Həqiqətdən başqa hər şey yalandır - Rəşad Səfərin hekayəsi

Həqiqətdən başqa hər şey yalandır   - Rəşad Səfərin hekayəsi

04 Dekabr 2023 14:49 614


Həqiqət zəhmətdədir

Dünən axşam yağış və külək elektrik naqillərini qırıb. İndi uzun-uzun naqillər yolların üstünə sallanır. Bəziləri artıq yolun üstündədir. Yağış və külək bu gün də var. Amma daha qırılası naqil qalmayıb. Zahirlə birlikdə ara küçələrdən keçib mərkəzə doğru sürətlə addımlayırıq. Mərkəzdə bizi üçüncü bir adam gözləyir. İndi kimliyini xatırlamıram. Zahir uzun boyu və uzun ayaqları ilə küləyi məndən daha sürətlə yarır. Külək ikimizin də üzünə çırpılıb üzümüzü qurudur, yağışın xırda damlalarını hiss etmirik. Yayın əvvəlində bu nə küləkdir, bu nə soyuqdur, deyib, hədəfə doğru yarışırıq sanki, amma o, iti addımlarla həmişə məndən öndədir. Bəzən bir anlıq ləngiyir, gəlib çatıram və həmin bir andan istifadə edib üzünə baxıram. Burnu qızarıb. Dərisi ağ olduğu üçün qızarmağı məndən çox bilinir. Burnu həm də sulanıb. Burnunun suyu üst dodağına dəyib yer dəyişdirir. Zahir də arada əlini cibindən çıxarıb dodağının üstünü silir.

“Hazırsan?” soruşur, az küləkli, iri hasarlarla əhatələnmiş küçələrin birində.

“Hazır demək olar. İki gündür heç nə oxumamağa çalışıram. Müəllim dedi. Dedi, çalışın, özünüzü yormayın. Mən də beynimi bir az dincə qoymuşam.”

“Qələt edir müəllim. Mən bu gün də bütün günü oxumuşam. Hamısı da yadımdadır.” Mənə tərəf baxmadan danışır.

“Səncə necə olacaq?” ümidsiz halda soruşuram.

“Əla olacaq”, deyir. “Necə olmalıdır ki? Sonuna qədər öyrənmişik. İki ildə kitabları hərflərinə qədər əzbərləmişik. Səni bilmirəm, mənim vecimə deyil.”

“Kəsilmək də vecinə deyil?”

“Yox, kəsilmək istəmirəm, o vecimədir. Dediyim odur ki, indi narahat deyiləm. Çünki özümdən arxayınam. Sən də bəsdir zarıdın. Sən də keçəcəksən.” Öz aləmində təsəlli verir mənə.

“Təki sən deyən olsun”, deyirəm. Ürəklənmiş kimi görünmək istəyirəm. Amma düz deyir, çox narahatam. Birinci gün imtahandır. Üç gün qalıb. Necə olacaq, bilmirəm. Kəsilsəm, universitetə girə bilməsəm, intihar da var planların içində. O qədər narahatam yəni. Zahirinsə, həqiqətən, heç nə vecinə deyil.

Deyir, əsas məsələ, əziyyət çəkməkdir. Universitetə girmək də vacibdir. Amma əsas məsələ deyil. Deyirəm, hansımızın şansı çoxdur səncə? Deyir, mənim. Yəni onun. Niyəsini soruşmağa imkan vermədi. Dedi, çünki sən müəllimə qulaq asıb neçə gündür oxumursan. Amma mən oxuyuram. Əsas zəhmətdir, deməli, mənim şansım daha çoxdur. Bir az xətrimə dəydi. Ancaq gerçək ola biləcəyini düşünüb susdum.

