Doğum yeri: Naxçıvan - Mehriban Vəzirdən hekayə

Doğum yeri: Naxçıvan   - Mehriban Vəzirdən hekayə

27 Oktyabr 2022 09:41 682


Mikayıl bu gecə də yuxusuz qalacaqdı, bilirdi. Havalar qızandan, pəncərələr açılandan, millət küçələrə töküləndən bəri hər gecəsi belə idi: səhərə kimi vurçatlasın, çaloynasın… şişə çəkilmiş ətin tüstüsü evin içində… əsil toyxana, qol götür oyna. Şəhərin təpəsində, adlı-sanlı restoranların, gizli kazinoların, yasaq “quş yuvalarının” əhatəsində yerləşən bu təzə binada Mikayıl həyat yoldaşı Aliyə ilə ilk yayını yarılamış, əslində, cəhənnəm məsafəsi qət etmişdı. Gecədən səhərə gələn-gedənin hay-küyündən, keflilərin dava-dalaşından, səndələyən kişilərin söyüşlərindən, sürütmə çəkilən arvadların qıyyasından dəhşətə gəlmiş, sübhü dirigözlü açmış, səhər təzyiqi qalxmış, gündüzləri bərbad olmuş… və hər gün hər gələn gecəni kabus gəlir kimi gözləmişdi. Bu məşəqqət, günlük rejimini, yuxu vərdişini alt-üst etmişdi.

Ömrünə acı başlanğıcla başlayan, sonra da oxumaqla, yazmaqla, dərs deməklə, üç övlad böyütməklə… və xüsusi mülkiyyətin düşməni olan sovet rejimində belə məhkəmələrdə, dədə-baba evini geri qaytarmaq uğrunda çarpışmaqla keçirən bu yaşlı adam artıq bütün çalışmalardan yorulmuş, dünyanın vəfasızlığını dadmış, əməkli yaşına çatıb evə qapanmışdı. Gələcəklə bağlı heç bir umacağı yox idi, sabaha aid heç nə ilə uğraşmaq istəmirdi. Heç dünəni də xatırlamaq istəmirdi. Nə yaxın, nə uzaq keçmişini görən gözü yox idi. Yorulmuşdu. Tək istəyi dinc yaşamaq, tez yatıb, tez durmaq, pəhriz saxlamaq, nəvələri ilə skaypda danışmaq və… arada Aliyə ilə yürüyüşə çıxıb dünyanın yaşılına, mavisinə tamaşa etmək idi.
Başqa hər şey yalan imiş.

Lakin… bu qədərini də əldə etmək üçün yenə sabahla uğraşmalı olmuşdu. Gecə asayişi ilə məşğul olan polis strukturlarını arayır, məktub yazır, intenetdə ünvanlarını axtarır, zəng edir, şikayət edir, əsəbləşirdi. Bu restoranları susdurmağın, bu işkəncəni durdurmağın yollarını arayırdı. Bu aramalar günün nizamını pozmuşdu. Gecələri isə… gecələrin dərdi bir deyildi. Gecələrin yuxusuzluğunda gözlərini zillədiyi ağ tavan canlanır, güdükdə duran xatirələr, marığa yatan iztirablı anılar, yaxşı-yaman nə vardısa xortlayıb çıxırdı. Bütün ömrünü gələcəyə baxaraq yaşamış və artıq imtina etsə belə yenə sabah üçün çalışmaq zorunda qalmış bu adam üstəlik yuxusuz gecələri ilə keçmişinə sürüklənmişdi.

…Qara çarşablı, uzun tumanlı Püstəxanım Mikayılın əlini ovcunda əmanət kimi tutmuşdu. İçərişəhərin qala divarları boyu üzü aşağı, Ağa Mikayıl hamamının enişi ilə yürüyürdülər.

Mikayıl yeridikcə boşda qalan sağ əlini qala divarlarına sürtür, dartınır, çırpınırdı. Nənə-
bala bu yolu baxçadan evə, evdən eşiyə hər gün, neçə dəfə çəkişə-çəkişə gedib gəlirdilər. Oğlanın ayaqqabılarının dabanı İçərişəhərin qəmbər döşəli ensiz səkilərində zəif-zəif taqqıldayırdı.

- Əlimi burax, özüm gedirəm.
- Yox, Ağa Mikayıl, olmaz, aatam, peşman eləmə məni.
- Buuraax.
- Olmaz, atam...

Bu çəlimsiz oğlan əlini nənəsinin əlindən qoparıb tək yürümək üçün hər gün inamla çabalayırdı. Püstəxanım da hər gün hamamın başındakı renessans üslublu, ikimərtəbəli, xudmani, amma nadir imarətə çatana kimi, binanın əsas qapısının altındakı zirzəmiyə enənə kimi… əmanəti əlindən buraxmırdı.

Bu film dar dalana çıxan qapının altında, zirzəminin qapısında, üç pillə aşağı, qaranlığa enər-enməz, bitirdi. Uşaqlığı ilə bağlı yadında qalan ilk lövhə bu idi. Beş yaşı olar-olmazdı, bundan qabağı xatırlamır.

Sonra birinci sinif… ilk etirazını xatırlayır… “nənə, sinifdə hamı Bakıda doğulub, mən
niyə Naxçıvanda doğulmuşam? Ora haradı helə? Kim aparıb məni ora?”

Mikayıl Naxçıvanda, valideynlərinin əhatəsində dünyaya göz açsa da nə Naxçıvan, nə
ata-ana üzü görmüşdü. Bu atalı-analı yetim İçərişəhərdə, üç əsrlik Ağa Mikayıl hamamının yoxuşunda, hamam sahibinin mülkündə, nənəsinin dizinin dibində böyümüşdü. Hər gecə yatağına girən kimi nənəsi kəlmeyi-şəhadətini ərəbcə söyləyib türkçəsinə keçirdi: “yataram ya Allah, duraram İnşaallah, əgər yatıb durmasam - Lailahəilləllah”

- Nənə onu demə.
- Neyi, aatam?
- Yatıb durmasam…
- Nöşün, atam?
- Qorxuram.
- Qorxma, aatam. Allahın ətəyindən yapışan qorxmaz.
- Birdən durmasan…
- Onu ağluva getirmə, aatam.
- Gəlir axı…
- Lailahəilləllah de, gəlməsin.
- Dedim, yenə gəldi...
- Ardarda de, aatam, caymadan de. Huş aparana kimi de. Gecələr vəsvəsə üçün deyil, fikir çəkmək üçün deyil, Ağa Mikayıl, yatıb dincəlmək üçündü. Çünkü sabah var, iş var, güc var. Adam gərək özü özünü gecə qəmindən qorusun. Fikrin qənimi zikrdü, aatam, zikr qəlb ilə qəm arasında sərhəddü, zikr elə, Lailahəilləllah de…

Lailahəilləlah-deyirdi Mikayıl…

Püstəxanım nənə həyat hekayələrini danışırdı…

“…Ağa Mikayıl, dünyanın başıma dar vaxtlarıydı, tifağımız dağılmış, altında qalmışdım. Gecəni sübheycən yerimin içində ağlıyırdım. Bir gün özüm özümə dedim; Püstəxanım, yerüvə girdün, yat, keçmiş-keçəni qurdalama, nə olub, olub. Nə olamalıdı, olacaq. Heç neyin fikirini çekmə. Çünki mənası yoxdu, yüz fikir bir borcu ödəmir. Sabaha sarıl. Sabaha sarıl ki, Allah da sənə xeyirli sabahlar versin”

…Bu film də burada, bu xumar qaranlıqda bitir. Yatıb durmamaq qorxusundan nənəsi ilə
birgə elədiyi zikrlə uzaqlaşıb nə vaxt yuxuya daldığını xatırlamır.

