Boysunardan təzə hekayə: Bəxşiş

Boysunardan təzə hekayə:   Bəxşiş

24 Yanvar 2022 10:56 529






YeniYaz.az gənc yazar Təvəkgül Boysunarın “Bəxşiş” hekayəsini təqdim edir.





Heç bir işçiyə pul verməməli olduğumu bilirdim. Bura elə yer idi ki, belə bir şey nə işçilərin, nə də xidmətdən yararlananların ağlına gələn deyildi. Ona görə də, işim bitəndən sonra sənədlərimi stolun üstündən götürəndə özümü xəbərsiz kimi göstərərək və nə baş verəcəyinin marağı ilə qarşımdakı ağ köynəkli oğlandan soruşdum:



- Qardaş, borcum nə qədərdi sizə?
- Borcunuz yoxdur, müəllim, bunun üçün ödəniş edilmir.


Üzümə geniş bir təbəssüm qonduraraq:



- Nə danışırsız, elə şey olar? Siz bu qədər işimi gördünüz mənim, - dedim və onun növbəti etirazlarını dinləmədən pul qabımdan beş manat çıxarıb stolun üstünə qoydum.



Oğlan həyəcanla ayağa qalxıb beşliyi masanın üstündən götürdü və təzədən mənə uzatdı.



Həyatda nə üçün yaşadığımı bilmirdim, içim qəm-qüssə və mənasızlıqlarla elə dolu idi ki, əcaib hərəkətlər etmək, insanların təəccüblü reaksiyalarını görmək, hər kəs tərəfindən alçaldılmaq istəyirdim. Ona görə də oğlan beş manatı mənə uzadanda, qəfildən ağlıma başqa bir fikir də gəldi və mən çox tərəddüd eləmədən; taksiyə minərkən xırdaladığım iyirmiliyin manatlarını pul qabımdan çıxartdım, bayaqdan bəri ağköynəkli işçi ilə apardığımız söhbətlərə kənardan göz qoyan adamların qabağındaca, həmin manatlıqları, hər birinin arxasında bir işçi oturan masaların üstünə düzə-düzə zalın yarısına qədər getdim. Kənardan hamının gözü mənim üzərimdə idi, onlar nə etməli olduqlarını bilmədən bir-birinin üzünə baxır, bəziləri ayağa qalxıb mənə sarı gəlir, məni dayandırmağa çalışır, kimisi isə daha yüksək bir vəzifəlini vəziyyətdən xəbərdar etmək üçün təlaşla harasa qaçırdı.



Manatlıqları düz iyirmi masanın üstünə düzərək zalın axırına qədər getdim.



İçimdəki qəm-qüssə və sıxıntı dumanı sanki parçalanaraq pərən-pərən oldu, masa arxasındakı işçilərin mənə yönələn təəccüblü baxışları, ayaq üstdəki bütün müştərilərin və nəzarətçilərin əlləri qoynunda, sakitcə dayanıb məni izləmələri, xidmət göstərilən adamların hər dəfə mən manat qoyduqca başlarını qaldırıb üzümə baxmaları əhvalımı necə yaxşılaşdırdısa, heç kimin buna müdaxilə etməməsi üçün tezbazar çıxışa tərəf addımladım. Artıq bəzi işçilərin, masa üzərindəki manatlıqları yığmağa başladığını görürdüm və mənə elə gəlirdi ki, əgər onlar həmin pulları mənə qaytara bilsələr, onda içimdəki sıxıntılar təzədən məni narahat etməyə başlayacaq.

Ona görə də addımlarımı elə sürətlə atırdım ki, elə bil, ayaqqabılarımın üstündəcə uçurdum. Qapıdan çıxmağa az qalmış əlində qeyd kağızı tutan bir qız xidmətdən razı qalıb-qalmadığımı soruşdu. Ona dedim ki, hər şey çox yaxşıdır və diqqətlə üzünə baxanda gözlərinin, burnunun, dodaqlarının necə gözəl olduğunu gördüm. Boyunun balacalığına fikir verəndə, onu öpmək istəsəm, nə qədər aşağı əyilməli olacağımı xəyal etdim. Manatlarımı gətirən oğlanların arxamca qaçaraq çatmaqda olduqlarını görəndə isə qızın yanından uzaqlaşmaq məcburiyyətində qaldım və binanı tərk edib açıq havaya çıxdım.



Yaxındakı dayanacağa qədər dayanmadan qaçdım. Ağ köynəkli oğlanlar da əllərindəki manatlarla dalımca düşdülər. Amma mən dayanacağa çatar-çatmaz avtobusa mindim və oğlanlar avtobusun şüşəsi arxasından onlara baxan mənə təəssüf hissi ilə uzaqdan tamaşa etməklə kifayətlənməli oldular. Sonra əllərindəki manatlıqlar ovuclarından çıxaraq havada uçuşmağa başladı; uça-uça avtobusdan çöldə qalan dünyanın göylərinə qalxıb quşlara qoşuldular.