Neçə ildir birlikdə oxuyuruq. Son iki ildir ki, universitetə birlikdə hazırlaşırıq. Müəllimlərin dediklərini anlamayanda Zahir mənə yol boyu izah edir. Amma bir az dəli tərəfi də var. Dediklərini bir az gec başa düşəndə özündən çıxır. Müəllimlərə qarşı da elədir. Suallara verdiyi cavabları müəllim başa düşməyəndə qıpqırmızı qızarır, dodaqlarını çeynəyir hirsindən, əllərini stola dirəyib özünü güclə sakitləşdirir. Aləm onda qopur ki, hansısa müəllim hansısa sualın cavabını verə bilməsin, ya da dili sürüşüb səhv cavab versin. Hamının qarşısında bozara-bozara müəllimlə mübahisə edir, səhv olduğunu deyir, siz müəllimsiniz, hər şeyi bilməlisiniz, deyib səsini qaldırır. Müəllimlərin təpinməsindən sonra bir az sakitləşir. Geri qayıdanda, niyə belə edirsən müəllimlərə qarşı, deyə soruşuram hər dəfə. Deyir, əcəb edirəm, müəllimdir, pul veririk ki, bizi hazırlaşdırsın, amma özü heç nə bilmir. Sonra bir az həmin günün dərslərindən, bir az başqa mövzulardan danışırıq, yolun yarıdan çoxu başımız belə söhbətlərə qarışır. Sonra valı dəyişirik, ən düşük mövzulara qədər gedib çıxırıq. Dəli Məhbubənin protez dişlərini, qarımış Bəyimin bığlarını xatırlayıb gülüşürük.

Gülüşünü yarıda kəsdi. Mənə tərəf baxmadan, “İmtahana kiminlə gedəcəksən?” deyə soruşdu.

“Atamla”, dedim, “bəs sən?”

“Tək. Xalam Bakıya qədər aparacaq. Amma demişəm, imtahana tək gedəcəm, istəmirəm məndən başqa kimsə gəlsin. Heç kim də soruşmasın nə yazdın, nə qədər yazdın, neçəsi düz çıxdı, görəsən, necə olacaq... Gedib imtahanı verib çıxacam. Nə olar, olar.”

“Atan nə vaxt qayıdır?” Sualım yersiz oldu, bir az duruxdu. Amma özünü itirmədi. Gülümsədi.

“Deyib, imtahanları versin, universitetə girsə, gələcəm, girməsə, gəlməyəcəm. Özü bilər. Mənim vecimə deyil. Qəbul olunsam, bundan sonra həyatım başqa olacaq. Bir-iki ilə iş də taparam. Evdən dəqiqəbaşı pul istəmək mənlik deyil. Adam gərək zəhmət çəksin. Hər şeyi özüm edəcəm.”

Son cümləsini deyəndə mərkəzə yaxınlaşırdıq. Üçüncü adam ikimərtəbəli çayxananın divarına söykənib bizi gözləyirdi. Ona yaxınlaşıb salamlaşanda, yaxınlıqdan keçən qatarın səsi salamımızı eşidilməz etdi.

Sonra hər şey dediyi kimi oldu. İkimiz də qazandıq. Doğrudan da, beş günlük əlavə zəhmət öz işini gördü. Onun nəticələri məndən daha yaxşı idi. Sonra yolumuz ayrıldı və dörd il kəsişmədi. Universitetə qəbul olandan sonra atası qayıtdımı, qayıtmadımı, bilmədim.

Həqiqət şeirdədir, qəzəldədir

Yolumuz dörd ildən sonra kəsişdi.

Səkinin kənarı ilə, barmaqlarıyla nəsə hesablaya-hesablaya gəlirdi. Mən salam verməsəydim, görmədən keçəcəkdi. Fikri o hesabladığı nədirsə, onun yanında idi. Eynəyinin altında gözlərini qıyıb gülümsədi. Arıq üzü, uzun çənəsi və gözə batan dişləri ilə, dörd il öncə ayrıldığım həmin insan olaraq qalmışdı. Sanki geyimi də həmindi. Elə bil, dünən axşam sağollaşıb bu gün görüşmüşük.

