Qışın on iki saatı - Rəşad Səfərin hekayəsi

Qışın on iki saatı   - Rəşad Səfərin hekayəsi

16 Oktyabr 2023 15:27 439


Hörümçək

Hörümçəklər (latınca Araneaea) hörümçəkkimilər sinfinə aiddirlər.

Antarktikadan başqa bütün qitələrdə yaşayırlar. Elmi hesablamalara görə 45700-dən çox növünün olduğu ehtimal edilir. Ən qədim hörümçəkkiminin dörd yüz iyirmi milyon yaşı var, deyilənlərə görə. Ayaqları dörd cütdür. Yırtıcıdırlar. Hətta bir-birilərinə də hücum edirlər. Qidalanmaları müxtəlifdir. Çoxu həşəratlarla qidalandıqları üçün faydalı hesab edilirlər. Hörümçəklərin bəziləri qidalarını tutmaq üçün tor düzəltmirlər. Onları qovaraq və ya üzərlərinə tullanaraq ovlayırlar. Suda böcək, qurbağa, balıq ovlayanlar da var. Qısqaclarından zəhər ifraz etməklə ovu öldürürlər. Daha sonra dişləri ilə onu parçalayırlar. Ağızdan ifraz edilən tüpürcək vasitəsi ilə ovun içalatını maye halına gələnə qədər əridirlər. Cənubi Amerikada, ayaqları istisna olmaqla, 10 sm uzunluğunda olan hörümçəklər yaşayır ki, onlar torpağın altında olur və dovşanın, toyuğun içini boşalda biləcək gücdədirlər.

Hörümçək öz şikarını sancır və xeliserlərindəki zəhər vəzilərindən onun bədəninə xüsusi zəhər yeridir. Bu zəhər həm də həzm şirəsidir. Zəhər və həzm şirəsi onun daxilini mayeləşdirir. Hörümçək isə sonra həmin mayeni sorur. Hörümçək bərk maddəylə qidalana bilmir.

Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə qidalanırlar. Belə hörümçəklər Afrikada yaşayırlar və quşyeyən hörümçəklər adlanırlar.

Adətən, hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbərverici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücum edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir. Yalnız müəyyən təsirlərlə və amplitudalarla həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.

Hörümçək torunun materialı xüsusi hörümçək ipəyidir. Lakin barama ipəyindən fərqli olaraq daha incədir. Bir hörümçək öz torunu ortalama bir saata hazırlayır... Hörümçək və hörümçəyə bənzər həşəratlardan qorxmaq halına “arachnophobia” deyilir. Hörümçəklərin ən təhlükəli növlərindən biri də dişi dul hörümçəkdir (latrodectus).

Qorxunun gözləri

Pəncərə ilə çarpayı arasında məsafə vur-tut iki metr olsa da, günün axşam çağı, alatoranlıqda pəncərənin üzərində hərəkət edən o kiçik canlının nə olduğunu görməyə yaşlı qadının gözləri qadir olmazdı. Amma qorxusuna güvənərək pəncərədə asta-asta hərəkət edən bu kiçik varlığın hörümçək olduğunu dərhal anladı. Bəzən qorxunun gözü insanın öz gözlərindən daha kəskin görür. Hörümçək tələsmirdi, amma hərəkəti pəncərənin dibinə doğru yetişmək niyyətindəydi. Hörümçəyin sürətinə uyğun olaraq, yaşlı qadın yerində asta-asta qurcuxdu. Azca dikəldi. Sol əli ilə yorğanı üstünə doğru bir az da qaldırdı. Ayaqlarını yığışdırıb yorğanın altına saldı. Bayaqdan yastığının altına saldığı sağ əlini bayıra çıxardı. Ovcundakı parçanı bərk-bərk sıxdı. Hörümçək hərəkət etdikcə qorxu qadının içində titrətmə yaratdı. Ürəyi şiddətlə döyünməyə başladı. Gözləri bərəldi. Beynindən rabitəsiz fikirlər və görüntülər keçdi. Elə bil nəyisə xatırladı. Amma tam yadına sala bilmədi. Fikirləri qarışdı. Alnının və boğazının altının tərlədiyini hiss elədi. Sağ ovcunda tutduğu parça ilə alnını və boğazının altını sildi. Lakin tezliklə hörümçəyin pəncərənin o biri üzündə, yəni bayırında olduğunu anladığı zaman narahatlığı səngidi. Dərindən köks ötürdü. Hörümçək öz yolu ilə irəliləyib mənzilbaşına səssizcə yetişdi. Artıq bulanıq hava ilə qadın arasındakı kirli şüşənin üzərində hörümçək görünmürdü. Yaşlı qadınınsa fikrinin bir yanı üfüqdə görünməyən hörümçəkdə, digər yanı otaqdan bayırdakı ayaq səslərində idi. Kimsə gəlmişdi.

Otuz altı yaşlı kişi

Otuz altı yaşı var. Elə yaşına uyğun görkəmdədir. Nə çox göstərir, nə az. Saçının kənarlarında bir az çallıq var, amma yaşını artıracaq qədər deyil. Boyu hündürdür, bir metr səksən bir santimentr. Qolları da xeyli uzundur. Üstündə dərisinin qara nöqtələrini böyük alicənablıqla saxlayan iri burnu, burnunu geridə qoymayacaq qədər qalın dodaqları, batıq çənəsi, sanki heç vaxt uzanmayan, həmişə eyni formada görünən, amma səliqəsiz saqqalı, sulu gözləri var, qulaqları iri olmasa da, arabir pırtlaşıq saçlarının altından boylanır. Atadan qalma sənətlə məşğuldur. Bənnadır. Hündür, böyük, balaca, nə bina olsa, işləyir. Yetər ki orada daşı daş üstə qoymağa ehtiyac olsun. Çörəyi burdan çıxır. Tanıyanlar da deyir ki, yaxşı sənətkardır. Artıq illər oldu bu sənətlə məşğul olalı. Amma yenə də təkbaşına usta, bildiyimiz o yanında fəhlələri olan ustalar kimi sifariş götürməz, özü də kiminsə göstərişi altında işləyəndə daha rahat olar, qurub-quraşdırdıqları evin ona həvalə edilmiş divarını asta-asta hörüb bitirərdi. İndi çalışdığı yer illərdir bitmək bilməyən hündür bir binadır. Binanın həyətində bir kişi var. Gecə-gündüz binaya gözətçilik edir. Otuz altı yaşlı qəhrəmanımızın söhbət və çay ortağıdır.

