Yusifin yeni hekayəsi: Qara it

Yusifin yeni hekayəsi:   Qara it

09 İyun 2023 11:12 356


Yusif Bidan. Qara it. Hekayə

Qara it öləndə uşaq deyildim. Onun cansız və qurumuş bədənini evimizin arxasında basdıracaq qədər böyümüşdüm. İtlərin, güman ki, başqa canlıların da, bədəni öləndən çox qısa müddət sonra qurumağa başlayır. Qara itin qaxaca dönmüş cəsədini atamın qazdığı çalaya bacardığım qədər diqqətlə və ehtiramla qoyanda, onun zibilxanaya ilk gəldiyi günü xatırladım. Bu quru bədənin bir vaxtlar top kimi zibilxanada hoppanıb yumalandığına inanmaq çətin idi.

***

Məktəbimiz atalarımızın məktəbi qədər uzaqda idi. Yol o qədər uzanırdı ki, biz bəzən yolda sürətimizi azaltmadan dərsdə danışacağımız şeiri əzbərləyə bilirdik. Yolumuz yayda tozlu, qışda palçıqlı olardı. Yolda itlərlə qarşılaşardıq, pişiklər isə yeni minilliyin əvvəlində bizim qəsəbədə yox idi.

Yolumuzun üstündə böyük bir zibilxana var idi. İtləri orda görürdük. Bu yiyəsiz qəsəbədə itlər də özünə zibilxananı məskən tutmuşdu. İyirmiyə yaxın küçə iti zibilxanada yaşayırdı. İtlər heç kimə dəyib dolaşmırdı, onların hamısı – təzə azdırılan da, zibilxanada doğulan da – başını aşağı salıb zibilini eşirdi. Hərdən itlərdən biri sürünün arasından çıxıb təsadüfən məhəlləmizə gələn maşının arxasınca məqsədsiz şəkildə qaçırdı.

Yaşım az olduğundan, demək olar hər yerə anamla gedirdim, onun yumşaq və soyuq əlini tutaraq iyirmiyə yaxın itin arasından keçib gedəndə, həmişə anasının yanınca addımlayan küçük görmək istəyirdim. Mən insanlar və heyvanlar arasında müqayisə aparmağı, insanları heyvanlara oxşatmağı sevirdim.

Anamın əlindən tutub alaqaranlıqda sovetdən qalma yarısı uşaq bağçası olan məktəbə gedəndə, yiyəsiz itlər haqqında nağıllar uydururdum. Sağlam bir erkək it yolumuza çıxanda düşünürdüm ki, sürünün lideridir. Sürüdə bu pilləyə yüksəldiyinə görə hamı ona hörmət edir. Bütün dişilər onu sevir, bütün küçüklər böyüyəndə onun kimi olmaq istəyir, bütün qoca itlər onda öz sona çatmış cavanlığını görür.

Qəsəbəmizdə yiyəsiz itlərlə yanaşı yiyəli itlər də var idi. Bizim məhəllədə hər qapının öz iti olurdu. Bizim də qapıda qatma ilə dəmir darvazaya bağlanmış qara bir it yatırdı. Bizim itimiz elə bizim kimi arıq idi. Rənginə görə bu qulaqları uzun, quyruğu qısa canlıya qara it deyirdik. Qara it dişi idi. Tənbəl qancıq, demək olar, heç kimə hürmür, özünə əziyyət verib qatmasını dartaraq azadlığa can atmırdı. Ona hər gün quru çörək və su verirdik. Özümüz də ondan fərqli qidalanmırdıq. Ancaq bu qidalar qarşılığında biz öz vəzifəmizi layiqincə yerinə yetirirdik. Atam hər gün işə gedir, yeni respublikada günəmuzd çalışaraq ölkəni çiyinlərində inşa edirdi. Anam ev işləri ilə məşğul olur, bacımla mənə də vaxt ayırmağa çalışırdı (Onun vanna qoyub isti yay günlərində həyətdə bizi ilıq su ilə çimizdirməsi yadıma düşür). Bacım və mən dərsə gedir, 4-dən 5-dən alıb övladlıq borcumuzu yerinə yetirirdik. Qara it isə heç bir işə yaramırdı. Nə gecə, nə gündüz onun səsini eşidən olurdu. Onun bu vecsizliyini görən başqa itlər sabaha qədər bizim həyətdə eşələniridi. Atam erkəndən oyanıb işə gedəndə həyətimizdə yatan itləri görürdü. O, itləri qovub, qara itə də yağlı bir söyüş söyürdü. Atamın söyüşü, əlbəttə, qara itə təsir etmirdi. Yenə öz bildiyi kimi yaşayırdı. İtimiz gecələr yorğun fəhlələr kimi daş olub yatır, həyətimizə girən küçə itlərinə məhəl qoymurdu.

Bizim qara it ölən günədək belə yaşadı. Hələ də mənə maraqlıdır, atam onu niyə azdırmırdı? Bəlkə də zibilxanadakı itlərin taleyini yaşamasını istəmirdi. Axı atam hər gün onların güzəranını görürdü, qara itə bu qəddarlığı etmək istəmirdi. Deyəsən, o, yaxşı adam idi. Sonralar öyrəndim ki, heyvanlara sevgisi olmayan insanının, insanlara sevgisi də saxta olur.

***

Hava çiskinli, başlar papaqlı, əllər çətirli, yollar palçıqlı idi. Anam məni məktəbə aparırdı. Biz yolda idik. Zibilxananın itləri gözə dəymirdi. Gözlərim anasının yanı ilə yeriyən küçük axtarırdı. Sürünün lideri sağlam iti də görmək istəyirdim. İtlərə olan məhəbbətim və hörmətim həqiqi idi. Ümumiyyətlə, məktəbə gedəndə yolda itləri görməmək məni dilxor edirdi. Zibilxana itlərini görməyəndə nağıllar da yarımçıq qalırdı.