Amma… hər dönəmin öz yuxuqaçıran vaxtları olurmuş. Bir gün o gecələrdən gəlmə öyüd
Mikayılın imdadına çatdı. Bir ara başı həyat işlərinə qarışıb “Lailahəiləllahı” unutsa belə
örkən gəlib yenə doğanaqdan keçməli oldu, gecə pıçıltıları yadına düşdü.

Mikayıl yaşamaq və çalışmaq üçün yenidən bu fəndə əl atmış, yaxşı nəticə əldə etmişdi. Uzun
illər idi gözünü yumub özünə layla çalırdı; La-ilahə-illəl-lah… La-ilahə-illal-lah. Caymaq
olmaz, aramla… La-ilahə-illəl-lah… Bu qayda illərlə elə bir vərdişə çevrilmişdi ki,
gündüzlər nə çətinliyə düşmüş olsa belə gecəni yaxşı yatar, bir neçə dəqiqə
“Lailahəilləllah”la huş onu aparardı. Aliyə xasiyyətini bilir, yerinə girdi, bitdi, sözün var
“gecən xeyirə qalsına” kimi de, qurtar. Sonra dindirmə. O, yoxdu, huşdadı, keçiddədi, ərəfdədi,
gedir.

Gündüzlərin fitnə-fəsadı ilə gecələrin dincliyi arasına girmiş bu çəpər müdrik nənənin
ona ötürdüyü hikmət idi. O nənə ki, bütün ömrünü əvvəlcə yeganə qızına, sonra yeganə
nəvəsinə ithaf etmiş, gün görməmiş, hər üzünə əziyyət çəkib heç kimə əziyyət
vermədən, bir gün belə yatağa düşmədən, bircə saatın içində quş kimi uçub getmişdi.
Mikayıl əmin idi, elə düz cənnətə girmişdi, nənə bu dünyadakı hər günü ilə cənnəti
satın almışdı.

…Gecənin qaranlığı qala divarlarının içini dünyanın qaralmasından öncə sarırdı. İmarətin
zirzəmisini isə qala içindən də tez zülmətə bükürdü. Tavana dikilən kiçik pəncərədən
gələn ayaq səsləri kəsilmiş, camaat evinə çəkilmiş, dünya gecə səssizliyinə
bürünmüşdü. Onlar da onluq lampanı söndürmüş, zirzəminin qalaqlanmış qaranlığına
dalmış, nənə-bala yerlərinə girib, qucaqlaşmışdılar.

- Ağa Mikayıl.
- Hə, nənə.
- Nənə qurban, gecələr sənə dediklərimi heç kəsə demə ha. Sürgün edərlər bizi.
- Yooo… nöş diyirəm.
- Baa, bilginən; hamam sənündü.
- Nə hamam, aymə? Ağa Mikayıl hamamı?
- Həri.
- Hökumətin döyül o?
- Eee… hamam hamam içində, xəlbir saman içində, dəvə dəlleyliy eylər köhnə
hamam içində. Yadunda saxla, hamam bobalarıvundu. Onu bizdən urus aldı.
Bobavu da güllələdilər. Əmilərün qaçdı. Öldüləri-qaldıları bilinmədi. Pikəxanım
anam ağı deyə-deyə öldü getdi. Keçinmişdi… hələ də gözünnən yaş gəlirdi,
bədbəxt qızının.

…Mikayıl yatağına uzanmış, gözlərini yummuşdu. Durmadan “Lailahəilləllah” deyirdi.
Lakin gecənin çal-çağırı yuxu yolçuluğunu önləyir, o, yorğun-yorğun gözlərini açır, bəyaz
tavan Püstəxanımın pıçıltıları ilə çağlayırdı…
- Ağa Mikayıl.
- Hə, nənə.
- Üstümüzdəki ev var ha.
- Urusun evi?
- Nə urus, adə, bobalaruvun evidi ora. Sənün evündü. Əlimizdən alıb o kafirə
verdilər.

….Sonra Mikayıl dalana çıxan dar döngədə, Ağa Mikayıl hamamının ağzında uşaqlarla
oynayırdı. Qapını kəsib durmuşdu. Ondan bir baş uzun Ağarəhim yolu ötərkən bağırdı:
- Alaə, rəttolun, ordan, hamamın arvad günüdü.
Mikayıl çəkilmədi, dirəşib qapını kəsdirdi, cırcırama səsi ilə çəmkirdi:
- Sənə nə var, hamam bizimdi.
Ağarəhim getdiyi yoldan qayıdıb qəzəblə Mikayılın çəlimsiz qolundan tutdu, var gücü ilə kənara vızıldatdı:
- Rəttol alaə, yetimçə, hamam hökümətindi.
…Püstəxanım döşəməyə çöməlib Mikayılın sıyrılmış dizlərinin qanını, tozunu silir, asta-
asta pıçıldayırdı:
- Nənə qadalaruvu alsun, sənə dedim axı, gecələr dediyimi gündüzlər dilüvə
getirmə.
- Görmürsən, Ağareemi? Diyir, çəkil hamamın qapısından.
- Düz diyir, arvad günündə kişi orda görünməz.
- Onu diməmişdün axı.
- Ağa Mikayıl, onu sənə nöş diyim, özün bilməliydün dəə. Didiklərimi də sənin
bilmeyinçün diyirəm e, xalx üçün dimirəm. Bil, özünçün. Vaxtuvu gözlə. Dünyanın
işini bilmək olmur. Amma dilivü saxla, hökumət bizi burdan da bayıra atsa, bu dəfə
Sibirə sürər. Genə pis-yaxşı… urus başımızda otursa da, bizi endirib zirzəmiyə soxsa da genə öz damımızın altındayıq, aatam.

“Eee… hamam hamam içində… Ağa Mikayıl hamamı nələr gördü... Hələ Ağa Mikayıl
bobavun ulu bobası Ağa Mikayılın vaxtından ee… yüz il əvvəl – Niqalay höküməti ayda
bir gün hamama qoşun-qoşun soldat salarmış. Deyir, həmin gün heç kəs hamama
gəlməzmiş, gələn geri qeyidərmiş. İt iyi vərərmişlər, bit-birə içində, çirkli, piyan. Kisə
tanımırmışlar, sabun bilmirmişlər, çirk bədənlə hövuza cumurmuşlar. Soldatdan sonra
hamam leş iyi vərərmiş. Ağa Mikayıl üç gün hamamı yuduzdurub qüsul verdirərmiş,
üfunətin çəkilməsi həftəyə çəkərmiş…”

“…Niqolay ayda bir dəfə soldat salırdı hamama, şura hökuməti gəldi, hamamı əlimizdən birdibli aldı. Ağa Mikayılı da apardı. Sonra o biri qardaşların dalıyca gəldi hökumət. Pikəaxanım anam kişiqızı kimi çıxdı hökumətin qabağına, dedi, itgin düşüb oğlanlarım, yer-yurdlarını bilmirəm. Aparursuz məni aparun…”

