“Yazıçılarımızı ələ keçirib, ideoloji vintciyə çevirdilər”

“Yazıçılarımızı ələ keçirib, ideoloji vintciyə çevirdilər”

23 May 2022 18:17 648


Hörmətli Yeniyaz.az! Bu müsahibəni doğum günümün ərəfəsində - 20 aprel 2022-ci ildə istedadlı Tural bəy Cəfərliyə vermişəm, amma mətn yığıla-yığıla nədənsə sövq-təbii hiss edirdim ki, getməyəcək. “Niyə”sini demirəm... Amma bu dəqiqə daxilimdə təəssüfqarışıq nəsə vardır. Qoy o da qalsın...

Əsrimizdə az qala söz dekorativ pərdəyə çevrilməkdədir. Çoxuna elə gəlir ki, söz nəyisə örtmək üçündür, yox, cənablar, söz pərdə arxasında ola bilər, amma heç zaman pərdə ola bilməz. Bir şeyə əminəm: Zaman gələcək, Həqiqət də Sözə yenəcək...

Sayğılarla: Mehman Qaraxanoğlu

- Xoş gördük, Mehman bəy. Öncə sizi yubileyiniz münasibətilə təbrik edirik. Yaradıcılığınız necə gedir, yeni nələrsə yazırsınızmı? Bu haqda bizə danışın, zəhmət olmasa

- Xoş gününüz olsun, Tural bəy! Təbrikə görə də təşəkkür edirəm! Mənim üçün yaradıcılıq təkcə şəxsi fəaliyyət növü deyil, geniş və çoxspektrli bir sistemdir; tələbələrimə dediyim mühazirələrdən tutub baxdığım rəsmlərə, kinolara, oxuduğum kitablara qədər, sosial şəbəkələrdəki kommetlərimdən tutub dostlarımla, oğlum, qızım, nəvələrimlə söhbətlərimə qədər, hətta sükutuma qədər, çox şeyi, çox şeyi içəriləyir. İşlər pis getmir, amma şeytan müharibələr mane olur, tempi salır aşağı, hətta yox edir, bilmirsən ki, başını götürüb hara gedəsən. Əsəb boğur adamı. Həm də bu dünyəvi iblisin nəhəng dekoru fonunda özünün də, yazdıqlarının da gücsüzlüyünü, dahi Markesin vaxtilə dediyi, lakin sənin heç cür tam qəbul edə bilmədiyin “Ədəbiyyatın cəmiyyətdə gördüyü iş bir polis dəyənəyinin gördüyü işdən çox-çox aşağıdır, hətta müqayisəolunmaz dərəcədə” sözlərinin də kənardan bic-bic qımışdığını gördükdə çökürsən, daxilinə yığılırsan. Bizim Zəfər müharibəmiz Ukrayna mücadiləsinin proloqu idi. Müharibə ərəfəsində özümdə güc tapıb “On yazıçı haqqında on səkkiz esse” kitabımı çap etdirdim.

- Ədəbiyyat və həyat. Bu anlayışların oxşar və fərqli cəhətlərini nədə görürsünüz?

- Bir az fərqli düşünürəm. Ədəbiyyat həyat deyildir, həyat da ədəbiyyat… Bolşevik məfkurəsindən gələn bu qısır cümləni tarixin arxivinə atmağın zamanı gəlib, hətta zamanı keçir də: “Bədii ədəbiyyat həyatın güzgüsüdür”. Bəli, sosrealizm üçün belə idi. Bu ideyanı ona görə ortaya atmışdılar ki, güzgüdən azacıq yan keçdiklərinə görə aydınlarımızı repressiya edə, linç edə bilsinlər. 7 may 1927-ci ildə Əbdürrəhim bəy Haqverdiyev dostu Əziz Şərifə yazırdı: “Necə ki, bilirsən, “Azərnəşr” mənim yazdıqlarımı çap edir, amma… (bu üç nöqtənin demədikləri müəllifin dediklərindən qat-qat çoxdur) “Pəri cadu”nu buraxmaq istəmir; səbəb mənim orada cin və şəyatin ortalığa çıxarmağıma mövhumat mənası verirlər ”. Sözün bitdiyi yerdir! Elə həmin absurd şeytani güzgüyə görə Cavad Mircavadov, Vaqif Mustafazadə və onlarla başqa sənət fədailərimiz zamanında qəbul olunmayıb.

