Mahirdən yeni hekayə: Balaca əlin qisası

Mahirdən yeni hekayə:   Balaca əlin qisası

26 Aprelel 2023 09:42 787


Məni doğradığın üçün cavab verəcəksən!

Yenə həmin qol səssizcə peyda oldu və balaca, yumşaq əlin xırda barmaqları əynindəki həkim xalatının yaxasından yapışdı! Elə o andaca yaşayacağı iztirabların qorxusuyla rəngi avazıdı, ürəyi ilk dəfə ovuca alınmış quş kimi çırpınmağa başladı. Bilirdi ki, yenə dəhşətlərlə üzləşəcək, gözləri önündə parçalanmış körpə cəsədinin hissələri rəqs etməyə başlayacaq, bu balaca, yumşaq əl yaxasını elə bərk sıxacaq ki, boğulacaq, nəfəsi çatmayacaq. Vahimə və peşmanlıq arzularının, xəyallarının kabusuna çevriləcək, cərrah olduğu günə lənətlər yağdıracaq. Ən pisi də odur ki, etdiyi sonuncu abort əməliyyatından keçən bir ayda dəfələrlə yaşadığı bu paranormallığın səbəbi, qurtulmağın yolları haqqında çoxunu əzbər bildiyi tibb kitablarında heç nə yazılmayıb. Bir də balaca əli ondan başqa heç kim görmür, kimsə dediklərinə inanmır. Hətta onun nəzərlərində dünyanın ən həssas insanı, ən yaxşı psixoterapevti olan həyat yoldaşı belə. Hər dəfəsində gözlərinə zillənən baxışları ağlının yerində olub-olmadığını yoxlayırmış kimi ruhunun dərinliklərinə nüfuz etməyə çalışır. O, altında əzildiyi bu şübhə dolu baxışlara öyəşib artıq – Şahin əvvəlcə çox sevdiyi həyat yoldaşını diqqətlə süzür, nəsə axtarırımış kimi onun yaxasına, boğazına baxır, israrla varlığına inandırmağa çalışdığı o əli “görməyə başlayır” və hər dəfəsində “hə, mən də gördüm, elə bil nəsə var idi, ancaq mənim baxdığımı hiss edib qaçıb getdi”, - deyə Aynuru sakitləşdirməyə çalışır.

...10-cu sinifdə oxuyanda ali məktəblərə hazırlıq kursunda tanış olmuşdular. İkisi də Tibb Universitetinə qəbul ola bilmək üçün gecələrini gündüzlərinə qatıb dərs oxuyurdular. Aynur bu qədər qarğaşanın içində kimisə sevə biləcəyini ağlına belə gətirməzdi. Kursda bütün diqqətini müəllimlərə verməyə çalışır, dayanmadan test tapşırıqları həll edirdi. Özünə və onu həyata bağlayan yeganə varlıq olan atasına söz vermişdi: Dünyaya gəldiyi gün həkim səhlənkarlığının qurbanı olmuş anasının ruhu naminə yaxşı həkim olacaq! Şahin kurs yoldaşı kimi tez-tez hansısa testin cavabını soruşmaq adıyla Aynura yaxınlaşır, qəliz kimyəvi elementlərin birləşməsindən, müsbət yüklü proton, yüksüz neytronlardan, diferensial və inteqral hesablardan bəzən heç onların dərs proqramında olmayan suallar verir, elmi mübahisələr açırdı. Onun oxumaq, öyrənmək həvəsi tezliklə ikisini yaxınlaşdırdı. Ancaq Şahin ilk gördüyü gündən dəli kimi aşiq olduğu Aynura təkcə öyrənmək naminə yaxınlaşmırdı. Həm də onun ürəyini oxumaq və o ürəyə sahiblənmək Şahinin gecələr yuxusunu qaçıran qarşısıalınmaz arzuya çevrilmişdi. Onda seçmək istədiyi ixtisasına uyğun insanların qəlbinə yol tapmaq istedadı var idi. Ağıllı, sevgi dolu baxışları, həlim, ruhu sakitləşdirən səsi qısa vaxtda Aynuru ovsunladı və o, öz tabularını pozaraq sevgisinə əmin olduğu Şahinə sevdalandı. Beləcə, əvvəl eyni amal uğrunda mübarizə aparan dosta çevrildilər, bir müddət sonra isə artıq gələcək arzularını birlikdə gerçəkləşdirməyə qərar vermiş sevgili idilər. Daha sonra universitet, unudulmaz tələbə həyatı, bir az da sevgilərinin gücü ilə aldıqları qırmızı diplomlar, ixtisaslarını artırmaq üçün Türkiyədə yaşadıqları dörd il.
Ankarada Qazi Universitetinə qəbul olduqları il nişanlandılar, “uzman” həkim kimi Azərbaycana qayıdanda ailə qurdular. Hər ikisi sevgi doluydu bir-birinə qarşı. Xoşbəxt olmaq üçün daha nə lazımdır ki?..