“… Üç kəsik qaldıq, bir ana, bir gəlin, bir çağa. İmarətdən zirzəmiyə endirdilər bizi. Evi
urusa verdilər. Urus üstümüzdə, ayaqlarının tozu başımızda. Mənim vecimə dögürdü, başım
balama qarışmışdı, gözüm ağlayır, ürəyim gülürdü. Amma Pikəxanım anama yer eləmişdi,
üregi qubar bağladı arvadun…”

Mikayıl qaranlıqlar üçində Pikəxanım ananı görürdü, başına rusun ayağının tozu tökülə-
tökülə ləngərlə zirzəmiyə enirdi. Dodaqları kip sıxılmış, gözləri yerə dikilmişdi…

“…Pikəxanım anam anova adını verdi. Nəfəs alırdı onuynan. Pis vaxtdu. Ona heç neyi
demirdik. Demək də, eşitmək də qorxulu idi. Atasının öldüsünü, qaldısını gizlətdik, çox
sonra bildi. Durub oturub deyirdim, “oxu qızım, dərsüvü oxu, bizdə oxumayan olmayıb,
atongil hamısı mədrəsə oxumuşdu, yazı-pozu, hesab-kitab bilirdilər. Bax, aton məni də
oxutdu. Cavan idim, bilmirdim, tənbəllig əliyirdim, amma sözümə baxmadı, mənə yazı-
pozu öyrətmək üçün arvad mollası gətirtdi evə. Quran oxumağı öyrətdi. O çörəyi yeyirik
indi. Aton qız uşağının oxumağıyçun sinoo gedirdi, deyirid, qızım olsa, hafiz olucey.
Müsəlmanın hafiz xanımları adnandu”

“Eee, nə hafiz… dəvə dəlləglik eyliyən vaxtlara gəldik. Anon böyüyəndə hafiz söhbəti
bitmişdi, dünya alt-üst olmuşdu. Pikəxanımı rus məktəbinə verdim. O da od parçası
çıxdı, 10 il məktəbdə, 5 il universitetdə əlaçı oldu. Özü kimi əlaçı, naxçıvanlı tələbə
yoldaşına ərə getdi. Məhəlləyə qoşa gələndə ceyillər zəncir çeynəyirdi, qulağımla
eşitmişdim, deyirdilər, alaə, bu çuşgə məhəllənin ən yaxçı qızını qapdı, qoydu bizi yana-
yana. O birisi deyirdi, alaə, bəyəm o sənün tayun idiii, oxumuş qızdu, öz tayına gedecey
dəəə…”

Bu yerdə Püstəxanım xısın-xısın gülürdü.

“…Təyinatları Naxçıvana çıxdı. Getdilər”

…Pikəxanım gedəndən sonra Püstəxanım damın altda tək qalır. Ürəyinə nisgil çökür.
Məclislərdə ağı deməyə başlayır, həm mollalıq, həm mərsiyəxanlıq edir. Qaynanasının
məktəbindən çıxmış, ondan əzbərlədiyi nöhələrlə sinədəftər olmuşdu. Ağlamaqdan
kor olmuş Pikəxanım düz 20 il hər gün gündoğandan sonra dəstəmazını alıb quşluq
namazı qılmış, namazdan qalxıb “qərib” oğullarına ağlaşma qurmuş, dil deyib ağlamış,
sinəsini, dizini döymüşdü. Bu işi də bitirdikdən sonra qalxıb əl-üzünü yumuş, süfrə
arxasına oturub “həri… əziz ölər, boğaz ölməz” deyə çayını-çörəyini yemişdi.

Pikəxanımın dastanı İçərişəhərdə adla idi, yer üzü onun kimi dil deyib ağlayan
görməmüşdü, naləsinə göydə uçan quş qanad salardı. Onsuz məclislər keçməzdi. İllər
keçmiş, Püstəxanım gördüyünü götürmüş, eşitdiyini çinədanına yığmış, ustalaşmışdı.
Mollalıqdan başlamış, ağılara varmış, məharət göstərmiş, ad çıxarmış, ərsiz arvada görə
babat dolanışıq düzəltmişdi. Qazandığını təmtəraqla üst qatına gəlin gəldiyi imarətin
zirzəmisində böyütdüyü nəvəsi Mikayılın dərsinə qoymuşdu. Bir də nəvəsinin toyu
üçün bir az pul yığmış, bir-iki parça qızıl almışdı.

…Gecə saat bir olardı. Yeyib genəlmiş, içib ürəklənmiş məxluqların birinci dalğası
restoranları tərk edirdi. Kişilər uzun uzadı öpüşürdülər. Qadınlar fərə toyuq kimi qaqqıldaşırdılar.

Marçıltılar, murçultular, şaqqıltılar evin içində idi. Mikayılın gözü tavana zillənib. Eşidir və düşünür: Əvvəllər kişilər belə öpüşmürdülər, görəsən bu, nəyin əlamətidi? Neyniyim, durum
yenə 102-yə zəng vurum? Nə mənası? Keçən dəfə onların üstünə getmək əvəzinə gecə
yarısı gəlib məndən ifadə aldılar.

“…Getmegleri bir il olardı. Bir gün Pikəxanımdan teleqram gəldi, aymə, gözün aydın,
oğlum oldu”.

Həmin əhvalatın yerdə qalanını isə Mikayıl bəyaz tavanda görürdü. Püstəxanım oniki taxtalıq
qat-qat tumanları üst-üstə geyinib, iç köynəyinin üstündən üst köynəyini, üst köynəyinin
üstündən dış köynəyini, onun da üstündən içi sırıqlı üstü məxmər cübbəsini əyninə
taxıb, çadrasını salıb, boxçasını alıb qatara minmiş, Naxçıvana yola düşürdü. Neçə minik
dəyişib, qatardan avtobusa, avtobusdan arabaya adlayıb, əlində ünvan yazılmış bir parça
kağız, soruşa-soruşa, özü dediyi kimi “qurd ulayan” çöllərə gedib çatır. Axır ki, on günlük
nəvəsi ilə qızını tapır.

Püstəxanım qızının güzəranından, havanın sazağından, çağanın çarəsizliyindən dəhşətə
gəlir, az qalır bağrı çatlasın. “Dedim, heyifdü, oğlan uşağıdu, qalar burda, tələf olar. Qız da
baxa bilmir, köməyi yox, sütü yox, fəraseti yox. Fikri kitabda, dəftərdə… bundan uşaq saxlayan
olmaz. Üreyimdə, “səni buralarda qoymaram, Ağa Mikayıl” dedim. …Qırxun təzə çıxmışdı,
qıza sözgəlişi fikrimi bildirdim, gördüm, gözünə işıq gəldi, əri də o saat razılaşdı. Himə
bəndiymişlər bular”

Püstəxanım 25 ildən sonra yenidən əl boyda qundağı bağrına basıb tək-tənha, soyuqda-
sazaqda, neçə minik dəyişib Bakıya qayıtmışdı. Çağanı çadrasının altında
cüməaxşamılara aparmış, ovcunda qızdırdığı keçi südü ilə əmizdirmiş, ağıları ilə yuxuya
vermişdi. Bu mənzərə sinəsi dağlı məclis əhlinin bağrını çatlatmış, hıçqırıqlar ürək
parçalamış, hönkürtülər nəfəs kəsmiş, millət ölüsünü qoyub onbeş yaşından yetim
saxlayan Püstəxanımı ağlamış, hər kəs bir dil demiş, dərdli ürəklər süfrə kimi yerlərə
sərilmişdi. Mikayıl gecənin və zirzəminin qat-qat qaranlıqlarında burulğana dönüb gözyaşı ilə çağlayan bu səsləri gözü ilə görmüş kimi idi.

