Kamera ilə şeir yazan gənc - Şərif Ağayar

Kamera ilə şeir yazan gənc   - Şərif Ağayar

19 Yanvar 2024 09:32 383


İşğaldan azad olunmuş torpaqlarda hamı foto və videolar çəkir. Hamısına da maraqla baxırıq. Lakin bir də bu çəkilişlərin peşəkarı olur. Peşəkarlığın sirri var və onu adi smartfonla da nümayiş etdirmək mümkündür. Əsas kadrı tuta bilməkdir. Hə, bir də rakursu tapmaq. Hardan durub çəkmək yəni... Mən haranı, haradan və necə çəkəcəm – bu üçcə sualın cavabını tapıb praktiki reallaşdır, rəsm də hazırdır, video da!

Hətta göy üzünü çəkəndə də rakursu düzgün seçməlisən. Yəqin sizə bir az qəribə gəldi. Göy üzünə nə rakurs, hər yerdən eyni görünmür? Haqlısız. Göy üzü çox böyük olduğundan, doğrudan da hər yerdən eyni görünür, lakin dayandığın yerdən və kameranı tutmaq şəklindən çox şey asılıdır.

Səmanı tez-tez çəkir. O günü Laçında buludlar Azərbaycan xəritəsinin şəklini almışdı. Dərhal çəkib sosial hesablarında yaydı. Saytların çoxu götürüb verdi. Laçının masmavi səması və ağappaq buludlardan yurdumuzun xəritəsi. Qəribədir, o xəritədə Naxçıvan blokadada deyildi. Ola da bilməzdi. Bulud elə süni və kəskin girinti-çıxıntı ilə bölünə bilməz. Biz göy üzündə Azərbaycanın Cümhuriyyət dövründəki xəritəsini görürdük. Orda sonradan yaradılmış sərhədlər də yox idi. Qərbi Zəngəzur da, Göyçə də bizdə idi. Göylər bizə həqiqətin böyüyünü göstərirdi.

Birdən videokamerası statik kadrlarla Həkərinin axışına dalır. Ən vacibi – kamera tərpənmir. Bu, çox vacibdir. Allahı sevirsiz, çəkiliş aparanda telefonu, planşeti iki əllə tutun, kadrlarınız sikələnməsin. Çəkiliş zarafat iş deyil. Elmi-texniki tərəqqinin hamı üçün yaratdığı fürsətdən sui-istifadə etməyin. Qalib ölkənin vətəndaşına yaraşmaz. Adam da azadlığa çıxmış ata-baba yurdunu belə çəkər? Başa düşürəm, həyəcanlısınız, əliniz əsir, bəzən təngnəfəs yeriyə-yeriyı çəkirsiniz, amma yenə də, yenə də diqqətli olun. Smartfonla milçəköldürən kimi rəftar etməyin. Çəkiliş aparan cihaz nisbətən aşağı templə hərəkət etməlidir ki, görüntü qarışmasın, təhrif olunmasın.

Bu günlərdə qar fotoları yayıldı. O da bir neçə unikal kadr paylaşdı. Əsasən də feysbuk hesabının hekayə bölməsində. Yaşıl ardıc yarpaqlarında qar, ağacın altında közərən ocaq, ocağın yanında samovar, uzaqda da ağappaq dağlar, ahəstə işıldayan günəş... Onun fotolarına baxanda şəkildə olmaq istəyir adam. İllah da Laçın şəhərində çəkilibsə. Dağların qışı bənzərsizdir.

Lap Nuri Bilgə Ceylan kimi çəkir. Nüfuzlu Kann mükafatını qazanmış türk resjissoru deyirəm. Ötən il “Quru otlar üstünə” adlı növbəti filmi kinoteatrlarda nümayişə başladı. Nuri bəy əvvəllər fotoqraf olub. Bu səbəbdən kinoya fotoqrafiya elementləri gətirir. Həm də böyük uğurla...



Haqqında söz açdığım şəxs də kinorejissordur. Amma kinoya heç yerdən gəlməyib. Birbaşa bu peşəyə yiyələnib. Hətta deyərdim, kinorejissor doğulub. İnanmadınız? Çox nahaq! Adam şair doğula bilir, rejissor yox? Şair necə hər yerə və hər şeyə söz kimi baxır, rejissor da kadr kimi baxır. Ətrafı kameranın gözü ilə görür. Bu həm də qarşısıalınmaz bir eşqdir. Sanki tale səni qəsdən işə salıb. Bəlkə, başqa bir ömründə böyük günaha batmısan, ulu təbiət səni cəzalandırmaq üçün bir dəfə də rejissor kimi göndərib bu dünyaya. Sən də çəkməklə ovudursan özünü. Özünü ovuda-ovuda adamları da ovudursan. Br gün də ayılırsan ki, ortada əməlli-başlı işlər var.

