Mirzə Cəlil bu gün - Aliyə

Mirzə Cəlil bu gün   - Aliyə

30 İyun 2023 09:14 215


Bu günün yerli teatr məkanında az-az olur ki, bir tamaşa adamı ayaqqabına düşmüş çınqıl kimi, görməli olduğun iş kimi narahat eləsin. Əhəmiyyətini, orijinallığını anlayıb, “bunu mütləq yazmaq, qeyd etmək lazımdır”, deyəsən. Azdır beləsi. Amma var. Biri Yuğ teatrının “Toy dəstgahı” tamaşasıdır.

İdeya bütövlüyünə, assosiativ şəbəkə yaradıcılığına və mental təfəkkürü işarə verməsinə görə bu tamaşanın üstündən sükutla keçmək olmur, deməli, teatrşünas vicdanı deyə bir şey varmış, gülməli də çıxsa.

Bəli, sözünün ağası olan adamlar var, amma mən yenə də dediyim sözün quluna çevrildim, indi bu tamaşaya verdiyim təyinləri bir-bir izah etməliyəm: İdeya bütövlüyü hardadır? Assosiativ şəbəkə nədən hörülüb və o mental təfəkkür harada zühur edir?

Rejissor Günay Səttarovanın Yuğ teatrında hazırladığı “Toy dəstgahı” tamaşası maarifçi-ədib Mirzə Cəlilin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb. Janrı haqda az sonra. Əvvəlcə görək “Çay dəstgahı” nə haqdadır və Günayın quruluşunda o niyə “Toy dəstgahı”na çevrilib?

Bilənlərə başağrısı olacaq, amma bilməyənlər üçün qeyd edim ki, Mirzə Cəlilin “Çay dəstgahı” pyesi nəzmlə yazılıb və pyesin əsasında Samovar, Maşa, Padnos, İstəkan, Qaşıq və Nökər arasında gedən bir mübahisə dayanır. Məlum olur ki, Ağa çayı bəyənməyib, “çayın nə ətri, nə də təmi gəlir” və bu işdə kim günahkardırsa, onu tapmaq lazımdır. Hər kəs çıxış edib özünü müdafiə edir və hər kəs axırda nökər Əlinin üstündə dayanır. Məlum olur ki, Əli suyun qaynamasını gözləmir, istəkan-nəlbəkini nöyütlü ətəklərilə silir. Amma Əli bunu niyə böylə edir, bu, heç kimə maraqlı deyil. Onun nə maaş almaması, nə silməyə dəsmal tapmaması kimsənin vecinə deyil. Əsas olan onu günahkar çıxarıb, burdan yox eləməkdir.

Pyesin aktuallığını ayıq yoldaşlar artıq anlayıblar, güman edirəm. Bunu təsvir etməyə ehtiyac yoxdur, Gözümüzün qabağında idarə və qurumlarda yeyinti şübhəsilə gedən yoxlamalar, nəhayət o qurumdakı işçilərdən, həm də orta ranqlı işçilərdən birinin, ya da bir neçəsinin ifşası və həbsi ilə bitir. Hamı o bir “günahkar”ı tapır, mühakimə edib qınayır, həbsə, əjdahanın ağzına yolayır və arxayınlaşır, şad xürrəm həyata davam edir. Beləcə qədim zamanlardakı rahatlıq və ruzi üçün qurban vermək ənənəsi davam edir.

Pyesin aktuallığı bəlli. Bəs, tamaşanın orijinallığı, rejissor niyyəti nədir, hardan ucunu tapıb rejissor ki, belə bir tamaşa hörüb?

Burdan o yanasını özüm toxuyacam.

Bayaq məlum süjeti nəql edəndə əsəri bilənlərdən başağrısı üçün üzr istədim; Bəlli bir şey həmişə başağrısıdır, yorucu səs-küydür, dözməli olduğun vızıltıdır. Məncə, Günay da tamaşanın ideyasını məhz burdan götürür və ilk olaraq bədii dil yaradıcılığının canı-cövhəri olan frazelogiyalardan yapışır.

“Başağrısı vermək” məlum söhbətlə kimisə yormaqdır, “mahnı eləmək” bir şeyi bəhanə eləməkdir, mus-mus etmək mustafanı deməmək üçündür, bir də atalar deyib “dəyirman öz işində, çax-çax baş ağrıdır”.