Salamlaşdıq, hal-əhval tutduq. Köhnə adətimizlə, küçələr boyunca gəzə-gəzə söhbət etdik. İkimiz də universitetin sonuncu ilindəydik. Ortaq dərdlərimizdən danışdıq. Gözü məni görüb dodaqları mənimlə danışsa da, özü yanımızda deyildi. Söhbətin arasında bir anlıq fikrə gedir, sonra yenidən qayıdırdı. Nəsə söyləmək istəyirdi, məqamın gəlməyini gözləyirdi. Məqamın gəlmədiyini görüncə, dərhal söhbəti dəyişdi. Dedi, “Artıq universitet, dərslər, iş-filan mənə maraqlı deyil. Mən artıq başqa aləmdəyəm”.

“Nə aləmi? ”
“Sənət. İndi ancaq sənətlə məşğulam.”
“Nə sənəti?”
“Şeir. Qəzəl. Həqiqət buralardaymış, boş yerə illərlə vaxt itirmişik.”

“Haqlısan, gözəldir şeir, qəzəl, ədəbiyyat. Mən də arada vaxt olduqca oxuyuram. Amma universitet də lazımdır.”

“Sən oxuyursan, amma mən yazıram. Günə bir qəzəl yazmasam, yata bilmirəm. Yazmayanda da ancaq qəzəl oxuyuram. Universitet-filan da lazım deyil, mən gec ayıldım. Yoxsa mənim nəyimə lazım idi iqtisadiyyat öyrən, riyaziyyat öyrən. Həqiqi olan duyğulardır. Duyğuları da ən yaxşı göstərən şeirdir, qəzəldir. Deməli, həqiqət elə şeirlərdədir. Orda axtarmaq lazımdır hər şeyi.”
“Bəs gələcəkdə neyləcəksən? Qəzələ görə kimdir pul verən? Ağlın Fizuliyə getməsin.”
“Gələcəyin mənə dəxli yoxdur. Nə olacaq, olacaq. Heç işləmək də istəmirəm. İstəyirəm ancaq şeir oxuyum, qəzəl oxuyum, şeir yazım, qəzəl yazım. Anlamırsan, necə ləzzətlidir. Adamı bu dünyadan alıb göylərə qaldırır. Şeirdə hər şey var. Mənə lazım olan bütün duyğuları orda tapıram.”
“Nə bilim, mən də şeir oxumağı sevirəm, amma insanın bütün həyatını şeirə həsr eləməsi mənə çatmır. Yəqin duyğularım səninki qədər itiləşməyib.” Gülümsədim, sonra susdum.

Susduğumu görüb davam etdi.

“Bir Seyyid Əzimi əlli alimə dəyişmərəm. Sən bir buna bax hələ.”

Deyib başını azca yuxarı qaldırdı. Gözlərini bir az da qıyıb havaya zillədi, sonra yumdu və başladı:

Aləmə fitnə salan mədəni-şərdir vaiz,
Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın,
Eyləmə cəhl ki, məchuli-pədərdir vaiz.

Gətirib tazə yenə şəhrə cəhənnəm xəbərin,
Sifətindən deyəsən əhli səqərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qafildir,
Söyləyir badəni kim, əqlə zərərdir vaiz.

Yox yəqin olmayan işdən sözünü nəql eylər,
Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz.

Qəzəl xoşuma gəldi. Mən dinlədikcə, bəyəndiyimi söylədikcə, cuşa gəlirdi. Dayanmadan qəzəl söylədi yol boyunca. Dedi, bayaq sənə rast gələndə də, bağışla, fikirliydim, təfilələri hesablayırdım. Dünən bir qəzəl yazmışam. Bəhrini hələ tam otuzdura bilməmişəm. Əslində, rəmələ çox yaxındır. FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün. Bura qədər gəlir, amma sonra üç heca artırmışam. Sonuncu heca qapalı gələndə yaxşıdır, açıq olanda vəzn sınır.

