Həmid Herisçinin meyxanaçıya həsr etdiyi hekayə - Mətn

Həmid Herisçinin meyxanaçıya həsr etdiyi hekayə  - Mətn

11 Noyabr 2022 09:11 298



Divardələn

Bayram Kürdəxanlıya həsr etdiyim hekayə

Kürdəxanı kəndinin xalq sevimlisi meyxanaçı Bayram, deyilənə görə harda, hansı kafedə yanar televizor görsə, vəssəlam, day dilini dinc saxlamazmış. Ətrafdakıları unudub başlarmış veriliş iştirakçıları, kino qəhrəmanları, siyasi xadimlərlə uzun-uzadı qiyabi söhbətlərə. Bayramın bu minvalla Amerika prezidenti Barak Obamayla da yaxşı yaddaqalan söhbəti olub. “Tale yolları” verilişinin sabiq aparıcısı İlham Mirzəyevlə də. Futbol yarışlarına isə, şərhi qısa olarmış adətən Bayramın:

- İndi oyunçular yoxdu, biləsiz ha...Oyunçular qaldı sovet zamanında. İndi ancaq uzunçular var.
Meyxanaçı Bayram, il yarım əvvəl həbs edilərək, elə öz doğma kəndindəki yeni, Avropa standartlı qazamata atıldıqdan sonra kəndçilər sanki yetim qalıblar, vallah. Əvvəlki gül üzlərdəndən indi elə bil zəhrimar tökülür. Çayxanalarındakı külqabılar çeynənmiş siqaret kötükləriylə dolub aşır. İşsiz “KAMAZ” sürücülərin əyləşdiyi, avaralandığı yolkənarı “Elnarə” kafesi belə yetim, “Bayramsız” ünvanlardan hələ yalnız biridir haaa... Daş yüklü KAMAZ-lara Bayram tutulandan sonra bir nəfər belə müştəri yaxınlaşmır. Bir qalaq köhnə, yırtıq fəhlə əlcəyi kafenin küncündə gör neçə gündür ki, qalıb tozlanır özüyçün. Sürücülər səhərdən bəri başladıqları domino oyununu hələki axıra gətirib çıxara bilmirlər. Deyirlər ki, buna da Bayramın müdaxiləsi lazımdır:

- Hə...Bayram sağolmuş qayıtsaydı qazamatdan bura, indi oyunu da qurtarmışdı, qutab da sifariş vermişdi hamıya.

Dünyagörmüş, bəlkə indiyədək ancaq “Kürdəxanıgörmüş” bir kənd sakini dərindən ah çəkir bu vaxt:

- Allah mərdimazara lənət etsin.

Cavanlardan biri-nimdaş gödəkçəli atsifət oğlan, anında bu mövzunu, qafiyəni bir meyxanaçı kimi bir başqa cür hallandırır:

- Şükür məsləhətinə, ilahi...

***

Deyilənə görə bir gün gecə yarı bizim Bayram toydan çıxıb ayağı səndələyə-səndələyə girir həmin bax bu kafeyə. Görür televizorda türk kinomotoqrafının bitib tükənməyən “Qurdlar vadisi” teleserialında Polad Əlamdar, necə yenə aləmi qatır bir-birinə. Növbəti qurbanını necə boğazlayır.

Bayram əvvəlcə ağzını açır ki, öz növbəti şərhini Polada ünvanlandırsın. Ancaq qəfildən özünü yığışdırır. Bir-iki dəfə udqunur. Dodaqlarını yaşlayıb başlayır Polad Əlamdarı meyxanada dolamağa. Serialdakı məşhur “Pusu” havasının nəbzini tutur əvvəlcə uzun-uzadı:

- Ay-ay, ay-ay, ay ay, ay ay ay, ayyyyyy...yayyyyyyy...- deyir bir xeyli.

