Uçağan - Bircə yazır…

Uçağan   - Bircə yazır…

03 Avqust 2023 15:26 663


Onunla sentyabrın ortalarında çimərlikdə tanış oldum. Anasının satdığı qazların hesabına institut bitirmiş, üstündə oturduğu dünyanın fırlanmasından xəbərsiz, yalnızca gecə-gündüzün varlığını bilən, pula-qızıla sitayiş eləyən bacılığımı dilə tutub dənizə aparmışdım. Bizimkilər rəfiqəmi tanıyanda məndən ürkmüşdülər. Kürəyimi yerə vurmamışdım:

– Beləsiylə dostluq eləmək mənə çox rahatdı, maşınına benzin vurursan, siqaretini alırsan, yeməyini verirsən, sənə daim yoldaşlıq eləyir.

Rəfiqəm havanın soyuq olduğunu deyəndə:

– Eybi yoxdu, hər şey mənlikdi, – dedim, – sən məni apar, dənizə baxacam, sakitliyə çəkilərik.

Çimərlikdə qu desən qulaq tutulardı. Giriş qapısı bağlı olduğundan alçaq hasardan içəri adladıq. Zənbilimi açıb gətirdiklərimi üstü kirəmitli, göbələyə oxşar çətirin altındakı masanın üstünə yığdım. Rəfiqəm zənbilimdən çıxan yeməyi, şirniyyatı, termosdakı çayı, qovrulmuş tumu, iki qutu siqareti görən kimi ağzını marçıldatdı:

– Axşama kimi burdayıq, mənə gedək demə haa!

Onu arxayın salıb dənizin dodağına sarı getdim. İllərdi sahilə çırpılmaqdan yorğun düşmüş, qocalmış dalğalar zarıya-zarıya özlərini sahilə vurub könülsüz geri çəkilirdilər. Aralıda bir qaraltı gözə dəyirdi.

Dəniz həmişə mənə maraqlı, sirli-sehirli görünüb. Min illərdi yatağında löhrəm gedən bu dəryanın ilk yaranma anını xəyalımda canlandırmaq istəyirdim: bir anda yerlə göyün arası birləşir, vulkanlar püskürür, güclü zəlzələdən yer ulayır, dağ-daş yerindən oynayır. Qaranlıqlar aydınlaşanda adamlar baxıb görürlər ki, buralara bir dəniz gəlib…

Düşüncələrimə gülməyim tutdu. Mən doğulan yerdə dəniz olmayıb. Xəzəri ilk dəfə Mikayıl Müşfiq mənə tanıdıb. “Sular xırçın olaydı” misrasını oxuyanda çox balacaydım. İri çaylar, gölləklər, bulaqlar görmüşdüm. O misradan sonra üstünə getdiyim bütün çaylara diqqətlə baxırdım, xırçın su axtarırdım. Fəqət baxdığım sular şaqqıltıyla axıb məndən uzaqlaşırdı.

Xəzəri birinci dəfə görəndə çox qorxmuşdum. Elə bilirdim Müşfiqin saçları, ayaqqabıları, gözləri hələ də dalğaların həyasız üzündə üzür.

Xəyallarım məni ucsuz-bucaqsız dənizin üstündə gəzdirirdi. Birdən uzaqdakı qaraltının mənə doğru gəldiyini görüb üşürgələndim. Geri baxdım, rəfiqəm siqaret damağında, telefon qulağında kimləsə danışırdı. Suyun üzündəki tüklü şeyin mənə yaxınlaşdığını görəndə qalxıb ona sarı qaçdım. Ulduz telefonu qulağından aralayıb şaqqanaq çəkdi:

– Belə qorxarsan ey, gəl çıx daa, acından öldüm axı.

Gözümlə yeriyən qaraltını göstərdim. Ulduz yenə güldü:

– Mən bayaqdan görmüşəm, qorxma, qadındı.
– Nə danışırsan, elə qadın olar? Yumağa oxşayır.
– Ay qız, qorxma, mənim gözüm uzağı yaxşı görür, qadındı.

Bir gözüm suda diyirlənənə baxa-baxa torbaların ağzını açıb kotletləri, toyuq çığırtmasını bacılığımın qabağına yığdım. Sahilə az qalmış yumaq qəfil ayağa qalxdı, o da Ulduz kimi bərkdən qaqqıldadı. Elə aralıdanca bizə səsləndi:

– Deyəsən qorxdunuz?
Mən cavab verməmiş Ulduz ona çəmkirdi:
– Qorxub eləmədik.
Qadın yorunuq dalğaların ağzında özünü silkələyib suyunu ətrafa dağıdanda rəfiqəm mənə xısıldadı:
– Birdən onu bura çağırarsan haaa.
– Çağırsam nolar?
– Gəlib süfrəni süpürəcək, axşama kimi burdayıq.

Hava çox gözəliydi, gün adamı yandırmırdı, payız hələ taxta çıxmamışdı. Xanım bizim çağırmağımızı gözləmədi, köhnə tanışlar kimi yaxına gəldi, bizlə üz-üzə durub özünü qumun üstünə yıxdı.