Heç nə deməsə də, Aynur Şahinin onun səhhəti üçün necə təlaşlandığını hiss edir. Hər gün ən müxtəlif bəhanələrlə yanına gəlir, hətta hərdən öz xəstələrini qapısının ağzanda gözlədib onun qəbulundakı hamilə qadınlarla söhbətinə qoşulur, məsləhətlər verir. Neçə dəfə irad tutub ona, pasiyentlərin utandığını, dərdlərini həkim də olsa kişi yanında danışa bilmədiklərini izah edib. Ancaq kimə deyirsən. Aynur Şahinin onu özündən xəbərsiz müalicə etməyə çalışdığını da görür. Gah ixtisasına uyğun ustalıqla guya təsadüfən suallar verərək nəyisə dəqiqləşdirməyə çalışır, gah da yeni çıxmış, immuniteti gücləndirən dərman adıyla ona hansısa həblər içirir. Bütün bunları o qədər sevgiylə edir ki, özünün də həkim olduğunu xatırladıb hər şeyi üzünə vurmağa ürəyi gəlmir. Onsuz da xəstə olmadığına, yaşadığı kabusun gerçəkliklə bağlarının varlığına heç Şahini də inandıra bilməyəcək...

Get-gedə halsızlaşmağa başladı. Özünü birtəhər iş otağına çatdırıb stula çökdü. Balaca əl artıq yaxasını buraxıb boğazından yapışmışdı. Boynundakı damarlar sıxılırdı. Barmaq yoğunluqdakı qolda, kibrit çöpünə bənzəyən, şəffaf dərisinin altındakı kapilyarları gözlə görünən barmaqlarda nə qədər güc var imiş! Hiss elədi ki, havasızlığa çox dözə bilməyəcək, ürəyi tez-tez döyünərək təmiz hava istəyir, olmasa birdəfəlik dayanacağının xəbərdarlığını edir! Bax, bunun elmi əsasları tibbə yüzillərdir ki, məlumdur: Bədəndə ən çox təmiz hava, qandan ən çox qidalı maddələr tələb edən baş beyin oksigensiz cəmi 5-7 dəqiqə dözə bilər. Daha sonra isə... Bitdi! Bioloji ölüm gerçəkləşir. Deyəsən, əl bu dəfə israrla işini başa çatdırmaqda qərarlıdır. Aynurun qolları heysizləşdi, çırpıntısının faydasız olduğunu anladı, bu yumşaq, gül ləçəklərinə oxşayan əli boğazından qopara bilməyəcinin qorxusuyla huşunu itirdi...

- Öz cinayətinizə məni də şərik edirsiniz, Səidə xanım, olmaz! Hamiləliyinizin dördüncü ayındasınız, rüşeym artıq çoxdan dölə çevrilib. Abort üçün son müddət səkkizinci həftdədir, deyilib yəqin sizə. İndi sizin bətninizdə canlı insan var, özü də oğlan uşağı. Siz necə anasınız?!