Nəbzi tutunca, girişir meyxanaya:

- Ay Bayramın meyxanada əla keçib həyatı,
Yaşatmışam ömrü boyu bax bu şeriyyatı,
Necə ki, kinoda öldü getdi Məmatı,
Kino oldu zay-zay, zay-zay, zay-zay, zay-zay zay...

Day bundan sonra heç kim Bayramın meyxanasını saxlayammır-növbəti qafiyələr gah “vayvayvayvay” rədifiylə qurtarır, gah “laylaylaylaylaylay” kəlməsiylə...Bayram “Qurdlar vadi”sini bu yolla kəndə dolayıb ucuzlaşdırır. Eləyir beş qəpiklik.

Köhnə kişilər kimi əynində satin gen pencək, ayaqlarında jığjığ dübəndi ayaqqabı olan meyxanaçı yorulur axırda. Rədifi “çayçayçay, çayçayçay, çayçay çay” edərək, pürrəngi çay sifarişini də elə öz meyxanasının sətirlərinə qatır. Qısası, gözləri dumanlana-dumanlana, kürəyi divarlara dəyə-dəyə “Qurdlar vadisi”nin fatehəsini verir öz kiçik kənd çayxanasında. Türk serialları üzərində öz qələbəsini təsdiqləyir canlı, onlayn rejimdə...Bütün Azərbaycanı, Türkiyyəni titrədir əməlli-başlı özünün bu zarafatıyla. Sənətiylə.

Bayram, İstanbuldaykən bəzi qara qüvvələr eşitdikləri bu zarafata, meyxanaya day dözəmmirlər. Taksim tərəflərdə meyxana ustasını Polad Ələmdar sayağı “pusu”ya salıb təkləyirlər bir gün. “Mersedes”in qapı şüşəsi səssizcə aşağı enir Bayram qarşısında. “Pusu” havası arada bir an hamını həyəcanlandırır. Boynu qızıl zəncirli bir mafioz ordan Bayrama səslənir:

- Sənə 24 saat vaxt veririk İstanbulu tərk etməyə.

Bu vaxt ağır yük maşını vəhşi sürətini azaltmadan Bayramın düz burnu ucundan ötüb keçsə də, meyxanaçı həmişəki hazırcavablığını itirmir. Gözləyir ki, yük maşınının qaldırdığı toz-torpaq, zir-zibil yerə yatsın. Axırda dillənir:

- Olarmı İstanbulu bir az tez tərk edim?

***

Xata-bəla Bayramı elə o vaxtdan hərləyirmiş görünür. Tezliklə Bakıya şayiə yayılır ki, bəs Bayram rəhmətə gedib. Qohum-tanış, sənət həmkarları tez əl atırlar telefonlarına, Bayramın nömrəsini tələsik yığırlar. Görürlər ki, həəə... ustad zənglərə cavab vermir... Qohumların rəngi saralır bir an. Axırda xəbər gəlir bəs nigaran qalmayın. Bayram, Qala kəndində hamadadır, vəssəlam.

Lakin xata-bala bunula səngimir. Bir həyəcan gedir, digəriylıə əvəzlənir. Sonra bütün mətbuat vasitələri eyni xəbəri bir ağızdan təkrarlayırlar-bəs, Bayram Razin qəsəbəsində həbs edilib. Uzağa aparmırlar Bayramı –elə öz kəndindəki təp-təzə 1 saylı təcridxanaya salırlar.

Bayramın məktəb dostlarından Fərmanla İnqilab yaxşı uşaqlardı. Həmişəki kimi “Elnarə” kafesində əyləşərək bütün bunları bayaqdan bəri elə hey mənə danışırlar. Gün batıb. Qaş qaralıb. Kafedə siqaret tüstüsündən göz-gözü seçmir.

- Uşaqlıqdan həmişə birlikdə olmuşuq. Əvvəlcə məktəb ayırdı bizi- Fərman, 1-ci “A” sinifinə düşdü. İnqilab “B”-yə, Bayram isə “V”-yə. Sonra əskərlik ayırdı hər üçümüzü. İndi də şoqərib qazamat...