Xasiyyətimi bilən Ulduz üzümə acıqlı baxıb şüşə qazandakı toyuğun səkil tikələrini çörəksiz-zadsız dişinə çəkməyə başladı. Xanım gah rusca, gah azərbaycanca danışırdı. Qaşlarının altından sallanan ət gözlərini tamam örtmüşdü, danışdıqca qaşları sallaq əti geri dartırdı, pırtlaq gözləri bayıra çıxırdı. Sinəsinə sanki iki girdə qarpız qoymuşdu. Ulduz körpə cücənin ətini sümürüb sümüyünü kənara tulladıqca qonağın ağzı danışır, sulu gözləri quru sümüyün dalınca gedirdi. Ulduzun qorxusundan onu süfrəyə çağıra bilmirdim. Qonaq termosu görəndə yerindən qalxdı:

– Aaa, sizin çayınız da varmış!
Daha dayana bilmədim:
– Gəlin siz də qonağımız olun.
Ulduz əlini qazana soxub qadının üzünə baxmadan dilləndi:
– Gözünün üstünü kəsdirəydin də, məmələrini niyə o boyda şişirtmisən?
Qulaqlarım uğuldadı. Qadın bacılığımın ağzına baxıb güldü:
– Anadangəlmədi, – deyib baxışlarını Ulduzun ağzından sinəsinə sürüşdürdü.

Rəfiqəmin iri bədəni olsa da, döşdən yanıq idi. Qəfil qonaq gözlərini qazan eşən rəfiqəmin sinəsində dayandırıb neştərini sancdı:

– Qadını gözəl göstərən onun sinəsidi, döşləridi. Gedim mən də çantamı götürüm gəlim.

Qadının uzun ayaqları sanki döşlərini daşımaqdan yorulmuşdu. O qayıdanacan Ulduz məni itdən alıb çaqqala verdi:

– Gördün, mənə söz soxdu? İndi gəlib yamaq olacaq bizə. Tez elə gizlət hər şeyi.
– Nə bilirsən bizə şərik olacaq? Günümüzü zəhər eləmə.
– Onu əzizləsən, səni bu haldöşə verib gedəcəm.

Xanım iri çantasını sürüyə-sürüyə yanımıza gəldi. Ordan kiçik bir torba çıxarıb süfrəmizə tullayıb keçib gün düşən yerdən oturdu. Gah mənə, gah süfrəyə baxıb udqunanda özümü saxlaya bilmədim:

– Ürəyiniz istəyəndən siz də yeyin.

Söz ağzımdan çıxar-çıxmaz indi də bu qazana şığıdı. Ulduzun bəyənmədiyi tikələri, boyunu, qanadları sümürə-sümürə yeməyə başladı. Bacılığım bir də qazana soxuldu. Xanim bel sümüyünü dişiylə tutub cücənin möçüyünü götürəndə Ulduz balaca tikəni onun əlindən alıb ağzına atdı. Gözünü süzüb qonağın süfrəyə qoyduğu torbanı cırıb içindəkiləri boşqaba atdı: iki peraşki, noxud dənəsi boyda bir cüt turşməzə konfet, yarım litrlik kapron qabda su. Rəfiqəm uğundu:

– Bunları minib dənizə gəlmisən?
Qonaq pərtliyini büruzə vermədi:
– Yox, maşınımı minib gəlmişəm.

Açdığım süfrədə sanki yarışma, ölüm-dirim mübarizəsi gedirdi. Ulduz hər şeyi lap qabağına çəkib qollarıyla yeməkləri qonaqdan qorğanmağa çalışırdı. Qonaq da ondan geri qalmırdı. Ulduzun qollarının üstündən süfrədəkilərə hücum çəkirdi. İkisinin də uzun rəngli dırnaqları qazana, salata girib çıxdıqca məni öyümək tuturdu. Çörəyin əl dəyməmiş yerindən bir az kəsib, arasına Ulduzun gizlədiyi kotletlərdən birini qoyub kənarda gəvələyə-gəvələyə bu iki yaşlı-başlı qadına baxırdım. Rəfiqəmin ekiztayını tapmışdım. Gah gülür, gah iyrənirdim, gah da dəhşətə gəlirdim.

Mənim Qobsek, Uçağan, oğlumun Yel Əhməd adlandırdığı Rəna bacılığımın bütün səylərinə baxmayaraq beləcə həyatıma girib, ona istədiyi rəngləri yaxmağa başladı.

***

Tanışlığımızın ayı tamam olan kimi Rəna məndən əlli manat borc istədi. Hər gün işdən çıxıb özünü bizə salan Ulduz başladı mənə ağıl verməyə:

– Gördün, adam səndən istifadə eləmək istəyir. Altında bahalı maşını, sənin üstünə pula gəlir.
– Onsuz hamı məndən istifadə eləyir, – dedim, – onunku da əlli manatlıq borcla olsun.
– Məni deyirsən, eləmi? Axı bilirsən mən niyə səndən əl çəkə bilmirəm. Zəhərə qalmış siqaret dilimi gödək eləyib.
– Siqaret olmasa gəlməzsən, həə? Məni ona görəmi çox istəyirsən?

Ulduz iri yaşıl gözlərini süzüb, alnına tökülən ipək saçlarını başının hərəkətiylə geri tulladı.