…Mikayıl bir az böyüyəndən, söz qanıb, dil açandan sonra Püstəxanım, onu özü ilə
hamama aparmadı, dedi, “oğlan uşağı lüt arvad görsə evlənməz, ömrüboyu subay
qalar”.

- Üç yaşından su qoyub evdə çimdirdim səni, Ağa Mikayıl. Arvadlar dedi, “ ağəəz, ay
Püstəxanım, Balacaxanımın nəvəsi üçyaşyarımdu, hələ də özüynən hamama getirir” Dedim,
yox, anam, yox, hər kəs öz işini özü bilər, hələki su qoyub çimdirirəm, sonrasına,
baxaruğ…

Püstəxanım, llər sonra hər bazar günü qonşunun yeniyetmə oğluna deyirdi, “qadalarıvı alaram, Ağareim, bunun da əlindən tut, apar. Özü çimicey, sən bi dana başını yu”

Beləcə, Mikayıl hər bazar günü, özü tək çiməndə hələ yeniyetmə deyildi, amma ustalaşmışdı. Püstə nənə ona balaca, əl boyda kisə tikmişdi, “kisəsiz hamam olmaz, irağ ata-bobonnan urus dögürsən ki islanıb çıxasan” demişdi. Kürəyinə çatan süngər də düzəltmişdi. O da Nənəsinin dediyi kimi əvvəlcə Ağa Mikayıl hamamının günbəzli buxarısında canını yaxşı-yaxşı qızışdırır, sonra möhkəm kisələnib, bərk-bərk sabunlanıb, üç dəfə başını yuyub, üç dəfə də hovuza baş vurub, hər işi tamam-kamal edəndən sonra qüsulunu alıb çıxırdı.

Evdə onu çiçək kimi təmiz süfrədə, ağappaq çay dəsmalının altında, gümüş sinidə, par-
par parlayan armudu istəkan, xurma dolu qənddan, limon, mürəbbə, pilitənin üstündə
dızıldayan çaydan, təzədəm çay gözləyirdi. Püstənənənin birinci sözü “Həmişə
təmizlikdə, Ağa Mikayıl, bey hamamunda çiməsən” olurdu. İkinci sözü: “küreyivü kim
kisələdi, aatam”, cavabı eşidəndə, “hə, lap yaxşı, Allah dadına yetsin, qüsul yadundan
çıxmadı?”, “Yoo, verdim”, “Aafərin, oğluma” deyib çayını süzürdü.

Ataya, qardaşa, oğula, ərə, qaynataya ediləcək bütün qulluqları madarına edirdi
Püstəxanım. Bu xidmət həyatının cihadı idi. Mikayıl onunçun Allahın rəhmi, dünya
qəminin qənimi idi. Gözünün ağı, qarası, qəlbinin təsəllisi idi. Budanmış palıdın incəcik
şivi idi, cücərtmişdi, lütf etmişdi Rəhman. Püstəxanım oğlanı nankor qızının deyil,
Rəbbinin əmanəti bilmiş, ömrüboyu bu əmanətin başına dolanmışdı. Mikayıl da nənəsini
ərzin padşahı sayır, beləcə, nənə-bala keçmişi düşünmədən “Lailahəilləllah” deyib
ötüşür, sabaha boylanırdılar.

…Nənə arif idi, iynəgözü işığın da qədrini bilən idi, sovet dövrünün bütün sosial
imkanlarından bu uşağın gələcəyi naminə faydalanmışdı. O vurhavurda işin çəmini tez
tutmuş, qızını da belə böyütmüşdü; əlaçı, idmançı, çalançı, pioner, komsomol, fəal. Bəlkə
də bu vərdişlər qızını çevik qərarlar çıxamağa təhrik etmişdi, sovet Azərbaycanının ilk
mühacirlərindən biri olmuşdu…

- Ağa Mikayıl, aatam, sən də böyüyüb məni qoyub gedeceysən?
- Yox, aymə...
- Əşşi... təki canun sağ olsun, xatadan, baladan uzaq ol, bəsimdi.
- Aymə, yox, dedim, o sözü dilüvə gətirmə, inciyirəm.
Püstəxanım bu kişiqırığının qeyzlənməsinə xısın-xısın gülürdü.

…Püstəxanım bir əsrdə 3 dəfə mərtəbə dəyişmişdi. Sonunda haqq yerini bulmuş, 20
illik savaşdan sonra “oxxayy” deyib ikinci mərtəbəyə qaxmışdılar. Həmin gün yaşlanıb
əldən düşmüş Püstəxanım məclis qurmuş, imam ehsanı vermiş, İçərişəhərin qohum-
qonşu arvadlarını başına yığıb Quran oxumuş, kövrəlib ağlamışdı. Qonaqlara indiyə qədər dilinə gəlməyənlərdən - İçərişəhərin müsibətlərindən, qaynatası-qaynanası rəhmətliklərdən, İçərişəhər mülklərinin əsil sahiblərindən, sürülmüş kişilərdən, dağılmış tifaqlardan danışmışdı. Uzaqdan-yaxından cəmi İçərişəhər şəhidlərinə, günahsız qurbanlarına, canı, malı, mülkü ortalarda pamal
olanlara, urus süngüsündə gedənlərinə “Yasin” oxumuşdu. Axırda da gözlərini silib limonlu çaydan bir qurtum alıb demişdi:

- Allah cavanları saxlasın, pis-yaxşı biz dövrümüzü sürdük. Ağa Mikayılı ki öz dədə-baba evində gördüm, bəsimdi, ölsəm, dərdim olmaz.

Ağzı fal idi arvadın, çox çəkmədi…

Uğuruna Püstəxanımın imam ehsanı verib bütün İçərişəhər şəhidləri üçün gözyaşı tökdüyü, Mikayılın 20 il mübarizə apardığı imarətin sahibkarlığı cəmi 10 il sürdü. Mikayılın oğlanları həyatın nəvar-nəyoxunu biləndən və yaşadıqları evin qiymətinin milyonla ölçüldüyünü öyrənəndən sonra evin satılması üçün illərlə mübahisə etmiş, ataları ilə dava-dalaş salmış, gününü göy əskiyə bükmüş, sonunda evi Bakının ən
zənginlərindən biri olan bir naxçıvanlıya satdırmış, həmin pula şəhərin mərkəz yerlərində özlərinə bahalı mənzillər, maşın almış, bacıya da ucundan-bucağından pay vermiş, qocaları isə bu çal-çağır ucqara göndərmişdilər.

Əlbəttə, işin bu yerində də dilxorçuluq olmuşdu. Oğlanların ikisi də bir-birindən xəbərsiz atanın üstünə gəldilər ki “evi mənim uşağımın adına sal” Birinin bəhanəsi böyük oğul olması, o birinin səbəbi kiçik oğul olması idi. Böyük deyirdi, ev böyüyə düşər, kiçik deyirdi, ev kiçiyə çatar.

Ömürboyu ali məktəb müəllimi işləmiş bu ər-arvad ziyalı bir ailə olaraq uşaqlarına yaxşı təhsil vermiş, bir neçə dil öyrətmiş, Avropada kurslar oxutmuş, uşaqlar da ata-analarından gördükləri təlim-tərbiyədən əlavə zəmanənin “mərifətini” mənimsəyib mənfəət işlərində ustalaşmışdılar. İmarəti satdırıb pulunu pay-puş edəndən bəri fikirləri-zikirləri təqaüdçü ata-ananın yaşadığı bu çal-çağır ucqarda idi. Kimə nə çatacaq, nə vaxt çatacaq, bölgüdə oğulun böyüyü-kiçiyi nəzərə alınacaqmı?

