Yeni romanın banisi - Fəxri Uğurlu

Yeni romanın banisi   - Fəxri Uğurlu

03 Yanvar 2024 12:15 226


Qırmızı qanın qara fəsadları

Stendalın “Qırmızı və qara” romanı haqqında

Yeni romanın banisi Stendaldır. Avropada psixoloji roman janrının bünövrəsi onun yaratdığı “Qırmızı və qara” əsəriylə qoyulub. Ancaq Şekspir siqlətli bir yazıçının sağlığında qədri-qiyməti bilinməyib. Çox təəssüf ki, əksər dahilərin, banilərin taleyi belə gətirir - uca, azman dağlar kimi nəhəng insan da yaxından görünmür. Böyük ideyalar öz dövründə qərib olur.

Stendalın ölümündən az əvvəl - 1840-cı ildə yazdığı bir etüddə Balzak ona yüksək qiymət vermişdi. Böyük fransız yazıçısı, bioqrafı Andre Morua bu hadisəni “dahini kəşf eləyən dahi” deyimiylə dəyərləndirib. Lev Tolstoy özü Stendaldan təsirlənmişdi, “Parma monastırı” romanındakı savaş səhnələrini (yazıçı bu səhnələrin şəxsən şahidi olmuşdu) o da yüksək qiymətləndirmişdi. Sonrakı onilliklərdə neçə-neçə böyük ədib onun səcdəsinə durmuşdu, fəqət bunları görmək Mari Anri Beylə (Stendal təxəllüslü yazıçının gerçək adı budur) nəsib olmamışdı. Xoşbəxtlik mələyi tək-tək halda dahilərin üzünə gülür.

Anasını erkən itirən yazıçı uşaqlıqdan əsasən ana babasının himayəsi altında, onun tərbiyəsiylə böyümüşdü. Nəvəsinə Monteskyö, Volter, Didro, Helvetsi kimi dünyanı dəyişmiş maarifçilərin ideyalarını aşılayan xoşrəftar, proqressiv baba onda monarxiyaya, klerikalizmə, kilsəyə, zülmə, cəhalətə yad münasibət yaranmasına təkan vermişdi. Bütün bunlar Stendalın yaradıcılığına təsirsiz ötüşməmişdi. Yazıçının şah əsəri sayılan “Qırmızı və qara” romanının baş qəhrəmanı Jülyen Sorelin arzularıyla müəllifin gənclik xəyalları, simpatiyaları arasında bənzərlik tapmaq çətin deyil.

***

Romanın mövzusu bir qəzetdə yer almış kriminal xronikadan götürülmüşdü (sonralar Dostoyevski də bu üsula dönə-dönə əl atacaq). Həmin məqalədə yazıldığına görə, kənddə böyümüş dəmirçi Antuan Berte varlı Mişu ailəsində tərbiyəçi işinə qəbul olunur. Tezliklə onu işdən çıxarırlar. Bundan sonra o, bir aristokrat ailəsinə yol tapır, çox keçməmiş həmin ailənin qızına vurulur. Dəmirçinin sirri üzə çıxandan sonra onu bu işindən də qovurlar. Berte uğursuzluğunun günahını xanım Mişuda görür, girəvələyib ibadət vaxtı kilsədə qadını güllələyir. Bunun üstündə Berteni şəhər meydanında edam eləyirlər.

Romanın baş qəhrəmanı da öz prototipinin ömrünə bənzər həyat yolu keçir. Tamahkar, qəddar dülgər Sorelin üç oğlundan biri Jülyen uşaqlıqdan hərbçi olmaq arzusuyla yaşayır, ancaq ailənin maddi vəziyyəti buna imkan vermədiyindən o, fikrini dəyişib ruhani olmaq qərarına gəlir. Qırmızı mundirli süvaridən qara mantiyalı keşişə ilk keçid belə baş verir.

Qaraqabaq, adamayovuşmaz Jülyen üçün zabit mundiri geyinib silah qurşamaq, görünür, onu incidənlərdən, o cümlədən atasıyla iki qardaşından qisas almağın, başqalarından üstün görünməyin, adam öldürməyi qanuniləşdirməyin yeganə mümkün variantı olub. Bu variant alınmayanda o, ruhani mantiyası geyinməyi üstün tutur ki, nifrət elədiyi məxluqların heç olmasa ölüsünə sərəncam vermək səlahiyyəti qazansın.