– Qurdlu danışma, sənsiz ölərəm. Sən olmasan şoxdan it-qurd yemişdi məni, – deyib boşqabdakı iri tort tikəsini yekə ağzına basdı. – Dovğandan bir banka ver aparım oğluma, tortdan da qoy. Mən gedirəm, özün bilərsən, pulun çoxdusa ver. Bax bir bacı kimi sənə məsləhətim budu: özünü ona-buna yedirtmə, hər yoldan ötənə qapını açma.

İndi də mən ucadan güldüm. Rəfiqəm mənim gülüşümün səbəbini anlamadı.

Bir müddət keçmiş Ulduzla Rəna mənim üstümdə, bizə gəlmək uğrunda bir-biriylə davaya çıxdılar. Evimi dəyişib yeni məhəlləyə köçdüm. Burda Rənayla qonşu olduq. Görüşümüz kimi qonşuluğumuz da qəfil alındı. O gündən sonra lap tez-tez görüşürdük.

Təzə qonşum məndən yeddi yaş böyük olsa da, çox qıvrağıydı. Yolu az qala qaça-qaça gedirdi. Qoşa girdiyimiz bütün dükanlarda hamıyla dalaşıb çıxırdı. Paltar dükanında onlarla qoftanı əyninə geyib yoxlayırdı, axırda da bahadı deyib satıcıyla dalaşırdı, heç nə almadan uzun enli sarafanının ətəyini yellədə-yellədə çıxıb gedirdi. İri marketlərin şirniyyat bölümündə saniyədə bir şokolad udub kağızlarını cibinə yığırdı, sonra su bölməsindəki bahalı sulardan birini götürüb içirdi, doyanda boş şüşəni doluların yanına qoyub əkilirdi. Çıxıb bayırda irişə-irişə məni gözləyirdi. Həkim xanım özünü heç kimə yaraşdırmırdı. Məndən işi aşmasaydı, heç salam da verməzdi. Kitabxanamdakı kitabları barmaqlayıb çoxunu rusca oxuduğunu deyirdi. Arada sual verirdim, görürdüm düz deyir.

İşdən gəlib özümə axşam süfrəsi hazırlayırdım, qonşum şimşək kimi çaxıb qaraquş caynağına oxşar dırnaqlarıyla süfrəni süpürür, sonra divana sərilib durmadan danışırdı. Onu dinləməyə gücüm yetmirdi, yalandan başımı yelləyib üzünə baxırdım.

Səhhətimlə bağlı xaricə getməliydim. Qonşum özünü yetirib hüdüldəməyə başladı:
– Getmə, yollar bağlanacaq, qalacaqsan oralarda, xəstəliyə yoluxub öləcəksən.

İçinə düşdüyüm bəladan hələ xəbərim yoxuydu. Hamı xaraba Uhandan danışıb, olanlara nağıl kimi baxırdı. Rənanın xəbərdarlığına məhəl qoymadan sağlamlıq sorağıyla qonşu diyara getdim. Uzun yol boyu onun dediklərini xatırladıqca vahimələnirdim. Nə demişdisə az sonra hamısı çin çıxdı.

Mən qonşu ölkədən qayıdan kimi sərhədlər bağlandı. Minlərlə adam getdiyi yerdə çarəsiz qaldı. Qızdırmalı-titrətməli bir xəstəliklə on beş gün boğuşdum. Uçağanım qapının deşiyindən belə mən tərəfə baxmadı.

***

Bir müddət sonra dəhşətli virus bizim də şəhərimizə ayaq açdı. Hökumət hamını məcburən evə yığası oldu. Mənim işim dövlət əhəmiyyətli olduğu üçün idarəmizdən icazə kağızı verdilər. Uçağanım həkimiydi axı, onun da 24 saat istədiyi yerə getmək hüququ vardı.

Fəlakətin miqyasını qanmırdım deyə ilk günlər hamının evə dürtülməsinə sevinirdim. Bir gün işləyirdim, bir gün evdə olurdum. Evdə qaldığım günlərdə özümü atırdım şəhərin insansız küçələrinə. Bakılı olandan bunu çox arzulamışdım. Evimin yaxınlığındakı metro xaraba dəyirmana oxşayırdı, guruldayan qatarlar yuxuya getmişdi. Uzaqdan gözə dəyən polis olmasaydı, elə bilərdim şəhəri sıpqarıb aparıblar, mən köçdən qalmışam. Bir də başımın üstündən uçan şəhər quşları xoşuma gəlirdi. Hələ parkın ətəyindəki qoca qara qarğalardan deyim – nə vaxt gedirdimsə siqaret çəkirdilər, tum çırtlayırdılar, saqqız çeynəyirdilər. Məni vecinə qoyan olmurdu. Hərdən düşürdüm bir qocasının, yorğununun ardınca, məni aldadıb parkın dərinliklərinə aparanda ayılıb geri qayıdırdım. Adamsız küçələrdə yeridikcə sevincdən uçurdum, hansı tərəfə gedəcəyimi bilmirdim.