Araya yenə bir başqa səs girir bu vaxt:

- Şükür məsləhətinə, ilahi.

Fərman, hər iki dirsəyini masa üzərinə sıxaraq bütün vücuduyla mənə tərəf dartınır:

- Uşaqlıqda Bayramın bir yarımçıq meyxanası vardı-“ Dəng, dəng eylərəm səni, Göydə çərpələng eylərəm səni”...İnşallah, qazamatdan çıxsın, xahiş edərik bu meyxanasını axıra çatdırsın mümkünsə...

Vallah, elə həmin andaca elə bil möcüzə baş verir bu itbat, alaqaranlıq ünvanda. Küçə qapısı bir xeyli cırıldayıb açılır taybatay...İçəri kim daxil olur soruşuram sizdən? Heç kim...
Elə Bayramın özü!!!

***

Təəccübdən hər üçümüzün ağzı açılı qalır bir müddət. Fərmanın dirsəyi, görürəm, necə qəfil masa üzərindən azca kənara sürüşür. Bayram ətrafdakıları bir xeyli süzdükdən sonra gəlib dim-dik dayanır düz qarşımda. Kibrit çöpünü bircə cəld hərəkətiylə alovlandırsa da, uzun, nazik barmaqları arasındakı siqaretini alışdırmağa tələsmir. Kibrit çöpünün axır zəif şöləsiylə nəhayət od vurur həm siqaretinə, həm də öz təkrarsız bədii yaradıcılığına.

- Eşitdim sən gəlibsən kəndə. Zindandan maneəsiz çıxıb gəldim. Görüm nə yazmaq istəyirsən barəmdə?

Bayramın əlini ovcumda hiss etməyənmədək gördüklərimi nağıl bilirəm.

- Mənəm. Özüdü ki, var- Bayramqulu Quliyev. Babam Məşədi Cəfərqulunun kəraməti, vergisi, təkrarsız səsi indi mənə keçib. Kəramətliyəm. İstədiyim maneədən, divarlardan sızıb bayıra çıxıram. Ancaq, babam anadangəlmə şikəst idi. Mən, şükür, hərəkət qabiliyyətimi hələ ki, itirməmişəm. Gəl ki, süfrədə arağ yoxdu.

Avaragor bufetçi, deyərdim bayaqdan elə məhz bu əmri gözləyirmiş. Cəld tərpəşib süfrəyə saz, şəffaf bir arağ şüşəsi qoydu. Qədəhləri səliqəylə düzdü ətrafına. Kənardan baxıb görürdüm- bir gözü daim Bayramdaydı, digəri bizdə bu kənd yetiminin.

Süzməyi, Bayram başqasına etibar etmədi. Arağı qədəhlərə eyni həcmdə, ölçüdə dəqiq süzməyi bacardı. Mənsə hələ də bu səhnənin gerçəkliyinə, reallığına inana bilmirdim. Qədəhləri toqquşdurmağımız, şükür, məni tam yoxxx... bir azacıq ayıltdı.

Bəli... qarşımdakı uzunboy, sərt sifətli dünyagörmüş adam elə məhz Bayramın özüydü...Yaxşı, necə tərk etmişdi o zindanı? Necə polislərdən, mühafizədən yan ötməyi bacarmışdı? İnan, bu sualları dilimə gətirməyə cürət etmədim. Qarşımdakı insanın Bayram olduğuna şübhələrim hələ də vardı. Yalnız meyxana desəydi indi, Bayram olduğuna inanacaqdım. Xatircəmdim ki, bunu bacarmayacaq o. Bu səbəbdən sualımı istehzayla səsləndirdim:

- Uşaqlar... – bunu deyərkən Fərmanla, İnqilabı gözlərimlə göstərdim, - deyir ki, məktəbliykən yarımçıq bir meyxanan varmış- “Dəng, dəng eylərəm səni, göydə çərpələng eylərəm səni”. Bəlkə şeytanın qıçını qırıb bu meyxananı nəhayət ki, bitirməyi bacararsan?
Bayramın sıx qaşları bir-iki dəfə düyünə düşüb nəhayət ki, açıldı. Meyxanaçı başladı ağzından dürr tökməyə:

- Hamı hörmət edir mən sinədəftərə,

Zər həmişə tabe olub zərgərə,
Özüm aparram səni bərbərə,
Aparıb qəşəng eylərəm səni,
Göydə çərpələng eylərəm səni.

