Külək gülü - Romandan parça

Külək gülü   - Romandan parça

19 Martt 2024 10:21 266


Orxan Əyyub

Le növbəti dəfə Bakıya gəlib. Nə qədər çalışsa da Fərhad hadisənin təxminən hansı ildə baş verdiyini xatırlaya bilmədi. Hələ məktəbdə oxuyurdu, bircə bundan əmin idi. Söhbət düşür doxsanıncı illərdə bütün ailənin, bütün Bakının izlədiyi ABŞ istehsalı Santa Barbara serialı haqda. Le bu serial haqda ilk dəfə eşitdiyini, heç vaxt onu izləmədiyini deyir. Nəzmiyyə xanım eşitdiklərindən heyrətə gəlib: "Mən elə bilirdim ki, Amerikada hamı Santa Barbara izləyir". Qonaq üçün qəribə gəlir onun bu sözləri. Bunu anlamaq üçün heç bir sözə ehtiyac yoxdur, Fərhad hər şeyi ailə dostlarının üzündən oxuyur. Cahangir bəy gülümsəyir, "Yəqin sizdə Santa Barbara kimi çoxlu serial var, hamısı da bir-birinə bənzəyir. Mən həmişə Nəzmiyyəyə deyirəm, bütün həyatlar bir-birinin bənzəridir, Bakıdakı Əşrəfovlar ailəsi ilə uzaq Santa Barbara şəhərindəki Capwell ailəsi arasındakı mədəni, maddi fərqləri çıxsaq, hər şey oxşardır, hətta eynidir. İnsanlar hər yerdə tək bir həyatı yaşayırlar: eşq əzabı çəkir, ailə qurur, dünyaya uşaq gətirir, bir işlə məşğul olur, hansısa meyvəni daha çox sevir, ümid, paxıllıq, qeybət edir, sabaha inanır, həyatın mənası haqda düşünürlər. Bütün həyat bundan ibarətdir. Bunu təkcə mən demirəm, Tolstoy da belə deyir. Mən əminəm ki, həyat hər yerdə eynidir", deyir. "Düz deyirsən, ata", Fərhad köks ötürdü. Bir-birinin yanında duran eyvanlara çıxıb siqaret çəkən qolsuz alt köynəkli kişi ilə başı çarşablı qadın şəhərə baxırdı. Fərhad üçün yadına düşən xatirənin bundan daha dəqiq, sarsılmaz isbatı yox idi, ola da bilməzdi. Yolun qarşı tərəfindəki tərəvəzçini gördüyündə başıyla onu salamladı. Tərəvəzçi də Fərhada əl etdi. Bir az daha getdi, yolun qarşı tərəfində əvvəllər alkoqollu içkilər satılan mağazanın pəncərələrinə düzülmüş tapancalar diqqətini çəkdi. "Orxanın qəribəliklər dükanı" yazılıb rəngbərəng tabloda. Tərəddüd etsə də yolu keçib mağazaya daxil oldu. Qapı ilə üzbəüzdə böyük şüşə dolablarda ötən illərin məşhur şəxsləri – George H. W. Bush, Osama bin Laden, Saddam Hussein, Boris Yeltsin və Marilyn Monroe təsvirli matryoşkalar dururdu. Bu matryoşkaları axırıncı dəfə yəqin ki, iyirmi il əvvəl gördüyünə qərar verdi. O zaman Bakıda çox məşhur idilər. Sonra ətrafa boylananda hiss etdi ki, burada suvenir deyə satılan şeylərin az qala hamısı ötən illərə məxsusdur, onların əksəriyyətinə artıq heç yerdə rast gəlmək mümkün deyildi. Bu əşyalar daha ancaq ötən zamanların həsrətiylə qidalanmır, özləri də həmin zamanların bir parçasına çevriliblər. Piştaxta üzərindəki Lenin təsvirli domino qabını qaldırdı. Altında 1987. ildə Kişinyov şəhərində istehsal edildiyi yazılmışdı. Bu domino dəstindən təxminən iyirmi-otuz ədəd daha vardı eyni yerdə. Haradan tapmışdılar bütün bu şeyləri? Sanki keçmişin qorunub saxlanıldığı hansısa anbarı soymuşdular: otuz il əvvəl məşhur olan tovuzquşu lələkləri, süni tülkü quyruqları, plastik güllər, Kinder şokoladlarından çıxmış, öz zamanında çox məşhur oyuncaq begemot və timsah seriyaları, Sega kartridcləri, məşhur son Sovet dövrü müğənnilərinin valları və audio kassetləri. Fərhad gözlərini bütün bu qəribəliklərdən çəkib vitrinə düzülmüş tapancalara baxdı. "Alışqandırlar", dedi satıcı. Orxanın o olub olmadığını özünə sual etdi Fərhad, "Həqiqi kimidirlər".

