Xatirələrə nə qədər bel bağlaya bilərik? - Cəlil Cavanşir

Xatirələrə nə qədər bel bağlaya bilərik?  - Cəlil Cavanşir

06 Fevral 2024 12:14 223


Yaşadığımız həyatı hekayə kimi düşünsək, sonunun mütləq yaxşı bitməyini istəyəcəyik. Amma təəssüf ki, həyatımız humanist yazıçının qələmindən çıxan romantik hekayə deyil və onun yaxşı sonluqla bitməyini arzulamağımız, həyatımızın xoş keçəcəyinə, yaşadığıqlarımızın mükəmməl sonluqla bitəcəyinə zəmanət vermir.

Şablon bir deyimi, xatırlayaq: "Həyat enişli-yoxuşludur".

Bunu o qədər çox eşitmişik ki, bəzən həqiqəti əks etdirən bu ifadə bizə təsəlli vermək əvəzinə, qəzəb hissi yaradır. Bəlkə də ona görə ki, biz həyat yollarımızın enişli-yoxuşlu olmağını yox, hamar, düz, rahat olmağını istəyirik.

Bəli, insan qarşısına çıxan çətinliklərlə mübarizə aparmaqdansa, sakit, xoş sonluğu olan hekayələrin qəhrəmanı olmağı arzulayır.

Xoşbəxt olmaq üçün öz daxilimizə, uzun bir səfər etməliyik.

***

Xatirələr bizim yaşadıqlarımızdan qoruduğumuz yeganə şeydir.

Eyni zamanda xatirələr yaşadıqlarımız barədə düşünərkən qəbul edə biləcəyimiz yeganə perspektivdir.

Sonunun necə bitməsindən asılı olmayaraq biz öz hekayələrimizin qəhrəmanıyıq.

Nəyi xatırlamaq isə bizdən asılı deyil.

Bunu yaddaşımız müəyyənləşdirir.

Yaddaşımız isə iki "mən" arasında vurnuxur.

Biz nəyi xatırlamalı, nəyi unutmalıyıq?

***

Uzun səfərə çıxan dostlarımdan birinə avtomobildə klassik bəstəkarlardan birinin məşhur simfoniyasını dinləməyi tövsiyə etmişdim.

O, uzun səfər boyunca simfoniyanı həvəslə, coşğuyla, vəcdə gələrək dinlədiyini, sona çatanda cızılmış diskdən çox pis səs çıxdığını və bu pis sonluğun "bütün ovqatını, musiqinin möhtəşəmliyini korladığını" bildirdi. Əslində, onun ovqatı deyil, hafizəsi korlanmışdı. Dostumun "təcrübəyə əsaslanan mən"i ona bütünlüklə yaxşı təcrübə yaşatmışdı və pis sonluq bunu məhv edə bilməzdi.

Yaşanan təcrübə məhv olması mümkün deyil.

Dostum, diskin cızılmış olmasına, simfoniyanın sonluğunun yaxşı eşidilmədiyinə görə bütün simfoniyaya mənfi qiymət vermişdi.
Bu qiymətləndirmə bir saat ərzində yaşadığı möhtəşəm musiqi zövqünü rədd edirdi.

***

Daxili dünyamızda iki "mən" mübarizə aparır. "Təcrübəyə əsaslanan mən" bəzən susur, "xatırladan mən" idarəetməni ələ alır.

Bu çarpışmada üstünlük hansı "mən"imizindir?

Təcrübəni onun xatirəsi ilə qarışdırmaq inandırıcı koqnitiv illüziya və keçmiş təcrübənin məhv edilə biləcəyinə inanmağımıza vadar edən əvəzetmədir.

"Xatırladan mən" isə bəzən yanılır, ya da yaşadığı təcrübəni rədd edir.

Yaşadıqlarımızdan öyrəndiyimiz şeyləri idarə edən və qərarları qəbul edən bizim "xatırladan mən"imizdir.

Keçmişdən öyrəndiklərimizin, təcrübə etdiklərimizin deyil, gələcək xatirələrimizin keyfiyyətini maksimum dərəcədə artırmaq lazımdır.

***

Xatirələrə nə qədər bel bağlaya bilərik?

Zövqlər və qərarlar xatirələr vasitəsilə formalaşır.

Baxış bucağımızdan asılı olaraq xatirələr də yanlış ola bilər.

Bu bir az da özümüzdən asılıdır.

***

Ən uğursuz sevgi münasibətinizi düşünün.

Uğursuz münasibətlərimizə nəzər salarkən biz bütünlüklə "xatırlayan mən"imizin perspektivindən düşünürük.

Gözlənilməz ayrılıq cızılmış diskin bir saatlıq simfoniyandan aldığımız zövqü məhv etməsi kimidir.

Sevgi münasibətimizin pis sonluqla başa çatması yaşadıqlarımızın tamamilə pis olduğu demək deyil.

"Təcrübəyə əsaslanan mən"imiz bizə xoş xatirələri də xatırladacaq.

Bunun üçün həyatımıza mümkün qədər xoş perspektivdən baxmalıyıq.

Bizə zövq verən təcrübələrin xatirələrinə sığınmaq nə qədər gözəldir.

Sonu gözəl olmayan hekayələrin kefimizi qaçırmasına imkan verməməliyik.

Gözəl sonluqla bitməyən, maraqlı hekayələrin qəhrəmanı olmaq elə də pis deyil.

Diskin cızılması ovqatımıza təsir etsə, simfoniyanın gözəlliyini xatırlayaq.

Əsas olan hekayəmizin qəhrəmanı ola bilməkdir...