Misralar, kəlmələr bir-birini sürətlə təqib edirdi. Bayramın təkrarsız səsindən, düzü, yorulmaq nədi bilmirdim. Belə səsə xalq adətən öz taleyini, müqəddaratını, bu gününü, sabahını etibar edir. Məncə bu səs Quliyevlər ailəsində nəsildən nəsilə ötürülən bir vergidi. Rəhmətlik Hacı Ələmdar bu barədə çox dəqiq, yaddaqalan ifadə işlədibmiş: “Bu səs, səndən başqa sənindi”...

***

Artıq hamımız qarşımızdakı insanın Bayram olduğuna inanırdıq. Kafenin xəlvət guşəsində mürgüləyən bir başqa müştəri, səsimizi eşidib ayıldı. Gözlərini qıyıb uzaqdan Bayrama salam göndərdi. Şübhələrim arxada qaldı. Yəqin elədim ki, qarşımızdakı məhz Bayramın özüdü.
Cürətləndim. Bir başqa sual da verdim məclis baiskarına:

- Yaxşı, məktəbi qurtardıqdan sonra neynədiz bəs?

Keçmişi xatırlamaq naminə Bayram arağ dolu qədəhi boğazına boşaltmalı oldu. Sifəti rəhg verib, rəng aldl bu zaman. Süfrədəki sünü güllər üzərində mənalı baxışlarını çox da ləngitmədi. Uzun fasilədən sonra nəhayət dilləndi:

- İncəsənət İnstitunun rejissorluq fakultəsinə daxil olmaq çoxdankı arzumdu. İmtahan vaxtı sərbəst mövzuda bir inşanı özümçün yazdım, digərini Ağcabədidən gəlmiş yetimin birisinə. Nəticə çox gülməli oldu axırda. Ağcabədili mənim inşam sayəsində imtahandan “əla” qiyməti aldı. Özümçün yazdığım ikinci inşam isə müəllimləri acıqlandırdı. Mənə yağlı bir “iki” verib imtahan otağından qovdular.

Qəribə cavabdı. Belə çıxırdı ki, kino sənətimizdə Bayramın inşasıyla, istedadıyla daxil olmuş təsadüfü alaçiy bir rejissor var. Belə çıxırdı ki, Bayramın daxilində həm də nakam bir kino istedadı da yaşayır. Görəsən hansı filmləri, süjetləri çəkərdi həmin bu rejissor Bayram?
Lal sualım Bayramın diqqətindən yayınmadı.

- Kürdəxanada 1918-ci ildə Məşədi Adil adlı bir ağır cayıl varmış. Ermənilər o vaxt kəndə yaxınlaşarkən o, bacısı oğlunu bircə tüfənglə düşmənin zirehli arabasına qarşı göndərir. Təsadüfmü deyək buna, yoxsa ki, xeyirin labüd qələbəsi?- uşağın atdığı tək güllə hədəfə dəyir. Zirehli arabanın gözlüyündən baxan ermənini yerə sərir. “Axırıncı aşırım” filminə baxarkən həmişə gözlərimdə o əhvalat canlanıb. İstəmişəm gələcəkdə bu mövzuda bir film çəkəm.

- Çəkərsən, inşallah. - Bayramın məktəb dostu Fərman söhbətə yerində müdaxilə edir.