Şəhər Ənuşirəvanın xarabalığına, mənsə onun sağ qalmış yeganə bayquşuna bənzəyirdim. İçimin-çölümün bayquş xoşbəxtliyini çox vaxt Uçağan əlimdən alırdı. Qəfil yel kimi peydahlanıb qışqırırdı, gülürdü, çoxlu adamın öləcəyini deyirdi, pul kisəsini eşələyib içindəki pullarını yoxlayırdı. Bu vaxt onun əti sallanmış pırtlaq gözlərinə baxmağa qorxurdum.

– Allah eləməsin, niyə ölsün adamlar?
– Qoy elə ölsün hamı. Buranın adamları pisdi, hər şeyi baha satırlar, adama sataşırlar.
– Bəyəm sən nəsə alırsan ki? Bir də səndə sataşmalı nə var?
– Niyə almıram! Sən özünə baxma, taxtaya oxşayırsan, mənim fiquram qəşəngdi, hamı mənə baxır, – deyib cırım ağzıyla şaqqıldayırdı.

Onu polislə söyüşən qoyub dalda küçələrə çəkilirdim, balkonlardan məni haylayırdılar:
– Qaç, indicə polis gəlib səni tutacaq.
Eyvanlardan səslənən tanımadığım adamlara baxırdım. Heç kimin ölməsini istəmirdim, razıydım illərlə şəhər beləcə səssizliyə bürünsün, amma heç kimin burnu qanamasın.
Bacımın göz yaşları içimdəki sevinci isladırdı:
– Qocamız, cavanımız, xəstəmiz var, – deyirdi, – Allah bu bəlanı tezliklə yaxamızdan qopartsın.
Gülürdüm:
– Nə bəladı ey, mən karantinin davam eləməsini istəyirəm. Şəhərin bu halı xoşuma gəlir.
Bacım məni qınayırdı:
– Bunu heç yerdə danışma, camaat səni topa tutar, ayıbdı.

Bir axşam Uçağan bişirdiyim küküdən yedi, xalatının cibində gətirdiyi spirt şüşəsindən nəsə töküb içdi, açarını itirdi:
– Kaş karantin illərlə davam eləsin, maaşım səkkiz dəfə artıb ey. Maşınımı dəyişəcəm, özümə bahalı kreslolar alacam.
Sərxoş olub puçurlarını ortalığa tökdü. Hətta iki il qabaq getdiyi toya yazdırdığı nəmərdən də danışdı:
– Yedim, içdim, boş paketin üstünə adımı yazıb yeşiyə atdım.
– Bəs sonra üstü açılmadı?
– İş yoldaşım mənə deyəndə üstünə atıldım ki, yalan danışırsan, mən paketə yüz manat qoymuşdum. Bərk dirənsəydim ondan yüz manatımı ala bilərdim.

Uçağan beləcə pullarını sığallaya-sığallaya, uzanan karantinin şərəfinə himnlər oxuya-oxuya evinə bahalı əşyalar aldı, maşınını dəyişdi. Soyuducusuna qoymağa isə heç nə almadı. Şəhəri ayaqdan keçirib hansısa fəhlə kafesində ucuz yeməklər tapmışdı. Gecələr satıcıların çölə qoyduqları çürük pomidorlardan, meyvələrdən seçib evinə daşıyardı. Di gəl, bir dəfə də evində soğan cızz eləməzdi, evdən iy gələr deyə qazan asmazdı. Mənim bir şey bişirmədiyimi görəndə gözlərini oynada-oynada gülərdi:

– Sən də simicin birisən ey, niyə ətdən-toyuqdan bişirmirsən?..
Bir gün Uçağanımı ilk dəfə kədərli, ağlayan gördüm.
– Nə olub yasa batmısan?
– Depressiyadayam, qorxuram xəstələnəm. Kim baxar mənə?
– Oğlunu, qızını göndərmisən Almaniyaya. Nə var burda, niyə getmirsən onların yanına?
– İstəmirəm, – deyib gözlərini məndən yayındırdı.
– Pulun da var, çıx get bir yaxşı yerdə dincəl.
Söz ağzımdan düşməmiş elə bildim onu ilan çaldı:
– Sənin gözün dəyəcək mənim pullarıma. Bəyəm sən pul tapmırsan, niyə özün getmirsən?

Belə kədərli günlərin birində qonşum yenə içib gizlinlərini ortaya tökdü. Dediyinə görə, bir xeyli pulu bağlanmış bankların birində qalmışdı. Beş dəfə ərə getsə də, uşağı olmamışdı. Uşağım deyib şəkillərini mənə göstərdiyi cavanlar onun axırıncı ərinin övladlarıymış. Sonda gülə-gülə dedikləri məni əməlli-başlı qorxutdu: Uçağan üç il əvvəl internetdə tanış olduğu bir türkü evlənmək bəhanəsiylə barmağına dolayıbmış. Ona bilet aldırıb Türkiyəyə gedib, bir ay kişinin otelində yeyib-içib, özünə əyin-baş aldırıb, sonda kişinin başına tük əkdirdiyini bəhanə eləyib dava salıb, geri qayıdıb. Guya bu, keçəl kişiləri sevirmiş.

Yayın əvvəlində Rəna süfrəyə bir xəbər üfürüb qaçdı: ki, tezliklə müharibə başlayacaq, torpaqlarımızın bir hissəsini geri alacağıq.