Bəli, uşaqlığından ana nəvazişi görməmiş Lüsyen belə bir nifrət mühitində boya-başa çatıb. Zalım, içiboş aristokratların, hiyləgər, fırıldaqçı burjuyların hörmətə mindiyi, at oynatdığı bir cəmiyyətdə bu gənc inqilabi ideallarla yaşayır, yeni dövrün Napoleonu olmağı diləyir. Necə deyərlər, istə ki, versinlər, qapını döy ki, onu üzünə açan olsun.

***

Napoleon zamanında sadə xalqın balaları üçün karyera qurub adam arasına çıxmağın, cəmiyyətdə möhkəm mövqe tutmağın tək yolu hərbi qulluğa girmək idi. Fəqət artıq zaman dəyişib, ona görə də Jülyen amansız iddialarını, tünd nifrətini keşiş maskası altında gizlətməyə məcburdur.

Kiçik əyalət şəhəri Veryerin meri cənab de Renal yaxşı məvacib qarşılığında ona oğlanlarının tərbiyəçisi olmağı təklif eləyir. Jülyen üçün bu vəzifə arzuladığı karyeraya doğru mühüm addımdır. Əgər hərbi sahədə irəli getməyə imkan yoxdursa, karyeranı ruhani-mənəvi sahədə qurub o yolla irəliləmək lazımdır. Hansı vasitəylə olur olsun, əsas məsələ hakimiyyətə, sərvətə yiyələnməkdir. İçində cövlan eləyən qırmızı qan qasırğasını qara matəm libasıyla ört-basdır eləyən gənc dünyanın zövqü-səfasından belə tezliklə vaz keçmək niyyətində deyil.
Qırmızı - qaynar qan, coşqun həyat, eşq, fırtına; qara - rənglərin ölümü, zülmət, qəflət, sükunət. Dülgər oğlunun ömrü yenə ölümdən həyata doğru sürünür. Burada o, merin etimadını qazanandan sonra onun üç uşaq anası gənc arvadını - on altı yaşında istəmədiyi kişiyə ərə verilmiş sevgidən məhrum qadını mənəvi durğunluğun qara bataqlığından dartıb çıxarıb qırmızı qan gölünün ehtiraslı burulğanına sarı çəkir. Könüllərə qığılcım düşür, duyğular alışıb yanır, can candan od, köz alır.

Bu yandan da xanım Renalın qulluqçusu Eliza gənc tərbiyəçiyə vurulur, onunla izdivaca girməyə can atır. Jülyen ona üz göstərmir, əlacı kəsilən qız oğlanın mənəvi atası abbat Şelanın üstünə qaçır, ürəyini keşişə açır, üstəlik, abbatın nəzərinə çatdırır ki, yaxınlarda bir doğmasından ona babat miras qalıb. Keşiş bu xəbəri sevinclə qarşılayır. Niyə də sevinməsin - onun mənəvi övladının xoşbəxtliyi əlahəzrət Jülyen Sorelin hüzuruna öz ayağıyla gəlib. Fəqət Jülyen zəfər marşını belə tezliklə başa vurmaq, yüksəliş yolunu hansısa miskin əyalət şəhərinin döngə-dalanında qırmaq fikrində deyil. Onun iradəsi hələ Parisi, bütün Fransanı zəbt eləmək niyyətiylə irəli dartınır, onun içindəki Napoleon zəncirini qırmaq üçün fürsət gözləyir. Adi bir qaravaşın yerişiylə belə ali hədəfə yetişmək olmaz!

***

Bir müddət sonra madam de Renalın kiçik oğlu ağır xəstəliyə tutulur. Xanım bunu günahının cəzası, kəbininə haram qatmayacağına hüzurunda and içib əhd bağladığı Tanrının qisası kimi qəbul eləyir. Analıq duyğusu məşuqəlik ehtirasına güc gəlir, qadın Jülyendən üz döndərir, onu da, özünü də suçlu tutub lənətləyir.

Bu aralar şəhərdə şayiələr ayaq tutub yeriyir, hamı merin arvadıyla tərbiyəçi arasındakı gizli münasibətdən danışır. Mürşidi abbat Şelan onun bir müddət Veryerdən uzaqlaşmalı olduğuna Jülyeni inandırır. Dülgər oğlu Bezanson şəhərindəki ruhani seminariyasına gedir. Orada rektor abbat Pirar onu sınaqdan keçirəndən sonra seminariyaya qəbul eləyir, ona ayrıca hücrə verir. Jülyen qanın fəvvarə vurduğu qaynar həyatdan qopub monastır zülmətinə çəkilir.