Söylədiklərini təxmin etsəm də, tam anlaya bilmirdim. Dünən yazdığı qəzəlindən parçalar deyir, hansı bəhrə oturduğunu məndən də soruşur. Çiynimi çəkib, bilmədiyimi söyləyirəm. Əsəbləşir. “Yəqin ki, bütün günü gic-gic dərslər oxuyursan. Arada şeirdən-qəzəldən oxu. Adamlar, gör, nə həngamələr yazıblar”, deyir.

Gülümsəyirəm. Qəzəl söhbətindən yoruldum bir az. Ayrılmaq üçün bəhanə axtarıram. Bir bəhanə tapıb getməli olduğumu deyirəm. Tezliklə görüşəcəyimizi razılaşdırıb sağollaşırıq.

Sonrakı aylar ərzində üç-dörd dəfə görüşdük. Bütün görüşlərdə hansı söhbətdən başlasaq, sonu Seyyid Əzimlə, Vahidlə, Nəbati ilə bitirdi. Həmin üç-dörd görüşdə özünün onlarla qəzəlini, başqalarının da yüzlərlə şeirini, qəzəlini söylədi. Getdikcə mən də bəhrləri anlamağa başladım. Sonra cümlələrim həmin ritmlərə uymağa başladı. Yolda tək gedərkən dodağımın altında sözlər quraşdırıb vəznlərə otuzdurmağa çalışırdım. Bu qəzəl işi vərdişə çevrilməmiş, bir gün yenə yollarımız ayrıldı. Növbəti üç il müddətinə.

Həqiqət üsyandadır – inkar müqəddəsdir

Üç ildən sonra yollarımız metroda kəsişdi. Daha da arıqlamış, zəif görkəmi vardı. Saçları uzanıb pırtlaşmış, çənəsini seyrək saqqal basmışdı. Görüşdük. Nəsə söylədi, qatarın səsi eşitməyə imkan vermədi. Səsini eşitməyimçün bir az da yaxınlaşdı. Eynəyinin altında gözləri parıldayırdı. Həmişəkindən daha geniş açılmışdı və daha parlaqdı. Qəzəblə işıldayırdı. Hardan gəlib hara getdiyimizi soruşmadan metrodan çıxmağa qərar verdik. Sakit bir yerdə oturub söhbətləşəcəkdik.

Çıxdıq. Amma havanın gözəlliyini görüb gəzməyə başladıq. Köhnə adətimizlə, küçələri, yolları dolaşa-dolaşa. Hər an qəzələ başlayacağını gözləyirdim. Amma indi şeirdən, qəzəldən uzaq görünürdü. Hətta mən söhbəti ora çəkmək istəyəndə söhbəti dəyişdi. İşini soruşdum. Dedi, iki ay öncəyə qədər işləyirdim. Sonra çıxdım. İşləmək mümkün deyil. Mən “Niyə?” dedim, o da davam etdi: “Artıq bunlarla işləyə bilmirəm. Əvvəl də üç-dörd yerdə işlədim. Hamısından dava edib çıxdım. Adam deyillər. Axrıncı işdən özləri qovdu.”

Gərginləşdiyini hiss etdim. Mövzunu dəyişmək istədim. İmkan vermədi. “Ancaq qul kimi işlətməyi bilirlər. Hamı da qoyun kimi dözüb oturur. Üsyan eləmək lazımdır. Üsyan. Necə ola bilər, bir insan səhər girsin bir xarabaya, axşam doqquzda-onda çıxsın və dünya-aləm vecinə olmasın? Vaxt edib, özümə əyin-baş ala bilmirəm. Verdikləri də qəpik-quruş.”

“Hərənin min problemi var, necə üsyan eləsin? Demək asandır,” dedim. Bir az da gərginləşdi. Bəyaz rəngli sifəti qızarmağa başladı.

“Necə yəni problemi var? Elə problemi olduğuna görə üsyan eləməlidir. Heyvan kimi işlə, sonra yenə min dənə problem qalsın həll eləməyə. Bəs nə vaxt adam kimi yaşayacaq?”

“Başa düşürəm, nə deyirsən. Amma yenə də, qınamaq olmur. Sən bəs qəzəllə, şeirlə məşğul olmurdun? Nə vaxtdan belə üsyana başlamısan?” deyib gülümsədim.