"Bütün sehr də bundadır", satıcı gülümsədi. Bu gülümsəmədə Fərhad gizli və qaranlıq bir dəvət hiss etdi. Düşündüyü kimi də oldu. Satıcı oxumaqda olduğu kitabı piştaxta üzərinə qoyub ona doğru yaxınlaşdı və rəfdəki alışqanlardan birini çıxarıb az qala onun alnına dirədi: "Heç kim həqiqi olmadığını düşünməyəcək". "Nə maraqlı". "Əlbəttə".

"Mən qardaşımın oğluna ad günü hədiyyəsi axtarırdım".

"Başa düşürəm". Fərhada elə gəldi ki, satıcı onun yalan danışdığını anlayıb və buna işarə edir. "Bizdə hər model var. Makarov, Colt, Walther, Glock-17, Sig Sauer, Steçkin. O qədər həqiqi görünürlər ki, hərdən mənə elə gəlir ki, birini əlimə alıb bayıra doğru beş dəfə atəş açsam, mütləq bir nəfər yerə yıxılacaq".

Uzun-uzadı vitrindəki tapancalara baxdı. Satıcıdan Makarovu göstərməsini xahiş etdi.

"Baxın, necə ağırdır. Ən çox satılan modeldir. Necədir, əsl tapancadan fərqlənmir, elə deyil?"

"Hədiyyə paketi etmək mümkündür?"

"Satıcı qız indi nahardadır, uzağı on dəqiqəyə qayıdacaq. Paketləmə işinə o baxır". Fərhad gözləməyə ehtiyac olmadığını, hədiyyəni, başqa yerdə paketlədəcəyini dedi. Sonda da sözlərinə "Kamalın çox xoşuna gələcək" əlavə etdi. Baxışları masa üzərində açıq qalmış kitaba ilişdi. Nə qədər çalışsa da üz qabığında yazılmış adı oxuya bilmədi. Alışqanın qiymətini ödədi, mağaza sahibinə təşəkkür edib bayıra çıxdı. Mağazadan uzaqlaşdıqdan sonra tapancanı əlində tutduğu plastik paketdən çıxarıb belinə, kəmərinin arxasına keçirdi. Ətrafa boylandı. Deyəsən, heç kim onun nə etdiyini görməmişdi. Bu zaman azca aralıdakı binanın önüylə keçən Nizamini gördü. Fərhad da yolunu dəyişib onun ardınca düşdü. Bir daha ətrafına boylandı. Şübhə çəkən heç nə yox idi. Nizami onu əvvəldən görmüş olmalı idi. Yəqin ki, Fərhadı arxasınca necə gətirəcəyini düşünmüşdü. Odur ki, tələsmək lazım deyildi. O özü bilirdi hara getməli olduğunu, ən təhlükəsiz yeri. Fərhad onun arxasınca düşməli, özünü elə aparmalıydı ki, sanki düşündüyü kimi yoluna davam edir. Əmin idi ki, ayaq saxlamasa və ətrafa boylanmasa, eyni sürətlə yeriməyə davam etsə heç kimin diqqətini çəkməz. Mavi rəngli boyası çoxdan solmuş çörək satılan səkkizbucaqlı kiçik köşkün üzərində "Xəyal" yazılmışdı. Neçə ildir bu tərəflərdə yaşayırdı, ilk dəfədir bu köşkün adının olduğuna fikir verirdi. İçəridə əyləşmiş qadının bütün diqqəti dirsəkləriylə yaslandığı piştaxta üzərinə qoyduğu telefonun ekranında idi. Yanından keçdiyi paslı qarajlara baxaraq, hərdən başını aşağı salaraq, sanki yağış gölməçələrinə girməkdən ehtiyatlanır, hərdən diqqətini ağaclar, eyvanlar çəkibmiş kimi başını yanlara və ya yuxarıya çevirərək, önündən keçdiyi blokların, eyvanların, pəncərələrin içinə boylanaraq hərəkətində təbii olmağa çalışmağın, adilik görüntüsü verməyin dözülməz ağırlığı ilə gedirdi. Yerdən çox yüksəkdə olmayan iki skamyanı görüb düşündü ki, orada ancaq uşaqlar rahat otura bilərdilər. Nizami bir neçə addım qarşıdakı, yolun sağ tərəfində binaya bitişik quraşdırılmış, plastik parçalarından düzəldilmiş, meyvə-tərəvəz satılan əldəqayırma mağazanın yanı ilə keçdi. Fərhad da onun dalınca getdi. Gözucu ətrafa boylandı; polis avtomobili, ya da formada polislər yox idi. Mülki geyimli polislər ola bilərdi haradasa. Bayaqdan təqlid etməyə çalışdığı mağazadan evinə geri qayıdan insan halından bu haqda düşünən biri kimi çıxıb -bəlkə birini görər deyə ayaq saxlayıb öz ətrafında dönərək- məhəlləyə boylandı. Şübhəli heç nə yox idi. Nizami çörək satılan növbəti kiçik köşkün -Fərhad oranın çörək satılan deyil, pinəçi köşkü olduğunu düşünürdü həmişə- yanı ilə sol tərəfə buruldu. Fərhad onun üzünün bir hissəsini gördü. Bayaqkı inamı yoxa çıxdı, izlədiyi adamın Nizami olub-olmadığına artıq qərar vermək gücündə deyildi.