Bənnalığına və sifətinin iri ölçülü üzvlərinə rəğmən, əlləri incə sayıla bilər. Qabalıqdan, qabardan əlamət yoxdur. Özünə qapalı insandır. İntrovert deməyək, amma, hər halda, çox az insanla söhbət etməyi bacarır. Üzərindən yağan yorğunluq və düşgünlük də qarşısındakını onunla söhbət etməkdən çəkindirir. Deyilənə görə, birlikdə işlədiyi fəhlə və ustalarla bəzən bir bina tam bitənə qədər məcburi iş dialoqlarından başqa heç bir söhbəti olmazmış. Bircə binanın gözətçisindən başqa. Digərləri heç adını da bilmir bu adamın. Elə “qardaş” deyib çağırırlar.

Yaşlı qadın və otuz altı yaşlı oğlu

Kimsə gəlmişdi. Bu kimsənin isə oğlundan başqa kimsə olmaq ehtimalı çox az idi. Bunu qadının özündən başqa kimsə bu qədər dərindən duya bilməzdi. Uzun illərin ardından geriyə otuz altı yaşlı bir oğlu qalmışdı. Bir də divarları uçulub sökülmüş, pəncərələri ən xəfif rüzgara qarşı belə gücsüz olan bu balaca otaq. Xəstə idi. İllərin xəstəsi. Bu çirkli yataq illərdir fiziki təmasda olduğu nadir nəsnələrdən biridir. Otuz altı yaşlı oğlu hər gün səhər və axşam, gün ərzində iki dəfə anasına baş çəkər, səssiz-səmirsiz yatağına yaxınlaşıb sağ, ya ölü olduğunu yoxlayar, səssiz baxışlarla anasından nə istədiyini soruşar, anası da səssiz baxışlarla cavabını verər, sonda oğlu anasının bu xahişlərini yenə də səssiz-səmirsiz yerinə yetirərdi. Bu baxışlarla edilən xahişlər, demək olar, hər gün təkrarlanırdı. Kirli bir stəkanda su, balaca kasada yemək, iki əzik salfet, pəncərəni aç-bağla, ətrafındakı böcəkləri, hörümçəkləri (hətta onlar çox vaxt həqiqətdə mövcud olmasalar da) qov. Böyük fasilələrlə bir xahiş də əlavə olunurdu: televizor pultunun batareyalarını dəyiş. Oğul bu səssiz xahişləri səssiz yerinə yetirməkdən məmnun idi. Sanki danışsaydılar, qulaqlarına insan səsi gəlsəydi, bütün sehr pozulacaqdı. Bəlkə də səssizlik oğlana illərdir sevib-sevmədiyini bilmədiyi bu qadına xidmət etmək dözümünü verirdi.

Məkanın təsviri

Bakının mərkəzindəki köhnə həyət evlərindən biri. Məsələn, keçmiş Sovetskidə ola bilər. Həyətdə beş ev var. Əsas qapıdan girən kimi sağda anasını yenicə itirmiş bir qadın yaşayır. Evin qapısının üzərinə asılmış qara lent hələ açılmayıb. Bu evin üzərində başqa bir ev var. Kiçik bir otaq və ensiz bir mətbəxdən ibarət bir ev. Bu evdə həmin yaşlı və xəstə qadın yaşayır. Bu evə də bitişik başqa otaq-ev var. Bu evdə otuz altı yaşlı bir kişi yaşayır. Həmin xəstə qadının oğlu. Hər iki evə qalxmaq üçün sağdakı evin qarşısı ilə yuxarıya doğru burulan ensiz pilləkənlərlə çıxmaq lazımdır. Əsas qapıdan girən kimi solda da altda bir ev, üstdə bir ev var. Hekayəmizə aidiyyəti olmadığı üçün onlar haqqında danışmırıq. Amma gəlin, yaşlı qadının yaşadığı otağa baxaq. Otağın sağ divarı ensiz mətbəxlə birləşir. Mətbəxdə köhnə “Saratov” soyuducusu var, amma kiçik ölçülü. Adam boyundan da balaca. Soyuducunun tutacağının kənarı çürüyüb və baş barmağın başı boyda paslı deşik var. Qapısının üstündə kinolardan, cizgi filmlərindən kiçik şəkillər yapışdırılıb. Bəzi şəkillər çox köhnəldiyindən artıq nə olduğu görünmür, bəzilərinin isə yarısı pozulub, ya da cırılıb, bilmirəm, hər hansı səbəbdənsə yoxdur. Soyuducunun içində nə var? Bilmirik. Mətbəxdə başqa nə var? İki ağ kətil. Artıq xeyli müddətdir ki, bu kətillərdə oturan yoxdur. Mətbəxin divarına birləşdirilmiş ensiz ağ stol. Üzərində sarı çaydan, bir boş nəlbəki, stolun üstünü silmək üçün rəngi qaralmış əski, bir də dibində azca çay qalmış stəkan var. Stolun üzərinə mətbəxin pəncərəsi açılır. Pəncərəyə pərdə əvəzinə ağ parça örtülüb. Mətbəxin baş divarında iki gözlü şkaf, aşağı hissəsində isə divara vurulmuş iki taxta rəf. Qayıdaq qadın yatan otağa. Otağın qapısından girən kimi bir çarpayı qoyulub. Çarpayının üzərində artıq tanıdığımız yaşlı qadın uzanıb. Qadın qollarını kirlənmiş, üzərində solğun güllər olan nazik yorğanın üstünə uzadıb, bir əlinin altında pult, bir əlində isə dəsmala bənzəyən bir əski parçası var. Qadın tez-tez bu əski parçası ilə ağzının kənarlarını və alnını silir. Sonra. Qadının uzandığı çarpayının üstündə, divara vurulmuş bir saat var. Həmişə geridə qalır. Çarpayının yanında, qadının sağ tərəfində mətbəxdəki ağ stolun eynisi var. Üzərində dərmanlar, bir neçə kirli stəkan, kirli boşqab, bir alma cecəsi, əl silmək üçün parça, bir çay qaşığı, bir bıçaq var.