Xətrinə dəydi. Bir neçə saniyə danışmadı. Cibindən bir siqaret çıxardı. Mənə də təklif elədi, imtina etdim. Öz ayaqlarına baxa-baxa siqareti damağına qoydu və yandırdı. İki tüstüdən sonra söhbətinə qayıtdı: “Qurtarmışam şeirlə-qəzəllə. Boş şeydir. Qafiyədən başqa ortada bir şey yoxdur. Ancaq məclislərdə içib qəzəl oxumaqdan başqa heç nəyə yaramır. Şeir çox mənasız sənətdir. Qəzəlsə lap biabırçılıqdır. Hələ muğamı demirəm. Adamı yatızdırır. Məni indi başqa şeylər maraqlandırır”.

“İndi nəyə qurşanmısan?”

“Elə bayaq dediyim söhbətlərə. İnsan üsyan etməlidir. Həm işlədiyi yerə, həm də hökumətə. Hər yerdə kim güclüdürsə, gücsüzləri tapdalayıb keçir. Allah bir yandan, dövlət bir yandan. Heç kimin də dünyadan xəbəri yoxdur. Əllərinə bir kitab alıb oxuyalar, bir dünya ilə maraqlanalar. Heç nə. İşə-evə, evə-işə. Dillərindən də allah sözü düşmür. Elə bunları bu günə qoyan da allahdır. ”

Başımı dikəldib diqqətlə üzünə baxdım. Sosialist inqilabına hazırlaşan gizli təşkilatların bir üzvü ilə qarşı-qarşıya dayanmışdım sanki. Gözlərindəki işıltı bu dəfə qorxutdu.

Zəif təhkiyəçinin, təcrübəsiz yazarın dialoqlara, qəhrəmanların dilindən səsləndirilən fikirlərə çox yer verməsi təhlükəlidir. Təbiiliyin itməsi bir yandan, bayağı, çoxdan istifadə müddəti bitmiş fikirlərin beyindən birinci süzülməsi digər yandan. Mən də bu təhlükəni hiss edib Zahirin üsyankar çıxışlarını çox yazmamağa çalışıram. Qısası, məzmunu belədir ki, həqiqət - üsyandan sonra yerdə qalan nədirsə, odur. Üsyana qədər yaşadıqların, söylədiklərin, eşitdiklərin, sənə qarşı insanların münasibəti – hamısı saxtadır, yanlış olandır. Həqiqət olanın arxasınca getmək istəyirsənsə, üsyan et. Evdə ailənə, işdə rəhbərə, ölkədə hökumətə qarşı, lap elə dostluqda da bütün dostlarına qarşı. Bəyənmədiyin heç nəyə bəyəndim demə. Sənə maraqlı olmayan insanlarla görüşmə. Sevmədiyin insanların evinə qonaq getmə. Keyfiyyətsiz insanlara, ümumiyyətlə, salam vermə. Çox danışdı. Mən də arabir müdaxilə edib nəsə demək istəyirdim, dərhal sözümü kəsir, yadına düşən başqa fikri çatdırmağa çalışırdı. Bu söhbət sonsuza qədər sürəcək, deyə düşünürdüm arada. Amma, deyəsən, enerjisi öləzidi. İndi uzun fasilələrlə, daha az kəlmədən istifadə edərək danışır. Fikrini tez bitirməyə çalışır. Gəzə-gəzə başqa bir metronun girişinə qədər gəlib çıxdıq. Metro ilə geri qayıtmalı olduğumu söylədim. O da hələ bir az gəzişəcəyini söylədi. Tezliklə görüşəcəyimizi razılaşdırıb ayrıldıq. Amma nəinki tezliklə, daha heç vaxt görüşmədik. Yollarımız bir daha kəsişmədi.