Maat-məttəl qalıb bir-birimizin üzünə zillənirik. Fərman karıxıb mövzunu dəyişməq qərarına gəlir. Nərdtaxtasını açıb Bayramı oyuna dəvət edir. Meyaxanaçı oyundan imtina edəndə, Fərman qır-saqqız olub yapışır Bayramın yaxasından:

- De, nərd Qərbin oyunudur, yoxsa Şərqin?

Bu vaxt Bayramı mən özümçün yenidən kəşf edirəm. Eşitdiyim cavabın dərinliyi, sərrastlığı tək məni deyil, digərlərini də diksindirir.

- Şərqin. – deyən Bayram, cümləsinin ardını bir xeyli yubadır. Daxilindəki rejissor istedadıyla bir bizə baxır diqqətlə, bir nərdtaxtasının zərif, mənalı Şərq naxışlarına. Tələsmir ayrılmağa bu çox mənalı Şərq rəmzlərindən. Hamıya tanış qədim tilsimli simvollardan.

- Nəylə isbatlayarsan axı bunu? –Fərman, görünür hələ məktəb vaxtlarında da Bayramı daim iynələyib bizləyirmiş. Özündən biixtiyar, Şərqin təsdiqini, qələbəsini istəyirmiş həmişə öz əziz dostundan.

- Quran-Kərim necə? Sağdan sola yazılıb oxunur daaa, eləmi? – Bayramın sifəti, baxışları bir xeyli tündləşir. Siqaretinin tüstüsü daha da qalınlaşır. Havadan asılı qalıb day seyrəlmək bilmir bir müddət.

- Həəə....elədir. –Fərmanını əvəzinə cavabı mən səsləndirirəm.

- Nərd daşlarının hərəkəti də eyni cür sağdan soladır, biləsiz. Demək... – Bayram öz cavabının ardını elə bizdən eşitmək istəyir.

Məyus etmirəm söz xiridarını. Cümlənin axırını xüsusi nidayla söyləyirəm.

- Demək bu kitablar, bu oyunlar şərqlilərindi.

- Təkcə şərqlilərin deyil. Bayram kimi solaxaylarındı. –meyxanaçı, sükuta qapılıb başlayır bic-bic gülümsəməyə.

Bu vaxt gözümü örtən duman pərdəsi sanki aşağı sürüşür. Bayaqdan bəri iştirakçısı olduğum oyunun tam mənzərəsi açılır mənə. Görürəm ki, qarşımdakı meyxanaçı solaxay deyil, sağ əllidir. Sağ ovcuyla daşları götürüb çırpır ey nərdtaxtası üzərinə...

Demək... Demək...

Bayaqdan bəri Bayram bildiyimiz bu şəxs də eyni anda qəfil yerindən sıçrayıb məni möhkəmcə qucaqlayır. Sonra qulağımı nəfəsiylə isidir:

- Allah Bayramın qapısını açsın. Biz Bayramla ekiz qardaşlarıq. Fərqimiz bircə ondadır ki, mən sağ əlliyəm, o solaxay.

***

Kürdəxanının meyxana, xərabət dünyasında mən bax beləcə Bayramla olmasa da, ekiz qardaşı Xəlfəliylə görüşdüm.

Ancaq bəlkə...

Bəlkə bu kəs doğrudan da elə Bayramın özüydü.

Zindanlar, qazamatlar özün düşün, heç dustaq edə bilərmi sərhəd bilməyən sehirbaz meyxanaçıları? Dünyanın heç bir nöqtəsində indi saatlarla, günlərlə şer deyən şairlər, Homerlər yoxdu.

Bizdə isə hələ də var belələri.

Bu şairlərdə həm də kor divarları yarıb keçmək istedadı da mövcuddur. Gecələr belələri qazamatları xəbərsiz tərk edib xalq arasına seyrə çıxırlar. Dərdlərdən, kədərlərdən xəbərdar olub bildiklərini meyxanalara köçürürlər.

Xalq da həmişə sevir, qoruyur, əzizləyir bu gözəgörünməz əbədi sehirbazlarını.