Ancaq burada da ona dinclik yoxdur, istedadının, ağlının çoxluğuna görə seminaristlər Jülyenə kin, nifrət bəsləyirlər. Jülyen abbat Pirarı özünə mənəvi rəhbər, sufilərin təbiriylə desək, mürşid seçir. Pirar da ona möhkəm bağlanır, Jülyendən muğayat olur, hərçənd abbatın mövqeyi o qədər də möhkəm deyil. Seminariya rektoruna düşmən kəsilmiş yezuitlər onun istefa verməsi üçün əllərindən gələni əsirgəmirlər. Abbatın dostu, himayədarı markiz de La-Mol bundan xəbər tutanda ona Parisə köçməyi təklif eləyir, dostuna paytaxtda layiqli şərait yaratmağa söz verir.
Abbat Pirarın maddi ehtiyacı olduğundan xəbər tutanda Jülyen bütün pul ehtiyatını ona peşkəş eləyir. Mürşidi bundan çox təsirlənir, özündən sonra övladını seminariyada çətin günlər gözlədiyini söyləyir. Jülyen isə bu barədə düşünmək istəmir, artıq o, qismətiylə barışıb.

***

Markiz de La-Mol sarayda böyük nüfuz qazanmış əyandır. O, istefaya çıxmış ruhani dostuna neçə ildir yazışmalarını apara biləsi bir adam axtardığını deyib ona katiblik təklif eləyir. Ruhani ata qocalığı səbəbindən buna razılıq verməsə də, markizin katibi vəzifəsinə başqa namizəd irəli sürür: həmin namizəd, güman olunduğu kimi, onun sevimli yetirməsi, müqəddəs kitabı əzbər bilən, latın dilində mükəmməl danışan dülgər oğlu Jülyen Soreldir. Bununla da Jülyenin sükunətdən hərəkətə, ölümdən həyata, qaradan qırmızıya doğru yeni yürüşü başlanır. Parisin qapıları onun üzünə taybatay açılır.

Paytaxta yola düşməmiş o, keçmiş sevgilisini görmək ümidiylə Veryerə gedir, Luiza de Renalın yataq otağına yol tapsa da, merin duyuq düşməsi səbəbindən qaçıb canını qurtarmağa məcbur olur. Əvvəllər bu qadına vasitə kimi baxan Jülyen indi anlayır ki, madam Luizanı gerçəkdən sevirmiş.

Həqiqətən Jülyen Sorel təmiz zəkadan, saf duyğudan məhrum gənc deyil, di gəl, mübhəm ehtirasları, qaranlıq niyyətləri, böyük olduğu qədər də cılız iddiaları ona özünü kəşf eləməyə, özü olmağa imkan vermir. İçini yaralamış şeytani istəkləri, xain xisləti ucbatından o, dünyayla səmimi dialoqa girə bilmir, nə həyatı, nə də ölümü sevir. Monastır hücrəsində Allahla, dünyaya çıxanda insanlarla ünsiyyət qura bilmir. Jülyenin nə Allaha, nə də onun bəndələrinə inamı, sevgisi var. Onun tək tanrısı karyeradır. Hətta xanım Renala candan-könüldən bağlılığı da onun xislətinin kölgəli tərəfinə işıq sala bilmir.

Cəmi üç ay ərzində Jülyen həm yeni işinə, həm də Paris həyat tərzinə alışır, markizin dərin etimadını qazanır. Varlı əyanın on doqquz yaşlı qızı Matilda de La-Mol - heykəl kimi soyuq gözəl onunla ünsiyyətə maraq göstərsə də, Jülyen qıza qarşı təmkinli, ölçülü-biçili davranır, markizin etibarını itirməməyə çalışır. Zarafat deyil, dülgər oğlu Parisin ən adlı-sanlı ailələrindən biriylə bir masa arxasında nahar eləyir, demək olar, bu ailənin fəxri üzvünə çevrilib!

***

Matilda ildə bir dəfə - aprelin 30-da matəm saxlayır. Səbəbi də budur ki, 1574-cü ilin həmin günündə Parisin Qrev meydanında onun ulu babalarından biri, kraliça Marqaritanın məşuqu Bonifas de La-Molun boynu vurulub. Rəvayətə görə, sevgilisinin kəlləsini cəlladdan alan kraliça onu kilsədə öz əliylə basdırıb.

Jülyen fikir verir ki, qız babasıyla bağlı romantik əhvalata həddindən artıq aludə olub. Bu da zadəgan həyatının olduqca sıxıcı, ütülü, maraqsız keçməyindən irəli gəlir. Matildanın söhbətləri onu çəkmir, Jülyen qızdan aralı dolanmağa çalışır, hətta Matildanın ona vurula biləcəyi ağlına gələndə dülgər oğlunun dodağına istehzalı gülüş qonur.