Bu qədər frazelogizmi, atalar sözünü niyə tökürəm bura? Görəsiniz ki, bizim dilimizdə nəticəsi məlum prosesi səslə, musiqi ilə, ritmlə, bəlkə başağrıdan vızıltı kimi görürlər, eşidirlər. Deməli, bizdə bir şeyi səs-küyə salıb, daha düzü, səs-küyün içində gizlədib əritmək kimi bir qayda də var. Səs-küy bəhanədir. O ya mahnıdır, ya çax-çaxdır, ya da eləcə səs-küydür. Eynən Molla Nəsrəddin lətifəsi kimi. Gecə çöldən səs-küy eşidən molla yorğana bürünüb bayıra çıxır ki, görsün nə haray-həşirdi, yorğanını qapıb qaçırlar. Arvad soruşanda ki, məsələ nə idi, molla deyir, səs-küy yorğandan ötrü idi, aldılar, sakitləşdilər.

Günay Səttarova da Mirzə Cəlilin bu pyesində həmin səs-küyü, “mahnı”nı, bəhanəni, “yalançı tamaşanı”, saxta məhkəməni görür və pyesin iştirakçılarının, yəni, çay dəstgahında iştirak edən qab-qacağın səs partiturasını yaradır. Samovar pıqqıldayır (biz hələ bilmirik, o axırda nə qaynadacaq), stəkan cingildəyir, padnos eynən yerə düşəndə çıxardığı “vau” səsinə uyğun caz oxuyur... Bu səs partiturası tamaşanın məzmununu, ideyasını və formasını bütövləşdirib əla bir kompozisiya yaradır, bu kompozisiyanın bütün struktur əlaqələri aydın, dəqiq, izaholunandır. Və bu qədər səs-küy, dambadaram “toy” adlanmağı haqq edir. Üstəlik, sonda birini – nökər Əlini cəzalandırırlarsa, lap haqq edir, çünki bizdə cəzalandırmağa “Toy tutmaq” da deyirlər.

Beləliklə, “Çay dəstgahı” dönür “Toy dəstgahı” adlı musiqili tamaşa olur. Biz də toy adamları olaraq, necə olsa, bunda iştirak etməkdən məmnun oluruq. Çünki Günay zarafatı axıra kimi edir və gerçək bir toy atmosferi yaradır: telli-duvağlı gəlin, ətli-əndamlı yengə, güzgü, xonça və sairə və sairə.

Samovar (Vüqar Hacıyev) ağsaqqal və hakim ədasında məclisi, məhkəməni açır, Çaynik (Elşən Əskərov) öz statusunu açıqlayıb özünü sığortalayır, Qaşıq (Nigar Mürsəlova) eynən şirinçay taqqıltısı ritmində nitqini irad edib yellənir, İstəkan (Amid Qasımov) muğam havasında zarıyır, Padnos (Təranə Ocaqverdiyeva) boksda raundları ayıran zərb səsi kimi səslə məhkəməni yekun qətnaməyə yaxınlaşdırır. Aktyorlar hər biri öz obrazları üçün ikinci plan ayırd etmiş kimi görünür. Səs-ritm, musiqi janrı obrazların həm zahiri xüsusiyyəti kimi, həm ikinci planın təzahürü kimi ortaya çıxır. Çaynik muğam üslubunda sızıldayır, çox zülmlər çəkib, Padnos çoxunu yola salıb, caz musiqisi onun üçün gələnlərə, gedənlərə bir az da laqeyd, uzaq bir “baxışdır”. Nökər Əli oxuyurmu, oxumurmu, bunu təəssüf ki, xatırlamıram, hərçənd çox əhəmiyyətlidir.

Tamaşa içində bəy əvəzi bir maneken də ortaya çıxarılır. Niyə maneken? Bəlkə o həm də söhbət və mübahisədə adı keçib özü olmayan ağanın obrazıdır, eynən sosial ierarxiyada böyük vəzifəlilər kimi. Onu kimsə sorğulaya bilməz, nökər Əlilər varkən, ağanı sorğulamaq, sorğulamaq nədir, heç üzünü görmək də gərək deyil.

Beləcə dar teatr zalında, görünsünlər deyə aktyorların dizüstə kətillərə çıxdığı səhnədə bir günahkar tapıb fatihəsini verirlər. Və allah mübarək eləsin deyib ölü kimi aparırlar. Bəli, toyla yas qardaşdır. Biri ölməsə biri dirilməz və sair və ilaxır.

Yuğ teatrı tamaşaçıları da tamaşaçı yerinə qoymadan toy adamları kimi oyuna cəlb edir, gərçi bilir ki, biz toya meyilliyik. Toy olsun, bayram olsun, həyat firavan olsun. Qurban kim olur olsun, qoy bizim dövran olsun...

