.

Bu müddətdə Qazanqapla Yedigey də canbir-qəlb dost olurlar, kürək-kürəyə verib amansız səhrada otuz il güzəran sürürlər, övlad böyüdürlər, bu dünyanın mənzil başına tələsən qatarlarını gündoğandan günbatana, günbatandan gündoğana ötürürlər. Özlərisə heç yana tələsmirlər, zamanın sıfır nöqtəsində dünyanın sükunətinə qarovul çəkirlər. İndi artıq ömrünün qırx dörd ilini Boranlı razyezdindən axan zaman çaylarına baxa-baxa axına düşməmiş, hərəkət sellərinə dala-dala sudan quru çıxmış müdrik, xeyirxah Qazanqapın hüzn evində əbədi sükuta dalan vaxtıdır. Dostu Yedigeyə naymanların dədə-baba məzarlığı sayılan Ana-Beyit qəbiristanlığında dəfn olunmağı vəsiyyət eləyib. Boranlıdan Ana-Beyitə azı otuz kilometr məsafə var.

***

Dəfnə hazırlıq görmək üçün növbəsini təhvil verib evə tələsən Yedigeyin ayağının altında qəfildən yer titrəyir: “Elə bu andaca havada bir təlatüm əmələ gəldi. Bu, cəbhədə adamın ayağının altında yer titrədən güclü partlayış dalğasına bənzədi. Gözünün qabağındaca çölün o başında, deyilənlərə görə, Sarı-Özək kosmodrumunun yerləşdiyi tərəfdən göyə nəsə od-alov qasırğasına bürünmüş bir şey dikəldi... Bu gecə kosmik raketin fəzaya uçmağının şahidi olmuş Boranlı Yedigey bilmirdi, bilə də bilməzdi ki, bu uçuş təcili qəza uçuşu idi, bu gecə kosmonavtla birlikdə fəzaya uçan kosmik gəmi heç bir raport verilmədən, təntənə-filan olmadan, jurnalistlərin iştirak eləmədiyi bir şəraitdə, Amerika-Sovet proqramına əsasən il yarımdan bəri şərti olaraq “Tramplin” adlandırılmış orbitdə, “Paritet” kosmik stansiyasında baş vermiş fövqəladə hadisəylə əlaqədar idi... “Paritet” on iki saatdan artıqdı ki, Birləşmiş İdarə Mərkəzi “Konvensiya”dan göndərilən siqnallara cavab vermirdi. Birləşməyə gedən gəmilərin də siqnalları cavabsız qalırdı...”

Yazıçı buradan əsərin daha bir qatına – fantastik-utopik süjetə yol açır. Birgə kosmik layihəni icra eləyən sovet-amerikan kosmonavtları qonşu qalaktikadakı Meşəlidöş planetinin sakinləriylə əlaqə yaradır, yerdənkənar sivilizasiyanın dəvətiylə onların dünyasına səfərə gedirlər...

Bəzi tənqidçilər bu fantastik süjeti əsərə yamaq sayırlar (onlara imkan versən, “Hərb və sülh”ü yarıbayarı ixtisara salarlar), ancaq məncə, müəllifin utopiyası onun bədii-fəlsəfi məramını çox aydın, çox da yaxşı ifadə eləyir. Yazının əvvəlində xatırlatdığımız iki mifik süjet bəşəriyyətin qaranlıq keçmişinə işıq tutursa, böyük humanist ədəbiyyatın bünövrəsi üstündə ərsəyə gəlmiş – ali sivilizasiya, azad, ruhani cəmiyyətlə bağlı fantastik süjet də insanlığın gələcəyinə bələdçilik eləyir, söz-kəlam peyğəmbərlərinin ənənəsini unudulmağa qoymur. Aytmatovun Meşəlidöş planeti Platonun ideal dövlətindən tutmuş Nizaminin utopik cəmiyyətinə, Məsihin Tanrı səltənətindən tutmuş Nitsşenin Hiperboreyasına qədər bütün ilahi toplum modellərinin varisi, davamıdır. Bu planet şərin həmin o iki qütbü arasından, dəmir yolların çalın-çarpaz dağladığı barsız-bəhərsiz çöllərin isti-soyuq cəhənnəmindən göyə pərvazlanan ruhların can atdığı son mənzil, baş qoyduğu uca dərgahdır. Müəllif qəhrəmanının gözüylə bəşəriyyətin keçmişinə, gələcəyinə indidən baxır.

***

Qazanqapın şəhərdən gəlmiş oğlu mərasimi tezbazar başa çatdırmağa çalışsa da, Yedigey dostunun vəsiyyətini yerinə yetirmək üçün inad göstərir: meyit Ana-Beyitə aparılmalıdır, vəssalam! Çünki o torpağa onların əcdadları üz qoyub, həm də bu qəbiristanlığın bir ayrı tarixi var...

