Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu – Seymur Baycan

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu   – Seymur Baycan

17 Yanvar 2023 12:18 619


Ayaz Salayevlə söhbətində Mehriban Zəki birdən dedi ki, mən Tarkovskinin “Güzgü” filminə yeddi yaşımda baxmışam. Film mənə yeddi yaşımda təsir eləmişdi.

Ayaz Salayev pafosu hədsiz sevən adamdır. Mehriban Zəkinin pafosu (yazıda pafos sözü bir çox mənalarda istifadə olunur) hətta Ayaz Salayevi belə çaşdırdı. Deyəsən, Ayaz Salayev bu dərəcədə pafos gözləmirdi. Ona görə də “çox maraqlıdır” deyərək vəziyyəti, daha doğrusu, Mehriban Zəkini mədəni şəkildə yola verdi.

Bəli, əziz yoldaşlar, yazının adından və girişindən artıq sizlərə məlumdur ki, mövzumuz Andrey Tarkovskidir.

Keçən həftə özümə zülm verməklə məşğul olmuşam. Andrey Tarkovskinin filmlərinə baxmışam. Əməlli-başlı əzab-əziyyət çəkmişəm. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, Tarkovskinin filmlərinə baxanda saxtalıqdan, sünilikdən, pafosdan, sözün birbaşa mənasında, ürəyim bulanırdı. Tarkovskinin düşük olduğundan azdan-çoxdan xəbərim vardı. Bu qısa həyatımda mənasız, darıxdırıcı, boz adamların Tarkovski haqqında heyranlıqla danışdıqlarının çox şahidi olmuşam. Mənasız, darıxdırıcı, pafosu sevən adamların Tarkovski haqqında bəlağətlə danışmaqlarından öz hesabımı çoxdan götürmüşdüm. Məni nələr gözlədiyini, təxminən, bilirdim. Amma buna baxmayaraq, doğrudan da, Tarkovskidən bu dərəcədə düşüklük gözləmirdim.

Başa düşdüm ki, adi vəziyyətdə Tarkovskinin filmlərinə baxa bilməyəcəyəm. Saxtalıqdan, sünilikdən, pafosdan qorunmaq üçün mütləq silahlanmalıyam. Soyuducudan dörd ədəd orta ölçüdə duzlu xiyar çıxartdım. Duzlu xiyarları boşqaba qoydum. Saxta, süni, pafoslu səhnələr ürəyimi bulandıranda, duzlu xiyarlardan dişləyirdim. Gördüm, artıq duzlu xiyar da mənə kömək etmir. Çünki filmlər başdan-ayağa pafosdan ibarət idi. Ərinmədim, altdan-üstdən geyinib, şaxtalı havaya, qar yağmağına əhəmiyyət vermədən, Mumu adlı ağ rəngli itimi də götürüb kolxoz bazarına yollandım. Bazardan üç yüz əlli qram alça turşusu aldım. Xülasə, üç yüz qram alça turşusunun köməkliyi nəticəsində Tarkovskinin filmlərinə zorla baxa bildim. Ancaq hələ də özümə gələ bilməmişəm.

Tarkovskinin filmlərinə baxanda özümdən asılı olmayaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə gördüyüm, qarşılaşdığım Tarkovski azarkeşləri gözümün qarşısında peyda olurdular. Qəribədir, müxtəlif millətlərə mənsub olsalar da, Tarkovskinin azarkeşləri bir-birinə çox oxşayırlar. Qorxaq (geniş mənada), öz dünyası, öz zövqü olmayan, tutuquşu kimi onun-bunun fikirlərini təkrarlayan, darıxdırıcı, boz, enerji sümürən adamlar…

Sual oluna bilər, bəs, bu düşüklük, bu pafos, bu sünilik necə məşhurluq qazana bilib?
Bəzi insanlar hansısa bir yolla özlərini xüsusi bir təbəqəyə aid etməyi, kobud ifadə etsək, özlərini xüsusi bir təbəqəyə soxmağı sevirlər. Belə deyək, bəzi insanlar hansısa bir yolla özlərinə “təriqət” yaradırlar. Məsələn, çox bahalı, mənasız, narahat paltarlar var. Bəzi insanlar çox bahalı, mənasız, narahat paltarlara ətək-ətək pullar xərcləyirlər. Paltar ona açıq-aşkar yaraşmır, özünü fiziki mənada narahat hiss edir, hərəkət etmək rahat deyil, amma yenə də ətək-ətək pullar xərcləyir, alır və geyinir.

Niyə?

Bununla özünü xüsusi bir təbəqəyə aid edir. Daxilindəki mənəvi yoxsulluğu bahalı, mənasız, narahat paltarlarla doldurmaq, bahalı paltarlarla özünü mataha mindirmək istəyir. Özünə təsəlli verir ki, mənim geyindiyim paltarı çox az adam geyinir. Biz başqayıq, biz adi adamlar deyilik, biz xüsusi adamlarıq, bizim geyindiyimiz paltarları hər adam geyinə bilməz, biz ayrıca “təriqətik”.

Əgər söhbət sırf sənətdən gedirsə, bəzi insanlar istəyirlər ki, onların oxuduğu kitabları çox az adam oxusun. Onların baxdığı filmlərə çox az adam baxsın. Guya bunlar ayrıca bir zümrədir və bunların baxdığı filmləri, oxuduğu romanları adi adamlar, fəqir-füqəralar, yetim-yesirlər, rəiyyət, kütlə başa düşə bilməz. Bu filmlər xüsusi adamlar üçün çəkilib, bu romanlar xüsusi adamlar üçün yazılıb.