Bacım ona Qurbağagöz deyirdi – düzünü o tapmışdı. Mən burdan vurub ordan çıxdığına, hər yerdən bir xəbər gətirdiyinə görə Rənaya Uçağan deyirdim. Dediklərinin bir qismi çin çıxırdı deyə bacımın da bu qəribə məxluqa marağı artmışdı:

– Sənin qurbağagözün təzə nə deyir?
– Deyir müharibə olacaq, torpaqların yarısı geri qaytarılacaq.
– Bunu keç, xəstəlikdən nə deyir?
– Eləcə deyir çoxlu adam öləcək.
– Ağzı yumulsun onun.

Tanıdığım adamlar bic bəladan öldükcə canıma vəlvələ düşürdü. İşləmədiyim günlər başımı götürüb evdən qaçırdım, binaların arasıyla hara gəldi gedirdim. Gah öz-özümə danışırdım, gah şeir söyləyirdim, alaca kəpənəyin dalına düşürdüm, atlı qarışqanın ağzından ot qırığını alırdım. Gah div axtarışına çıxırdım, həyətimizdəki liliput oğlanın balkonunun altında ayaq saxlayırdım, elə bilirdim neçə illərdi Cırtdan dediyimiz oğlan elə mənim bu bığlı-saqqallı, üç-dörd qarış boylu qonşumdu.

Yeddi başlı əjdaha da yəqin elə bu virusmuş.

***

Çox keçməmiş Uçağanın dedikləri gerçəyə döndü. Müharibə başlandı. Xeyli vaxtdı karantinin basqısı altında olan xalq elliklə ayağa qalxdı. Qarı düşmənin dizlərini qatladıq. Həyətimizə şəhid gəldikcə Rəna sevincindən uçurdu. Bir gün az qaldı saçyolduya çıxaq.

Müdirimiz cəbhədəki əsgərlərə yardım aparacaqdı. Qadınlar sözü bir yerə qoyub olanımızdan toplamağa başladıq. Təzə mələfələrdən, yastıq üzlərindən, güllü yorğanlarımdan evdə təpə qurmuşdum. Mürəbbə bankalarını əl dəsmallarına büküb qabğarırdım. Uçağan özünü yetirdi:

– Sənin basin xarabdı? Təptəzə mələfələri, yun yorğanları hara göndərirsən?
– Qoy əsgərim soyuq yerdə yatmasın, halal xoşu olsun.

Qonşum bəzəkli əl-üz dəsmallarını, kolleksiyamdakı ətirli sabunları seçib qucağına yığdı.

– Bunları mən götürürəm.
– Niyə? Olmaya sən də güllə qabağına gedirsən?
– Elə bil onlara göndərmisən, qoy bunlar mənə qalsın.

Dartıb qucağına yığdıqlarını qamarladım.

– Sən öl vermərəm.
– Heç olmasa yorğanın birini ver.
– Heç onu da vermərəm.
– Onda mürəbbədən, konfetlərdən qoy götürüm.
– Alt qonşumuzun yasına səni apara bilmədim. Ölənlərə mən ağladıqca sən gülürdün, indi bir çöp də vermərəm.

Başqa vaxt küçüyünü itirmiş qancığa dönürdü, indi boynunu büküb özünü yazıqlığa vurmuşdu.

– Bütün qışı mən xəstə yatıram, evim soyuq olur, yun yorğanım da yoxdu. Elə bilirsən bunların hamısını aparıb ora çıxaracaqlar?
– Bunu aparan adam çox etibarlıdı, öz əliylə döyüşən əsgərlərə verəcək.
Qanovuz yorğanın birini bürünüb divanda düzüşdü:
– Bunu verməyəcəm.

Aldıqlarımı, evdən çıxardıqlarımı qabğarıb yapışqanlı kağızlarla bağladım. Yorğanı Uçağanın caynaqlarından qopara bilmədim, bürünüb qınına girmiş kirpi kimi büzüşmüşdü. Bir ara yumşaldım, ürəyimdə dedim, əşi, itaparan olsun, qoy almayım yorğanı bunun əlindən. Birdən yadıma həyətimizdə tərəvəz satan Səmərin oğlunun şəhid olduğu gün düşdü. Uşaq müharibənin üçüncü günü həlak olmuşdu. Məhlədə hamının faciədən xəbəri vardı, ancaq heç kim ürək eləyib anaya bir söz deyə bilmirdi. Səmər bir qarın doğmuşdu, onda da əkiz uşağı olmuşdu – biri oğlan, biri qız. Əri maşın qəzasında ölmüşdü, uşaqlarını zülümlə böyütmüşdü. Ali məktəbi bitirib iş tapa bilməyən oğlu oynaya-gülə cəbhəyə yollanmışdı. Yağı gülləsi gülburnu cavanı çox tez haqlamışdı. Qonşular yığışıb binamızın həyətini yığışdırdıq, pilləkənləri yuduq. Heç kim ürək eləyib Səmərin üzünə baxa bilmirdi. Yazıq ananın sümüyü duymuşdu, bir gözü tərəzidə, bir gözü bizdə öz-özünə gumuldanırdı:

– Allah sən saxla, deyəsən ölən var.

