Keçmiş əsgərimizin Laçında tanıdığı erməni qızı: Onu feysbukda tapa bildimi?

Keçmiş əsgərimizin Laçında tanıdığı erməni qızı:   Onu feysbukda tapa bildimi?

12 Martt 2024 09:11 1669


İrina Qasparyan
Hekayə

– Bura deyəsən, ziyalı evidi.
– Ala, bunların ziyalısını da, o birisini də!
– Oy blə, çıxanda heç nə götürməyiblər ki.
– Bıçağa bax, kəpənəkdi e. Üstünə də nəsə yazılıb. Yəqin “zon”dan gəlib. Hələ bu suvenirə, suvenirə – Hocaz kəndində təzə girdiyimiz evdə şey-şüyləri görüb həyəcanlanmışdıq. Bu adi ev əşyalarına elə həvəsiyirdik, elə bil öz evimizdə yoxdur, heç qonşuda da görməmişik.

***

– Komandir, olar bunu gedəndə evə aparım? – əsgər yoldaşım dilləndi.
– O nədi, baxım – Yuli Sezarın suvinerini ora-bura çevirib dedi.
– Xoşum gəldi, bunu özüm aparacam, sən başqa şey götür.
– Eee, komandir, birinci mən gördüm axı. Nolar mən aparsam? – əsgər yoldaşımın incik cavabı komandiri qəzəbləndirdi.
– Əsgər, düzlən! Deyəsən, üzünə xoş baxdım!

***

Yorğan-döşəkdən tutmuş divardakı xalçayacan – bu üç otaqlı evdə hər şey vardı. Heç qab-qaşıqları da aparmamışdılar. Pərdələr yerində, mitil də yığılmışdı. Əlimi biixtiyar yastıqların altına saldım. Uşaq vaxtı evdə nəyisə gizlədəndə çox vaxt mitilin arasına qoyurdum. Yoxladım görüm bu evdə də nəsə qoymayıblar. Heç olmasa, erməni siqareti olsaydı çəkərdim.

– Yaxşı bir erməni haxçığı ola, atasan bu kravata – əsgərlərdən biri dedi.

***

Deyəsən, bura doğrudan da ziyalı evi olmuşdu. Otağın bir divarı kitab şkafı, qeydlər aparılmış dəftərçələr, stolun üstündə də neft lampası. Bəlkə də bu evdə şair yaşamışdı. Gecələr lampanın işığında yazıb-oxuyurdu. Heç nə başa düşməsəm də, götürüb bir-bir kitabları vərəqlədim.

– Səfərov, iki-üç kitab götür, yatağım silkələnir, altına qoyacam – komandir dedi.
Əvvəl “Komandir, nə olsun kitab ermənicədir, axı müqəddəsdir” demək istəsəm də, demədim. Birdən əsəbiləşib məni də düzlən komandasında saxlayardı.
– Bura baxın, ala, görün nə tapmışam – əsgərlərdən biri yan otaqdan hövlnak boylanıb əlində qırmızı lifçiyi yellədi.
– Elə yelləyirsən, elə bil ağ bayraqdı – dedim.
– Offf! Götür onu, axşam lazım olacaq. Hihihi! – əsgərlərin fantaziyaları üzə çıxdı.
– Gəlin, gəlin, tumuşlar da var sən öl.

Hamı əlindəkiləri atıb paltarlar olan otağa getdi. Kimin əlinə nə keçdisə havada yelləyib məzələnirdi. Burada da “biz arvad davası eləmirik, bizimki torpaq davasıdır” demək istədim, amma demədim. Bu dəfə məni eşidən olmayacaqdı.

Özümü saxlaya bilmədim. Qabağı tül pərdəli çəhrayı “Mersedes”i kitelimin cibinə qoyub, bayaq gözümə sataşan şəkil albomuna baxmaq üçün kitablar olan otağa keçdim. Əlimdən alıb dartışdırmasınlar deyə səs salmadım.