Rəvayətə görə, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən döyüşçüləriylə çox amansız rəftar eləyirmişlər. İmkan tapanda əsiri qul kimi qonşu ölkələrə satırmışlar, bu da əsirdən ötrü xoşbəxtlik sayılırmış, çünki nə vaxtsa azad olacağına, ya qaçıb qurtaracağına zavallının az da olsa ümidi qalırmış: “Juanjuanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxıb tüklərini bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan juanjuanların təcrübəli sallaqları lap yaxınlıqda qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır, ən möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana saçı qırxılmış əsirlərin başına keçirirmişlər, dərinin çəkilməyilə saqqız kimi yapışmağı bir olurmuş – bir növ indiki üzgüçülük papaqları kimi. Başa zifi belə keçirirmişlər. Başına belə iş gətirilən adam ya işgəncələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş, yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş... ”

Sarı-Özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş. Beş-altı manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə aclıq-susuzluq bais olmurmuş, manqurtun axırına gün altında quruduqca başını amansızcasına sıxan xam dəvə dərisinin verdiyi əzab çıxırmış: “Qızmar günəşin altında durmadan sıxılan zif qulun qırxıq başını dəmir məngənə kimi sıxırdı. Əzaba məruz qalan bu yazıqların tükləri ikinci gün uzanmağa başlayırdı. Asiyalıların düz və cod tükü bəzən dəvənin xam dərisinə bitir, çox vaxtsa yol tapa bilmir, qayıdıb təzədən manqurtun dərisinə girərək onun əzabını daha da artırırdı. Bu sonuncu işgəncə vaxtı məzlumların şüuru lap pozularmış. Juanjuanlar yalnız beşinci gün gəlib onları yoxlayarmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini salamat tapanda hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar...”

Bundan sonra manqurt öz kimliyini, hansı nəsildən olduğunu, adını, uşaqlığını, atasını, anasını tamam unudurmuş, bir sözlə, özünü insan kimi dərk eləyə bilmirmiş. Qaçmaq, etiraz eləmək, üsyana qalxmaq onun ağlına belə gəlmirmiş, dilsiz-ağızsız heyvan kimi tamam müti olurmuş, qarnını doyurmaqdan başqa bir qayğısı qalmırmış: “Ən yaxın qohumları belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, adamın özünü yox, müqəvvasını qaytarmaq idi. Rəvayətə görə, Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib. Sarı-Özək əfsanəsində elə bu barədə danışılır. Qəbiristanlığın adı da bununla əlaqədardır – Ana-Beyit, yəni Ana məskəni”.

Günlərin bir günündə Nayman-Ana soraqlayıb çöldə ağalarına çobanlıq eləyən oğlunu tapır. Onu görəndə oğlanın tükü də tərpənmir, nə anasını tanıyır, nə əsl adını xatırlayır. Bəlli həqiqətdir ki, insan təpədən-dırnağa yaddaşdan ibarətdir, öz keçmişinin məcmusudur, başqa sözlə, gen adlı yaddaş toxumlarından cücərmiş ağac, keçmişini gələcəyə daşıyan yaddaş arabasıdır – yaddaşı yoxdursa, insan cismi quru qəfəsdən başqa bir şey deyil:

“Onda Nayman-Ana qərara gəldi ki, kim olduğunu ona soruşmaqla yox, təlqinlə başa salsın.

- Sənin adın Jolamandır. Eşidirsən? Sən – Jolamansan. Atanın da adı Donenbaydır. Atan yadında deyil? Axı o sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Mən sənin ananam, sən də mənim oğlum. Sən naymanlar qəbiləsindənsən, başa düşdün? Sən naymansan.

Ananın dediklərinə o tam laqeydliklə qulaq asırdı, elə bil bu sözlərin ona dəxli yoxdu. Yəqin otluqda cırıldayan çəyirtkəyə də belə qulaq asardı”.

Nayman-Ananın oğlunu tanıdığından duyuq düşən juanjuanlar manqurta ox-yay verib onu təlimatlandırırlar. Növbəti gəlişində oğul anasını ürəyindən oxlayır:

“Bu, ölümcül zərbə idi. Nayman-Ana dəvənin boynuna sinib ilişə-ilişə yıxıldı. Ancaq özündən əvvəl ananın başındakı yaylıq açılıb düşdü, havada quşa dönüb çığıra-çığıra uçub getdi: “Yadına sal kimlərdənsən! Adın nədir? Sənin atan Donenbaydır! Donenbay! Donenbay!..”

Deyilənə görə, o vaxtdan Sarı-Özəkdə Donenbay quşu uçur. Sarı-Özəkdə Nayman-Ananın basdırıldığı yerə o vaxtdan Ana-Beyit qəbiristanlığı deyirlər...”