Uçağan tullana-tullana özünü Səmərin yanına verdi. Qıçı qırılmışın içəri girməyiylə Səmərin çığırtısının binalara dəyib çiliklənməyi bir oldu. Kösövə dönmüş qollarıyla başını qapazlaya-qapazlaya oynayan ananı görəndə bildim ki, dili qurumuş oğlunun qara xəbərini ona çatdırıb…

İpək yorğanı dartıb onun çiynindən qoparanda Uçağan top kimi divandan yerə dəydi. Gözləri bir az da böyüdü:
– Az qalıb, müharibəni dayandıracaqlar, hamı geri qayıdacaq. Erməni hələ Qarabağda qalacaq.
– Yalansa ağzına daş yamansın! Torpaqlarımızın hamısı alınmayınca müharibə qurtarmayacaq.
– Ay bala, gördün, mənim dediklərim oldu. Xəstəliyi dedim, gəldi, müharibəni dedim, başladı.
– Sənin bayquş dilin çürüsün, dur sürük cəhənnəmə burdan.
– Korona tutub öləcəksən, meyidin ortalıqda qalacaq. Mənə qismət olmayan yorğana meyit bükülsün, – deyib yerdən qalxdı.
– Sən şeytan olub qalarsan bu dünyada. Çıx get, qoy mən də işimi görüm.
– Tereza ana olub mənim üçün.
Qarğış yağdıra-yağdıra qapıya sarı götürüldü. Ayağını geyindi, bir əli qapıda, topaladığım əşyaların içindən bir əl dəsmalı götürüb qaçdı.

***

Oktyabrın ortasında bic virusa mən də yoluxdum. İlk üç günü heç nəyim yoxudu, evimi təmizlədim, pəncərələrimi yudum, özümə xeyli yemək bişirdim. Arada öz-özümə deyirdim:

– Burda nə var ki, hamı əl-ayağa düşüb, bunun nəyi qorxuludu?

Üçüncü gün canımı qara qızdırma aldı. Uçağan xəstələndiyimi bilən kimi ayağını bizdən kəsdi. Qohum-əqrəba, bacı-qardaşım növbəylə mənə yemək, dərman daşımağa başladılar. İştahadan kəsildim, iy-qoxu, dad bilmədim. Bizimkilər yemək dolu zənbilləri qapının ağzına qoyub gedən kimi Uçağan özünü yetirib başını soxurdu qab-qacağın içinə, xoşuna gələnləri götürüb gedirdi.

Divarlar üstümə gəlirdi, məni qara basırdı. Gözümü pəncərəyə zilləyib saatlarla uzanıqlı qalırdım. Elə bilirdim əzrayılım mən baxan pəncərədən içəri düşəcək, məni çəngəlinə vurub aparacaq. Hər gün bir bəd xəbər alırdım. Mənimlə bir gündə azara tutulan iş yoldaşım, gəlinimizin xalası oğlu, xalası qızı ölmüşdülər.

Uçağan yenə öz aləmindəydi. Gündə bir dəfə mənə gətirilən zənbilləri eşir, qapının dalından çoxlu ölən olduğunu sevincək xəbərləyib gedirdi.

Günlər keçdikcə anladım ki, daha mənimki ölümdən keçdi. Yavaş-yavaş sağalırdım, tez-tez ayağa qalxırdım, güzgüyə baxırdım. Karantin müddətim bitdi, aptekə gedəndə Uçağanı gördüm. Üzündən-gözündən sevinc fışqırırdı.

– Nolub, ölən çoxdu?
– Hardan bildin?
– Sənin gülməyindən.
Məndən aralanıb uzaqda dayandı:
– Hə, cəbhədə də, xəstəxanalarda da ölənlərin sayı çoxdu, – deyib qaça-qaça getdi.

Adamın içini-çölünü artıq əzbər bilirdim. Özününkü yoxuydu deyə kiminsə övladı öləndə sevincindən gözləri yaşarana qədər gülürdü. Küçədəki dilənçiləri tində dayanmağa qoymurdu. Kimisə ağlayan, ac, xəstə görəndə oynağa gedirdi. Hərdən elə bilirdim qadını şeytan əkib, şər ifraz eləyib. Bunu heç bir ana bətnində gəzdirə bilməzdi.

Mən işə çıxan günü Uçağan koronaya yoluxdu. Yazığım gəldi: kim baxacaqdı buna, dərmanını, yeməyini kim gətirəcəkdi bu evi yıxılmışın?

Təcili yardım stansiyasında işləyirdi. Gecə növbələrində qaçıb ayaqyolunda gizlənirmiş, çağırışlara getmirmiş deyə yerini dəyişib ucqar qəsəbəyə göndərmişdilər. Vaksini birinci həkimlərə vurmuşdular. Bu bədbəxt ondan da yayınmışdı.

İşdən dönəndə birbaşa onun yanına qalxdım. Qızdırmadan uçalanırdı.
– Nə yemisən?
– Nəyim var ki, yeyəm.
Evi tərtəmiz, bahalı mebelləri, qəşəng qab-qacaqları, süfrələri, çilçıraqları. Di gəl, soyuducusu bomboş. Adam qıyıb özünə yavan çörək də almırdı.
– İndi neyləyək?
– Sabah məni xəstəxanaya aparacaqlar, bu gecə yeməyə bir şey gətir.
– Özün həkimsən, müalicə yolunu bilirsən. Evində yat, tez də sağal.
– Qohum-əqrəban daşıdı, sən də yedin. Mənə kim gətirəcək? Sənin kimi ağılsız olmayacam, iynə-dərmana pul verəsi deyiləm.
Gecə mən aparanları yedi, səhəri götürdülər modul tipli xəstəxanaya. Hər axşam ordan mənə zəng vururdu:
– Bu gün səbzi-plov yemişəm, salat yemişəm.