Ən başlıcası, canın qədər sevdiyin Laçına qayıdırsan və orada şəhərin bərpası prosesində yaradılmış kinostudiyanın rəhbəri təyin edilirsən. Doğulduğun kəndin adını daşıyan bir kinostudiyanın... Ölkə başçısı, Ali baş komandan İlham Əliyev Laçın şəhəri günündə iştirak etmək üçün gələndə bu studiyanı da ziyarət edir, sən fəxrlə ona deyirsən: “İlk filmimiz Xosrov bəy haqqındadır”. Prezident məmnun qalır bu sözdən. Çünki özü də Laçına ilk gəlişində bu torpağın bu böyük oğlunun adını daşıyan küçədə olmuş, foto çəkdirmişdi. Təbii, başqa müjdələri də var “Hoçazfilm”in... Biri də qayıdış haqda tammetrajlı filmdir. Mədəniyyət Nazirliyinin film layihələri müsabiqəsində qalib gəlib. Çəkilişlərə hazırlaşır. Senarinin son variantı üzərində işləyir. Bəlkə də işləyir demək azdır, hadisələrin içinə girib yaşayır. Filmin ayrı-ayrı detallarını olmuş hadisə kimi danışır. Özü inanıb danışdıqlarına. İnanıbsa, bizi də inandıracaq. Bu, dəqiqdir. İnanmaq bir yana, təsirlənib baş verənlərdən. Məncə, təbiidir. Çünki çəkmək istədiklərində yalan heç nə yoxdur. Bir az yaşadıqlarıdır, bir az gördükləri, bir az da eşitdikləri. Elə mövzu seçib ki, ən dərin təxəyyül də gerçəklikdən kənara çıxa bilməz.

Şeir yazmağı da var Amilin. Bəli, bayaqdan gənc rejissor Amil Amaldan danışıram. Onun şeir kimi yazdıqları da şeirdən çox kinodur. Vizual şeir bir başqadır, amma bunlar da bir başqa cür vizual şeirdir. Çünki içində daha çox görüntü var. Amil şeirlərini də kamera ilə yazır. Bir yandan da filmlərini qələmlə çəkir. Bu mənada böyük İran rejissoru Abbas Kiyarüstəmini xatırladır. Şəxsən mən Amil Amalın şeirləri ilə kadrlarından eyni dadı alıram. Hamısında vətənə, insana sevgi görürəm. Laçına da qəribə bir məhəbbətlə bağlıdır. Halbuki 3 yaşında çıxıb ordan. Çox az şeylər xatırlayır. Ancaq xatırlamaqla deyil ki! Ömür boyu evlərində Laçın deyilib, Laçın eşidilib. Bir az da genetik kod məsələsi...

Amilə çox inanıram. Həm də o qədər ki, birlikdə işləməyə qırar vermişəm. Gələcək üçün yaxşı planlarımız var. Laçında kinoteatr da bərpa olundu. Ordan çək, burdan göstər. Yaxınlarda bir gün Şərqi Zəngəzurun, Qarabağın, ümumən Azərbaycanın hər tərəfindən bura qala gecələrinə gələcəklər. Əminəm, Amil bir də Laçından ötrü həmin gün sevinəcək.

Sevdiyin yerdə sevdiyin peşə ilə məşğul olmaq – xoşbəxtliyin ən vacib iki komponenti...

Amma öz aramızdı Amil Amalın buna haqqı çatır. Çünki hələ torpaqlarımız işğaldan azad edilməmiş “Qara Bağ” filmini çəkmişdi. Məzmununu qısa deyəcəm: yaşlı bir kişi ölüm ayağında Laçın deyib dad döyür, oğlu telestudiyada çəkiliş edib tanınmış aparıcılardan birinə Laçının azad olunma xəbərini oxutdurur və atası üçün nümayiş etdirir, qonşuda bir-iki yalançı köç maşını ilə də kişini yurdunun azad olunduğuna tamam inandırır. Nə edəsən? Yalanla da olsa, o dünyaya xoşbəxt getsin. Bəs birdən ölən kimi ruhu hər şeydən agah olsa? Daha burası bizlik deyil. O dünyaya translasiya imkanımız yoxdur. Yoxsa bir çəkiliş də ora üçün edərdik. Nə çətin işdir?

Mesaj amansız idi!

Şair demiş, deyilənlər gəldi başa!

O aparıcılar, o xəbəri doğrudan da oxudular, köç maşınları doğrudan da Laçına yola düşdü və bu maşınların içində Amil Amal da vardı. İndi isə öz doğma şəhərindən fotolar, videolar yaymlayır, orda ssenarilər yazır, film çəkilişləri aparır...

Təbii, arada kamerasını götürüb şeirlər də yazır.

"Vətən Səsi" qəzeti