Otağın qapısından girəndə sol tərəfdə bir televizor qoyulub; çarpayıda uzanan qadın televizora qırx beş dərəcəlik bucaq altında baxır. Televizorun yanında, qapıya daha yaxın, mətbəxdəki ağ kətildən biri qoyulub. Otağın televizordan sonra gələn yan divarında enli pəncərə var. Ağ boyalı taxta pəncərənin önünü iki yana ayrılmış, nazik, amma bərk parçadan pərdələr kəsir. Otuz altı yaşlı kişi səhərlər bu pərdələri kənara çəkir, axşam isə yenidən geri qaytarıb onları pəncərənin tən ortasında bir-birinə qovuşdurur. Pəncərə ilə çarpayının yanındakı stol arasında balaca bir şkaf da var. Şkaf nə zamansa kitab üçün nəzərdə tutulub, yəqin ki. Amma indi yuxarı rəfin üzərində saxsıdan ağ xoruz heykəli, ikinci rəfin üzərində dolu və ya boş dərman qutuları var. Son rəf isə bomboş...

Arachnophobia

Araxnafobia hörümçək və digər araxnidlərə qarşı qorxudur. Bu fobia ilə yaşayanlar, adətən, hörümçək və ya onun qurduğu toru gördükdə dəhşətli qorxuya düşürlər. Bəzilərində lap şiddətli təşviş yaşanır. Qışqırırlar, ağlayırlar. Boğazlarını, alınlarını tər basır. Ürək döyüntüləri artır. Ehtimallara görə, araxnafobianın əsas səbəbi təkamüldən gələn instinktiv qorxudur. Bir zamanlar yırtıcı hörümçəklər, həşəratlar çoxlu heyvanların, insanların ölümünə səbəb olurdu. O dövrlərdə bu müdafiə instinkti yaranmış ola bilər. Hazırda bəzi hörümçək növləri, həqiqətən də, insan üçün təhlükəlidir. Lakin onların sayı çox azdır. Onlar da yalnız müdafiə olunmaq üçün insanı sanca bilərlər. Qeyri-dəqiq statistikaya görə, iyirminci əsrdə təxminən yüzə yaxın insan hörümçəklərin qurbanı olaraq ölüblər.