Mesaj yetərincə aydındır: öz əslini, keçmişini oxlayanın gələcəyi olmaz, keçmişini dindirməyən, güldürməyən insanın gələcək üzünə gülməz. Bu, başqa məsələ ki, insan xoş gələcəyə keçmişinin səhvlərini arıtlaya-arıtlaya gedə bilər. Ana bətni insan adlı düşünən aparatı fəzaya uçuran kosmodromdur, sonrakı ömrü boyu süd içməsə belə insanı ana südü mayalandırır. İnsan ruhu da eləcə – onu ilk növbədə xalq dili, el yaddaşı pərvazlandırır, zəngin mənəviyyat hər şeydən əvvəl bu təməl üzərində formalaşır. Elə böyük sənətkar tapılarmı ki, folklora, el deyimlərinə kəc baxsın, kollektiv yaddaşdan bəhrələnməsin? Elə bir Azərbaycan şairi təsəvvürə gətirmək olarmı ki, bayatılardan, oxşamalardan, nağıllardan, dastanlardan qidalanmasın? Olarsa da, o şairin yazdığı nəyə yarayar?..

Yazılı ədəbiyyata gətirilmiş bu əfsanə son əlli-altmış ildə dünya nəsrinin ən böyük kəşflərindən biridir. Ötən əsrin altmışıncı illərində Latın Amerikası nəsrindən baş qaldıran mifə qayıdış dalğasının bütün dünyaya yayılmasında bizim Çingiz ağanın da danılmaz xidməti var.

***

Qazanqapın oğlu Sabitcan atasının antipodu, onun tərsinə çevrilmiş köynəyidir. Cismən atasının oğlu olsa da, mənən manqurtun varisidir. Təkcə elə şəhərdə yaşamağıyla özünü fağır, sadəlövh Boranlı zəhmətkeşlərindən min qat üstün bilir, elmi-texniki bilgilərinin savadsız fəhlələrdən çox olmasıyla qürrələnir, onların avamlığını başlarına qaxır. Özünü elə aparır ki, guya şəhərdə onsuz heç kimin işi getmir, halbuki həmin əyalət şəhərində o, bürokratik aparatın xırdaca bir vintciyi – vur-tut hansısa məmurun katibi, necə deyərlər, çaydaşıyanı, çantadaşıyanıdır. Eynən ulu babası manqurt kimi Sabitcan üçün də müqəddəs heç nə qalmayıb, xeyir, həqiqət, gözəllik onun toz basmış ruhuna yad-yabançıdır. Atasına ağı dediyinə görə müasirlik tərəfdarı şəhərli meyit ortalıqda ola-ola bacısıyla ağızlaşır, mərhumun uzaq Ana-Beyitdə dəfninə etiraz eləsə də, Yedigeyin dəmir iradəsini sındıra bilmir. Sonra xarizmasının zədələndiyini görən saxta tərəqqi aşiqi, yalançı sivilizasiya cəngavəri, vunderkind qarışqa, motorlu kərtənkələ özünü üstün, ağıllı göstərməyin yolunu dünyanın gözündən iraq fağır boranlıları təəccübləndirməkdə tapır:

“- Siz bir özünüz ağlınıza vurun, - o, gözlüyünü parıldadaraq hamını kamına çəkirmiş kimi odlu baxışlarla süzürdü, - əslinə qalsa, biz bəşər tarixinin ən xoşbəxt adamlarıyıq. Bax, Yedigey, bizim aramızda ağsaqqal sənsən. Sən yaxşı bilirsən ki, əvvəllər necəydi, indi necədir. Bunu nəyə görə deyirəm? Keçmişdə insanlar allahlara inanırdılar. Qədim Yunanıstanda guya bu allahlar Olimp dağında yaşayırmışlar, onların nəyi allah idi?! Sarsağın biriydilər. Əllərindən nə gəlirdi? Bir-biriylə düşmənçilik eləməkdə ad çıxarmışdılar, amma adamların həyatını dəyişə bilmirdilər, heç bu barədə fikirləşmirdilər də... Əslində, bu allahlar heç yerli-dibli olmayıb, hamısı uydurma nağıllardır. Bizim allahımız bambaşqa – onlar bizimlə yanaşı yaşayırlar, bax burada, bizim Sarı-Özək torpağımızda, elə bununla da bütün dünya qarşısında fəxr eləyirik! Onları biz nə görürük, nə tanıyırıq, bu heç lazım da deyil, qanun da buna yol verməz ki, hər yetən şırkınbay-mırkınbaylar onlara əl verib salam desinlər, bəs kefin-əhvalın necədir? Elə əsl Allah da onlardır! Bax elə sən özün, Yedigey, təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır! O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək, adamlar da radio ilə idarə olunacaq, bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü – adamlar, uşaqdan böyüyəcən hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafe naminə buna da nail olub.

- Dayan bir görüm, elə tutub ki, ali mənafe naminə, ali mənafe naminə! – Caydaq Ədilbəy onun sözünü kəsdi. – Sən məni bir əməlli başa sal, nəsə yaxşı başa düşmürəm. Belə çıxır ki, hər birimiz yanımızda tranzistorsayaq kiçik bir radioqəbuledici gəzdirməliyik verilən əmrləri eşitmək üçün? Bu, indi hər yerdə var ki!