Matilda isə ona artıq aşiq olub. Əyan qızının kəndli balasına sevdası Matildaya çox romantik, idillik görünür, qız daha əvvəlkitək darıxmır. Jülyen ondan sevgi məktubu alanda öz zəfərindən misli görünməmiş dərəcədə məmnun qalır. Bəs necə, kasıb dülgər oğlunu gör kim sevir! Üstəlik, Jülyeni nişanlısı markiz de Kruazenuadan üstün tutub.

Matilda onu gecə otağına çağıranda Jülyen əvvəlcə bunun oyun ola biləcəyini düşünüb ehtiyatlı davranır, daha sonra instinktlərin tüğyanıyla ehtiyatı əldən verir. Yenə al qan damarlarda oynağa qalxır, ehtiras yasaqlara, həyat ölümə, qırmızı qaraya güc gəlir. Ertəsi gün mademuazel de La-Mol tutduğu əməldən peşman olub dülgər oğlunun qüruruna toxunur. Qadağalar, ümidsizlik, peşmanlıq gənclərin balına zəhər qatır, gözünü al qan örtmüş duyğuların üstünə yenə qara örtük sərilir. Beləcə, fasiləsiz şəkildə qara yerini qırmızıya, qırmızı da qaraya verir.

Bir rus knyazı bundan sonra da Matildanın diqqətini çəkmək üçün necə davranmalı olduğunu Jülyenə qandırır. Knyazın metodu effekt verir, mademuazel de La-Mol yenidən Jülyenə diqqət göstərməyə, onu qısqanmağa başlayır. Matilda hamilə olduğunu, ona ərə getmək istədiyini Jülyenə bəyan eləyir, atasıyla bu barədə açıq danışacağını deyir. Markiz qızının niyyətindən xəbər tutanda dəhşətə gəlir, ancaq Matildanın inadkarlığı axır onu yola gətirir. Adlı-sanlı ata rüsvayçılıqdan qurtarmaq üçün Jülyenə parlaq karyera düzəltməyə girişir, onu qusar alayına poruçik qismində qulluğa götürdür. Dülgər oğlunun sevincinin həddi-hüdudu yoxdur, əynində qırmızı mundir o yenə at belindədir.

***

Elə bu vaxt Parisdən həyəcanlı xəbər gəlir, Matilda onu təcili geri çağırır. Sən demə, markiz Jülyen haqqında yerli-yataqlı məlumat almaq üçün madam Luiza de Renala məktub yazıbmış, o da cavabında dülgər oğlunu riyakar, karyerist, məqsədinə çatmaq üçün hər cür əclaflığa qadir biri kimi xarakterizə eləyib. Aydındır ki, bundan sonra heç kim markizi qızını belə bir alçağa verməyə razı sala bilməz.

Jülyen özünü təmizə çıxarmağa vaxt sərf eləmədən atını Veryerə çapır, orada bir tapança alıb ibadət mərasimi zamanı kilsəyə girir, xanım de Renala iki güllə vurur. Bununla da qırmızı qan yenə qapqara mazuta çevrilir.

Luizanın ölmədiyini biləndə qaranlıq, soyuq zindanda Jülyenin üstünə gün doğur. Anlayır ki, onun sevdiyi tək qadın madam de Renal olub. Luiza edama qədərki altmış günün altmışında da onun yanına gələcəyinə söz verir. Məlum olur ki, qadın hələ də Jülyeni sevir, o məktubu da keşişin təhrikiylə qısqanclıqdan yazıbmış. Eqoistik cismani sevgi, başqa sözlə, ehtiras, şəhvət (qırmızı) kinə, nifrətə (qaraya) bax bu sayaq, bir anda, göz qırpımında çevrilir.

Matilda Jülyeni ağır cəzadan qurtarmaq üçün bütün əlaqələrini işə salır, hakimlərə, vəkillərə böyük məbləğdə pul təklif eləyir, ancaq dülgər oğlu aman istəməkdən, əfv diləməkdən boyun qaçırır; tam tərsinə, məhkəmədəki çıxışıyla işini bir az da ağırlaşdırır. Çox güman, tutduğu əməldən peşmanlığı onun içində cəzaya tələbat yaradır, qaradan qırmızı törədiyi kimi qırmızı da özünü qaranlıqda əridib yoxa çıxmağa can atır.