Cavabımı bir qədər konkretləşdirmək istəyirəm. Ədəbiyyatla həyat arasında yerdən göyəcən uzaqlıq vardır. Onların oxşarlığı da bu uzaqlıqdadır…

- Hansı daha asan və ya çətindi?

- İkisi də eyni zibildir. Konservatorların gözündən iraq… Çox da ciddi qəbul etməyin. Onların arasında asanlıq və çətinlik sözləri işləmir. Yalnız sərt üzlərini bir-birinə göstərirlər. Həyat ədəbiyyatdan da qəlizdir, ədəbiyyat da həyatdan. Biz sonsuz mürəkkəbliklər vadisindəyik. Mümkündü ki, ədəbiyyatla özümüz özümüzə nəsə təsəlli vermək istəyirik. Bu da əyləncənin bir növüdür: Ölüm ritualının... Ona görə də Tarkovski ilə hər dəfə razılaşıram: “İncəsənətin əsas məqsədi insanı ölümə hazırlamaqdır”.

- Yazıçı yaxşı əsərlər yazmaq üçün hansı imkanlara sahib olmalıdır?

- Maddiyyatın o qədər də dəxli yoxdur. Maddiyyatın dəxli olsaydı, pullu istedadsız adamlar da gəlib ədəbiyyatın canına daraşmazdı. Pulun var, get yaşa da, bu cəngəllikdə nə ölümün var? Özünə kənardan baxa bilməyən yazıçı nə yazsa, gözünə şedevr kimi görünəcək. Kənardan baxmaq üçün isə sən təkcə ədəbiyyatın yox, elm və bütövlükdə incəsənətin içərisində olmalısan. Bugünkü tablo belədir: Çoxluq ədəbiyyata təmənnalı gəlir. Gəlir, gəlir və müəyyən zaman keçəndən sonra planlaşdırılmış niyyətləri (bəzi travmalı diletantlar məkrli niyyətlərini həyata keçirə bilirlər; ev, pul-para, müvəqqəti şöhrət əldə edirlər) onların təpəsində çatlayır, qalırlar ortada, nə irəliyə, nə də geriyə yolları qalır. Faciəvi tablodur… Ona görə ədəbiyyatın kimisə xoşbəxt edəcəyinə inanmıram. Sən dörd divar arasında yalnız özün üçün xoşbəxt ola bilərsən. Amma öz xoşbəxtliyini kütlə içərisinə, küçəyə daşıya bilməzsən.

- Ancaq istedadla iş bitirmi?

- Birmənalı olaraq yox! Mənə bir Tanrı bəndəsi göstərin ki, onun istedadı olmasın? İstedad insanın daxilində basdırılmış çox təhlükəli bir minadır. Onun iki üzü var, həm sənin arealını yağılardan qoruyur, həm də səni yağıların ayağına verə bilir. İstedadı Tanrı lütfü kimi qəbul etməyib, onu eqoistcəsinə şəxsi sərvətin hesab etsən, vay sənin halına! Başını itirib Xaosa yuvarlanacaqsan! Bir sözlə, onun qurbanı olacaqsan – istedadının qurbanı…

- Zəhməti formalaşdıran xüsusiyyətlər nədir bəs?

- Yalnız zəhmət cilalayır bu istedad adlanan səfeh cəhənnəm etalonunu. Amma yazıçı zəhməti ilə əkinçi zəhməti eyni deyildir. Əkinçinin rejimi vardır; iş, yemək və istirahət saatı. Yazıçı yalnız istirahət saatlarını talayan birisidir. Bu cür total talançılığa da gərək qabaqcadan hazırlaşasan… İlk növbədə özünə qarşı gərək amansız olasan.

