Aqşin Yenisey
Yeraltından yerüstünə
Mən qalıram…
məni atıb getdiyin yeri apar özünlə
Mənə yalan ver, saxlayım, sirri apar özünlə
Soyduq şair Nəsimini, büküm verim isti-isti dəri apar özünlə.
Bura geriylə doludu, bir az sənə də pay qoyum, irəlidə yaşamağa
geri apar özünlə.
Qorxma batmaz ayağına, o tikanlar mənimdi
Batsa belə yenə qorxma, hər tikanda səndən axan səssiz qanlar mənimdi.
Harda ölü görsən mənəm, burda ölüb atıldığım bütün yanlar mənimdi.
Düşün ki, bir şəhərdəsən, əcəllər başqasınındı, çıxan canlar mənimdi.
Öldürməyə aparırlar? Niyə belə ağzınacan doldurublar vaqonları
Kim gələrdi bu dünyaya görsəydi belə sonları?
Kim gözəllik əmri verib, kimin əmrinə tabedi bu gözəllik salonları?
Görən kim xilas edəcək doğulandan ölənəcən adı yalnız “onlar” olan onları.
Bura minillik şəhərdi, yeli yeraltından əsir.
O adamdı daşa dönüb, min il əvvəl alacağı rədd cavabına tələsir.
Zamanın üstünə aşıb, içi tanrı dolu qəsr.
Bircə məni sağ saxlayıb bu xaraba yeraltında
min il uzaqlardan gələn çit donlu utancaq səsin.
Mən qalıram,
məni atıb getdiyin yeri apar özünlə.
Küncdəki heykəl
Bu neçənci hissimdi, boğuram öz əllərimlə
Dörd yanım sür-sümükdü, hamsı duyğularımın
Bu qabırğa sümükləri qəlbi daşımındır,
Bu da xatirəsinin kəlləsidir qulaqları karımın.
Məni sevindirmək istəsən bir yaz günü günbatanda
Kəpənəklər uçuşur demə,
Çiçəklər quşları yansılayır de.
Həyat mənə yuxularda ağlamağı öyrətdi.
Biri gəldi, bir getdi
Kimsə sevmədi şairi
Sadəcə, hər kəs gəlib bir az yaxından seyr etdi.
Axır ki, qırx yeddi yaşımda
Kinin birinci qanununu kəşf etdim
Bəzən heyranlığın səbəbi sevgi deyil, nifrətdi.
İndi kənd, sadəcə, bır pıçıltıdı qulaqlarımda,
şəhər, sadəcə, bir gurultu.
Vicdan başımdakı ağrıdır
Abır qarnımdakı qurultu.
Quş uçursa gözləyəni var
Özləyəni var sürünürsə ilan.
İnsan susursa, heç kimi yoxdur demək.
Kitablar evin küncünə yığılıbsa
Bir-birilərinə qısılıbsa
Bu, həyata məğlub olan bir dahinin heykəlidi.
Hər dahinin son sığınacağı masasının üstündəki
Bir başı, iki əlidi.
Onun ömrü ölümün əyləncəsidi.
Onun canı it canıdı,
Ruhu pişik pəncəsidi…
Kirpiklə yazılanlar
Heç bir bütə tapınmadım
İnancımı daş saxladım.
Hamı bədəninə nökər
Mən əlləşdim baş saxladım.
Əcəl gəlib haxlayanda
Güldüm səthim laxlayanda
Hər kəs məşuq saxlayanda
Mən evdə bir quş saxladım.
Yaşamadım yad üzüylə
Üzdüm tufan dəniziylə
Getmədim özgə iziylə
Yolu əliboş saxladım.
Nə qəmim var, nə də dərdim.
Həyatı çılpaqkən gördüm.
Baharımı sənə verdim
Özümə bir qış saxladım.
Adamlar sevdi bir-birin
Məni atıb gedənlərin
Ürəyimdə qalan yerin
Ölənəcən boş saxladım.
Məxfi pasport
Səninlə misralar yazdım,
Səndən sonra şeirlər.
Döş cibimdə bir şair pasportu var artıq
Adım: yalqızlıq
Soyadım: təmtək
Milliyyətim: dönməyəcək
Amma nə doğum tarixim var, nə ölüm
Yalqızlıq doğulmaq və ölmək bilməyən bir səssizlikdi.
Olmadan olmaq
Bir var olmaq, bir də var olmamaq
Var olmamaq necə bir olmaqdır
Yəni var olmamaq necə olmamaqdır
Bu, hiss olunmadan solmaqmı?
Yaşamadan qocalmaqmı?
Bir küpdən bir ucdan boşalmaqmı?
Var olmamaq necə bir olmaqdır?
Ağrısı, əzabi, kədəri varmı olmamağın?
Bu hansı növüdü var olmağın?
Məncə, sənin kimidi var olmamaq!
Onun da olmamağıdır – olmaq!
Səhərəyaxın
Sevənlər bir-birinə yad olmalı!
Bir gün bir şeyini kəşf edirsən, bir yerini
Bir gün göyərti doğrayan əllərini kəşf edirsən
Bir gün səndən gizlənib yaşaran gözlərini
Bir gün acı sözlərini kəşf edirsən.
Bir sevgi gecəsi əzilən dizlərini kəşf edirsən
Sevginin qançır olmuş izlərini kəşf edirsən
Bir gün səni heç sevmədiyini kəşf edirsən
Bir gün səni tərk etdiyini kəşf edirsən
Və bir gün onsuz ölmədiyini kəşf edirsən.
Sevgilər yad olmalı!
Bir gün səni sevənin kim olduğunu bimədiyini kəşf edirsən…
Portağal qabıqları
Mənim doğmam yox imiş
Qarışqalardan özgə
Öz ahım, ağrım imiş
Üstümə düşən kölgə.
Səni anlamaq da nə?
Anladım da nə oldu?
Olmayanlar yenə yox…
Olanlar yenə oldu.
Necə çevrilə bildin
Həyatımın pisinə?
Niyə məni oxşatdın
Təkliyin hərisinə.
Bir qapıyam, aç məni
Keç içəri, keç məni.
Səni düşünən yerdə
Görməmisən heç məni.
Kişi hay-küylü sevməz
Lal sevər, sakit sevər
Necə ki, xəyalında
Sümüyü bir it sevər.
Nə Məcnundan öyrənər
Nə Kərəmdən sevməyi
Elə sevər, zənn edər
Heç kim belə sevməyib!
Mən nə dostlar itirdim
Son sözü qadın adı.
Səni hər yerdə sevdi
Orda oldun-olmadın.
Üzümə qapı açır
Evə dolmuş uzaqlar
Sevən kişi qol açmaz
Tək əliylə qucaqlar.
Bütün kişilər kimi
Mən də çökdüm dibimə
Bayaqdan boş otaqda
Səni soyan o quldur
Əlimi axtarıram
Tapım qoyum cibimə.