Bir qorxunun tarixi

İndiki görkəminə baxanda inandırıcı gəlməsə də, bəli, hər kəs kimi bu qadının da körpəliyi, uşaqlıq illəri olub. Uşaqlığının dözülməz çətinliyini heç vaxt unutmadı. Müharibədən sonrakı illərdə yaşadığını söyləsək, vəziyyət aydın olar. Aclıq içində qovrulan milyonlardan biri kimi, ölməmək üçün tapdıqlarını yeməklə kifayətlənmişdilər, anası və özü. Dayısının yanına göndərmişdi bir gün anası. Kənddə nəsə tapıb yeyəcəkdi, bu qupquru şəhərdə isə bir şey tapıb yemək müşkül məsələ idi. Bacardıqca uzun müddət qalması üçün qızına öyüd-nəsihət vermişdi. Qızı ağlaya-ağlaya dayısına qoşulub getmişdi. Aylar sonra qayıtmışdı evlərinə. Dayısı ilə birlikdə. Qapını döymüşdülər, döymüşdülər, açan olmamışdı. Sonra dayısı qapını sındırmışdı, içəri girmişdilər. Evdən hənirti gəlmirmiş. Amma ağır bir qoxu bürümüşdü ətrafı. Asta-asta qaranlıq evin ikinci, daha kiçik otağına doğru addımlamışlar. Bir zamanlar bu balaca qızın anası ilə soyuqdan, az qala, donaraq qucaqlaşıb yatdıqları bu kiçik otağa girmişlər, qorxaraq, yenə də asta-asta. Girdikləri zaman dayısı hər şeyi anlamışdı. Qadın otağın küncündəki balaca, ensiz çarpayıda ölmüşdü. Amma görünür, bir neçə gün imiş öldüyü. Üzünün təravəti elə sağ ikən də yox idi onsuz da, indisə bənizi tamam ağarıb, hətta ağardıqdan sonra qaralmağa başlamışdı; lakin bütöv idi, çürüməmişdi. Qızcığaz nə olduğunu anlamamışdı. Tanış çarpayını, tanış yorğanı görüb həyəcanlanmış, sevinmişdi. Dayısı onu saxlamağa macal tapmamışdı. Dərhal anasının üstünə yüyürmüşdü alaqaranlıq otaqda. Əvvəlcə anasının səssizliyinə çox fikir vermədi, yatdığını, yorğun olduğunu, xəstə olduğunu düşündü öz kiçik ağlı ilə. Amma anası tərpənmirdi ki, tərpənmirdi. Sonra anasının üstünə örtdüyü o köhnə, cırılıb dağılmış, nazik yorğanın üzərindən divarın küncünədək ensiz sapların hörüldüyünü, sapların ətrafında kiçik bir böcəyin hərəkət etdiyini gördü. Sonra daha birini gördü. Cansız anasının gözətçiləri iki hörümçək idi. Bəlkə də, anası son anlarında bu hörümçək torlarının quruluşunu heysiz-halsız izləmişdi. Bəli, anası acından ölmüşdü. Bunu o zaman dayısı ona izah edə bilməzdi. Sadəcə, yatdığını və daha durmayacağını demişdi. Yox, əvvəlcə daha qəddar davranmışdı dayısı. Qızı anasından uzaqlaşdırmağa heç cəhd də etmədi, asta addımlarla pəncərəyə yaxınlaşıb pərdəni araladı. Saralmış pərdənin arxasında solğun günəş otağı azca işıqlandırınca, qızcığaz anasının üzərindəki o xırda, məsum qonaqları daha aydın görmüşdü. Sonra qız anasının hərəkətsizliyini görüb dayısından nə olduğunu soruşmuşdu. Dayısı da anasının yatdığını, onu daha oyatmamalı olduqlarını söyləmişdi. Sonralar anasının acından öldüyünü eşitdiyi bir az böyük yaşlarında da insanın acından necə öləcəyini təsəvvürünə gətirə bilməmişdi. Dayısının, dayısı arvadının, dayısı uşaqlarının bütün aldatmalarına rəğmən, anasının öldüyünü bilirdi artıq, amma onun qəti fikri bu idi ki, anasını üzərində oynaşan hörümçəklər öldürmüşdü. Hörümçəklər ac imiş yəqin, anasını öldürüb gözləyirlərmiş ki, soyusun, sonra yesinlər. Ona görə də, həmin gün, qızcığazın cansız anası ilə görüşdüyü həmin gün dərhal dayısının üstünə qaçıb anasını bu balaca cücülərdən qoruması üçün yalvarmışdı. Dayısı hörümçəkləri yorğanın üstündən götürəndən sonra qız bir az yüngülləşmiş, onların daha anasını yeyə bilməyəcəklərindən əmin olmuşdu.

Evə dönüş

Otuz altı yaşlı kişi həyətin ümumi qapısını arxada buraxıb pilləkənlə qalxmağa başladı. Pilləkəndəki addımların səsindən sonra anası oğlunun gəldiyini anlamışdı. Axşam düşməyə başlamışdı. Hələ çox da soyuq olmayan qış günü günəş daha tez yox olmuş, kiçik bulud dəstələri havanın qaralmasını sürətləndirmişdi. Amma yenə də, hələ saat 18.00 idi. Bazar günü idi, otuz altı yaşlı kişi işdən bu gün tez çıxmışdı. Briqada rəhbərinin də öz işi çıxdığına görə, ustalara və fəhlələrə evlərinə tez getmələrini söyləmişdi. Otuz altı yaşlı kişi pilləkənləri qalxa-qalxa saatına baxdı: 18.00. Gərginliyi və kefsizliyi o qədərdi ki, evə tez gəldiyinin az da olsa, sevincini hiss etməyə imkan yoxdu. Pilləkənləri bitirib taxta qapını açdı, sonra qapını cırıldada-cırıldada geri buraxdı.

Nitq

Əlbəttə ki, iqtisadi böhranın təsirləri təkcə bizim ölkədə hiss olunmur. Bu gün bütün dünya bundan əziyyət çəkir. Bizim ölkəmiz isə bütün problemlərin öhdəsindən gəlməyə hazırdır. Siz bu gün görürsünüz, Avropa ölkələrində vəziyyət necədir. Orda necə irqçilik, ksenofobiya, islamafobiya yenidən baş qaldırıb. Bu, faşizmdir. Bizdə isə belə problem yoxdur. Biz çox tolerant, multikultural bir ölkəyik. Nə qədər məscid, sineqoq, kilsə var bizim ölkəmizdə. Hələ qonşularımızı demirəm. Onlarda vəziyyət lap acınacaqlıdır. İnsanlar çörək üçün növbəyə dayanıblar. Bizim pulumuz onlardan qat-qat çoxdur. Onlar indi təşviş içindədirlər. Bəli, bizdən qorxurlar. Biz isə hələ ki, dözürük. Biz hər kəsə nümunəyik. Avropa demokratiyanı, iqtisadiyyatı, siyasəti bizdən öyrənməlidir. Mən tövsiyə edərdim, avropalılar da öz pullarını bizim valyuta ilə saxlasınlar. Bizim valyuta çox güclüdür. Biz bütün əlimizdən gələnləri edirik ki, xalqımız əziyyət çəkməsin. Xalqımız indi necə də firavan yaşayır. İndi kasıblıqdan əziyyət çəkən nə bir uşaq var, nə bir qoca. İşsizliyin həddini biz indi 1-2 faizə qədər azaltmağı düşünürük. Çox yaxın vaxtda bizim ölkədə nə işsiz, nə kasıb bir adam qalacaq. Mən bunu həmişə demişəm. Ölkəmiz uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, təkcə son altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada yaşanan böhranlı vəziyyət çürümüş mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə, biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

Biz Avropa Şurası olmadan da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik. Ancaq indi biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət....