"İlyas", qadın səsi eyni adı iki dəfə ard-arda qışqırdı. Fərhadın önündəki kişi ayaq saxladı, arxaya boylandı. Nizami deyildi, anladı. Kişini çağıran qadın qaçaraq ona yaxınlaşdı, avtomobilinin açarlarını evdə unutduğunu deyib ovcunda sıxdığı açarı uzatdı.

"Əynin nazikdir, xəstələnərsən", dedi kişi qadına. Fərhad arxaya çevrilib gəldiyi yolla da geri qayıtdı. Bir neçə addım qarşıdakı pinəçi köşkünün -onun yerini çörəkçi ilə səhv salmışdı bayaq- sahibinin ona şübhə ilə baxdığını hiss etdi. Kişinin Nizamini – əslində İlyası izlədiyini anlaya biləcəyindən ehtiyatlanırdı. Əvvəl istədi ki, telefonu çıxarıb guya gələn zəngə cavab versin, amma bunu etmədi. Heç nə olmamış kimi yoluna davam etməyin daha doğru olacağını düşündü. Ana yola paralel binanın küncündəki kiçik manikur salonundan çıxan iki qadın Fərhaddan saatı soruşdu. Üçə iyirmi dəqiqə qalmışdı.

İnanmırdım, düşüncələrimin ən uzaq yerində, hamıdan gizlənib özünə yer etmiş ən kiçik ehtimal da yox idi bizim bir gün ayrılacağımıza, sənin məndən gedəcəyinə, çünki əmin idim bütün anlaşılmazlıqlara, kiçik ya böyük bütün davalarımıza, sənin göz yaşlarına, mənim əsəbiləşmələrimə, bağırmaqlarımıza, zaman-zaman ikimizin arasına girən səssizliklərə, bəzən necə başladığını heç cür xatırlaya bilmədiyim davanın sonrasında içimdə bəzi şeylərin həmişəlik qırıldığı haqda fikirlərə və səndə də bunun eynisinin yaşana biləcəyi ehtimalına, hansısa lənət bir yerdə ilişib qalmağımıza və heç cür o lənətin qollarından qopub bir-birimizə toxuna bilməməyimizə rəğmən sənlə mən axşamüstü, qürub vaxtı işığı yanan mənzillərin hüznü idik, o sapsarı işığın özü idik, televizordakı səs idik, masanın küncləri sürtülmüş süfrəsi, isti yay axşamı soyuducudan çıxarılan sulu şaftalılar, sözlərini xatırlaya bilmədiyimiz mahnı, sahildə gəzişərkən qağayılara əl edən balaca uşaqlar idik, biz şəhərin mərkəzindəki bitməyən tıxaclar zamanı qəzəbini siqnallamaqla çıxaran sürücülər, məktəbin son sinfində əldən ələ gəzən xatirə dəftərində şagirdlərin bir-birinə yazdığı saf arzular, filmlərdə həmişə həyatdakından daha gözəl yellənən pərdələr, həmişə qaça-qaça gəlib çatdığımız, sanki bizsiz heç yerə getməyəcək sonuncu metro qatarı, qışın qaranlığının qəflətən düşməsinə heyrətlənməklərimiz idik, biz çayın qaynadığını görüb qısa təəssüflənmənin ardından onun dadına baxan, dadının korlanmadığına özümüzü inandırdığımız o məsum yalanlar idik, Bakının qızmarında küçənin kölgəli tərəfi, çox gözlənilən bir məktubun, ismarışın nəhayət ki, yetişməsi idik, biz dərsdən qaçıb heç kimin gözünə görünməmək üçün parkın gizlin yerlərində oturub boş-boş söhbətlər edən iki məktəbli, qaranlıqda, yad küçədən keçərkən qəfil qarşına çıxan balalamış pişik və onun körpələri, onları qəfil görmənin həyəcanı, qonşunun mənzilindən eşidilən pis piano məşqinin özü ilə gətirdiyi yorğunluq, köhnə şəkillərdəki paltarlarımızın, saç düzümlərimizin, dayandığımız yerlərin -onlar olmasa belə zamanın gedib bir daha geri qayıtmayacağını başa düşməyimiz kifayət idi- özləriylə gətirdiyi incə kədər, azarkeşlik