Hadisələrin təsadüfi axarı zəminində - Rəşad Səfər

Hadisələrin təsadüfi axarı zəminində   - Rəşad Səfər

13 Fevral 2024 08:48 397


1

Tələbəlik illərindən bəri hüquq leksikonunda xoşuma gələn bir ifadə var: hadisələrin təsadüfi axarı zəmini. Bir cinayət əməlinin əvvəlcədən planlaşdırılmadan, xüsusi bir məqsəd olmadan hadisələrin təsadüfi axarı zəminində baş verməsi. Bu vəziyyət bəzi cinayətləri yüngülləşdirən hallardandır. İfadəyə maraq, bəlkə də, kainatın yaranmasından tutmuş gündəlik həyatımıza qədər bir çox şeyin hadisələrin təsadüfi axarı nəticəsində baş verdiyinə inandığıma görədir

Təsadüf dediyimiz şeyin özü də səbəb-nəticə əlaqəli hadisələrdir. Amma bu, Aristotelin dediyi teleoloji əlaqə deyil. Yəni, dünyada hər şeyin baş vermə səbəbi hansısa məqsədə xidmət etmir. Deterministik deyil, mexaniki səbəb-nəticə əlaqəsindən söhbət gedir. Sonda isə bu hadisələr heç gözlənilməyən (bəzən də gözlənilən), kiminsə həyatını, bəzən bütün bir cəmiyyətin həyatını dəyişən hadisələrə aparıb çıxarır. Hadisələrin təsadüfi axarı deyəndə bunu nəzərdə tuturam. Bu məqamda çox irəli getmək istəmirəm, sonra Aqşin Yenisey kimi adım "bədnam filosof” çıxaracaq.

Praktiki hüquqşünaslıqla məşğul olanlar həyatın xaotik gedişatının nələrə səbəb ola biləcəyini, bir insanı, bir ailəni haralara aparıb çıxara biləcəyini yaxından müşahidə edirlər. Hələ bizim kimi ölüm-qalım məsələlərinin tükdən asılı olduğu sistemsiz ölkələrdə. Bir hadisəyə sonradan baxanda buna səbəb olan hadisələr arasında maraqlı hekayə qurmaq olur. Bu hekayəni də çox vaxt qismətə çevirib işin içindən çıxırıq. Amma baxırsan ki, yolu bir küçə qabaqdan dönsəydi, ölməyəcəkdi, ya da kimisə öldürməyəcəkdi. Evdən on beş dəqiqə gec çıxsaydı (ki, gec çıxmaq üçün onlarla səbəb olur), ağır bir hadisənin qarşısını ala bilərdi. Hansısa məmur işini adam kimi görsəydi, kiminsə evi yıxılmazdı.

Yaxınlarda bir xəbər oxudum. Məktəbin otağında tavan çöküb, müəllim qalıb altında. Xoşbəxtlikdən ölüm olmayıb. Deyilənə görə, həmin müəllim bir neçə il qabaq yeni tikilmiş bu məktəbin açılışında öndə dayanıb ürəkdən əl çalırmış, yuxarıların şəninə mədhiyyə deyirmiş. Aydın məsələdir, əl çaldığı, tərif dediyi insanların səhlənkarlığı ucbatından az qala müəllim vaxtsız vəfat edəcəkdi, qarşıdan gələn seçkilərdə ürəkdən iştirak edə bilməyəcəkdi. Bəlkə, burada dərinə gedib o tavanın uçmasının, müəllimin onun altında qalmasının müəllimin öz iradəsi ilə dolayı bağlılığını söyləmək olar. Amma o müəllimin yerinə şagirdlər də ola bilərdi. Hər an bu cür səbəbli təsadüflərin nəticəsində bütün planlarımız alt-üst ola bilər, nəinki planlarımızla, həyatımızla belə vidalaşa bilərik. Bütün ölkə hazırda hadisələrin təsadüfi axarı zəminində yaşayır.

2

Ədəbiyyatda çox da bəyənilməyən, amma tez-tez istifadə olunan "deus ex machina” fəndi var. Müəllif yaranmış vəziyyətdən çıxa bilməyəndə gözəgörünməz bir əl peyda olub problemi yoluna qoyur. Qədim yunan teatrlarında dramaturji texnika kimi çox istifadə olunurdu. Tanrılardan biri, ya da başqa hansısa ilahi güc sonda səhnəyə enir, yaranmış çətinliyi aradan qaldırır, düyün açılırdı. Müəllifin məqsədi əhvalat və auditoriyada yaratdığı güclü təəssürat vasitəsilə söyləmək istədiyi mesajı çatdırmaq idi. Ona görə çox rahatlıqla, hər hansı səbəb göstərmədən ilahi əl səhnəyə müdaxilə edə bilərdi.