İlk dialoq

Yaşlı qadın bayırdakı səsin yaxınlaşdığını duyub televizorun səsini almağa çalışdı. Amma pultun düyməsini nə qədər basdısa da, səs azalmadı. Pultun arxasını əlinə çırpdı, bir daha basdı, amma səs azalmadı. Artıq gec idi. Qadının otuz altı yaşlı oğlu qapını aralayıb içəri sızdı. Televizorun səsini eşitcək gözlərini qıydı, alnını qırışdırdı. Bayaqdan səbrini basıb qapının önündə gözləyirdi ki, bu nitq qurtarsın, sonra girsin. Bitmədiyini görüncə, içəri girmək qərarına gəldi. Qapıdan girən kimi televizorun səsini almaq üçün daha sürətlə anasının yatdığı çarpayıya doğru irəlilədi.

-Bir az səsini al.
-Ala bilmirəm. Bayaqdan barmağım mazol oldu. Neçə gündür, deyirəm, bunun batareyasını dəyiş.
-Ver bura.
Rəngi getmiş pultu əlinə alıb qurcaladı. Arxasını əlinə çırpdı. Alınmadı. Arxasını açdı, batareyanı ovuşdurdu, dişi ilə sıxdı bir neçə yerdən, yerinə taxıb pultun düymələrini necə gəldi basdı. Yenə də alınmadı. Birdəfəlik bitmişdi bu dəfə. Hirslə yatağın üstünə atdı. İti addımlarla televizora yaxınlaşdı. Əvvəlcə söndürmək istədi, amma fikrindən daşındı, səsini aldı, indi ekranın kənarlarından zəif bir pıçıltı gəlirdi.

Televizor

1998-ci ilin “LG”-si. Möhkəm televizor imiş. 17 ildir. Düz on yeddi ildir ki, bu kənarları boz, özü isə qara televizor bu otağın bu divarının önünü kəsdirib dayanıb. Atasının ölümündən bir il sonra almışdılar. Çoxdan almaq istəyirdilər. Amma imkan olmamışdı. Atası öləndən sonra fürsət yaranmışdı. Otuz altı yaşlı kişi əllərini uzadıb televizorun səsini aldığı müddətdə yenə o səhnə ildırım kimi gözlərinin önündə çaxıb yox oldu. Atasının ilinə az qalmışdı. Bir gün axşam, yay günü idi, əgər düz xatırlayırsa, evə girdiyində qapının solundakı divarın önündə yeni televizoru görmüşdü. Sevinmişdi, amma dərhal da bunun bura necə düşdüyünü düşünməyə başlamışdı. Anasını haylamışdı. Anası artıq hazır idi suallara. Az sonra məsələ aydın olmuşdu. Nənəsi, atasının anası, qoca, lap qoca bir qadın vardı. Onun təqaüdünü əvvəllər atası alırdı. Alıb gətirib verirdi qocaya. Qoca da ordan bir az götürüb qalanını qaytarırdı oğluna. O zaman indiki evlərinə bitişik qonşu ev bu evin bir otağı idi sadəcə. Qoca qadın orda qalırdı. Oğlu, yəni otuz altı yaşlı kişinin o zaman sağ olan atası hər axşam girdiyi kimi, ayın sonunda bu otağa girib ovcundakı pulu qadına verirdi, sonra onun verdiyini alıb öz cibinə qoyurdu. Atası öləndən sonra isə təqaüdü otuz altı yaşlı kişinin o zaman hələ bir az cavan olan anası götürməyə başladı. Aldığı pulu yalnız birinci ay verdi qocaya. Sonra ağlına bu məkrli plan gəldi. Növbəti doqquz ay qoca qadına hələ pensiyaların verilmədiyini bəhanə elədi. Qoca əvvəlki ayları etiraz edib nəsə aydınlaşdırmağa çalışırdısa da, sonralar yorulub əl çəkdi, qarşısına qoyulan yeməyi yeyib şükr etməyi öyrəndi. Qadın isə doqquz ay təqaüdü yığıb sonda bu televizoru aldı. Bəs etməmişdi tam ödəməyə. Amma az hissəsi qalmışdı. Onu da sonrakı aylarda verəcəkdi. Oğlu televizorun bu cür alınma hekayəsini eşitdiyi zaman heç nə demədi, sadəcə, qapını çırpıb getdi. Sonrakı gün qadın qoca qaynanasına da həqiqəti dedi. Hələ gülərək əlavə etdi ki, ay arvad, istəyəndə gəl burda bax, hərdən yaxşı öpüşməli kinolar göstərirlər. Qoca, bilmirəm, bu yersiz zarafatdanmı, aldadıldığındanmı, ya neçə aylıq təqaüdünü itirdiyindənmi, sakitcə ağlamağa başladı. Qarıya baxmasaydın, ağladığını bilməzdin. Sadəcə, asta-asta silkələnir, gözlərinin altını silirdi, halbuki son bir ildir qocanın artıq gözlərindən yaş gəlmirdi. Otuz altı yaşlı kişinin gözlərinin önündə ildırım kimi çaxan səhnə bu idi. O gündən dörd ay sonra qarı öldü. Qaldığı bir otaqlı evə də ayrıca giriş qapısı qoyub kirayə verdilər, oğlan evlənəndən sonra ayrılıb orda yaşadı.

