Sakral məkan surətləri - "Ağ göl" romanı haqda qeydlər

Sakral məkan surətləri  - "Ağ göl" romanı haqda qeydlər

25 Aprelel 2024 12:05 318


Peyman Rəhimov

Yazıçı Şərif Ağayarın "Ağ göl" romanını oxudum. Roman məni xeyli təsirləndirdi. Və qərara aldım ki, romanı məşhur ədəbiyyat sosioloqu Lüsyen Qoldmanın " Roman sosiologiyası" əsərində qeyd edilən tələblər nöqteyi - nəzərindən təhlil edim.

1. Zaman
2. Məkan
3. Surətlər
4. İctimai mühit və ictimai münasibətlər.

4-cü bənd də 4 səviyyədə təzahür edir: siyasi, iqtisadi, mədəni və dini mənzərə. Biz dini mənzərəyə nəzər salacağıq.

Deməli, hadisələr sirli, müəmmalarla dolu olan, sakral Pircahan qəsəbəsində baş verir.

Zaman məsələsini müəllif əla işləyib: əvvəllər burada qurd quzu ilə otlayırdı, pişiklər həyətlərdə göyərçinlərlə oynayırdı. Camal atanın zaman anlayışı da diqqətə layiqdir: İydənin tumurcuqları düyünlənibsə, deməli, qış bitir, tumurcuqlar düymələnibsə yaz cilvələnməyə başlayıb, iydənin qoxusu azalırsa qış yaxınlaşır.

Yazıçı zamanla bağlı "qurucu geriyə qayıdış" üsulundan məharətlə istifadə edərək adamlar, hadisələr haqqında təfsilatlı məlumat verib. Bir neçə yerdə məhdud olmayan zaman haqda da məlumat alırıq: birincisi, özəlləşdirmə, ikincisi Saleh Qəbzəliyevin dilindən deyilən "Kolxoz vaxtları olsaydı bu adamdan yaxşı əmək qəhrəmanı çıxardı" cümləsi hadisələrin postsovet dövründə cərəyan etməsindən xəbər verir.

Əsərdə ən sakral surətlər məkan surətləridir: Ağ göl, iydə ağaclarının altı. Böyük iydə ağacı, kiçik iydə ağacı...Ağ gölün Camal atanın göz qoymaqdan yorulmadığı "qarşı yaxası". Və birdə o məkanların inananlar və inanmayanlar nöqteyi-nəzərindən mənalandırılması...

Surətlərə gəlincə müəllif ciddi tip və xarakterlər yaradıb. Saleh Qəbzəliyev, Maarif müəllim, Hacı Mikayıl kimi tiplər və Camal ata kimi xarakter.

Müəllif adların məsələsində seçici davranıb: belə ki Saleh Qəbzəliyev adı altşüurda Qəzəbəliyev kimi assosiasiya olunur. O, ərazi nümayəndəsidir. Təsadüfi deyil ki, o gözünü ağardan kimi və ya acıqlanan kimi Hacı Mikayılı, Maarif müəllimi susdura bilir.

Hacı Mikayıl din adamıdır, adının mələk adı kimi seçilməsi təsadüfi deyil.

Maarif müəllimin adı üstündə. Maarifi, elmi təmsil edir. Hesab etmək olar ki, müəllif onun dili ilə öz maarifçi görüşlərini əks etdirir. Maraqlı nüans odur ki, camaat bu adamların heç birinə təklikdə inanmır, amma üçünə birlikdə inanır. Bununla da camaatın düşüncələri aydınlaşır. Yəni camaat tam olaraq nə elmin, nə dinin, nə də bürokratiyanın gücünə inanır. Üçünün isə birləşib nə isə edəcəyinə inandıqları üçün "fond pulu" yığırlar.

Ən maraqlı obraz Camal atadır və xarakter kimi işlənib. Ədəbiyyatımızda bu cilddə, bu görkəmdə və bu xasiyyətdə ilk obrazdır. Xeyirxah və kinsiz adamdır. Sevdiyi çəpər hörmək işini dalaşdığı adam üçün də edir. Gözütox, dünya malında heç gözü olmayan obrazdır. Odur ki, aclıq illərində evinə gələn bütün nəzir- niyazları son tikəsinədək camaata bağışlayır. Pircahandan heç çıxmayan bu adam sanki hördüyü çəpərlərlə özü ilə pircanlıların (Pircahanın qısa adı) dünyası arasına çəpər çəkirdi. Bəlkə də buna görə də öz dünyasına bənzəməyən Pircahanı oda verdi.

Adamın sadəcə görünüşü nataraz idi: Hörümçəyə oxşayırdı. Bu onu az narahat edirdi. Sadəcə bir dəfə oğlu doğulanda körpənin kiçik əllərinə baxıb hörümçəyə oxşayıb - oxşamadığını kəsdirmək istəmişdi. Amma xasiyyəti, dürüstlüyü, işgüzarlığı və yardımsevərliyi bu eyibi yüz dəfə örtürdü. O həm də cəsarətli idi. Ağ gölün özəlləşməsinə ən böyük etirazı o eləmişdi: Qaratikan kollarını çəpərə yığıb yandırmışdı. Bəlkə də gözlənilən övliya elə Camal atanın özü idi... (məncə)

İctimai münasibətlər inam ilə inamsızlıq arasında dəyişir. Zamana görə çoxala və azala bilir. Əvvəl sayılmayan Cahan ana (Camal atanın xanımı) Pirməmməd batandan sonra sayılır, hörmət görür. Yeni uşağı dünyaya gələndən sonra isə bu münasibət pik həddə çatır.

Romanda hər kiçik abzas mənalıdır və qeydədəyər təhlili haqq edir. Əsər oxunaqlı və axıcıdır. Heç yerdə adamı yormur. Və ən əsası bu mövzu əvvəllər işlənməmiş mövzudur. Müəllifi təbrik edirəm, yeni yaradıcılıq uğurları diləyirəm.

Qeyd: Bu təhlilləri apararkən kitaba heç bir halda baxmadım. Əsər yaddaqalan və içində dişədəyən cümlələr çox olduğu üçün təhlil aparmaq çox rahat oldu. Əsərin gözəlliyi və sehri elə bundadır.