Mikayıl bu söhbətləri kədərlə dinləyirdi…
- Aliyə, bu uşaqlar nöş belə çıxdı.
- Nə bilim, a kişi…

…Mikayıl evindən ötrü darıxırdı. Hətta böyüdüyü o zirzəmidən ötrü də. İçərişəhər, qala divarları, o hamam, o ev onun şəcərəsi idi. Şəcərə satılmışdı. Şəcərənin üstündəki qan da, gözyaşları da, savaş da satılmışdı. Amma Mikayıl özünə söz vermişdi, bu barədə nə düşünəcək, nə danışacaq. O, özünü, dövrünü, dəyərlərini… hər şeyi bitmiş sayırdı. “Lailahəilləlah” deyib hər şeyin üstündən keçmişdi, fikir etməmək üçün zikr edirdı. Lakin… yay gələndən vəziyyəti dəyişmişdi, zikr daha onu yuxuya vermirdi.

Fikri də, zikri də dörd bir tərəfdən şığıyan səsgücləndiricilərin birinci həmləsində geri çəkilir, pərən-pərən düşürdü. Kizli kazinolar, yasaq “quş yuvaları” üstün gəlmiş, gündüzlə gecənin səddini dağıtmış, yuxusunu qaçırmış, ürəyini sıxmış, xatirələrini geri qaytarmışdı. Hər şeyin satıldığı halda bu xatirələr niyə onda qalmışdı?

…Əslində bu ev pis ev deyildi, təmirli, sahmanlı, bağ-bağatlı… Mikayıl evə baxmağa belə gəlmədi, “öz evim olmayandan sonra nə ev olur olsun” dedi.. Aliyə baxdı, bəyəndi. Lakin, sən demə, ev də insan kimi imiş. Göründüyü qədər olmaya bilirmiş. Nə mal olduğunu anlamaq üçün ən azı bir il iç-içə qalmaq, hər fəsli onunla ayrıca yaşamaq lazım imiş. Qışı çox soyuq olurmuş buraların. Bakıda cövlan edən şimal küləyi heç bir maneəyə rast gəlmədən birbaşa bu binaya şığıyırdı. Pəncərələr səhərə kimi qurd kimi ulayır, vıy-vıy vıyıldayırdı. Yayı isə… yayı deyiləsi deyildi… Qışda köçdüklri evin ilk yayı başlayanda qışı toya getməli oldu. Məlum oldu ki, bu ev yaşamaq üçün deyil, çərləmək üçün ən münasib yerdi. Ailə-uşaq, əxlaq məsələləri üçün isə ciddi bir təhdiddi. Mikayıl oğluna şikayət edib “bu nə evdi, tapdız, ölürük səs-küydən” deyəndə oğlu qəşş edib gülmüşdü: “Lap yaxşı, səhərə qədər çal-çağır… kef eliyün də, özüvüzçün”

…Mikayıl məzlum-məzlum tavana baxırdı. Ağlamsınmış kişi səsi gecənin genişliyində “Can Qarabağ” deyib zəngulə vururdu, muğam dəsgahınnın hər şöbəsini bitirdikcə tarın müşayiəti ilə “Əziziyəm, Qarabağ…” deyə aləmi başına götürmüş səslə bayatı söyləyirdi. Nəhayət, ağlaşma bitdi, qəmi dəmə verdilər, ara qızışdı, nə qızışdı. Görünür, ifaçı usta idi, məclis əhlinin dilini bilirdi. Muğamın həmən ardıyca şaqraq-şaqraq “Naxçıvan da bizimdi”, “Abşeron da bizimdi”, “Azərbaycan bizimdi!” deyib nərə çəkməyə başladı. Gecə gecəlikdən çıxıb işkəncəyə çevrildi…

…Püstəxanım 15 yaşından qaynanası Pikəxanımın qoltuğunda ikicanlı qalmış, özündən 20 yaş böyük ərini şura hökuməti aparıb güllələyəndə nə baş verdiyini belə anlamamışdı. Pikəxanım son nəfəsinə kimi oğlunun ölümünə inanmamış, “yəqin, Sibirə sürdülər…” demişdi. “Buz baltası kimidi mənim oğlum, gələr. …Yox a, güllələməzlər, elə cana kim qıyar? Bəlkə də Aşqabada getdi, qardaşlarının ardıyca. Bir gün gəlib çıxar.” O bir gün, bu bir gün, arvad da ölüb getmiş, Stalin öləndən sonra, əllinci ilərin bəraət dövründə arxivlər açılmış
məlum olmuşdu ki, sovet hökuməti İçərişəhər mülkədarı Ağa Mikayılı cəmi 15 dəqiqəyə məhkəmə də eləyib, güllələyib də.

“…Ağa Mikayılı apardılar, qaldıq başsız. Məhəllədə “beş qardaş” deyirdilər bulara. Məclislər yaraşığı, böyük, kiçik bilən, əli verimli, süfrəli. Gün gəldi başıpapaqlımız qalmadı. Böyükdən kiçiyi Ağa Mikayıldan üç ay əvvəl sürgün elədilər, o biri üç qardaş külfəti yığıb Aşqabada köçdü. Ağa Mikayıla çox təvəqqə elədilər, “dadaş, gedek` - dedilər. “İçərişəhərdə bundan sonra bizə gün yoxdu”-dedilər. “Hər şeyi əlimizdən aldılar, bir hamam qalmışdı, o da getdi, qaldı canımız. Şura hökuməti nə qədər canımızı da almayıb gəl əkiley” – dedilər. Ağa Mikayıl razı olmadı. Dedi, “yeddi arxadönənim bu hamamı işlədib, əmanətdi, qoyub gedə bilmərəm. Belə getməz. Qaytaralar bir gün”. Onlar da o gedən qardaş oldular. Bir daha soraqları gəlmədi. Bəlkə də Aşqabad batanda batdılar əmilərün, bilmirəm, Ağa Mikayıl, Allah bilir.”

- Qorxursan? Qorxma! Bu söhbətləri anon Pikəxanıma eləmədim, qızuşağıdı, kəsikdi, dedim. Sənə deyirəm, sən kişisən, bilməlisən keçmiş keçənivü, göbələk döyürsən, yerdən çıxmamısan. Əslün, neslün var…

…İllər keçmiş, nənə getmişdi. Nənə min məşəqqətlə Mikayılı ayaq üstdə dikəldib, təlim-tərbiyə verib, alim edib, ev-eşik, ailə -uşaq sahibi edib getmişdi.

…Mikayıl gecənin və zirzəminin erkən qalaqlanmış qaranlığında hər gecə nənəsinin deyil, bu pıçıltıların qoynunda uyuyurdu. O, eşitmirdi, görürdü…

- Əmilərün Aşqabad batanda batdılar bəlkə…

Bu balaca oğlanın gözü görə-görə hər gecə Aşqabad batırdı, gah gurultu ilə Yerin təkinə gedirdi, gah da Yer aram-aram yarılır, Aşqabad ləngərlə Yerin dibinə girirdi. Xarabalıqların və yarğanların altında pəhləvan kimi əmilərini çarəsizcə çapalayan görürdü. Püstəxanımın yaslardakı “burda bir qərib ölmüş… “ naləsi bu çarəsizliyi fırtına kimi içinə alırdı. Mikayıl gizlincə ağlayır, nənəsi duyuq düşməsin deyə gözyaşını silmirdi. Gözyaşları gözündən üzünə, üzündən çənəsinə, çənəsindən sinəsinə axıb gedirdi. Mikayıl qorxu və gözyaşları içində ardarda “Lailahəilləllah” deyib uyquya dalırdı.