Gərginlik

-Yenə hirsli gəlmisən, dedi yaşlı qadın.
-Heç, bir az başım ağrıyır, dedi otuz altı yaşlı kişi.
-Nə yaxşı tez gəlmisən bu gün? Dedi yaşlı qadın.
-Tez buraxdılar, dedi otuz altı yaşlı kişi.
-Bir az su gətir. Yanımdakı qurtarıb. Dedi yaşlı qadın

Otuz altı yaşlı kişi qadının istəyini səssiz yerinə yetirmək üçün ensiz mətbəxə doğru getdi. Qapağının kənarı paslanıb deşilmiş, üzərində qırmızı gül olan sarı dəmir çaydanı qaldırıb stəkanı doldurdu. Çaydanın dibi idi deyə suyun çoxu xıltla töküldü. Fikir vermədi. Stəkanı gətirib qadının çarpayısının kənarındakı stolun üstünə qoydu.

- Niyə zəng eləmişdin günorta? Televizorun yanındakı ağ kətilə oturaraq dedi otuz altı yaşlı kişi. İşim vardı, götürə bilmədim. Onsuz da ciddi bir şey üçün zəng eləmirsən. Allah bilir, yenə nə keçib ağlından.
- Bəlkə ölürdüm? Heç olmasa, sonra zəng edərdin. Yenə yığılmışdılar hər tərəfə. Yastıqla qovdum. Yastığı çırpandan sonra qaçıb getdilər.
- Ay ana, neçə dəfə demək olar ki, yoxdur burda hörümçək zad. Sənə elə gəlir. Əlli dəfə çağırmısan, hər dəfə də gəlib görmüşəm ki, heç nə yoxdur. Nə qədər deyirsən, xeyri yoxdur.
- Sən inanma. Dəli yerinə qoymusan artıq məni. Sənə deyirəm, buradaydılar. Qolumda hiss edirdim. Əməlli-başlı yeriyirdilər gözümün qabağında, sən də deyirsən, heç nə yox idi. Nə vecinə, bütün günü yoxsan, tək-tənha qalmışam burda.
- Başlama yenə. Allahından başım ağrıyır, sən də bir yandan...
- Bəlkə, yalan deyirəm? Bilirsən ki, artıq yeriyə də bilmirəm. Bir dəfə mətbəxə gedib gəlincə canım çıxır. Heç olmasa, arada vaxt elə, evə dəy. Burdan buradır. Bir zəng elə arada, ay ana, sağsan, ölmüsən.

Oğlu danışmaq halında deyildi. Hər axşam eyni şeyləri eşitmək, danışmaq, hətta bunların hər axşam təkrarlanacağını gündüzlər düşünmək yorub əldən salmışdı. Son günlər gərginliyi daha da artmışdı. Soruşsaydınız, səbəbini tam olaraq deyə bilməzdi, amma qəribə bir ağırlıq çökmüşdü üzərinə. Əslində, işdə də yeni bir həngamə yox idi, əvvəlki iş, əvvəlki mənasız saatlar, əvvəlki insanlar. İndi deyilən hər söz daha çox əsəblərinə toxunur, adi həyəcandan dili topuq çalır, bir az keçəndən sonra isə fikirləri tamam dağılır, ağlını cəmləşdirib cümlələrini bitirə bilmirdi. Bu üzdən də, son günlər tamam lal-dinməz bir insana çevrilmişdi. Sükut içində gəzib dolaşır, deyilən işləri səssizcə görür, kimsədən heç nə soruşmur, sorulan suallara da can çəkə-çəkə cavab verirdi. Gündüzlər səssiz-səmirsiz işləyərkən, nahar etmək əvəzinə dəhlizdə aşağı-yuxarı fikirli-fikirli var-gəl edərkən, gözləri yol çəkib alnını qırışdırarkən düşündükləri içərisində anası vardımı, yoxdumu, bilmirəm. Amma yəqin ki, axşam xəstə və deyingən bir ananın yanına qayıtmaq fikri hər zaman ağlının bir küncündə bardaş qurub oturmuşdu.

Növbəti səhnələr və dialoqlar

Otuz altı yaşlı kişi mızıltısı gələn televizorun yanındakı kətildə əyləşir. Gözlərini bir müddət pəncərəyə, oradan da ötərək artıq əməllicə qaralmış axşama doğru zilləyir. Sanki qaranlıqda nəyisə axtarır - gözlərini qıyır, genişləndirir, yumur, sonra açır. Gözlərinin istiqamətini dəyişmədən danışmağa başlayır.

Kişi: Günorta bir şey yedinmi?
Qadın: Yox (hirsli və qısa cavab verir).
Kişi: Niyə? (gözlərini pəncərədən ayırmadan soruşur, candərdi).
Qadın: Nə niyə? Burdan durub ora getməyə halım var? Yerimdən tərpənəndə az qala canım çıxır. Day yeriyə bilmirəm. Sən də ki...ölərsən elə bil günorta evə dəysən.
Kişi: (qaşlarını çataraq gözlərini əvvəlcə qaranlıqdan pəncərəyə doğru, sonra da pəncərədən anasına doğru çəkməyi, nəhayət ki, bacarır) Hə, telefonu mətbəxdən götürməyə gücün çatır, amma elə oralıqdakı soyuducunu açıb bir tikə zəhər götürə bilmirsən yeməyə.
Qadın: (özünü anlamazlığa vuraraq) Nə boş-boş danışırsan?
Kişi: Səhər yadımdan çıxıb telefonunu mətbəxdə qoymuşdum. Amma, maşallah, günorta zəng də eləmişdin. Kim gətirib verdi sənə o telefonu?
Qadın: (pərt olmuşdu) Heç kim. Gördüm yenə hörümçəklər yığılıb yorğanın üstünə. Qorxumdan ürəyim dayanmışdı. Canım çıxa-çıxa birtəhər gedib götürdüm. Day soyuducuya da gedə bilsəydim, dərdim nə idi... Nəysə, nəysə. Onsuz da sənə başa salmaq olmur. Məni adam yerinə qoymursan.
Kişi: Sən adam yerinə qoymamaq nəyə deyirsən?
Qadın: Özün bilirsən, nə mənada deyirəm.
Kişi: Bilmirəm, de görək də, de görək.
Qadın: Səhər bir tikə zəhər atıb gedirsən. Bütün günü xəbər yox. Axşam da gəlib bir kəlmə danışmırsan. Səsin yadımdan çıxıb. İt payı kimi qabağıma nəsə tullayıb gedib girirsən o xarabaya.
Kişi: Başlama yenə. Dərdin nədir sənin? Min dəfə danışmışıq. Xeyri yoxdur. Gözümü açandan, səni tanıyandan deyinirsən. (Qəzəbini boğmağa çalışaraq, söhbəti dəyişməyə cəhd edir). Kimsə zəng edib məni axtarmamışdı? Bankdan-zaddan?
Qadın: Yox. Dünən zəng eləmişdilər. Onu da dedim sənə dünən. Dedilər, mobilnidən zəng ediblər, götürməmisən.
Kişi: Hə, yadıma düşdü, demişdin dünən.

