İntellektual detektiv nədir?

İntellektual detektiv nədir?

15 İyun 2023 10:21 337


Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka, idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir, məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.

İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”, ”Rəqəmsal qala”, “Mələklər və iblislər”, “Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır.

Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır. ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq. Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir, bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər, yatırlar və çoxalırlar”.

Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı, alqı-satqısı, pedofillik, zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı) dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır. Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İsgəndər, Çingiz xan, Hitler və s. kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.

Ekzistensialist, norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir. “Şeytanın ulduzu” (“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür. Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş, açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.

İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır. Qadının daxili sarsıntıları təsvir olunur.

İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.

Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.

İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya "Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?" deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.

Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri, muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.

Sərvanə Dağtumas
Ədəbiyyatşünas