- Əgər məndən azadlığın yerini soruşsanız, cavabım belə olacaq: Dil! Dildə azadlıq, əsasən, felin azadlığıdır. Bizdə isə feili ömürlük həbs cəzasına məhkum ediblər… Bu fikrinizi bir qədər açıqlaya bilərsinizmi?

- Mən sizə iki fərqli üsluba malik olan yazıçını misal çəkmək istəyirəm: İsa Muğanna və Kamal Abdullanı. Birincinin dahi olmasına bir damcı da şəkk-şübhə etmirəm. Ancaq o gəlib məhz feildə dayandı, çünki yaratdığı məkan planetar sükutu tələb edirdi; hərəkətsizliyi, guşənişinliyi. Feilsizlik haradasa onun azadlığını əlindən aldı… Daha çox fiziki anlamda. Kamal Abdulla yaradıcılığı isə büsbütün feil üzərində qurulub. O, feillə hərəkət edir, feil onun, o da feilin içərisindədir... Zatən, o belə məqamda “tək əldən çıxan sükutun səsi”ni də eşidə bilir. Məhz “çıxan”. Yəni, feilin! Hərfi qavramda da biz tarixi şanslarımızdan istifadə edib, dilimizi ana qaynaqdan – Türk dilləri ailəsindən aldığımız feillər hesabına zənginləşdirməliyik.

- Bir məqalədə qeyd etmisiniz ki, bəziləri üçün üslubiyyat o banal rəsmdə olduğu kimi, şəlalə qabağında otlayan ceyrandır. Hətta durub and da içirlər ki, biz ot iniltisi və şəlalənin səsini eşidirik…

- Əvvəlki suala gedib çıxırıq - həyat və ədəbiyyat dilemmasına. Həyatı ədəbiyyat adıyla kopiyalayanlara ironiyadır. Güzgü məsələsi… Fizeoloji gözlə gödüklərimizin ədəbiyyata o qədər dəxli yoxdur. Ədəbiyyat haradasa qarabasmalardır. O necə gəlir, necə gedir, bilən yoxdur. Oğuznamələrin birində deyilir: “Bir şüanın içərisində bir qız var”. Ədəbiyyat məhz şüa içərisində outran qız kimidir. Onu görə də bilərsən, görməyə də… Burada göz yox, Dil rol oynayır. Üslub da Dil faktıdır. İndividuallıq başlıca faktordur.

- Təsadüf, ya zərurət?

- Yalnız zərurət! Yaşadığım sənələrdə təsadüfün zərurəti doğduğunu görmədim. Zərurət təsadüfi gətirir. Təsadüflər yalnız hətəkətdə olan zaman qarşına çıxa bilər. Və gəldyi kimi də gedər. Xüsusən, incəsənətdə təsadüflərə bel bağlayanlar özlərini könüllü olaraq dishamoniyanın ağuşuna atırlar.

- Mediada fikirlər səslənir ki, Azərbaycan yazıçı və şairləri Zəfər tariximizlə bağlı ortaya keyfiyyətli iş qoymayıb. Kəmiyyət var, ancaq keyfiyyət yoxdur. Bu fikrə münasibətiniz necədir?