Jülyen Sorelin edamı qırmızı-qara qarşıdurmasının yekunu, sintezidir. Edam meydanında bayramla matəm, təntənəylə faciə, sevinclə qəm, qırmızıyla qara iç-içədir. Cəlladın qaralmış kötüyünün üstünə sıçrayan qırmızı qan qarayla qırmızının həm görüşü, həm ayrılığıdır. Sevgilisinin başını cəlladdan alan Matildanın keçirdiyi “dəfn” mərasimi həm ölümdən qənimət qoparmağa, həm həyatdan qurban verməyə bənzəyir.

***

Gördüyümüz kimi, qırmızıyla qara həm qardaşdır, həm də düşmən. Biri həyatın, işığın, o biri ölümün, qaranlığın rəmzidir. Biri savaşa, o biri dincliyə, biri döyüşə, o biri təslimçiliyə səsləyir. Biri, epikürçülərin dediyi kimi, qorxuları unutmağa, o biri, stoiklərin dediyi kimi, ehtirasları cilovlamağa çağırır.

Hansı daha əvvəldir, hansı daha vacibdir - toyuqla yumurtadan hansının daha tez əmələ gəldiyini demək qədər çətindir. Bunlar maddi həyatın iki üzü, materiyanın iki qütbü, bir cismin iki qanadı, bir gerçəyin iki adıdır. Hər qaranın sabahı qırmızı günə açılır, hər qırmızının axşamı qara gecəyə bürünür. Təəssüf ki, sonda qara qalib gəlir - həddindən çox içilən qırmızı şərab qara qana necə çevrilirsə, bax eləcə.

Eynən Şekspir kimi Stendal da bizə ehtirasın dağıdıcı gücünü göstərir. Jülyen Sorel dünyaya, necə deyərlər, öz vaxtında gəlməyib; əgər onun gəncliyi tarixi kataklizmlər, inqilablar, çevrilişlər dövrünə düşsəydi, qanlı despota çevrilərdi, Robespyer, Danton, lap elə Napoleon kimi o da milyonların meyidi üstündən keçərdi. Ancaq indi zaman o zaman deyil, Napoleonun qulluğunda qolubağlı duran əlahəzrət təsadüf bu oğlanın dadına çatmayıb. İndi Jülyen savaş meydanında yox, eşq-məhəbbət cəbhəsində zəfər qazana bilər.

Fəqət bu zəfər Napoleonun hərb meydanında qazandığı qələbələrdən miqyasca fərqlənsə də, mahiyyətcə fərqlənmir: hər iki halda yiyələnmək həvəsi, ağalıq ehtirası ölümün yedəyində gəlir. Fələk cəmi məxluqata olumla ölümü, şərbətlə zəhəri bir qabda verir. Erosla Tanatosun arasında sərhəd yoxdur, bu iki tanrı bir-birinə düşmən deyil (varsa da, bu, yalançı düşmənçilik, qondarma müxaliflikdir), bir-birinin içində, bir-biriylə iç-içədir, bir-birini tamamlayandır. Əks halda dülgər oğlu sevdiyi tək qadını öldürməyə can atmazdı.

Onun xanım de Renala tuşladığı güllənin qəlpələri gör neçə adamın ömrünü zədələyir - merin özü başda olmaqla üç övladı, onların qulluqçusu Eliza, markiz de La-Molla qızı Matilda, mademuazel de La-Molun bətnindəki uşaq, Matildanın nişanlısı, dülgər oğlunu balası kimi sevən, ona böyük ümidlər bəsləyən abbat Pirar, nəhayət, Jülyen özü... Daha burasını demirəm ki, həm bədəni, həm də qəlbi yaralı, ehtirasın fəsadı qısqanclıq tutmasının təsiri altında özü bilmədən bütün bu fəlakətlərə şərik olan Luiza da qırmızı alovun qoynunda puça çıxmış canını məşuqunun edamından üçcə gün sonra qara torpağa tapşırır.

Bütün bunlar hələ tapançadan atılmış bir cüt güllənin törətdiyi fəsadlardır. Gör bu kəndli balasının əlinə Napoleonun topları düşsəydi, nə hoqqalar çıxarar, nə tufanlar qoparardı!..

***

Jülyen Sorelin düşdüyü tələdən hər kəs yalnız öz həqiqətinin - öz allahının hesabına qurtula bilər. Bu dünyanın cəfəng, amansız gerçəkliyinə mütləq alternativ tapılmalıdır. Əks halda qırmızıyla qaranın arasında absurd gediş-gəlişin sonu olmayacaq.

Ümumiyyətlə, doğru yol - sonu görünən, axırı olan yoldur. Qalan bütün yolların axırı yoxdur.

"Yeni Azərbaycan" qəzeti