Sevinirdi, gülürdü. Dərmanları, iynələri pulsuz verildikcə sevincindən qəşş eləyirdi. Mənim od qiymətinə aidığım “Kleksan”ın ona havayı vurulduğu anların şəkillərini çəkib atırdı mənə.

***

Xəstəxanaya düşdüyünün beşinci günü mənə onun telefonundan zəng vurub öldüyünü dedilər. Meyidi üç gün morqda qaldı. Xəstəxana mənim yaxamdan yapışmışdı, telefonla ən çox mənlə danışmışdı deyə qohumum bilirdilər.

Bir dəfə ayaqqabı ustasına getmişdik. Yolun üstündəki binadan bir pəncərə göstərib dedi:

– Bax o evdə mənim bacım yaşayır.
Təəccübləndim:
– Sənin bacın da var?
– Biz on ildən çoxdu küsülüyük…

Gedib əvvəlcə binanı, sonra pəncərədəki dibçəyi nişan götürüb evi də tapdım. Qapını Rənaya bənzər iri döşlü, köhnə xalatlı bir qadın açdı. İçərinin günəbaxan yağı hopmuş havası məni geri itələdi. Dəhliz o qədər tozluydu, xanımın ayaq izləri aydınca görünürdü. Mən də elə Uçağanın özü kimi qara xəbəri birbaşa çatdırdım:

– Bacınız xəstəxanada ölüb, əgər getməsəniz, sabah kimsəsizlər qəbiristanlığında basdıracaqlar.
– Mənim elə bacım yoxdu. Allah bilir nə fırıldağı var.
Başladım bunların öz dillərində danışmağa:
– Məndən xəbər verməkdi, getməsəniz, dövlət özü dəfn eləyəcək, evini, maşınını da verəcək yetimin birinə.
Elə bil bacının sifətinə qapaz vurdum.
– Yəni o doğrudan ölüb?
– Ölümün yalanı da olur?
Dəyirmi sifətinə əkilmiş gözlərini atıb tutdu, güldü, tez də özünü yığışdırdı:
– Varisi mənəm, heç kim onun malına toxuna bilməz.
– Onda zəhmət çək, get bacının meyidinə yiyə dur.

***

Qadının yalvarışları məni yumşaltdı, iki gün sonra onunla birlikdə xəstəxananın həyətindəydim. Təkərli xərəyə uzadılmış üzü örtülü meyidi arxa qapıdan çıxardılar. Xüsusu geyimli kişilər bizi yaxın durmağa qoymadılar. Aralıdan adamın biriylə dialoqa girdim:

– Mələfəni qaldırın ölümüzün üzünə baxaq, bəlkə heç bizimki deyil.

Örtüyü qaldırdılar: Rənanın qıpqırmızı saçları sifətinin yarısını örtmüşdü. Uzun zoğalı dırnaqları payızın boz havasında uzaqdan qızarırdı. Bəli, ölən o idi – Uçağan. Mənə arzuladıqları öz başına gəlmişdi, meyidi ortalıqda qalmışdı. Bacısı yenə gülürdü. Niyə də gülməyəydi – yatan yerdə qızıl yüklü dəvə tapmışdı.

– Niyə ağlamırsan, – dedim, – heç olmasa yalandan ağla.
– Mən ona yalandan da ağlaya bilmirəm, – dedi, – heç öldüyünə də inanmıram. Burda nəsə bir iş var.

Meyidi maşına qoydular, iri torbada bacısına nəsə verdilər. Tibb bacısı xırda bir bükülü uzatdı:

– Bu da sırğalarıdı.
– Bəs üzüyü? – bacı cikkə çəkdi.
– Üzüyü olmayıb barmağında.

Taksiyə oturan kimi bacı xəstəxanadan verilən torbanı cırıb Uçağanın iri çantasını açdı. Pulqabını çıxarıb içindəki pulları saymağa başladı. Gözümün ucuyla oğrun-oğrun mən də saydım: on yeddi dənə yüzlük! Qadın pulları öz çantasına dürtdü, Hövsan məzarlığına çatana qədər başını bacısının çantasından çıxarmadı.
Meyidi hazır qəbrə salladılar, üstünü torpaqlayanda məni ağlamaq tutdu. Bacı qarpız döşlərini yellədə-yellədə xüsusi geyimli adamların yanına getdi, irəli durub qəbrin içinə baxandan sonra yenidən mənim yanıma qayıtdı:

– Məni qınamayın ey, hələ də inanmıram öldüyünə.
Aramıza uzun sükut çökdü. Geri qayıdanda da danışmadıq. Bizim həyətə çatanda bacı dilləndi:
– Gəlim onun maşınını mənə göstər, görüm neyləyə billəm.