- Ay məzən olsun! Məgər söhbət bundan gedir? O, boş şeydir, uşaq oyuncağıdır! Heç kim heç nə gəzdirməyəcək. İstəsən, lap lüt-üryan gəz dolan. Amma gözə görünməyən radio dalğaları – biotok adlanan şey daim sənə, şüuruna təsir edəcək.

- Belə de!

- Bəs sən nə bilmişdin! İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, guya özü bildiyi kimi azad, sərbəst gəzib-dolanır, əslində isə lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qaydalar üzrə. İstəyir ki, oxuyasan – siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır – siqnal, oynayacaqsan. İşləməyin lazımdır – işləyəcəksən, özü də necə işləyəcəksən! Oğurluq, əyrilik, xuliqanlıq, cinayət – hamısı unudulub gedəcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq – bütün əməlləri, fikirləri, bütün arzuları. Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər, cəmiyyətin mənafeyi naminə...

- Ali mənafeyi? – deyə Caydaq Ədilbəy rişxəndlə düzəliş verdi.

- Tamamilə doğrudur, dövlət mənafeyi hər şeydən üstündür... Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atıl – atılacaqsan, paraşütlə tullan – göz qırpmayacaqsan, atom minasıyla tankın altına gir partlat – baş üstə, bir göz qırpımında...

Yedigeyi birdən əməlli-başlı qorxu basdı: bəlkə dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar...”

Aytmatovun antiutopiyası bu gün necə də aktual səslənir! Bir balaca düzəlişlə: alim adamlar da yox, elmi istismar eləyən adamlar – allahlıq iddiasına da yox, bu ad altında şeytanlıq iddiasına düşüblər. Yoxsa allahlıq iddiası insana zərər verməz, bəşəriyyətin bütün böyük nailiyyətləri məhz bu iddianın hesabına gerçəkləşib. Bu məsələylə bağlı, qismət olsa, irəlidə Boranlı Yedigeylə birgə ortaq qənaətə gələrik...

İnsanın yeni üsullarla manqurtlaşdırılmasından həvəslə danışan tərəqqi bülbülü hapa-gopa basdıqca unudur ki, bəyənmədiyi qədim yunan tanrıları da insanları bu üsulla idarə eləyirdilər, gecə-gündüz hər bir kəsə göz qoyur, hamını kökəldib kəsmək üçün otarırdılar. İnsanın azad iradəsi əlindən alınandan sonra nə fərqi var o azadlığı ondan kim alıb – Olimp allahlarımı, elm kahinlərimi, texnologiya krallarımı? Hər nədirsə, Sabitcan öz sərbəst iradəsini azadlıq dəllallarına, könül tacirlərinə təhvil verməyə bəri başdan, hələ ondan təslim olmaq istənməmiş çox həvəslə razılaşıb.

Bu məqamda böyük psixoloq Erix Frommun “Azadlıqdan qaçış” traktatı necə yada düşməsin? Həqiqətən, azadlıq elə yükdür ki, onun altına tək-tək adam çiyin verməyə razılaşır. Əksəriyyət azadlığın gətirdiyi riskləri təhlükəsiz həyatın dincliyinə dəyişməyi üstün tutur. Totalitar sistemlər məhz belə bir alver üzərində bərqərar olur. Sovet hakimiyyəti də duruş gətirdiyi yetmiş ilin ən azı qırx ilini xalqın dinclik arzusunun kölgəsində, asudəlik mürgüsünün xumarlığında keçirmişdi. İnsan hər cür təhlükədən öz evinə, çardağının altına sığınır, di gəl, zəlzələ baş verəndə ev, çardaq özü ən böyük təhlükəyə çevrilir.

***

Əsərin maraqlı məqamlarından biri Yedigeyin Zərifəyə sevgisindən duyuq düşdüyü anlardır. Yedigeylə yaşıd olan Abutalıb Kuttubayevin ailəsi – arvadı Zərifəylə iki balaca oğlu Boranlı razyezdinə 1951-ci ildə köçür. Abutalıb həm öz balalarına, həm də qonşu uşaqlarına yazıb-oxumaq öyrədir, gecələr cəbhə xatirələrini qələmə alır. Boranlıya Kuttubayevlər kefdən gəlməyiblər: on il əvvəl müharibədə almanlara əsir düşmüş Abutalıb düşərgədən qaçıb Yuqoslaviya partizanlarına qoşulub, onlarla çiyin-çiyinə faşizmə qarşı döyüşüb; Sovet İttifaqının Yuqoslaviya Federasiyasıyla arası dəyəndən sonra hər yerdə ona şübhəli persona kimi baxmağa başlayıblar, özünə iş, ailəsinə sığınacaq verməyiblər. Boranlıda isə Kuttubayevlər xoş üzlə, mehriban münasibətlə rastlaşıblar, Yedigeyin ailəsiylə birevli kimi olublar, arvad-uşaq bir-birinə qaynayıb-qarışıb.