Bu evdə yaşayanların ailə albomu idi. Ata, ana, bir böyük oğul, bir də elə mən yaşlarda qız. Demək, bu çəhrayı tumuş bu qızındır. Qızın tək şəklini tapıb gizlicə cibimə qoyandan sonra uşaqları hayladım:

– Gəlin bura! Evdə qalanları tapmışam.

“Hanı? Hanı?” – deyib əsgərlər üstümə şığıdı. Alboma elə darışdılar, elə bil şəkildəkiləri sərhəddə canlı tutublar. Hərə bir tərəfdən boylanıb söyməyə başladı.

– Qəhbələr!
– Bu peysərin sifətinə bax. Bu nə burundu? Küftəyə oxşayır.
– Hələ bunun arvadına bax!
– Səfərov, amma qız bomba şeydi ha!

***

İçimdə nəsə qırıldı. Əlimi kitelin cibinə aparıb tumuşu ovcumun içinə aldım.

– Ala, hə, sən öl zor şeydi – qıraqdan biri dilləndi.

– Kaş indi burda olaydı. Offf!

Komandir içəri girdi:

– Bura gətirin görüm, o nədi? – deyib bizi səslədi.

Albomu dartıb komandirə tərəf apardılar. Bir azdan hazırlaşıb çıxdıq. Hərə özüylə bir şey götürmüşdü. Biri stəkan qaldırıb dedi:

– Anama aparacam.

Biri balaca əl çantası, biri büllur su qabı... Kimin əlinə nə keçmişdi götürmüşdü. Mənimsə əlimdə komandirin yatağının altına qoymağa kitab, cibimdə tumuşvə gənc erməni qızın şəkli vardı.

Yerləşdiyimiz evə çatana qədər “bayaq mən niyə pis oldum?” sualı ağlımdan çıxmırdı. Bu qız o qədər gözəl də deyil, deyəm, vuruldum. Üstəlik, erməni qızı...

Yadıma sovet dövründə əsgərlik çəkənlərin yalançı sevgi xatirələri düşdü. Kimi dindirirdin, deyirdi, komandirin arvadı ilə yatdım, generalın qızı məndən ötrü ölürdü...

Şəklin arxasında erməni dilində “Իրինա, 2018, Քելբեջար” sözləri yazılmışdı. Gecə alışqanın işığında şəklə baxanda gördüm. Heç özüm də bilmədim o gecə nə düşündüm. Niyə tumuşu əlimin içində oynadıb hələ bir qoxuladım da. Yəqin aylardır qadın görməmək məni bu hala salmışdı.

Səhər qalx komandasına oyananda şəkil altımda, tumuş əlimdə idi. Tez gizlətdim ki, əsgərlər görməsin. Səhər düzülüşündən sonra qırağa çəkilib siqaret çəkdim. Artıq nə edəcəyimi bilirdim:

– Bir azdan evlə görüntülü danışmaq üçün komandirdən telefon istəyəcəkdim və şəklin arxasındakı yazını Bakı Dövlət Universitetinin tələbəsi, ermənişünas dostum Həsənə atacaqdım.

Bəxtimdən Həsən də tez cavab verdi. Yazı şəklin tarixçəsi imiş: “İrina, 2018, Kəlbəcər”.

Artıq erməni qızın adını bilirdim: İrina! Necə də gözəl səslənir. Adını biləndə evdə keçirdiyim hissləri təzədən keçirdim. Növbəti gün şübhə çəkməmək üçün telefonu bölük komandirindən istədim. Bu dəfə isə feysbuka girib, axtarışda İrina adında qarşıma çıxan erməni qızların profillərinə baxdım: İrina Qriqoryan, İrina Apetyan, İrina Melkonyan, İrina Abqaryan... İlahi, qarşıma nə qədər İrina çıxdı! İndi mənim İrinam hansıdır?