Əlbəttə, tamaşaçı hazırlığı, oxucu hazırlığı tələb edən filmlər, romanlar var. Bu aydın məsələdir və tamamilə ayrı mövzudur. Sadəcə onu vurğulamaq istəyirəm ki, darıxdırıcı səhnələr, beşmərtəbəli, uzun cümlələr, pafos, saxtalıq, sünilik sənətdə keyfiyyət göstəricisi sayıla bilməz. Bir əsərin oxucusu, tamaşaçısı azdırsa, bu o demək deyil ki, həmin əsər mütləq gözəl əsərdir. Yaxud da tərsinə, bir əsər çox oxunursa, dağdakı çoban da bir əsəri oxuyanda həmin əsəri başa düşürsə, dağdakı çoban da bir əsərdən həzz alırsa, bu o demək deyil ki, həmin əsər zəifdir, bayağıdır. Yaxşı əsər elə yaxşı əsərdir. Onun oxucusu az da ola bilər, çox da. Vəssalam.
Bilirəm yuxarıda yazılanlara əks arqument kimi deyəcəksiniz ki, bir çox məşhur sənətkarlar Tarkovskinin filmlərinə yüksək qiymət veriblər, sən kimsən Tarkovskini düşük adlandırırsan? Kimsən axı sən?

Hansısa məşhur sənətkarın Tarkovskinin filmlərinə yüksək qiymət verməsi məni zərrə qədər də maraqlandırmır. Nə qədər məşhur sənətkar əfsanələrdən və nağıllardan ibarət kitabların göydən yerə göndərilməsinə, müqəddəsliyinə inanıblar. Məşhur sənətkarlar əfsanələrdən və nağıllardan ibarət kitabların göydən yerə göndərilməsinə, müqəddəsliyinə inanıblar deyə indi mən də o kitabların göydən yerə göndərilməsinə, müqəddəsliyinə inanmalıyam? Bəs məntiq haradadır?

Mən Tarkovskinin filmlərinə baxdım və gördüm ki, Tarkovskinin kinoya, sənətə dəxli yoxdur. Onun çəkdikləri kino deyil, başdan-ayağa əllaməlikdir, bolluca pafos donu geyindirilmiş xalis boşboğazlıqdır. Əllaməlilik, pafos zəif xarakterli insanları asanlıqla aldadır. Çünki elə insanlar özləri də əllaməliyə, pafosa aldanmağa meyllidirlər. Açığı, belə məsələlərdə, söhbətlərdə ortaya mövqe qoymaq, konkret rəy bildirmək nöqteyi-nəzərdən istedad və savaddan daha çox dəqiq müşahidə, insan xarakteri əhəmiyyətli rol oynayır.

İnsanın xarakteri yoxdursa, onun mövqeyi, öz daxili dünyası, zövqü də olmayacaq. Elə hey onun-bunun dediklərini tutuquşu kimi təkrar edəcək. Ona deyəcəklər ki, Borxes, Ceyms Coys, Sartr, Kortasar böyük yazıçıdır; Berqman, Tarkovski böyük rejissordur, o da xarakteri, şəxsi zövqü olmadığına görə deyilənləri bu və ya digər formada tutuquşu kimi təkrarlayacaq.

İki dünya bir olsa da, boğazıma diri ilan salsalar da, mən hansısa bəni-adəmin Tarkovskinin filmlərindən həzz aldığına inana bilmərəm. O saxtalıqdan, o boşboğazlıqdan, o sünilikdən axı necə həzz almaq olar? Sadəcə insanlar qorxaqdırlar. Pafos, əllaməlik iradəsi zəif olan, qorxaq adamları əzir. Qorxaqlıq insanlara mövqe nümayiş etdirməyə imkan vermir. Onlar, yəni qorxaq, iradəsi zəif olan adamlar düşünürlər ki, əgər mən Tarkovskinin, Berqmanın filmlərindən; Kortasarın, Borxesin, Ceyms Coysun əsərlərindən həzz almadığımı desəm, zövqsüz, savadsız, dayaz adam kimi görünəcəyəm. Beləliklə, qorxaq, iradəsi zəif olan adamlar saxta, süni, pafosla dolu əsərlərdən heç bir həzz almadıqları halda istər-istəməz həmin əsərlərin təbliğatçılarına çevrilirlər…

Əgər pafos mane olmasaydı Tarkovski yaxşı filmlər çəkə bilərdi. “İvanın uşaqlığı” filmində onun istedadı görünür (çəkdikləri arasında elə yeganə baxılmalı film “İvanın uşaqlığı”dır). Amma lənətə gəlmiş, andıra qalmış pafos Tarkovskiyə əl-qol açmağa imkan verməyib. El dilində desək, Tarkovski istedadını amansızcasına qarpıza sərf edib.

Bəli, əziz yoldaşlar, bilin və agah olun, əgər bir insanda pafos varsa, onu heç nə xilas edə bilməz. Nə istedad, nə zəhmət, nə də dərin intellekt. Bu barədə çox danışmışıq. Pafos sənətkarın ən qatı düşmənidir. Bu fikrim günü-gündən daha da möhkəmlənir. Tarkovskinin filmlərinə baxanda pafosun sənətkar üçün nə qədər dəhşətli, qorxulu düşmən olduğunu bir daha dərindən dərk etdim.

azlogos.eu