Həqiqət əhli-beytdədir

Zahirin bundan sonrakı hekayəsini başqa-başqa insanlardan eşitdiyim söhbətlərdən bilirəm. Sonuncu görüşümüzdən sonra xeyli müddət həyatı necə oldu, xəbərim olmadı. Sonralar bir neçə işə girsə də, heç birində uğurlu olmadığını, gah qovulduğunu, gah da özünün işdən çıxdığını eşitdim. Evlənmişdi. Sayını bilmirəm, amma uşağı da vardı.

İllər sonra köhnə dostumuz yenə dinc dayanmamışdı. Bir gün ortaq bir tanışdan xəbər aldım Zahiri. Dedi, yaxınlarda görmüşəm. Tamam dəyişib, əvvəlki Zahir deyil. Görsən, tanımazsan.

“Necə yəni dəyişib? Yenə nəyə qapılıb gedib?” soruşdum.

Ortaq tanışımız gülümsədi. Yəqin, “yenə” sözünə gülümsəmişdi. Dedi, hardasa, bir həftə qabaq gördüm. Saqqal basıb, əynində qara paltar. Əlində təsbeh. Əhli-beyt deyib, gəzir ortalıqda. Hamıya deyir, mən imam aşiqiyəm, əhli-beyt aşiqiyəm. İnşallah, imam Mehdi Sahib-əz-Zaman ağanın gəlməyini gözləyirəm. Gəlsin, ona qoşulub gedəcəm. Deyir, həqiqət Allahda, onun elçisində və əhli-beytdədir, on iki imamdadır. Tanışımızın dediyinə görə, köhnə dostlardan heç kimlə görüşmür. Hamıya kafir deyir. Öz ailəsindən də uzaqlaşıb. Uşaqları ata deyib axtarırlar. Amma evə getmir, deyir, o ev də haramdır, ora gedə bilmərəm. Deyir, ağam gəlib məni o evdə tutsa, başımı zülfüqarla kəsər.

Ortaq tanışımızın dediklərinə necə reaksiya verəcəyimi bilmədim.

Həqiqət ölümdədir

İki il öncə mənə bir video göndərdilər. İyirmiyə yaxın cod saqqallı, əli avtomatlı insanın ortasında, əbalı, saqqallı, başı ağ çalmalı və yenə də əli avtomatlı bir adam hər kəsi cihada çağırır. Həm də azərbaycanca. Sonra hədis danışır, quran ayələri oxuyur. Yanında da ağ paltarda, başında balaca ağ papaq, yeddi-səkkiz yaşlı bir oğlan kalaşnikova söykənib adama qulaq asır.

Videonun arxasınca mesaj gəldi: “Tanıdın?”
“Yox” yazdım. Sonra bir də baxdım. Bu dəfə daha yaxından. İndi tanıdım. Zahir.
“Hə, tanıdım. Zahir.”
“Hə, odur. Uşaq da Zahirin oğludur.”
“Orda nə gəzir Zahir?”

“Nə bilim, axırıncı işdən də çıxdı. Evdə qırğın-dava. Oğlunu götürüb getdi Suriyaya.”
“Əhli-beyt hara, İŞİD hara? Son dəfə eşidəndə, demişdilər, imam Mehdini gözləyir.”
“Zahiri tanımırsan? Hər gün bir ağla qulluq edirdi.”

“Nə vaxt qoşulub?”
“Beş-altı ay əvvəl. Amma daha Zahir söhbəti qurtardı.”
“Anlamadım?”
“Öldürüblər.”
“Niyə?”

“Həqiqət axtarırmış. Bir gün həqiqəti tapıb, ordakılara deyib, siz düz eləmirsiz. Siz elədiyiniz küfrdür. Sonra üç gün vaxt veriblər. Qaranlıq otaqda saxlayıblar, ac-susuz. Səhvini etiraf etsəymiş, tövbə etsəymiş, bağışlayacaqlarmış. Amma Zahiri tanımırsan? Fikrindən dönməyib. Sonra da edam ediblər.”

“Bəs uşaq?”
“Uşaqdan xəbər yoxdur.”
Cavabında bir şey yazmadım. Telefonu bir kənara tulladım.

2018-ci il.