- Bizdəki şeir bülbüllərinin tarixçəsini Mirzə Cəlillə Haqverdiyevdən yaxşı bilən yoxdu… XXI əsrdə nəsr bülbüllərimiz də yağışdan sonrakı göbələklər kimi çoxaldı… Görünür, bu gün natamamlıq komplekslərinə Qarabağ və Şuşa ilə təpitmə qoyub onu sağaltmaq istəyənlərin sayı dünənkindən qat-qat çoxdur. Dünyada müharibə mövzusu vardır, “urra!” mövzusu yoxdur. Necə ki, “Hərb və sülh”dən Rusiya və Fransa müharibəsinin zəfər sədaları deyil, bəşəri faciələrin iniltiləri gəlir. “Tatar çölü”ndə bugünəcən bilmirəm ki, kim kimlə müharibə edir. Amma üzücü gözləntilər fonunda oxucunun özü də acımasız müharibə sükutunda batır. Müharibə bir sənətdir. Polemologiya adlanan elm məhz onu öyrənir. Siz mənə deyə bilərsinizmi ki, Tolstoy, Dino Busatti və Heminquey bu elmi bilmirdilər? Onlar birbaşa müharibədə də iştirak etmiş, adam öldürmüşdülər. Bizimkilərin isə ağzı isti yerdə ola-ola müharibədən danışırlar; guya bizi vətənpərvərliyə çağırırlar. Vətənpərvərliyin zavallı gününə baxın! Ağzı köpüklənə-köpüklənə danışan bəzi siyasi icmalçıları gördükdə adam az qala bağırmaq istəyir: Balalarınızı harada gizlətmişdiniz, ay şərəfsizlər?! Biri vardı, deyirdi ki, oğlum stadionda dron uçurdurdu. Vallah, ayıbdır!

Biz 300 ildir ki, Rusiya ilə müharibə aparırıq. Əgər yazıçı bu tarixə enməsə, onun yazdığı kimə lazımdır? Peskovdur, kimdir, açıq-aşkar dedi ki, müharibəyə biz razılıq verməsəydik, qələbəniz olmazdı. Onun ağzından kimsə vura bildimi? Hərçənd, özləri də bilirlər ki, hələ tam qələbə yoxdu. Bicliklə ikibaşlı deyirlər. O tərəfdən də Xocalı aerodromu yaxınlığında kilsə tikildi! Hətta açılışı da oldu. İndi dur Zəfərdən yaz! Hələ üstəlik köksünə döyənlər də oldu ki, biz bir tonluq kitab çap etdirmişik! Siz Allah, dünyanı özünüzə güldürməyin! Biz özümüz də bilmədən danabaşlaşmanın yeni iblisanə metamodelinə yuvarlanırıq…

- Bəlkə zaman lazımdır? Yaxşı bir roman, bir əsər üçün?

- Yüz il gözləsək də, bir şey çıxmayacaq. Əvvəlcə milli şüurumuz özünə qayıtmalıdır. Həmişə belə ətəfədə - həlledici tarixi məqamlarda diqqətimizi başqa səmtə yönəldirlər. Orfoqrafiyada dəyişikliklər, əlifba məsələsi, roman hiyləsi və irəlidə bizi gözləyən digər “sürpriz”lər də buna hesablanıb. Niyə mediamız gedib, kilsə daşı üstündə oturub reportaj hazırlamır? Özü də Xocalıda tikilən kilsənin… Yazıçı filosofdur, tarixçidir, linqvistikdir… Ah-ufla roman yazılmaz, Tural bəy! Qabriel Qarsia Markes 1967-ci ildə çap olunan “Yüz ilin tənhalığı”nda Buendia nəslinin intibahı və qürubu fonunda bütöv bir xalqın faciəsi haqqında danışanda bizmkilər gedib hansısa bir anormal personajın məhəbbət macəralarından söhbət açırdılar. Markes başa düşürdü ki, təkcə bir nəsil yox, xalqının hər bir üzvü qəddar tənhalığa məhkum olunub. Yazmaq istəyən, lakin “siyasət sözündəki “S” hərfini yazmaqdan qorxan Mirzə Cəlil və onun nəsildaşları tənha deyildirlərmi? Bizdə tənhalığın tarixçəsi Buendia nəslinin tənhalığından daha qədim idi. Lakin totalitar rejim çox sayda yazıçılarımızı şirnikləndirmək yolu ilə ələ keçirib, onları özlərinin ideoloji vintciyinə çevirdi. Bu gün də o vintciklər işləyir… Hələ neçə nəsil işləyər, onu Allah bilir…

- Nədənsə cəmiyyət şou xarakterli sahələrə daha çox maraq göstərir. Ədəbiyyatı necə gündəm etmək olar?