Səidənin son qərarını verənə qədər keçirdiyi tərəddüdlər, yaşadığı iztirablar, gözlərindəki əzab diqqətindən qaçmamışdi. Ancaq hər nə olur-olsun, nə qədər səbəb göstərsə də hamısı bəhanədir, heç biri övladının qətlinə imza atmağa haqq qazandıra bilməz! Mən necə girim axı bu əməliyyata?

- Axı mən də qadınam, mən də anayam. Başa düşün, abort üçün gecikmisiniz. Hətta yəqin bətninizdəki o uşaq indi onun taleyi ilə bağlı bu qorxunc söhbətləri eşitməsə də hiss edir, anlayır. Qoyun yaşasın!

Səidənin hönkürtüsü Aynurun get-gedə artan qəzəbini soyutdu. Əlləri üzünü tutub ağlayan bu qadının çarəsizliyi hər halından bilinirdi.

- Elə bilirsiniz, mən istəmirəm? Övladımın olması ən böyük arzum idi. İllərlə gözləmişdim bu xöşbəxtliyi yaşamağı. Ancaq olmaz! Bu gün bura öz müqəddəs hislərimi birdəfəlik dəfn etmək üçün gəlmişəm. Uşağı aldırmasam öldürəcək məni!

- Siz nə danışırsınız, kim öldürəcək?

- Aynur həkim, heç nəyi bilmirsiniz. O, çox qorxulu adamdır!

Dərindən içini çəkib göz yaşları içində davam etdi:

-Hamilə qalanda elə sevinmişdim ki. Hansı qadın istəməz ana olsun. Övlad hələ mənim kimi uşaq evində böyümüş kimsəsi olmayan birinə lazım olan qədər heç kimə lazım deyil. Muştuluqladım onu, uşağımız olacaq dedim. Qəzəbindən rəngi qaraldı, nifrətlə üstümə qışqırdı ki, get, aldır. Bir müddət “aldırdım” yalanıyla başını qatdım, gizlədim ondan. Övladımın dünyaya gəlməsini çox istəyirdim! Ancaq bura qədərmiş...

Əliylə qarnını göstərdi.

- Böyüdüyünü görüb şübhələndi, vəhşiyə döndü. Tapşırıq verdi, xəstəxanalarla, qadın məsləhətxanaları ilə danışdılar. Yaxşı həkim kimi səni məsləhət görüblər. Kim olduğunu soruşma, inan ki sənə də asanlıqla pislik edə bilər! Yalvarıram sənə, al bu uşağı, mən ölmək istəmirəm!

...Aynur ilk dəfəyfi bu qədər həyəcan keçirirdi. Əlcəklərini geyinəndə əllərinin əsdiyini gördü. Yox, belə olmaz, axı o peşəkar həkimdir! Özünü toparlayıb əməliyyata başladı. Ancaq elə ilk andan hiss elədi ki, nəsə normal deyil. Kureti ananın bətnində gəzdirdikcə döl hərəkət edir, sanki ucunda ilgəyi olan bıçağa yaxalanmamaq üçün qaçmağa çalışırdı. İçəridə parçalamağa çalışan həkimlə yaşamaq istəyən canlının şiddətli mübarizəsi gedirdi. Bir də! Yenə alınmadı! Hə, bu dəfə deyəsən yaxalayıb! Ancaq qan qarışıq bir parça ət qopara bildi! Deyəsən, ayağıdır! Çox peşman idi razılıq verdiyinə. “Gərək onun göz yaşlarına, çarəsizliyinə aldanmayaydım”, - deyə özünü danladı, daha geriyə də yol yoxdur, yaralamışam dölü! Yanındakı tibb bacısına səsləndi: “Nazlı, tərimi sil! Bir azdan keyidicinin təsiri keçəcək, tələsmək lazımdır!” Nəhayət ki, növbəti cəhddə yenidən yaxaladı və bu dəfə işini bitirənə qədər heç nə düşünmədən əməliyyata davam etdi. Hissə-hissə dölü, daha sonra cifti və selikli qişanı da çıxardığına, bətni tam təmizlədiyinə əmin olduqdan sonra dönüb əməliyyat otağından çıxmaq istədi. Bu vaxt gözü kurtaj materialının içində havaya qalxmış qola, balaca barmaqları açıq ələ sataşdı. Parçalanmış döl ona əl edirdi!

