Çarın əmisi qızını Şuşaya gəlin gətirmişdilər - Haqverdiyevin nəvəsi ilə müsahibə

Çarın əmisi qızını Şuşaya gəlin gətirmişdilər   - Haqverdiyevin nəvəsi ilə müsahibə

26 Avqust 2022 13:04 265


Şuşa əbəs yerə mədəniyyətimizin beşiyi sayılmır. Axı bu möcüzələr şəhəri saysız-hesabsız dahilərin dünyaya göz açdığı, havasını udub, suyunu içdiyi məkandır.

Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, Birinci Rus Dumasının azərbaycanlı deputatı, “Leyli və Məcnun” operasının premyerasının ilk dirijoru, Teatr Şurasının təsisçisi, eyni zamanda ilk rəhbəri Əbdürrəhim bəy Haqverdiyev kimi... Bu günlərdə dahi şəxsiyyətin soyundan olan Nəsimi Sadıqov Almaniyadan ata-baba yurdu Şuşaya gəlib, doğma torpağı ziyarət etdi.

Nəsimi Sadıqovla müsahibəni təqdim edirik.

- Nəsimi bəy, olduqca ziyalı və tanınmış ailənin soyundansınız...

- Ulu babamız Hacı bəy adlı zadəgan olub. Onun oğlu Məhəmmədsadıq bəy Sadıqbəyov 1788-ci ildə Şuşada doğulub, mədrəsə təhsili alıb. Sizin saytınız bizim ailənin maraqla oxuduğu, hörmət etdiyi informasiya portalıdır. Bu saytda babalarımız Abbas bəy, Əbdürrəhim bəy haqqında ətraflı məlumat var.

- Maraqlıdır. Bu gün yeni tendensiya yaranıb. İnsanlar genetik analiz vasitəsilə şəcərələri ilə bağlı informasiya toplamağa çalışırlar. Sizsə ən gərəkli məlumatları özünüz araşdırmısız....

- Ümumiyyətlə düşünürəm ki, hər kəs öz soykökünü bilməli, yeddi arxa dönənini tanımalıdır. Bizim nəslin kökü uzaqlara gedib çatır. Əldə olan arxiv sənədləri və ağsaqqalların sözünə əsasən şəcərəmizdə mən səkkizinci nəsil hesab olunuram. Babamız Məhəmmədsadıq bəyin zadəganlığını, bəy olmasını Fətəli şah öz möhürü ilə təsdiqləyib. Bütün bu sənədlər arxivdədir. O, İbrahimxəlil xanın oğlu Əhməd xanın mühafizəçisi olub.

1828-ci ildə Şuşada doğulub, əvvəl molla məktəbində, sonra mədrəsədə və qəza məktəbində rusca təhsil alıb. Qəza idarəsində işə başlayıb və pristav vəzifəsinə qədər yüksəlib. Çox alicənab, geniş dünyagörüşlü, xeyriyyəçi, zəmanə ilə ayaqlaşan, övladlarına təhsil verən zadəgan, əsilzadə olub.

- Mamaylar nəsli ilə də qohumluqları olub, düzdürmü?

- Qarabağın nüfuzlu şəxslərindən biri sayılan qohumu Hacı Əhməd bəy Mamayevin bacısı ilə evlənir və övladı dünyaya gəlir. Az sonra xanımı vəfat edir. Bu ərəfədə bacanağı Əsəd bəy Haqverdiyev də vəfat edir. Babam baldızı Hüsncahan xanımla ailə qurur və onun oğlu Əbdürrəhimə atalıq edir. Məhəmmədsadıq bəyin törəmələri olan biz Sadıqbəyov soyadını daşımışıq. Məhəmmədsadıq bəyin övladlarından biri mənim babam Həsənalı bəydir.

- Nəsimi bəy, ata-babalarınızın Vətəninə getmək, vandalların darmadağın etdiyi abidələri, təbiəti görmək sizdə hansı duyğuları oyatdı?

- Biləndə ki, Şuşaya gedəcəyəm... bir anlığa nəsil-şəcərəmiz gözümün önünə gəldi. Bu ailədə ögey-doğmalıq olmayıb. Beş qardaş bir evdə böyüyüb, mehriban yaşayıb. Əbdürrəhim bəy, Həmid bəy (mənim babam), Abbas bəy, Saleh bəy və Zeynalabdin bəy ("Dünyanın taleyi" əsərinin müəllifi Saleh bəy Qarabağlının atası) Həsənalı bəyin oğulları kimi Şuşada hörmət qazanırlar. Saleh bəylə Zeynalabdin bəy Birinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla Vətənə dönmüşdülər. Abbas bəy isə çarın əmisi qızı ilə evlənərək onu Şuşaya gətirmişdi. Deyilənə görə, igid kişi olub, ermənilərə qan uddurub. Şura hökuməti gələndə Şuşadakı mülkümüzü əlimizdən alıblar və babalarımız Ağdamın Muğanlı kəndindəki evə köçüblər. Abbas bəyin xanımı da bu kənddə ermənilər tərəfindən qətlə yetirilib. Babalarımın yaşadığı mülkü görüb, içəri daxil olanda həyacandan boğulur, göz yaşımı zorla saxlayırdım. Şuşaya qədəm qoyanda, o havanı udanda keçirdiyim hissləri sözlə ifadə etməkdə acizəm. Baba mülkü bir əsrdir, əlimizdən alınıb. Əvvəl sovet hökuməti, sonra da ermənilər viran qoydu.