Təkcə zəif, diletant yazıçılar deyil, hərdən böyük yazıçılar da müxtəlif vəziyyətlərdə bu çarəyə əl atıblar. Bəzilərinin isə, ümumiyyətlə, bu fənddən yan keçmək qayğısı olmayıb. Məsələn, Dostoyevski. Dostoyevskinin yanaşması eynilə yunan faciələrinin müəllifləri kimidir. Əsas dərdi ağlındakı hadisəni, əhvalatı, hansısa söhbəti oxucuya çatdırmaqdır. Hər şeydən əvvəl dramatik hadisəni ("agon”u) görür. Bu hadisəni ən dramatik formada göstərməkdən ötrü hər şeyə icazə var. Estetik qayğısı yoxdur. Yoldan keçən birisini heç bir səbəb olmadan (ya da çox inandırıcı olmayan bir səbəbdən) tanımadığı bir evə soxub, tanımadığı adamlarla saatlarla danışdırar, bütün ağır sualları həmin söhbətdə açmaq istəyər. Belə söhbətlər çox vaxt partlayışla qurtarır. Sonra partlayışdan başlayaraq personajlara, bu partlayışın həmin personajlarda yaratdığı daxili təlatümlərə doğru gedir. Dostoyevski yunan dramaturgiyasından, Şekspirin əsərlərindən təsirlənib faciə janrında yazmaq istəyirdi. Alındıra bilməmişdi. Tədqiqatlara görə ilk mətnləri yarımçıq pyeslərdir. Qardaşı ilə məktublaşmalarında da xəyalındakı pyeslər haqqında yazır. Dramaturq ola bilməsə də, bütün romanlarını dramaturgiya prinsipləri ilə yazdı. Romanlarında zamanı qısaldıb dramatik zaman halına salır. Dramatik zaman real zamandan, hətta romandakı zamandan daha qısadır. Qısa müddətdə çox şey deyilməlidir. Obrazların dialoqları kəskin jestlərlə müşayiət olunur. Çünki müəllif romanın hər səhnəsini teatr səhnəsi kimi təsəvvür edir. Təkcə sözlərlə bitmir, əl-qol hərəkətləri ilə də "tamaşaçı”ya təsir etməlidir. Belə sıxılmış zaman və gərginlik içində hər hərəkətin, hər xırda hadisənin səbəbini göstərmək Dostoyevskinin marağında deyil. Arada yerli-yersiz gülünc təsadüflər, "deus ex machina” caizdir. Dostoyevskini bu yanaşmanı nəzərdə tutaraq oxuyanda əsərlərində gördüyümüz bayağı məqamlar, səbəbsiz təsadüflər, obrazların coşqunluqları qəribə gəlmir. Həm də yaratdığı emosional güc o qədər böyükdür ki, əsərdəki texniki-bədii problemləri oxucuya unutdura bilir. Bayağı, zəif romanlarda isə bu cür fəndlər mətni gözdən salır.

Əslində, gerçək həyatda səbəbi göstərilməyən, izah edilməsi çətin olan, səbəbi ilə maraqlanmadığımız təsadüflər tez-tez baş verir. Çoxdan tanıdığımız biri qəfil küçədə qarşımıza çıxar, onunla birlikdə gedib nahar edərik və bu nahar həyatımızda hansısa problemin həlli, yaxud hansısa problemin başlanğıcı ola bilər. Sanki göydən enmiş ilahi əl həyatımıza müdaxilə edir. Belə hallarda biz həmin insanın qarşımıza çıxmasının təbii səbəblərini çox vaxt sorğulamırıq. Həyatdır, belə də ola bilər, deyib keçirik. Amma oxşar situasiya bədii əsərdə inandırcı gəlmir. "Day nə oldu, niyə elə məhz həmin adamla elə həmin saatda rastlaşdı?” Oxucunun bu cür yanaşması anlaşılandır. Çünki sənət reallığın birbaşa əks olunması deyil. Güzgü kimi birbaşa əksolunma sünilik duyğusu yaradır. Əsərdə o şəxsin qarşımıza çıxmağının səbəb-nəticə əlaqələri xırda-xırda işlənib əsərə yayılanda diqqətli oxucu başqa cür həzz alır.

Dostoyevski kimi yazıçılardan fərqli olaraq personajların xarakterlərindən yola çıxıb həyatın təsadüfi axarı zəminində başqa hadisələrə doğru gedən, bununla da sujeti və finalı müəyyənləşdirə biləcəyinə inanan yazıçılar da var. Əvvəlcə personajlar müəyyənləşir. Müəllif obrazların xarakterini, mövqeyini, düşüncə tərzini, əsərin məkan və zaman problemini həll edir. Sonra bunların hansı hadisələrə aparıb çıxaracağını, personajların situasiyalarda necə reaksiya verəcəklərini qismən əsərin öz axarına buraxır. Buna görə roman daha çox gerçəklik təsiri bağışlayır. Rus ədəbiyyatında, məsələn, Turgenyev belə yazıçılardan hesab olunur. Ernest Heminque indi xatırlamadığım hansısa romanı haqqında deyirdi ki, romanı yazmağa başlayanda qəhrəmanın sonda öləcəyini planlamayıb. Ancaq onun xarakteri, hadisələrin gedişatı elə vəziyyət yaradıb ki, sonda müəllifin özü də qəhrəmanın ölməli olduğuna əmin olub.

Bəzi romanlarda isə müəllif mətnə tam hökmranlıq edir, sujet, məkan, zaman, personajlar və final əvvəldən bəllidir. Sadəcə, bu personajları bu zaman və bu məkan daxilində bu sonluğa doğru aparan hadisələr dəqiqliklə işlənir. Klassik romanların çoxuna aid etmək olar bunu. Müəllifin ustalığı sayəsində qarşımızda uydurma bir roman olduğunu bilsək də, bizdəki gerçəklik duyğusu itmir. Dahilik təfərrüatlardadır.