...Axı mən sənə neyləmişdim? Günahım nə idi? Niyə onun sözünə qulaq asıb məni öldürdün?

Aynur ilk dəfə idi onu boğmağa çalışan qolu öz bədəninə bitişik, bədəni bütöv şəkildə görürdü. Ovuca yerləşəcək boyda oğlan uşağı cavab gözləyirmiş kimi sakit-sakit öz qatilinə baxırdı.

- Sən bilmirsən, mən sənin yaşamağını istəyirdim! Çox çalışdım, ancaq anan məni məcbur etdi! İnan, çox peşmanam! Heç bilirsən sənin üçün nə qədər ağlamışam? Hər dəfə sənin qolunu görəndə öz uşaqlarımı düşünüb ağlamışam! Ağlaya-ağlaya özümə söz vermişəm ki, bir daha abort əməliyyatı etməyəcəm. Nə olar, bağışla məni! Uşaqlarımın xətrinə, burax yaxamı, mənim öz çəkdiyim özümə bəsdir!

Ovuc boyda oğlan balaca, yumşaq əlini yaxasından çəkdi, yavaşca onun üzünə toxundu və bir anda yoxa çıxdı...

-Aynur! Özünə gəl, qurban olum, Aynur!

Yenə üzünə nəsə toxundu. Gözlərini açanda bunun başının üstündə təşvişlə onu ayıltmağa çalışan Şahinin əli olduğunu anladı. Şahin sevinclə yaşlı gözlərini sildi.

- Qorxutdun məni, cəngavər!

Aynur özünü toparlayıb zorla gülümsündü. Şahinin onu tanış olduqları ilk günlərdə olduğu kimi “cəngavər” adlandırması xoşuna getmişdi. Palatadakı həkim yoldaşlarının, tibb bacılarının hamısı Aynurun ayılması üçün səfərbər olmuşdular.

Şahin, içəridəki qələbəliyə məhəl qoymadan əyilib Aynurun dodaqlarından öpdü.

- Hər şey yaxşı olacaq, heç nəyin yoxdur, bir az istirahət edərsən, keçəcək! Çox yormusan özünü son vaxtlar. Bir də belə eləmə, gülüm mənim!

- Şahin, bitdi daha, bitdi! Həmişə gəlib yaxamdan yapışan, məni boğmaq istəyən o balaca əli bədəninə bitişik gördüm! Danışdı mənimlə, izah elədim hər şeyi, yalvardım, axır buraxıb getdi. Özü də birdəfəlik! Bitdi bu kabus...

Professor Nəzərov təəccüblə eynəyini çıxarıb yenidən taxdı, ərizəni bir də oxudu.

- Aynur, qızım, heç nə başa düşmədim. Axı sən bizim ən bacarıqlı, perspektivli...

- Adil həkim, xahiş edirəm, səbəbini soruşmayın. Mən daha tibbi abort əməliyyatlarına girmək istəmirəm. Sertifikatımı da cırıb atmışam. Mümkünsə, məni müalicə şöbəsinə keçirin.

Nəzərov sanki xətrini çox istədiyi bu gənc həmkarını başa düşdü. Daha heç nə soruşmadan ərizəsinin üstünə “Etiraz etmirəm. Xahiş edirəm, əmr hazırlansın” dərkənarını yazıb Aynura uzatdı. Təşəkkür edib baş həkimin otağından çıxanda Aynura elə gəldi ki, balaca, gül ləçəklərinə oxşayan əl ona uzaqdan razılıqla əl yellədi...

23.04.2023