Əlimdəki şəklə baxa-baxa profilləri araşdırırdım. Özü də şəkil bölməsinə girib 2018-ci ilin şəkillərinə qədər baxırdım. Bəlkə həmin şəkli feysbukda da paylaşıb?

Heç nə tapa bilmədim. Telefonu çox saxlaya bilməzdim. Başqa yolum yox idi. Hər gün birindən alıb baxanda profilləri yadımda saxlamalı idim.

Nəhayət, iki gün sonra yenidən baxanda qarşıma çıxdı!

Budur, şəkli hər gecə balışımın altında əzilən İrina Qasparyan!

Axxx! İndi o necə dəyişib. 2023-cü ildəki şəklinə baxanda öz-özümə dedim.

2018-ci ildəki şəkillərinə baxanda isə tam əmin oldum.

Şeytandır, iblisdir, cindir-nədir, axır ki, İrinanın özüdür!

***

Həyəcanım hər keçən gün artırdı. Telefonu tez-tez vermirdilər deyə, bir neçə gün İrinanın həsrətini çəkdim. Bir-iki dəfə də o evə gedib siqaret çəkə-çəkə vurnuxdum. Elə bil İrina ilə görüş təyin etmişdik. Axırıncı dəfə dözməyib tumuşu qoxulaya-qoxulaya masturbasiya elədim.

Gecələr özümü İrina ilə bu yerlərdə təsəvvür edirdim. Düşünürdüm ki, Laçında, onlar qalan evdə sevişirik. Sonra çıxıb gəzirik. Bir yerdə Bakıya gedirik…

Düşündüklərimi kiməsə desəm, qiyamət qopardı.

Qərar verdim, növbəti gün telefonu götürüb ona nə isə yazacaqdım. Amma nə? Bilmirdim. Bəlkə, yazım tanış olaq? Bəlkə, yazdı ki, olaq, sonra? Neyləyəcəm? Nə danışacam? – öz-özümə danışa-danışa həyəcandan dırnağımı yeyirdim.

– Bəs birdən bilsələr? Vətənə xəyanət! Salamatı əsgərliyi bitirəndən sonra yazmaqdı.

Səhər telefonu əlimə alanda isə özümü saxlaya bilmədim. Ermənişünas dostuma yazdım ki, mənim üçün tərcümə eləsin. Həm vaxt azdır, həm də tərcümə proqramı ilə danışmaq üçün internet seti yaxşı deyil. İrinaya yazmazdan əvvəl bir neçə statusunu kopyalayıb Həsənə atdım. O da tezbazar tərcüməsini yazdı.

Hara getdiyini, Yerevanda nə gördüyünü, universitetlə bağlı xatirələrini paylaşmışdı. Qəfil açdığım statuslardan birinin Azərbaycanca tərcüməsi ekranda göründü:

“Evimiz üçün çox darıxıram. Bütün xatirələrimizi, ailəmizin ən xoş günlərini, hər şeyi Laçında qoyub gəldik. Azəri əsgərlər onları bizdən zorla aldı”.

Düzü, bir az əsəbiləşdim. Ona yazmaq, tanış olmaq fikrindən daşındım. Amma səssiz qala bilməzdim. Bu statusundan sonra onunla heç cür danışa
bilməyəcəkdim. Görəsən, onun könlünü necə ala bilərdim? Axı biz heç onun dediyi kimi deyilik, bütün bunlar heç də bizim günahımız deyil. O, indi bunu başa düşməyəcəkdi.

Nə edəcəyimi bilmədim. Şəkli ilə tumuşunu çəkib messencerdə yolladım. Həsənə köməyi ilə erməni dilində “İrina, bir gün bunları sənə qaytaracam” sözlərini də yazdım: “Իրինա, մի օր ես դրանք քեզ կվերադարձնեմ”

Orxan Saffari

P.S. Hekayə müəllifin bu yaxınlarda “Qanun” Nəşrlər Evində çap olunacaq “20-ci sahə” kitabındandır. Kitab haqqında məlumat veriləcəkdir.