Cəmiyyətimizin qadın oyunları: Bir çamadan arzu

Cəmiyyətimizin qadın oyunları:  Bir çamadan arzu

28 Noyabr 2023 10:30 244


Emil Əskərov

Azərbaycan cəmiyyətində qadınlar hər zaman kişilərdən şikayətçi...

Hər gün xəbər saytlarında, televiziya ekranlarında dürlü-dürlü məlumatlar eşidirik..

Dəhşətli hadisə: Kişi qadını döydü!
Şok olay: Kişi qadını bıçaqladı!
Amansız qətl: Kişi qadını öldürdü!

Bəlkə də Adəmi cənnətdən qovduran Həvvadan qisas alır kişilər...

Bəlkə də cənətdəki sıxlığı aradan qaldırmaq üçün tapşırıq alıb qadınlar...

Bəlkə də cəhənnəmin ofis işçisidir onlar və ya bunlar...

Bu nədir?
Fikirlər çox...
Fikirlər qarışıq...
Fikirlər dolaşıq...

Düşüncə labirintində gicəllənir adam...
Burda bir hikmət var...

Yoxsa qadınlara niyə bu qədər zülm etsin kişilər?

Və ya bu yazıda qadınlarla kişilərin yerini dəyişək.. Paradoks pozulurmu? Yox.

Bu, əbədi olum və ya ölüm sualı qədər cavabı yozduqca yozulan bir nəsnə....

Rejissor Nicat Mirzə bunu bizim üçün aktuallaşdırır...
Harda? Füzuli Dövlət Dram Teatrında!

Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” monopyesi əsasında hazırlanmış tamaşanın mənalar trayektoriyası genişləndikcə genişlənən kosmos variantıdır...

Nicatın tamaşası hisslərin, düşüncənin təsir labirintidir...

Onun tamaşası öz estetik forması və rejissor həlli ilə cəmiyyətin toplumsal bəlasına bir göndərmədir. Bu mövzunun aktuallıq paradiqmasını genişləndirməyə namizəddir.

Rejissor tamaşanı oyun, bədillik sənət sahəsindən çıxararaq həyatın sosial düşüncəsindəki hadisəyə və onun dərkinə yönəldir.

Məkanı qara qutudur:
Evdir...
Otaqdır...
Pandora yeşiyidir...
Qara sandıqdır...
Qəbirdir...
Andromeda dəliyidir...

Nicat Mirzə öz tamaşasında makabr rəqsini oynayır...
Nicat bu rəqsi dürlü musiqilər fonunda oynayır...



Azərbaycan...
Türk...
Avropa...

Onun qadın qəhrəmanı göz yaşlarına paxıllıq edir...

Niyə ağlasın ona əzab verən kişi üçün?
Niyə göz yaşı töksün onu incidən biri üçün?
Niyə?

İntizar xanım personajla eyniləşib. Bu təbiiliyin səbəbi tamaşanının son sürprizi oldu... Bu əsər də aktrisanın həyat mətnidir.
Onun sənət yanğısıdır...

Səhnə ehtirasının zaman və məkan həllidir...

Sevinc Elsevərin mətni kifayət qədər qəddar və amansızdır...
Mətn hayqırır, çığırır, bağırır..

Bu səhnə əsəri bir nəfəslikdir bu kimi hadisələr üçün...

Qadın oyunları...
Dürlü-dürlü fokuslar...

Kimsə səni gözlərindən oxumağa başladı, kimsə ayaqlarından. Amma heç kim oxuyub sona çata bilmədi... “Ortada ilişib qaldı”.

Hər kəs öz ortasının bəlasına düşüb... Bəzən o ortanı tapmaq da məsələləri həll etmir...

Orta nöqtənin bəlaları...
Nicatın orta nöqtə mizanı fantastikdir, məzəli ağıdır, məzəli mərsiyyədir...

Tamaşanın sonuna yaxınlaşırıq...
Nicatın verdiyi mizan – aktrisa arzularını bir çamadana yığır...
Xanım aktrisa “Nəsibənin kuklası”nı bazar alverçilərinin “sumkasına” qoyur, onu sürüyə-sürüyə... sürüyə-sürüyə... sürüyə-sürüyə... sağolaşaraq tamaşaçı salonuna düṣür və zalı tərk edir...

Çamadan...
Arzuların çamadanı...
Arzularla dolu çamadan...
Arzuların sığdığı çamadan isə səhnədə qalır... Yenə də ona yiyə duran yoxdur...

Qadın arzularını səhnədə qoyur ... Yenə ona əzab verənlə yollanır növbəti əzablar səltənətinə...

Tamaşada rejissor bizim üçün bu gün cəmiyyətimizin ən aktual, yaralı, ağrılı, ən çox müzakirə olunan, danışılan, didişilən, neçə-neçə tv ekranlarına mövzu olan, sosial şəbəkələri məşğul edən, haqqında ən çox danışılan məsələlərindən birinə diqqət çəkir.
Teatr onda teatr olur ki, o, sosiumun tələbini sənətə çevirib tamaşaçıya təqdim edir...

Nicat düşüncə təqdim edir... Əsl tamaşaya lazım olan cəhətləri bir komponent halında birləşdirir... Güldürür, ağladır, sevindirir, təsirləndirir və ən nəhayətində, DÜŞÜNDÜRÜR...

Mən yenə də kədərliyəm....dərin kədər içində...bizi axı niyə məhv edirlər...

Amma tamaşa Nicat Mirzənin rejissor mətni ilə məni ümidləndirir....

PS: Füzuli Dövlət Dram Teatrında mənalı bir gün yaşadıq. Teatrda bayram oldu. Teatr kollektivinin peşəkarlığı, qonaqpərvərliyi, gülərüzlüyü, səmimiliyi bizi sevindirdi. Teatrın direktoru Vaqif müəllimin xoş münasibəti, qayğıkeşliyi bizi məsud etdi.

Bu kimi hadisələri yaşadıqca adam sevinir, içindən ümid seli axır ki, hər şey yaxşı olacaq.