Susuz çöllərə göydən bərəkət yağanda qonşular bunu bayrama çevirirlər, selləmə yağışın altında oynağa çıxırlar. Yedigey Abutalıbın üç yaşlı oğlu Ermeki qucağından yerə qoymur ki, birdən uşaq çala-çökəyə düşüb boğular, Abutalıb da onun kiçik qızı Şərafəti boynuna mindirir. Yalnız şıdırğı yağışın altında Yedigey qəfil duyuq düşür ki, Zərifəyə bir ayrı gözlə baxır:

“Onlar beləcə yüyürür, uşaqları əyləndirirdilər. Ermek Yedigeyin qucağında atılıb-düşür, ağzına yağış dolanda sifətini onun boynuna qısırdı. Bu mənzərə elə təsirliydi ki, oğullarının Yedigey əmisinin qucağında belə sevindiyi üçün Abutalıbla Zərifənin minnətdarlıqla parıldayan baxışları Yedigeyin gözündən yayınmadı. Kuttubayevgilin yağışın altında düzəltdikləri bu oyun elə Yedigeylə qızlarının da ürəyindəndi. Yedigey özündən asılı olmayaraq Zərifənin gözəlliyinə fikir verdi. Yağış onun siyah tellərini çöhrəsinə, boyun-boğazına, çiyinlərinə dağıtmışdı, qüdrətdən axan su onun cavan və şux təni boyu tökülərək mina gərdəninə xüsusi gözəllik verir, şümşad qollarını, budlarını və yalın ayaqlarının baldırlarını adamın gözünə soxurdu. Gözləri şən bir ötkəmliklə parıldayır, inci dişləri sevinclə ağarırdı”.

Fəqət bu məsud, dinc günlər uzun sürmür, 1953-cü il girər-girməz – yanvar ayının 5-də Abutalıb həbs olunur. Fevralın axırlarında xəbər gəlir ki, günahsız məhbusun təcridxanada ürəyi partlayıb. Bu müddətdə iki balaca oğlu hər gün qatar ayağına çıxıb onun yolunu gözləyir. Zaman o zamandır ki, Stalinin ölümünə sanılı günlər qalıb. Qazanqapın gətirdiyi qara xəbəri Zərifəyə heç kim çatdıra bilmir, qərara gəlirlər ki, qadın Kumbel stansiyasına gedib ərinin ölüm kağızını rəisdən şəxsən özü alsın. Zərifəni tək buraxmırlar, guya xəbərdən xəbərsizmiş kimi Yedigey də onunla gedir. Zərifə qara kağızı alandan sonra stansiyanın böyründəki bağçada oturub hıçqıra-hıçqıra ağlayır, Yedigey yanında durub onun kədərinə qarovul çəkir. Radiodan gələn ağır matəm musiqisinin ardı-arası kəsilmir, camaat elə bilir ki, qərib yolçular rəhbərin ölümünə ağlayırlar.

Qayıdanbaş onlar sərnişin daşıyan sürət qatarına minirlər, bu qatar Boranlı kimi kiçik dayanacaqlarda saxlamır. Ancaq bu dəfə saxlayacaq. Boranlıya çatanda Yedigey stop-kranı çəkib qatarı dayandırır. Qatarda böyük çaxnaşma, qalmaqal yaransa da, adını belə qoyur ki, guya yoldaş Stalinin vəfatı münasibətiylə sərnişin qatarını Boranlı razyezdində matəm əlaməti olaraq saxlayıb. Əslində isə bu, onun zamanı dayandırmaq, hərəkəti dondurmaq, Zərifənin yanında duyduğu hüznlü sevinci, kosmik kədəri əbədiyyətə köçürmək cəhdidir.

Ancaq fələyin çarxının stop-kranı yoxdur, zaman xoşbəxt anları da qara günlərin gözünə qatıb üyüdür. Yedigey azıb-təzmiş Qaranərin sorağına gedəndə Zərifə balalarını da götürüb Boranlıdan həmişəlik çıxır. Axtalanmamış dəvəni qınamalı deyil, yiyəsi kimi o da özünə pasiban axtarır. Qayıdıb Abutalıbın yurdunu boş görən Yedigey Allaha asi düşüb hirsini Qaranərin üstünə tökür, dəvəni amansızcasına döyür, heyvan işgəncəyə dözməyib yiyəsini qarın içiylə sürüyür. Qaranər Yedigeyin, özü demişkən, süd qardaşı, şüuraltı məni, alter-eqosudur. Dəvəni döyməklə Yedigey əslində öz cismini cəzalandırır, orta əsr xristian rahibləritək yasaq istəyini, azğın tamahını, ayıb ehtirasını qırmanclayır. Qazanqapsa onun ikinci məni, könül qardaşı, özünə baxan gözüdür. Bax elə həmin qardaş onu başa salır ki, ağıllı Zərifə bu qəfil gedişiylə özünü də, onu da, onun cəfakeş, qəlbitəmiz halalı Ukubalanı da, üstəgəl cəmi Boranlı camaatını böyük bir töhmətdən, rüsvayçılıqdan qurtarıb.