Bircə tamaşanın janr təyinində bizi dolaşdırdığı qədər rejissor özü də dolaşıb düyünə düşüb. Bu, tamaşanın temporitminə xeyli təsir edib və aktyorlar bütöv tamaşanın temporitmini təyin etməkdə, yaratmaqda əziyyətə düşüblər. Hərçənd mən temporitmlə janrın əlaqəsi haqda indiki teatrşünaslıq kitablarında heç nə tapmadım, amma əlaqənin olduğu gün kimi aydındır.

Temporitm köməkçi məsələ deyil, bütün tamaşanı ayaqda saxlayan, ona impuls verəndir. “Toy dəstgahı”nda aktyorlar bu üzdən gərgindirlər, musiqli replikaların ritmi bir tərəfdən, obrazların ritmini tapmaq, onu tamaşanın temproitmilə qovuşdurmaq bir yandan. Hansı ki, bu sonuncu qeyri-müəyyəndir. Birbaşa rejissorun təyin etməli olduğu üç şeydən biri janrdır və tamaşanı, tamaşaçını azdıran boşluqlar ordan qaynaqlanır.

Əlbəttə, rejissor janr təyinində azaddır, necə ki ora “ambivalent artefaz” yazıb. Amma tamaşaçılara da olmasa, aktyorlara janrı dəqiq izah etməlidir, onu səhnə əsərinin hansısa xüsusiyəti kimi yox, struktur cəhəti kimi yox, keyfiyyəti kimi göstərməlidir, sadələşdirməlidir.

Nəzəri-konseptual olaraq bu qədər bütöv tamaşa səhnədə parçalanır, dağılır, uzanır, yayınır, bütövləşə bilmir. Aktyorlar-obrazlar ideya bütövlüyündən qopur, solo ifalara doğru meyllənir və “toy dəstgahı” dağılmağa yaxın saatlardakı toyxanaya çevrilir.

Bu çıxışlararası toy səhnələri, toy atmosferi tamaşaya dinamik ab-hava gətirmək yerinə tempdən salır. Həqiqi toy epizodlarıyla çay dəstgahının qab-qacaqları bir “toy tutmaq və məhkəmə qurmaq” konsepsiyası kimi linqvistik qatda bağlandığı kimi bağlanmır, qopuq qalır.

Qab-qacaqlar toyun içindədir, həm də toy bu qab-qacaq mübahisəsinin içindədir: baba samovar, padnos, qaşıq, istəkan, nəlbəki əl-ələ verib nökərə toy tuturlar. Olsun, amma bu iç-içəlik aydın vizual həll qazanmır. Keçidlər (mübahisə və toy-rəqs epizodları arasında) texnikidir. Bunlar da, işıqlar da bir tərəfdən aktyorları yorur, əsl toy, toy axşamı yorğunluğu kimi.

Madam ki, söz toydan düşdü, qoyun bu tənqidi qeydlərdən sonra özümə bəy tərifi edim. Özünüz də görürsünüz, bir diri, düşündürən, maraqlı tamaşa məni tənbəllik kimi ciddi bir işdən ayırdı, narahat etdi, cızma-qara da olsa yazdırdı, amma Azərbaycan tamaşaçısını çağdaş forma və düşüncə müstəvisinə çıxara bilən Yuğ teatrının şəraitsiz vəziyyətdə, dar səhnədə, narahat zalda, işıqları aktyorların gözünü kor edən məkanda fəaliyyət göstərməsi əlaqədar təşkilatları narahat etmir. Çünki təşkilat adam deyil, onun vicdanı olmur. Amma orada vicdanlı adamlar var yəqin və mən bir tamaşaçı kimi onlara müraciət edirəm:

Yuğ teatrının indiki şəraiti onun tamaşalarının bədii keyfiyyətini aşağı salır, onun dil imkanlarına zərbə vurur. Bu texniki amillər oradakı yaradıcılıq işığını boğur, aktyorların yaradıcılığına olduğu kimi, səhhətinə də təsir edir. Tamaşaçıların da hüquqları pozulur, arxa cərgədə oturan tamaşaçılar səhnəni görmür, boylanmaqdan boyunları ağrıyır. Qabaq sırada əyləşənlərsə, çox yaxından gördükləri tamaşada ümumi plandan məhrumdurlar, tamaşaya zaman-məkan mücərrədliyi gətirə bilən səhnə dərinliyindənsə söhbət belə getmir...

Axı ola bilməz ki, bir şəhərdə çox da böyük truppası olmayan bir teatra, bir düşüncəyə, bir dilə, başqa dünyaya açılan bir pəncərəyə layiqli yer tapılmasın... Seçim zamanıdır:

Seçim həmişə var. Elə bu günkü kimi: Toyxana, yoxsa teatr?!

teatro.az