Sükut çökür. Televizordan da səs gəlmir. Kişi televizorun səssizliyinin fərqinə varıb ekrana doğru çevrilir. Yox, televizor açıqdır. Sadəcə, hansısa filmin səs olmayan səhnəsidir. Otağın səssizliyi ilə filmin səssizliyi sükut yaradırlar. Qadın və kişi bu səssizliyi bir müddət pozmamağa qərarlıdırlar, deyəsən. Bayırda uzaqdan gələn motosiklet səsi bircə dəfə otağın sükutuna müdaxilə edib sonra yoxa çıxır. Sükuta davam...

Vaxt

Divardakı saat 22.30-u göstərir.

Fikriniz filmlərdəki, romanlardakı saatlara getməsin... Tik-tak-tik-tak... Kamera fürsətdən istifadə edib boşluğa doğru zillənir. Saat da söhbətə ciddilik qatır. Yaxud, yazıçı saatın tik-takları altındakı qəhrəmanını min fikrə daldırır, otağın sükutunu bu tik-takların pozduğunu deyir. Yox, bizdə belə olmayacaq. İstəsək də, belə təsvir bizlik deyil. Çünki hekayəmizin olduğu məkandakı saat o saatlardan deyil. Günəbaxan tumlarının paketlərindən birində uduşa çıxmışdı bir dəfə. Yaşlı qadının xeyli təkidlərindən sonra, otuz altı yaşlı kişi bir gün mağazaya gedəndə kiçik uduş kartını özü ilə aparıb bu saatı götürmüşdü. Al qırmızı, keyfiyyətsiz, kvadrat bir saatdır. Əqrəbləri, elə bil, ölüb sabaha qalıb. Heysiz-heysiz addımlayırlar. Böyük əqrəb lap pis gündədir. Camaatın saatının əqrəbi saatın növbəti çizgisinə qədəm qoyub qurtararkən, bizim saatın böyük əqrəbi hələ fikirləşir. O qədər halsız və könülsüz tərpənirlər ki, bu boyda sükutda səsləri belə gəlmir. Sayələrində, yaşlı qadın iyirmi dəqiqə zaman qazanır.

Sükutu qadın pozur

Qadın: Niyə düşmən kəsilmisən mənə?
Kişi: Düşmən deyiləm, özündən söz çıxarma.
Qadın: Yox, düşmənsən, bilirəm. Hər şeydə məni günahkar hesab edirsən.
Kişi: Bəlkə, deyilsən?
Qadın: Deyirəm də, hər şeyin səbəbi məndədir. Ona görə, əlacın olsa, öldürərsən məni.
Kişi: Yenə başlama. Mələk deyilsən, hamımız bilirik.
Qadın: Neyləmişəm də?
Kişi: Uzatma. Özün bilirsən.

Müəllifin ehtimalları

Yaşlı qadınla otuz altı yaşlı kişi beləcə davam etdilər. Belə söhbətlərdə kimin nə etmiş olduğunu anlamaq çətindir. Bir tərəf o birisinə üstüörtülü hər şeyi bildiyini deyər, o biri də inkar edər. Sonra bu başlayar ittiham etməyə, o biri inkar edər. Uzun-uzadı söhbət sonda daha da gərginləşər. Qapıya ən yaxın olanı qapını çırpıb otaqdan çıxar. Amma burda heç kim çıxmadı. Qadın öz yatağındadır. Otuz altı yaşlı kişi də bu gecə çıxıb getmək fikrində deyil.

Onlar nə qədər danışsalar da, siz bu davaların, mübahisələrin mövzularını öyrənə bilməyəcəksiniz. Amma mənim, bu hekayənin müəllifi kimi, yəqin qəbul edərsiniz ki, mövzuları bilməyə, az da olsa, haqqım var. Qadın haqlı idi. Oğlu anasını sevib-sevmədiyindən əmin deyildi. Hətta bəzən nifrət etdiyi anlar da olurdu. Amma bunu dilə gətirməzdi. Nə başqasına, nə anasına, nə də özünə. Atasının ölümündə anasını günahlandırırdı. Birinci arvadından ayrılmasında anasını günahlandırırdı. İkinci arvadından da boşanmasının və indi bir qızını, bir oğlunu görə bilməməsinin də səbəbini anasında görürdü. Bəs əslində necə idi? Qadın, həqiqətən də, hər şeydə günahkar idimi? Bilmirəm. Maraqlı da deyil. Bu insanların dərdləri, problemləri kimə maraqlıdır ki, bizə də maraqlı olsun? Onlar öz balaca hücrələrində doğulub, böyüyüb, evlənib, sevişib, doğub, vuruşub, bir-biriləri ilə çənə-boğaz olub, bir gün də ölüb gedirlər. Bir-iki yazıçı, rejissor da bunlardan özlərinə qəhrəman düzəldir. Çoxunda eyni söhbətlər, eyni məzmunlu davalar. Yaşamağı bacarmayan bədbəxtlər.