***

Yerdənkənar sivilizasiyanın dəvətiylə “Paritet” kosmik gəmisini tərk eləyən astronavtlar işıq sürətiylə on bir saatdan sonra Günəş sistemindən çıxırlar. Meşəlidöş planetinin Cazib adlı öz günəşi var, həm də bizim Günəşdən çox-çox böyükdür. Bu planetdə bir sutkanın uzunluğu bizim vaxtla iyirmi səkkiz saatdır. Yuxarıdan baxanda Meşəlidöş Yeri xatırladır, eynən bizim planet kimi atmosfer buludlarıyla əhatə olunub. Buranın dağları, təpələri, yamacları yaşıllıq içindədir. Çayları, dənizləri, çölləri də bizimkilərə bənzəyir. Adamları orta hesabla yüz otuz-yüz əlli il ömür sürürlər, hətta iki yüzü haqlayanlar da olur. Planetin on milyarddan artıq əhalisi var. Meşəlidöş sakinləri iqlimi tənzimləməyi də öyrəniblər, hava axınına, suyun axarına təsir göstərməyi bacarırlar. Onların fəzasında Ay yoxdur.

Dövlət deyilən anlayışdan onlar xəbərsizdirlər, müharibənin, silahın nə olduğunu bilmirlər, pul-para tanımırlar. Onların bütün həyatı tamam başqa əsaslar üzərində qurulub. Kosmonavtların Yerə göndərdikləri mesajda belə deyilir:

“Onlar müharibəni mübarizə vasitəsi kimi rədd edərək elə bir kollektiv planetar şüur səviyyəsinə çatıblar ki, çox güman, bu sivilizasiya Kainat mühitinin ağılkəsən hüdudlarında ən qabaqcıl sivilizasiyadır...

Meşəlidöşlülər bilirlər ki, Kainatın onlar üçün çox uzaq olan bir guşəsində Yer planeti var: onlar yer sakinləriylə təmasa girməyi çox istəyirlər. Bu, təkcə adi maraq hissi deyil, onların fikrinə görə, bu, hər şeydən əvvəl şüur fenomeninin təntənəsi naminə, təcrübə mübadiləsi naminə, kainatdakı intellekt sahiblərinin yeni ruhi və zehni inkişafı naminədir...

İşıq sürətiylə uçan aparatları olduğuna görə onlar elə indinin özündə də bizim planetə gələ bilərdilər. Ancaq yer sakinlərinin razılığı, dəvəti olmadan bunu eləmək istəmirlər. Onlar Yerə çağırılmamış qonaq kimi soxulmaq fikrində deyillər. Buna görə də bizə işarə vururlar ki, tanışlıq üçün çoxdan münasib imkan axtarırlar. Bizim kosmik stansiyalarımız uzunmüddətli orbitlərə çıxmış obyektlərə çevriləndən sonra onlara aydın olub ki, görüş vaxtı yaxınlaşır, həm də ilk addımı onlar atmalıdırlar... Meşəlidöşlülər bizdən xahiş eləyirlər “Paritet” rabitə sistemi vasitəsilə sizə çatdıraq ki, Yer əhli nə vaxt münasib bilərsə, onlar bizim planetə gəlmək arzusundadırlar...”

***

Qazanqapı Ana-Beyit qəbiristanlığında basdırmaq baş tutmur. Məlum olur ki, kosmodrom ətrafında qapalı zona yaradıblar, məzarlıq da tikanlı məftillərin o üzündə qalıb. Yedigey dəfnə rüsxət almaq üçün çox çalışıb-çabalayır, gözətçiylə, növbətçi zabitlə danışıqlar aparır, ancaq onun cəhdləri bir fayda vermir, qorunan əraziyə onları heç vəchlə buraxmırlar. Mərhumu Ana-Beyitə yaxın bir yerdə torpağa tapşırırlar. Yedigey lazımi ayinləri yerinə yetirir, dua oxuyur, dəstəmaz alıb cənazə namazı qılır, özünün də Qazanqapın yanında dəfn olunmasını vəsiyyət eləyir. Bunun ardınca biz onun sonuncu daxili monoloqunu, Allahla söhbətini dinləyirik:

“...Amma bilmirəm mənim Yasinimi kim oxuyacaq. Bu cavanlar nə Allaha inanırlar, nə dua-səna bilirlər. Axı Allahın olub-olmadığını heç kim bilmir, bilməyəcək də. Kimi deyir – var, kimi deyir – yox. Mən sənin varlığına inanmaq istəyirəm, deyirəm ki, sən mənim məqsəd-məramımdasan. Mən dualarla sənə üz tutduğum vaxt əslində sənin vasitənlə özümə müraciət edirəm, buna görə də bu məqamda başıma gələn fikirlər, elə bil ki, sənin öz fikirlərindir, ey bizi yaradan! Məsələnin məğzi də bundadır! Bu cavanlarsa belə şeyləri fikirləşmirlər, dualara da xor baxırlar. Bəs ölüm ayağında onlar özlərinə, ya başqalarına nə deyə biləcəklər? Bu cavanlara yazığım gəlir, onlar öz insanlıq sirlərinə necə yetə biləcəklər ki, onların heç birinin heç olmasa xəyalən Allah olmaq dərəcəsinə yüksəlməsi üçün heç bir imkanları yoxdur? Əstəğfürullah, keç günahımdan küfr söylədiyimçün. Onlardan heç biri allahlıq dərəcəsinə yüksələ bilməyəcək, bu halda sən özün də daha mövcud olmayacaqsan. Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah saymasa, onda, ilahi, sən özün də olmayacaqsan... Amma mən istəməzdim sən tamam yox olub gedəsən”.

Hə, yuxarıda insanın allahlıq iddiası barədə söhbətə qayıdacağımıza söz vermişdik axı: Sabitcanın tapındığı allahlar hara, Yedigeyin tapdığı Allah hara! Allah olmağın, allahlığa can atmağın gerçək üzü, halal üzü bax budur! Onun astar üzünəsə müdam Allahı yamsılayan Şeytanın şəkli düşüb, Sabitcanı heyran qoyan bütlərin surəti həkk olunub – o surət öz əslinə o qədər bənzəyir ki, tez-tez onu əsliylə qarışıq salırlar.

Boranlı Yedigey Allah haqqında, insan-Allah münasibəti haqqında ən böyük idealist filosofların, peyğəmbərlərin, sufilərin düşüncələri səviyyəsində mühakimə yürüdür. Havayı yerə onu “boz çöllərin knyaz Mışkini” adlandırmırlar. Həqiqətən, əgər bir kişi heç olmasa gəncliyində xəyalən Allah olmağa can atmayıbsa, dünyaya, insanlığa o ucalıqdan, o sevgiylə, mərhəmətlə baxmayıbsa, onda gec-tez o kişi tərkibini, xassəsini itirəcək, kölə, müxənnət, nakişi olacaq, İblis kimi torpağın təkinə çəkilib həyatı yer altından, zirzəmidən güdəcək.

Dahi Kantın mənəvi-əxlaqi imperativi necəydi: “Öz davranışlarında elə qaydaya söykən, elə prinsipi rəhbər tut ki, o qaydanın, prinsipin universal qanuna çevrilməsini arzulaya biləsən”. Yəni obyektiv, əxlaqlı insan olmaq üçün öz iradəni xəyalən Tanrı iradəsinə çevirib özünü Allahın yerinə qoymağı bacarmalısan, sözünün, əməlinin qüvvəsi ilahi qanun hökmündə olmalıdır. Başqa sözlə, əgər sənin əməlin obyektiv, universal xarakter daşımırsa, demək, o, xeyir əməl sayıla bilməz.

Bəs Boranlı Yedigey nə deyir: “Onlardan heç biri allahlıq dərəcəsinə yüksələ bilməyəcək, bu halda sən özün də daha mövcud olmayacaqsan”.
Həzrəti Kantın ikinci vacib hökmü təxminən bu cür səslənir: “İnsanlara əsla vasitə kimi yox, daim məqsəd kimi yanaş”.

Yedigeysə ürəyində bəşəriyyətin tək tanrısına, vahid ilahi qanununa belə deyir: “Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah saymasa, onda, ilahi, sən özün də olmayacaqsan”. Başqa sözlə, insan Allahı qorumasa, Allahın var olub insanı qoruyacağına heç bir ümid yoxdur.

Əgər ayrı mühitdə doğulub böyüsəydi, başqa zamanda yaşasaydı, şübhəsiz, Yedigey Cangəldin də balıqçı, əsgər, ya dəmiryol fəhləsi yox, bəşər tarixinin ən parlaq zəkalarından biri İmmanuil Kant kimi azman filosof olardı...