Həyatda doğma deyilən bir söz var. İnsana çox yaxın, çox əziz olan doğma sözü. Mən o sözün müqəddəsliyini baba ocağında gördüm. Ətrafını kol-kos basmış, xarabalığa çevrilmiş, daşı daş üstündə olmayan bina mənə o qədər doğma, o qədər yaxın oldu ki, babalarımın, nənələrimin isti nəfəsini hiss etdim. Və burada anladım ki, illərlə bu mülkə ayaq basmasam da, gəlməsəm də, görməsəm də bu yurd mənim yurdumdur, bu söndürülmüş ocaq mənim ocağımdır. Bu gün mənim və xalqımızın sevincli günlərindən biridir. Laçın mənfur düşmənlərdən təmizləndi. Üçrəngli bayrağımız ər kişilərin, qeyrətli qadınların məskəni olan Laçında dalğalandı. Mən inanıram ki, tezliklə bu bayraq Xankəndidə, işğalda qalan torpaqlarımızın hər bucağında dalğalanacaq. Tariximizə yeni tarix yazaraq, üstümüzdən xəcalət ləkəsini silən Ali Baş Komandana minnətdaram. Bütün bu yaşadığımız gözəl duyğulara görə canını bu torpağıın azadlığı uğrunda qurban vermiş şəhidlərimizə borcluyuq.

- Hər birimiz üçün Əbdürrəhim bəy Haqverdiyev böyük şəxsiyyət və rəğbətlə andığımız ziyalımızdır. Ədibin ailə üzvü kimi sizin ona münasibətiniz maraqlıdır...

- Ailəmiz də bütün xalqımız kimi Əbdürrəhim bəyi sevir, onunla qürur duyur. Atam qardaşımın adını Əbdürrəhim, bacıma isə onun xanımı Tükəzbanın adını qoyub. Bu atamın əmisinə olan hörmətinin, məhəbbətinin əlaməti idi. Biz Əbdürrəhim bəylə bağlı materialları izləyir, çoxunu imkan daxilində saxlayırıq. Təəssüflə deməliyəm ki, çoxlu sənəd və şəkillər Ağdamın Muğanlı kəndindəki baba evində qalıb və işğal dövründə məhv oldu. Siz oxumuş olarsınız, babam Əbdürrəhim bəy 1906-cı ildən 1911-ci ilə qədər Ağdama köçərək əmisigildə, rəhmətlik Oqtay Haqverdiyevin babasıgildə yaşayıb.

- Bəli, məlumatlıyıq.

- Babalarımız kənddə üç su dəyirmanı tikdirmişdi. Orta dəyirmanın yanında uca qoşa çinar ağacı vardı. Yaşlı nəsildən eşitdiyimə görə, babam Ağdamdan daha çox Muğanlıya gələr, orada kəndlilərlə ünsiyyətdə olarmış. Deyilənə görə Əbdürrəhim bəy anadan olanda onun adına Ağbulaq kəndində Bəy bulağı inşa edilib, Muğanlıda isə dəyirmanın yanında qoşa çinar ağacı əkilib.

Əbdürrəhim bəy saatlarla o çinarın kölgəsində oturarmış. Çox sadə və mehriban bir əsilzadə olub. Kəndin xeyir-şərində yaxından iştirak edib. O mahalın igid oğlu Rəcəb oğlu İsmayıla elçilik edib, toyunda qol götürüb oynayıb. Atasının kəndin ortasından axan Xatun arxının üzərində saldırdığı körpünün yanında oturar, kəndlilərin dərd-sərini dinləyərmiş. Əsəd bəyin körpüsü adlanan Tağlı körpü son zamanlara qədər dururdu. Əbdürrəhim bəyin həyat və yaradıcılığı alimlərimiz tərəfindən çox araşdırılıb. Xalqımız onu sevir, əsərlərini maraqla oxuyur. Haqqında saysız-hesabsız elmi məqalələr yazılıb və yazılmaqdadır.

Çünki onun əsərlərində xalqımızın həyat və məişəti real boyalarla, bədii lövhələrlə verilir. O, öz xalqını mədəni, xoşbəxt və savadlı görmək istəyirdi. Məmməd Arif, Abbas Zamanov, Əziz Şərif, Kamran Məmmədov və başqalarının əziyyətini unutmuruq. Amma Əbdürrəhim bəy haqqında ən monumental elmi araşdırmalar Mir Cəlal və Təhsin Mütəllimov tərəfindən edilib. Əbdürrəhim bəyin bütün yaradıcılığı bu alimlər tərəfindən geniş şəkildə araşdırılıb.

- Bu gün də böyük dramaturqumuzun həyat və yaradıcılığına dərin maraq var.

- Bu yöndə Vilayət Quliyevin zəhməti çoxdur. Əlbəttə, onun həyat və fəaliyyəti alimlərimiz tərəfindən öyrənilir, geniş oxucu kütləsinə çatdırılır. O, babamızın diplomatik fəaliyyətini də araşdıraraq, faktlarla mətbuatda yaydı.

- Nəsimi bəy, uzun müddətdir qürbətdə, Almaniyada yaşayırsınız. Necədir orada həyat?

- Artıq 20 ildir Almaniyada yaşayıram. Həyat yoldaşım Almaniyada vətənimizi yaxşı mənada təmsil edən, öz savadı, bacarığı ilə hamının hörmətini qazanmış xanımdır. Tibb və cərrahiyyə uzmanıdır.

Oğlum Kənan Universitet tələbəsidir. Uşaq vaxtından dil öyrənməyə həvəsi olub. Ana dili, alman, ingilis, fransız dillərində sərbəst danışır. Hazırda ərəbcə öyrənir. Gələcəkdə diplomat olmaq fikrindədir.

Özüm isə inşaat sahəsində çalışıram. Bundan sonra da vətənimizi qürurla təmsil edəcəyik.

Leyla Sarabi
Publika.az