- Ciddi ədəbiyyat həmişə təklərin rasionuna daxil olub. Gündəmə çevrilməməsi ədəbiyyatın uğuru sayılmalıdır. Qaldı əyləncə məsələsinə, bizdən kim ona meyil göstərmir ki? Dindaşlarımız? Başdam-ayağa ağ yalandır. Əgər belədirsə, onda onlar bizimlə deyil, gedib Freydlə polemikaya girsinlər. Mövlanə: “Firon da, Musa da sənin daxilindədir, ey insan” – deyərkən məhz bu məqamı nəzərdə tuturdu. Burada bir nüansı unutmamalıyıq, sadəcə, tele-şoular bizim Firona yenilməyimizə kömək edirlər. İçimizdəki Musa ilə bir yerdə məğlub oluruq. Qədim Oğuznamələrin birində deyilir: “İsa üçün Musanı qınama”. İndi durub kimi qınayaq?

- Ədəbi prosesin müasir durumu sizi qane edirmi?

- Proses öz axarıyla gedir. Kimlər əyilə-əyilə hansı əsərlərdən çıxır, məlumdur. Ədəbiyyatın kütləviləşdirilməsi tendensiyası davam edir. Sovetdənqalma mərəzdir. Keyfiyyətsiz əsərlər ədəbi prosesi içəridən zəhərləyir. Əslində, bunun qarşısını almaq üçün mexanizm hazırlamaq olardı. Lakin ədəbi qurumlar buna səy göstərmirlər. Çünki onlara daha çox xeyir verən də pullu istedadsız adamların makalaturalarıdır.

- Siz həm də tənqidi yazılarla çıxış edirsiniz. Ədəbi tənqidin durumu necədir? Ədəbi tənqid öz funksiyasını yerinə yetirə bilirmi?

- Tənqid haqqında əvvəlki müsahibələrimdə də demişəm. Möhtəşəm kritikanı qəbul edirəm, primitiv tənqidi yox! Əsər təhlil olunmalıdır. Zəif əsəri ya tənqid elə, ya da onu göylərə qaldır, nə dəyişiləcək? Öz imzasına hörmət eləməyən o qədər alimlər, tənqidçilər görürük ki? Maddiyyat qarşılığında istedadsız bir müəllif haqqında kitab yazmaq dəhşətdir! Məsələ orasındadır ki, onu yazanların özünə görə imkan və imtiyazları da vardır! Bəs niyə belə edirlər? Deyəsən, adətkərdə olublar… Belə olan yerdə ədəbi tənqidin öz funksiyasını yerinə yetirib yetirməməsindən söhbət gedə bilməz. Özümə gəlincə, yaxşı hesab elədiyim mətnlərdən yazmağa çalışıram…

- Gənc ədiblər münasibətiniz necədir? Kimləri oxuyursunuz?

İstedadlı gəncləri izləyirəm. Desəm ki, ucdantutma hamısını oxuyuram, yalan olar. Konkret ad çəkmək istəmirəm…

- Yeni yazmağa başlayan gənclərə tövsiyələriniz…

- Ədəbiyyat xalvarla alıb misqalla qaytarır… Çox sayda istedadlı adamlar ədəbiyyatdan pul çıxara bilmirlər. Amma istedadsızlar öz “fəallıq”ları hesabına bunu bacarırlar. Ona görə də yeni yazanlar yalnız ədəbiyyatın umuduna qalsalar, ac qalacaqlar. Başqa bir işin də qulpundan yapışsınlar. Sonra gec olur. Bir də az yazıb çox oxusunlar!

- Oxuculara sözünüz…

- “Oxucu” sözündəki “Oxu!” nidasını eşitmələrini arzulayıram.