etdiyi futbol klubu qalib gələn gün həyatındakı bütün çətinlikləri o gecəlik unudan yeniyetmə, qəflətən bir kitabın arasından tapılan, keçmiş zamanlara aid, nəyə işarə etdiyini heç cür xatırlaya bilmədiyimiz qeyd, gecə növbəsini kiçik televizor önündə yatmaqla yola verən yaşlı qarovulçu, yadıma düşməyən, deyilməyən, amma mütləq haradasa var olan və mütləq biz olan daha nələr-nələr idik. Mümkün deyildi bizim üçün bir-birimiz olmadan yaşaya bilməyimiz. Bunun təsəvvür edilməsi mümkün deyildi. Ən böyük xəyanət idi belə bir ehtimalın varlığını qəbul etmək. Daha ayrılıq da nəsli kəsilmiş heyvan növüydü, ancaq qalın ensiklopediyalarda rast gələ biləcəyimiz. Sonra sən getdin. Bu azmış kimi bir də getdin. Mən də heç nə olmamış kimi, belə də olmalıymış kimi yaşamağa davam etdim. Təsəlli verdilər, onlara qulaq asdım. İnandım ki, bəli, həyatdır, ayrılıq da bir ehtimaldır. Bəzən belə olur, bəli. İndi başa düşürəm, dünyanın təsəllisinə aldandığım o gün itirdim mən yaxşı hər şeyi. Ayrılığın mövcud olduğuna bircə saniyə inanmaq kifayət etdi ki, sən daha yanımda olmayasan. Ən qorxulusu, yaşaya bildim. Ölmədim, itmədim. Bir az çətin oldu əvvəl, sonra bir az asan kimi oldu. Buna alışmaq idi məni ən çox özümə nifrət etdirən. Özünü satmış, inandığı hər şeyin üstündən keçmiş kimiydim. Bir anda Senecal'a çevrilmişdim. Sənin o çox nifrət etdiyin, ilk görüşlərimizdən birində, axşam səni evinə yola salarkən avtobusda uzun-uzadı müzakirə etdiyimiz Senecal'a. Sənsizlik mənim imtahanım idi, mən o imtahandan kəsilmədim, necəsə bir yolla qiymət aldım, davam etdim. Sonradan başa düşdüm bəzən daha yaşaya bilməmək lazımdır. Təslim olmaq lazımdır bəzən. Yoxsa yaşayırsan, sən yaşadıqca da hər şey dəyərini itirir, kiçilir, azalır, yox olur, mənasızlaşır. Mən insanın güzgülərə öz gözündən qaçaraq necə baxdığını gördüm. Bəzi şeylərlə yaşamağı bacarmamaq lazımdır. Bəzən güclü küləklərdə qırılıb yerə düşmüş budaqlar kimi olmaq lazımdır. Heyf ki, mən bunu çox gec başa düşdüm. Budur, indi burada, bu işıqlarının hamısı yandırılmamış stansiyada, məni növbəti yad adamın yanına, onun bir neçə gün əvvəl tanımadığım birinin həyatı haqda danışacağı bir neçə cümləsini dinləmək üçün aparacaq qatarın gəlməyini gözləyirəm. Gözləyərkən də başa düşürəm, mənim qatarım çoxdan keçib. Mənə qalan tək şey onun arxasınca baxmaq və köks ötürməkdir. Hər şeyi sənin bircə cavabın düzəldə bilər. Amma məndə o cavaba aparan sualı sənin gözlərinin içinə baxaraq səsləndirəcək cəsarət yoxdur. Çünki başa düşürəm, sonuncu ümid mənim kimi ölümdən xilas olub onun yerinə əbədi əzab çəkməyi seçmişlər üçün bütün bu partlayışlardan sonra sığınılacaq tək yerdir. Onu da itirsəm, geriyə daha heç nə qalmayacaq.

Qatar gəldi. İçəri keçib əyləşdi. Amalın verdiyi ünvana çatmaq üçün qatarla üç stansiya getməli, sonra da piyada on beş dəqiqəlik yol var idi. Niyə mənim belə yuxum gəlir, düşündü. Başını oturacağın yan tərəfindəki şaquli tutacağa dirəyib gözlərini yumdu. Qatar stansiyanı tərk etməyə macal tapmamış Fərhad artıq yuxuya getmişdi.