…Mikayıl gözlərini bəyaz tavandan ayıra bilmirdi. “Saat iki varmı görən?” Məclis arəstə idi, mikrafonların səsi bir az da artmışdı… “Laçııın… Şuşaaa…” Bəlkə də gecənin dərin sükutu, sonsuz qaranlığı səsləri belə üfürüb şişirtməkdə idi. Zəngulələr gecənin ənginliyinə çırpılıb əks səda verirdi. Gedib dönən səslər yumşaq gecə ruzgarının kefinə uyğun artıb azalırdı. Həsrət, hicran, ayrılıq haqda qəzəl deyilirdi…

…Bu işin başqa çarəsi yoxdu, polisin yaxasından yapışmaq lazımdı, sənin vəzifəndi, gəl susdur bunları. Amma neçə gecə 102-yə zəng vurmuş, qonşularla həyətə axışmış, səhər toplaşmışdılar. Məlum olmuşdu ki, sahə müvəkili - naxçıvanlı olsa belə - bu restoranlara girməyə cürət etmir. 102 də yaxın durmur, polislər uzaqdan maşınların nömrələrinə baxıb geri qayıdırlar. Arxaları çox yuxarılara bağlıdı, deyirdilər. Qonşular da çəkinir, qapılarında qırğı kimi gəzən cangüdənləri, qara-qorxunc çipləri göstərib “ailəmiz, uşağımız var, müəllim, bunlar naxçıvanlıdı, hər şey əllərindədi” deyirdillər.

…Həyətdə qıyya çəkildi. Mikayıl yerində dikəldi. Dönüb Aliyəyə baxdı. Yatırdı. “Xoş Halına” dedi ürəyində. Aliyə bərk yatır, yatdı, bitdi, top atsan oyanmaz. Bayırdan gələn qışqırıq ara vermirdi, qaçan-qovan vardı. Deyəsən qadın döyürdülər. Kişi nəriltiləri, pis-pis söyüşləri aləmi bürümüşdü. Səs get-gedə uzaqlaşırdı. Bəlkə də saat üçdü. Belə səslər yalnız bu saatdan sonra gəlməyə başlayır...

- Yox, bu iş 102 lik deyil, böyüklərinə yazmaq lazımdı…Mikayıl durub yerində oturdu.
- Rəislərinə yazmaq lazımdı…

…Mikayıl bu gecə də dəfələrlə keçidə girmiş, ərəfə varmış… şaqqıltılara, qaqqıltılara diksinib geri dönmüş, huşdan guşa adlamış, yatağında halsız qalmışdı. Onu ara-sıra huş aparır, çal-çağır, söyüş-qışqırıq oyadıb geri qaytarırdı. Yatmaqdan keçdi. Yəqin səhərə az qalıb. Artıq bu işin çarəsi görünmürdü. Görünən yalnız ömür əhvalatlarıdı. Pikəxanımın Püstəxanıma, Püstəxanımın Mikayıla pıçıldadıqları. Ürəklərini boşaldıb dünyadan köçmüşdülər. Mikayıl isə bu söhbətləri sevmədiyindən heç kəsə heç nə deməmişdi. Kimsəyə demədiyi əhvalatlar bu gün İskəndərin quyusuna dönüb Mikayılın üzünə durmuşdu, keçmişinin buynuzunu göstərirdi ona.

“…Ayağun taza-taza yer tuturdu, aton, anon qəfil Naxçıvandan gəldilər. Sevinclərinin həddi-hüdudu yox id. Unuversitet beş nəfər əlaçı tələbəni, ikisi də onlar, Moskvaya aspiranturaya göndərirdi. Teleqram vurub kənddən çağırmışdılar. Gəlmeylərinin səbəbini biləndə Ağa Mikayıl, Ətağa cəddi, mən onlardan çox sevindim, arxayın oldum ki, daluncan gəlməyiblər. Ölərdim yoxsa.”

Püstəxanım gərdişə baxıb barmağını dişləyir, əl boyda verdikləri çağa dəstə oğlan olmuşdu. Elə bil bu ata-ana bu uşaqdan illər ayrısı deyildi. Hərəsi bir dəfə öpüb səngimiş, səfərə yığışırdılar, vaxt az idi. Beləcə getdilər. Mikayıl Püstəxanımın isti qoynunda bu soyuq səhnəni az seyr etməmişdi: iki gənc, yaraşıqlı, yaxşı savadlı adam onu yerdən qaldırıb bir dəfə öpdülər, sonra yerə qoub yığışıb getdilər və bir daha dönmədilər. Bundan sonra nə Mikayıl, nə Püstəxanım onları gördü. O sərin öpüşlər, sevincək gedişlər yadına gəlməsə
də, hər gecə yeni-yeni gedişlər, yeni-yeni dönüşlər yaşamış, xatırlamadığı bir soyuqla ömrüboyu ürəyinin dərinliyində üşümüşdü.

… Mikayılı unutmuşdular. “Olsa da olar, olmasa da olar” bir şey kimi yaddan çıxarmışdılar. Elm və yeni sevdalar, vətənə, İçərişəhərə, alnına yetim saxlamaq yazılan Püstəxanımın üstünə atılmış bu uşağa yer qoymamışdı. Ata-anadan Mikayıla yalnız boy-buxun, iti zehin, çalışqanlıq qalmışdı. Bir də… “doğum yeri: Naxçıvan. Başqa heç nə. Bu söz onu ömrüboyu təqib etmişdi, həm pis üzünə, həm yaxşı üzünə. Məktəb yoldaşlarının hamısı Bakı doğumlu idi. Sinifdə onun doğum yeri ilk dəfə bəlli olanda uşaqlar qaqqıldaşıb gülüşmüşdülər. O gülən o gündən daima gülmüşdülər ona. “Burda neyniyirsən, alaə? Get Naxçıvana daa”

Məktəb illərində bu söz səslənməsin deyə hər oyundan çıxırdı. İllər keçdi, ali məktəbdə bir az rahatladı. Orda hərə bir dərədən gəlmişdi, heç kim heç kimin doğulduğu yeri ələ salmırdı. Bir müddət sonra isə “Doğum yeri: Naxçıvan” yeni anlam daşımağa başladı, həyatının yaşıl işığına çevrildi, çox şeyə, hətta babası Ağa Mikayılın imarətini geri qaytarmağa belə yardım etdi.

…Püstəxanım üçün isə Naxçıvan qarın dizə çıxdığı, “qurd ulayan yer”, madar Mikayılın naxçıvanlı atası demək idi. Adını çəkmirdi, “aton əclaf” deyirdi. Mikayıl uşaqlıqda elə bilirdi ki, “aton əclaf” atasının adıdı. Böyüdü, həyətdə kimin kimə əclaf dediyini gördü, başa düşdü ki, belə ad olmaz. Daha sonra elə anasının da atasının eyni olduğunu kəşf etdi…

- Aymə, elə anam da atamın tayı imiş ki. Sən niyə birinə əclaf deyirsən, o birinə yox.
- Həri, atam, düzdü, ikisi də bir bezin qırağudu. Sağ tapbiyeydular bir-birini.
- Amma anama əclaf demirsən…
- Neynim, Ağa Mikayıl, dilim gəlmir, anayam da. Ana olmaqdansa küçədə it olson yaxçıdu...
-
…Gecənin və zirzəminin qat-qat qaranlığında Mikayıl ana olmaqdansa küçədə it olmağı xəyal edir, gözünün önünə bəzi təsvirlər gəlir, o səhnələrin içində öz yerini axtarır, qorxur, tez-tez “Lailahəiləllah” deyirdi.