***

Bacını bir də Novruzda gördüm. Yekə döşləri onu nişan verməsəydi, bəlkə də heç tanımazdım. Özünə əməllicə maya qoymuşdu.
– Bura köçmüsüz?
– Maşını satdım, mənzili hələ adıma keçirməmişəm. Evin hər künc-bucağını axtarmışam, pullarını tapa bilmirəm.
– Ola bilməz. O bütün pullarını banklardan çıxarıb evinə yığmışdı, təzə binalara gözü düşmüşdü.
– Gəlin qalxaq bizə, bəlkə siz mənə kömək eləyə biləsiz.
Maraq xatirinə qalxdım. Uçağanın ardınca tərtəmiz evi də uçub getmişdi. Rənanın qıyıb soğan qovurmadığı mətbəxində xaş, bozbaş, dolma bığıldatmışdı bacısı.
– Haraları axtarmısız?
– Hər tərəfi, gəzmədiyim yer qalmayıb.

Yadıma düşdü ki, Rəna anacaq divanda oturanda yerlə-göylə əlləşirdi. Hamını hədələyirdi, qonşulara söyürdü, rəisinə söz soxurdu. Divandan qalxan kimi başqa əhvalda olurdu.

– Divanın altına baxmısız?
– Elə birinci oranı gəzmişəm. Qızılları ordan tapdım.

Uçağanın bacısına qoşulub başladım evi axtarmağa. Arada özümü danlayırdım: vallah sənin də ağlın azıb, niyə ölmürsən, nə itin azıb burda?

Balkona çıxıb kombinin şkafını açdım, qutunun içindəki cihaza xeyli tamaşa elədim. Kombi aparatının yanındakı boşluqda ağ sellofan torba parıldayırdı. Torbanın qulağından tutub özümə sarı dartdım. Bükülü şeylər yerə töküldü. Bacı necə qəhqəhə çəkdisə diksindim, elə bil poxundan muncuq tapmışdı.

– Aha, tapıldı! Dəyməyin, siz geri çəkilin, mən özüm götürəcəm.
Hər bükülüdə iyirmi min dollar vardı. Bacı məni dartıb otağa saldı:
– Bəlkə siz gedəsiz? Bağışlayın, əziyyət verdim.
Əllərimi yuyub qapıya yönəldim.
– Siz Allah, heç kimə bir söz deməyin.
– Kimi nəzərdə tutursuz?
– Qonşular-filan.

Heç nə deməyib liftin düyməsini basdım. Haldöş qəfil üstümə yeridi:
– Bacımın ehtiyat açarını mənə qaytarın.
Onu ayaqdan-başa süzüb nə deyəcəyimi bilmədim. Qəfil gülmək tutdu məni:
– Bacınızın stolunun üstündəki resepti, dərmanları gördünüzmü ilk dəfə evə girəndə?
– Bəli, gördüm.
– Bax siz o dərmanların pulunu mənə qaytaranda mən də açarı sizə qaytaracam.
Arvad əlimdən tutub məni liftdən araladı:
– Dərmanları siz almışdız? Qəbzi saxlamışam, gözləyin baxım.
Baxdı: səksən manat pul ödəmişdim Uçağanın dərmanlarına. Sonra verərəm deyib səhəri xəstəxanaya getmişdi.
– Bir həftəyə pulu sizə qaytaracam. Ancaq siz açarı mənə verin.
– Siz hardan bilirsiz ki, bacınız mənə açar verib?

– Çünki siz onun pullarının yerini bilirdiz. Bacımın sizinlə vatsap yazışmalarını oxumuşam, dinləmişəm. Rəna ancaq sizdə olub, həmişə siz onu yeməyə çağırmısız. Hər dərdini sizə deyib, xəstəxanaya gedəndə maşınının açarını da sizə vermişdi.
– Onun heç sizə canı yanmırdı, mənə açar verərdi?
– Sizdən polisə şikayət eləyəcəm.
– Əlinizdən gələni beş qaba çəkin…

Bir müddət sonra bacı məni harda gördüsə başladı şıvranmağa.
– Bağışlayın, sizi incitdim. Bacımın bütün bank sənədləriylə evdəki pulunu üzləşdirdim, hər şey yerindəydi. Ehtiyat açarı da maşınından tapdım.

Bacının baxtı açılmışdı. İşdən çıxmışdı, öz evini satlığa qoyub qısa müddətdə xeyli ölkə gəzib dolanmışdı. Hələ özünə bir lopabığ da tapmışdı. İntəhası çox qorxurdu, bu qorxu da onu puldan əməlli ləzzət almağa qoymurdu. Daim təlaşdaydı – birdən ölər, pulları yeyib qurtara bilməz.

Gözlərinin üstündən sallanan əti kəsdirib, üzünü dartdırıb, bahalı paltarlar, ətirlər alıb özünə. Gecələr bayıra çıxmaqdan qorxur. Qapısı hər döyüləndə ürək-göbəyini yeyir, elə bilir bacısı bir gün qayıdıb yediyinin hamısını qusduracaq.

***

Mən Uçağanın gecələr hündür binaların üstündə uçduğunu, maşınını saxladığı yerə qonduğunu dönə-dönə görmüşəm. Gərək bunu bacısına da deyəm…

İyul 2023-cü il