İtlər haqqında nağıl uyduranda öz itimiz heç vaxt ağlıma gəlmirdi. Ona hər hansı nağılda rol verə bilmirdim. Bizim qara it itlərin ən maymağı idi. Bu səriştəsiz it nağıllar aləmində də özünü doğrulda bilməzdi. Həyətimizə girən itlərə hürməyə qorxan, boğazındakı qatmanı dartıb qırmağa gücü çatmayan itimiz nağılımda nə işə yarayardı? Ona nə kimi rol tapşırmaq olardı!?

Soyuqdan üzü qızarmış və ifadəsiz görkəm almış anamdan soruşuram:

- Bizim itin balası olacaq?

Anam cavab vermir, onu bu an sadəcə məni çox islanmadan məktəbə aparmaq maraqlandırır.

- Çətirin altından çıxma.

Anam məni tələsdirir.

Yenə bir sual gəlir ağlıma:

- Atam niyə təzə it gətirmir?

Anam bu dəfə sualımı cavablayır.

- Buna yaxşı baxdıq, yedirdik, içirdik, ağ günə çıxardıq, qaldı təzəsi. Yazıq o qədər az yeyir ki, o bir qarış qatmanı da dartıb qıra bilmir.

Anam qəfildən ayaqlarıma baxır.

- Addımlarını aralı qoy, şalvarını batırma. Boş-boş suallar vermə. Ürəyində şeiri təkrarla.

Anam üçün heç bir romantika mövcud deyildi. O heç bir əşyaya, heç bir hadisəyə mənəvi dəyər vermirdi.

Ondan bir dəfə mənim 1-ci sinif çantamı niyə xatirə kimi saxlamadığını soruşdum. Bir müddət duruxub heç nə demədi. Üzündə yad bir sima peyda oldu. Mənə elə gəldi ki, xarici biri ilə danışıram. Anam birdən dilləndi.

- Əşi, nə deyirsən sən, başa düşmürəm.

Həqiqətən də anam nə dediyimi başa düşmürdü. Onun ağlına gəlmirdi ki məktəb çantasını xatirə kimi saxlamaq olar, qəbul edə bilmirdi ki, əşyalara təyinatı üzrə yanaşmamaq da mümkündür. Anama uşaq dünyası və sualları mənasız gəlirdi. Elə bil heç uşaq olmamışdı. İtlər haqqında suallarım onu bezdirirdi.

***

Həmin gün dərsdən evə qayıdanda yağış yağıb kəsmişdi. Hava açılmışdı. Göy üzü mavi idi, quşların səsi gəlirdi. Bəlkə də yaz fəsli idi. Zibilxanada balaca yağış gölməçələri meydana gəlmişdi. Demək olar, bütün çalalar su ilə dolmuşdu. İnsanların addımları ilə açdığı cığırdan lilli su axırdı. İtlərin ayaqları palçıq, qarınları yaş idi. Anamla mən zibilxanaya tərəf addımlayır, itlərin arasından keçib məhəlləmizə girməyə hazırlaşırdıq. İyirmi itin iyirmisi də zibilxanada idi. Onlar zibil sellofanlarını eşələmək, şir kimi oturaraq gəlib gedənə baxmaq və yağışın yumşaltdığı torpağı qazmaqla məşğul idilər.

Biz itlərin arası ilə addımlayanda, uzaqda qara it göründü. O var qüvvəsi ilə bizə tərəf qaçır, boğazındakı bir qarış qatma da qalstuk kimi yellənirdi. Qara it zibilxanaya gəlirdi. Onun gözləri sevincdən parlayır, ağzı təəccübdən açılırdı. Zibilxanaya yetişən kimi yiyəsiz itlər onu çox səmimi qarşıladı, heç biri ona hürmədi, heç biri ağız atmadı. Onun gözlənilməz gəlişi yiyəsiz itlərdə ikrah doğurmadı, qara itin boğazında sallanan bir qarışlıq qatma olmasa idi, heç kim onu zibilxana itlərindən ayıra bilməzdi.

Qara it və yiyəsiz itlər bir-birini iylədi, bir-birinə sürtündü. Qısacası, tanış oldular. Gölməçələrə girib oynaşdılar. İnsanların addımları ilə açdığı cığırda yarışdılar, qəfildən məhləmizə maşın gəldi, sürüdən bir it çıxıb məqsədsiz şəkildə onun arxasınca qaçdı, bizim qara it də maşının dalınca düşdü. Birdən çox zəif bir ağlamaq səsi eşitdim, çevrilib baxdım, Şir kimi oturan itlərin arxasında yanı balalı ana it peyda oldu. Nəhayət, mən onları gördüm. Küçük anasından süd istəyirdi.

Bütün bunlar hamısı biz zibilxananın içindən keçib gedərkən baş verdi. Bəli, məhz belə qısa bir vaxtda mən bu qədər əsrarəngiz hadisəyə, təbiət möcüzəsinə şahidlik etdim. Bu səhnələr mənim yaddaşımda həmişəlik qaldı və mənə çox qəribə duyğular yaşatdı. Ömrümdə belə təbii hadisələr, təbii hərəkətlər görməmişdim. Qucağımdakı quru bədəni atamın qazdığı çalaya diqqətlə və ehtiramla qoyanda, bu dərin duyğuları yaşadığım anları xatırladım.

Bu dərin duyğuları mənə yaşatdığına görə qara itə təşəkkür etdim.