***

Kosmodromun meydançalarında isə iki gündür böyük gərginlik, çaxnaşma var, gecə-gündüz iş gedir. Bütün kosmodrom, qonşuluqdakı xüsusi xidmət binaları, zonalar gecə yüzlərlə projektorun işığı altında gündüz kimi aydınlanır. Onlarla ağır, yüngül texnika, xüsusi maşın, nə qədər alim, mühəndis “Həlqə” əməliyyatını həyata keçirmək üçün tədarük görür. Kosmosda uçan aparatları məhv eləmək məqsədiylə hazırlanmış antipeyklər əmrə müntəzir vəziyyətdə göyə zillənib. Axşam saat səkkizdə raketlər start götürməlidir, Sarı-Özəkdən doqquz antipeyk raketi dəqiqə yarım intervalla bir-birinin ardınca fəzaya qalxmalıdır. Bu raketlər başqa planetlərdən gələn uçuş aparatlarının qarşısını kəsmək üçün Yer kürəsi ətrafında daimi fəaliyyət göstərən həlqə yaratmalıdır:

“Və lap yaxınlıqda, haradasa lap qonşuluqda, kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə sancıldı. Yedigey qorxudan geri atıldı, dəvə də bağırıb yerindən sıçradı. İt qorxusundan yiyəsinin ayaqları altına təpildi.

Bu, qoruyucu transkosmik “Həlqə” əməliyyatının birinci döyüş robot-raketi idi. Sarı-Özəkdə axşam saat səkkiz tamamdı. Birincinin dalınca ikinci, onun dalınca da üçüncü raket göyə qalxdı, sonra biri də, biri də... Yerdəki işlərin dəyişməməsi, hər şeyin öz qaydasında qalması üçün bu raketlər uzaq kosmosa qalxıb Yer kürəsi ətrafında daimi fəaliyyətdə olan sərhəd düzəldəcəkdi.

Göy başlarına uçulur, alov və tüstü içində yarılırdı. İnsan, dəvə, bir də it – bu zavallı canlılar dəli kimi qaçır, canlarını qurtarmağa çalışırdılar. Onlar dəhşət içində qaçır, bir-birindən ayrılmağa qorxurdular: nəhəng alov sütunlarının amansızcasına işıqlandırdığı çöllüklə baş götürüb qaçırdılar.

Amma sanki yerlərində qaçırdılar, çünki hər yeni partlayış onları haqlayır, başlarına od, işıq, aləmi sarsıdan gurultu ələyirdi.

İnsan, dəvə, bir də it geri baxmadan qaçırdılar, birdən Yedigeyə elə gəldi ki, manqurt oğlunun oxladığı Nayman-Ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ quş haradansa böyürdən çıxdı. Ağ quş bu həşir-qiyamət içində insanla yanaşı uçaraq deyirdi:

- Kimlərdənsən? Adın nədir? Adını yadına sal! Sənin atan Donenbaydır, Donenbay, Donenbay, Donenbaydır, Donenbay...

Yenidən qovuşan zülmət içində bu səs hələ çox eşidildi”.

Əsər belə bir qiyamət səhnəsiylə başa çatır...

Ateizmi özünə din-təriqət seçmiş şər imperiyası yer kürəsini mühasirəyə almaqla göylərin yolunu bağlayır, göydən gələn siqnalların səsini batırır.

Ana-Beyit məzarlığı da yer ömrünü başa vurub göyə uçan ruhların kosmodromudur – artıq o da ölülərin üzünə qapanıb.

Yer planetinin ətrafını saran həlqə manqurtun başına keçirilən halqavari dəri sarğıya, zifə bənzəyir – bu yolla Kainatın yaddaşı bəşərin hafizəsindən silinir.

Dəmir yollar boyunca yem dalınca qaçan qarışqa həvəsiylə gecə-gündüz şütüyən, relsindən bircə barmaq sapmağa hünəri çatmayan qatarlar – fiziki qanunlar zindanında əsirliyin; fəzanın genişliyinə qırğı kimi şığıyan kosmik gəmilər – metafizik azadlığın rəmzidir.

Utopik Meşəlidöş planeti yüz illərdir ali ruhların arzuladığı cənnətin – ideal cəmiyyətin, müəllifin çox sevdiyi, növbəti romanında obrazını yaradacağı İsa Məsihin vəd verdiyi göylər səltənətinin, Tanrı dərgahının simvoludur.

Yer kürəsinin ətrafına min çəpər çəkilsə belə o dərgahdan gələn siqnalları artıq heç bir bəndə, heç bir bənd-bərə boğa bilməz. Çünki bəşər övladı o mesajları əvvəlindən sonunacan öz ruhunda, heç vaxt silinməyən, silinməsi mümkün olmayan əbədi ruh yaddaşında gəzdirir. Cənnət uzaqlarda deyil – könül bağçasındadır. Qalır o cənnətin çiçəklərini başıbəlalı planetin torpağına əkib suvarmaq. Şəhidlərin qanıyla, yetimlərin göz yaşıyla yox, ana qoynunda, ata boynunda xoşbəxtcəsinə gülümsəyən uşaqların təbəssümüylə suvarmaq. Yer üzünü körpə, məsum tanrıların cənnət yağmurlarında islandığı göy üzünün təcəllasına çevirmək. Uşaqları müqəddəs elan eləyən İsa peyğəmbər Tanrıya duasında necə demişdisə, elə: “Qoy sənin iradən göylərdə olduğu kimi yerdə də bərqərar olsun!”