…Püstəxanım ev tumanının üstündən bayır tumanını çəkib, “niqalay” dövründən qalma məxmər cübbəsini geyib çadrasını salıb həftədə iki dəfə Mikayılı şahmat dərnəyinə, iki dəfə skripka kursuna, iki dəfə üzmə hovuzuna aparanda deyirdi:

- Mektebde kim soruşsa “anon-aton” hardadı, deginən, Moskovada oxuyurlar. Az qalıb gəliceylər…
- Nə vaxt gələcəylər desələr, nə deyim?
- Eee… hamam hamam içində… Deginən yayda tətilə gələcəklər.
- Bəs gəlməsələr nə deyim?
- Əşşi… heç vecüvə alma, ömürlük getmiceysən ki ora. O vaxta ya xan ölər, ya eşşey…
üstü açılan kimi burdan çıxarıb başqa kluba aparram səni. Hər şey yaxçı olucey. Neyüvə lazımdular. Rətt olsunlar. Əclaflar. Rəsulumun ata-anası vardu bəyəm?
- Rəsulumuzun ata-anası yox idi, amma olsaydı Allah ümidinə qalmazdı.
- Hələ dimə, Ağa Mikayıl, adamın işi bəndəyə qalınca, Allaha qalsun. Adamı ata-ana
saxlamır, Allah saxlayır.
- Məni Püstə nənəm saxlayır.
- Yox atam, Allah de, Allah! Püstənənə nə karədi, Ağa Mikayıl, aduva qurban, Allah de…

…Mikayıl isə düşünürdü, bəlkə doğrudan da bu yay gələcəklər. Xəbər eləmədən, birdən, qəflətən içəri girəcəklər. Bu dəfə bağırlarına basıb bərk-bərk öpəcəklər onu. Əllərindən yerə qoymayacaqlar, Xanımbacının nəvəsi Ağarza kimi əzizləyəcəklər… Hamı görəcək, qonşular səs-küyə çıxacaq, məhəllə eşidəcək, xəbər İçərişəhərə yayılacaq, məktəbdə, dərnəkdə, hər yerdə biləcəklər, Mikayılın ata-anası qayıdıb. Amma hər dəfə başqa şey olurdu. İşin üstü açılırdı.

Bakının istənilən klubunda, mədəniyyət evində İçərişəhərdən biri peyda olurdu, “aaa, bu, Püstəxanımın nəvəsidi ki”, “aaa, buna bax, skripka çalır, qudurasan qurbağa” deyə onun anasının “françuşki”, atasının “urusbaş” olduğunu, bunu aparıb Naxçıvana atdıqlarını, nənəsinin bunu “dizeycən qarın içindən tapıb İçərişəərə gətirdiyini”, “Stalinin vaxtı olsaydı bunları Sibirə sürəcəyini” məktəbə duyy vururdu.

…Mikayıl qonşuların bildiyini, hətta qonşu uşaqların da bildiyini çox illlər sonra bildi ki, atası ilə anası Moskvada uğurla müdafiə etmiş, elmdə nailiyyətlər qazanmış, bu arada boşanmış, anası bir yahudiyə ərə gedib yəhudilərin sovetlərdən üçüncü mühacirətində SSRİ-ni tərk etmiş, əri ilə Fransaya yerləşmişdi. Parisdə yahudi ərindən üç qız doğmuş, işinə davam etmiş, kitablar yazmış, rəyi ilə hesablaşılan bir sovetoloq olmuşdu.

…Doxsanıncı illərdə, Azərbaycan müstəqilliyini elan edəndən sonra anası Fransadan gələndə onlar heç öpüşüb qucaqlaşa da bilmədilər. Olan olmuş, ölən ölmüşdü. Aradakı bağlar qopmuşdu. Mikayıl donmuşdu, duyğularını anlaya bilmir, anasını hiss etmirdi. Nənənsinin qəbirdən çıxıb gəlməyini daha çox istəyərdi. Bir müddət eləcə durub bir-birinə baxdılar. Sonra əl verib görüşdülər. Bu, 70 yaşlarında, elə Mikayılın indiki yaşında, lakin əlli yaşlarda, elə Mikayılla yaşıd görünən, nazik, uzun, boynu, qolu rəngli muncuqlarla süslənmiş artist kimi bir qadındı. Xarici jurnalların üzqabığında görünən yaşlı fransız rol-modellərə bənzəyirdi. Gördüyü hər şeyin şəklini çəkirdi. Tez-tez Parisdə qoyub gəldiyi əri və qızları ilə telefonda danışır, fransız dilində sürətlə nələrsə deyirdi. Gözünə görünən hər şeyin adını xatırlamaq üçün qırmızı dırnaqlı uzun, çox üzüklü barmaqlarını alnına aparırdı. Mikayılla fransız ləhcəli rusca, öz tədqiqatları və kitabları haqda danışır, eləcə də oğlunun elmi fəaliyyəti ilə maraqlanırdı. Yalnız anasından söhbət düşəndə ana dilində yadında qalan beş-altı kəlməni dilinə gətirirdi.

Mikayıl anasına baxdıqca düşünürdü ki, Püstəxanım nənə yaxşı ki, vaxtında öldü, qızını görmədi. Görsəydi gözlərinə inanmazdı, bu fransız xanımın Pikəxanım olmasına qətiyyən inanmazdı.

…Atası isə öz elmi rəhbərinin qızı ilə evlənmiş, iki oğlu olmuş, öz zəkası və qaynatasının himayəsi ilə heç bir Azərbaycan türkünün Rusiya elmi çevrəsində əldə edə bilməyəcəyi dərəcələrə yüksəlmiş, mənsəblər qazanmış, vəzifələr tutmuş, nüfuz sahibi olmuşdu. Eləcə də, vətəni, millləti, qohum-əqrəbanı, ana dilini, hətta ilk övladının varlığını belə tamamən unutmuşdu.

İndi Mikayılın Peterburqda özü kimi iki professor qardaşı, Parisdə isə üç yahudi bacısı vardı. Mikayıl onları heç vaxt görməmiş, görmək belə fikrindən keçməmişdi. Bu arada Azərbaycan Rusiyadan qopub müstəqil olmuş, övladları böyümüş və bu qohumluq əlaqələri, eləcə də “doğum yeri: Naxçıvan” onların qürur mənbəyinə çevrilmişdi. Oğlanları gah Rusiyada əmiləri ilə, gah Fransada bibiləri ilə görüşürdülər.Bakı doğumlu böyük oğlu naxçıvanlı olduğunu sübut etmək üçün atasının “doğum yeri; Naxçıvan” pasportunun bir surətini cibində gəzdirirdi.