Odur ki, biz mövzuları təxmin etsək də, əsl səbəblərlə maraqlanmırıq. Səhnədə iki insan var. Xəstə yatağında, hörümçək qorxusu ilə tənha yaşayan deyingən yaşlı qadın və həyatındakı bütün uğursuzluqların səbəbini anasında görən, bəzən ona nifrət edən, bəzən də yazığı gələn, əlacsızlıqdan, gündə iki dəfə ona baş çəkən otuz altı yaşlı kişi. Vaxt gecə yarısını keçib. Amma qadın yatmaq istəmir. Yadına nələrsə düşür, danışır, deyinir, sonra bir az susur, sonra yenə danışır. Dünyadakı hər kəsin ona düşmən olduğunu düşünür.
Kişi də bu gün həmişəkindən fərqli davranır. Durub getmək istəmir. Oturduğu yerdən tərpənmir uzun müddət. Qadına qulaq asır. Arabir coşur, dediklərinə cavab verir, sonra susur. Sonra yenə danışır. Arada ayağa qalxır, pəncərəyə sarı gedir. Gözünün ucu ilə pəncərənin dibində, bayırında hörümçək axtarır. Sonra yenə qayıdıb yerində oturur.

Bir az sonra qadın yatmaq istədiyini deyir. Deyir, istəyirsən qal, istəyirsən get, mən yatıram. Kişi ayağa qalxır, işığı söndürür. Qapıya sarı gedir. Açır, sonra bağlayır. Amma otaqdan çıxmır. Sakitcə qayıdıb bayaqkı yerində oturur. Qadın çoxdan yuxuya gedib.

Otuz altı yaşlı kişi pəncərədən süzülən zəif işığın altında yatmış anasına baxır. Baxdıqca fikirləşir, xəyallara dalır, keçmişi xatırlayır. Gülümsəyir, qəzəblənir. Nələr düşünür, bilmirəm. Təxmin edə bilirəm, amma dərinə gedib dəqiqləşdirməyə gərək yoxdur. Düşündükcə qəzəbi artır, kənardan baxanda hiss eləmək olur. Ayağa qalxır, pəncərənin önünə gəlir, geri qayıdır, qapıya tərəf gedir, geri qayıdır, arabir mətbəxə boylanır. Sağ əli ilə sol qolunun əzələlərini əzişdirir. Sonra üzündə qərarlı bir ifadə yaranır. Bayaqdan, bəlkə də, günlərdən bəridir götür-qoy elədiyi şey nədirsə, ona qərar vermiş görünür. Qərarını dəyişməyə imkan verməməkçün tez anasına yaxınlaşır, heç tərəddüd etmədən anasını boğaraq öldürür. Sonra saatına baxır. Səhər 06.00.
Qayıdıb əvvəlki yerində oturur. Az sonra ayağa qalxır. Otaqdan çıxıb, tualetə gedir. Səhər sidiyi qüvvətlə unitaza tökülür. Kişi əl-üzünü yuyur. Qurulanır. Hə, filmlərdəki kimi. Qatil heç nə olmamış kimi gedib hamamda üzünü yuyur. İndi qayıdıb sübutları yox etməyin zamanıdır. Amma otuz altı yaşlı qatilimizin belə bir fikri yoxdur. Nə sübutu? Qadın zatən illərdir xəstə yatağındadır, ölməyi an məsələsidir. Oğlundan başqa şikayət edəsi insan da yoxdur. Kişi son dəfə anasına baxmaq üçünmü, yoxsa öz sənət əsərinə bir də baxıb feyziyab olmaq üçünmü, geri qayıtdı, otağa girdi. Hə, indi üzündəki ifadə dəyişdi. Dəhşətli bir heyrət bürüdü. Yataqda heç kim yox idi. Otağın işığı da yanırdı. Hara getdi bu qadın? Bir az öncə anasını öldürmədimi? Öldürmək bir yana, saatlardır onunla söhbət edən, deyinən, mübahisə edən kim idi bəs? Otuz altı yaşlı kişi qorxa-qorxa yatağa doğru addımladı. Üzərində köhnə, bozarmış və səliqə ilə sərilmiş ədyal olan çarpayıda heç kim uzanmamışdı. Başını sağa-sola çevirdi. Yatağın arxasındakı divarın sol küncündə hörümçək torları sallanırdı. Pəncərəyə yaxınlaşdı. Pəncərinin künclərini hörümçək toru basmışdı. Bir qara hörümçək də şüşənin üzərində yavaş-yavaş irəliləyirdi.

Hekayəni burda saxlasam, oxucular qadının dəhşətli dərəcədə qorxduğu hörümçəyə çevrildiyini, son səhnədəki şüşə üzərində yeriyən hörümçəyin də həmin hörümçək olduğuna işarə etdiyimi düşünə bilər. Yanlış qənaət. Otuz altı yaşlı kişi pəncərinin önündə hörümçəyin hərəkətini bir az izlədikdən sonra qapıya tərəf getdi. İşığı söndürüb əvvəl otaqdan, sonra da həyət qapısından çıxdı. Qapının önündə dayanıb bir siqaret yandırdı. Saatına baxdı. Səhər 6.30. Əmlakçının gəlməyinə hələ üç saat yarım vardı. Yuxu da bir tərəfdən gəlməyə başlamışdı. Ağzını geniş açıb ürəkdən əsnədi.

(2018, “Adalar və Gəmilər”)