Mikayılın qızı Püstəxanım daha qoçaq çıxmış, Parisli nənəsi və bibiləri ilə sıx əlaqələr qurmuş, özünü istətmiş, universiteti bitirər bitirməz, magistr təhsilini Parisdə davam etdirmək üçün dəridən qabıqdan çıxmış, bütün Paris universitetlərinə baş vurmuşdu. Eləcə də, nənəsinin evində yaşamaq izni almış, təhsil ödənişini isə bibilərdən biri boynuna götürmüşdü. Sonra da yəhudi babasının kitab təqdimatında bir ingilis lordla tanış olmuş, özündən 25 yaş böyük lord bu qızın par-par parlayan şəvə kimi qara gözlərinə heyran olmuş, bir ayın içində evlənmişdilər. Bu, lordun dördüncü evliliyi idi. Onlar London yaxınlığında qədim bir qəsrdə yaşayırdılar. İki qızları vardı. Bu sarısaçlı, qaragözlü, kiçicik ledilər həftədə bir dəfə Mİkayıl və Aliyə ilə skaypda bir saat danışır, hətta anadilində bir-iki söz də deyirdilər.

…Sovet dönəmində isə… Içərişəhər əhli üçün o, “Püstəxanımın yetimçəsi” idi. Məhəllədə valideynləri atmış tək oğlan idi. Siniflərində, bəlkə də bütün məktəbdə “ata-anası boşanmış” yeganə şagird idi. O vaxt İçərişəhərdə boşanan olmurdu, ata yoxdusa, ya ölmüş, ya türməyə düşmüşdü. Mikayıl məhəllə üçün elələri kimi əzizgiram deyildi. Hələ “anası da yəhudiyə ərə getmiş vətən xaini” idi. “Qızı cuuta getmiş” molla
Püstəxanımın da İçərişəhərdə dili qısa olmuşdu.

Bu xəbər çıxanda sahə müvəkili məhəllədə Püstənənsinin üstünə “Heyif… Stalinin vaxtı olaydı səni yetimçənən bir yerdə Sibirə sürərdim” deyə heyvan kimi anqırmışdı. Buna cavab olaraq Püstənənə burnunun altında mızıldanmışdı:

- Ağacan, daay, Stalin öldü də…

Mikayıl bu damğaları ilə hamıdan seçilirdi, xəcalət çəkir, ölüb yerə girirdi. Heç tanınmayacağı bir yer axtarırdı. Elə bir yer ki, orda ona “Püstəxanımın nəvəsidi” deməsinlər. İçərişəhərdə isə elə bir yer yox idi. İçərişəhər böyükdən kiçiyə onun həyat əhvalatını su-əzbər bilirdi. Qonşu arvadların onu əzizləyərək “…aaa, ağəəz, ata-anadakı qiryətə bax a, adamın üreyi balasını istəməəəz???”, “…dedim, ağəəz, Püstəxanım, qızı urus mektebinə vərmə”, “…inanma, bunnan sonra qeyidələr” kimi sözləri arxasınca sürünmüşdü.

Lakin… bu gün o gün deyildi. O babalar ölmüşdü. Mikayılın ömür əhvalatları övladlarının qürur mənbəyi idi. Uşaqlığını pisikdirən, gəncliyini burnundan gətirən, hətta yetkinliyini başıaşağı edən həyat hekayələri övladlarının fəxri olmuşdu. Dünya çox dəyişmişdi. Hətta ağlasığmaz qədər dəyişmişdi. Bu dəyişiklik isə Mikayıla qəhərdən başqa bir şey gətirməmişdi. Onu qəhərləndirən bir ömür çəkdiyi utanc idi. Dünənki utanc. Bu gün öyünc olan dünənki utanc.

Əslində həyat onun üçün – özü belə hiss etmədən - ilk dəfə yetmişlərdə dəyişməyə başlamışdı. İçərişəhərin küçə uşaqlarının “alaə, Naxçıvan…” deyə araya qoyub məzələndiyi, özünün ayıbına kor olduğu doğum yeri artıq əlindən tutub irəli aparmağa başlamışdı. Aspiranturaya sənədlərini verəndə Mikayılın heç xəbəri belə olmadı ki, seçimdə Naxçıvan doğumlu kafedra müdirinin sıyahısında “doğum yeri: Naxçıvan” kimi gizli üstünlüyü olub. “Doğum yeri: Naxçıvan” bütün elmi-pedaqoji iş mərhələlərində, müdafiələrin, elmi dərəcələrin tezləşməsində, tutduğu professor, kafedra müdiri vəzifələrində, övladlarının biznes nailiyyətində əsas rol oynadı. Amma bu görünənləri özü görmürdü. Özü hər şeyin özünün olduğunu zənn edirdi.

…Pəncərədən içəri yeni dalğa şığıdı. Gecənin sübhə gedən bu əziz saatı haram olmuşdu. Püstəxanım bu saata “Dərgahın qapıları açıq olur, Ağa Mikayıl, dilə, Allahdan nə dilərsən. Vərəceg!” deyirdi. “Yerdən göyə körpü uzanır bu saatda, Ağa Mikayıl, get, gedə bilirsən” deyirdi.

Mikayıl qaranlıq zirzəmidə yerdən göyə uzanan körpünü, dərgahın açıq qapılarını xəyal edirdi. İstəyir, istəyir, durmadan istəyirdi. İndi isə… o əziz saat gəlmiş, lakin körpülər keçilməz, qapılar açılmaz olmuşdu. İstəklərinin də atəşi sönmüş, dünya gözdən düşmüşdü. Daha heç nə istəmir, gözləri ara-sıra süzülür, huşa gedir, yenə diksinib geri dönürdü. Heç cür o dinc aləmə gedib çata bilmirdi, cismi ruhunu rahat buraxmırdı. İndi yalnız naxçıvanlı sahə müvəkkilindən və 102-dən o tərəfə olan şikayət yerlərini düşünürdü.

…İki istiqamətdən atəş kimi səs gəlirdi. Bir tərəfdən “uzun gecələrin əsrarəngizliyi, ayrılığın çəkilməzliyi” haqqda həzin nəğmə səslənirdi. Bir də adı üstündə deyil, dillərdə olan o yerdən – “quş yuvasından” “vağzal mahnıları” havaya yüksəlirdi. Cır və təsirli bir səs “sevgilimi dəyişmərəm…” deyə qıyya çəkir, çıqqıdı çalırdı. Mikayıl düşünürdü ki, sahə müvəkkili yaxın durmur, 102 bunlardan qorxur, qonşular hürkür, belə
yerdə neyləmək olar, rəislərə yazsın, böyük rəislərə.

Yatağından durub kompyüterin önünə keçdi, saytı açdı. Onlayn şikayət yeri axtardı. Rəisin, müavinlərin adlarını oxudu. Bu, cinayət-axtarış üzrə, bu istintaq üzrə, bu ictimai təhlükəsizlik üzrə, bu…

Şəklləri asılmış bu baş polislərin bioqrafiyalarını oxumağa başladı. Rəis – doğum yeri Naxçıvan, rəsin müavini – doğum yeri Naxçıvan, rəisin o biri müavini – doğum yeri Naxçıvan. Rəsin başqa bir müavini… doğum yeri… Naxçıvan deyil… Ermənistan. Mikayıl əlini çənəsinə qoyub baxdı… baxdı… durub yatağına qayıtdı, aciz-aciz uzandı. Restoranların çal-çağırı davam edirdi: Naxçıvan da bizimdi… Abşeron da bizimdi. Bizimdi, ay bizimdi, Azərbaycan bizimdi…

Hamam hamam içində…

Mikayılın ürəyi gicgahlarında vururdu. Bu işin çarəsi görünmürdü…