Ceyhun Hüseynovun xatirəsinə: 25 ildə 25 ömür

Ceyhun Hüseynovun xatirəsinə:   25 ildə 25 ömür

15:11 115


– Onun taleyini adını qoyanda yazıblar, – mən bir az rasional gözlə baxıram.

– Məncə, əmisi şəhid olan gün artıq taleyi yazılmışdı, – yol yoldaşım məndən daha dərin düşünür.

İstər-istəməz klassik irfan şeirimizdəki lövhi-məhfuzu xatırlayıram. Hamının adı, taleyi yazılan ilahi kitabı mən böyük Füzulidən tanımışam. Göz yaşı ilə Məcnunun adını yuyub, yerinə öz adını yazmışdı.

Dostum haqlıdır. Tale əzəli və əbədidir. Bizsiz yazılıb. Çünki dünyaya gəlişimizin özü də bir taledir, zamanını-məkanını, sevincini-kədərini, savabını-günahını son dəqiqliyinəcən hesablayan var. Biz kimik axı. Seçimlərimiz göylərin diktə etdiyi süjet xəttini bəzəməkdən başqa bir şeyə yaramır. Gözəl əməllərimizlə sanki bir ağaca bəzək bağlayırıq. Ömür dediyin də elə budur. Sənə veriləni yaddaşlarda gözəl saxlamaq. Ağacı dəyişmək – uzadıb-qısaltmaq ixtiyarımız yoxdur.

Yol yoldaşımla şəhid Ceyhun Tofiq oğlu Hüseynovun ad gününə gedirik. İkimiz də dost məclisini yarımçıq qoymuşuq. Dostumuz bizdən incimir. Çünki şəhid adı gələn yerdə hər şey və hamı ikincidir. Mən yaşayım, sən yaşayasan, biz yaşayaq deyə canından keçənlər kimsə ilə müqayisəyə gəlməz.

Hər şəhidin ömrü ayrıca bir kitabdır, Ceyhunun ömrü isə bir neçə kitabdır. Yaşadığı 25 ilə azı 25 ömür sığdırıb. Zamanı zamanın içində yaşayıb. Sanki tələsib. Bir göz qırpımını neçə xüsusyyətlə rəngləyib: savad, ağıl, mərifət, dünyagörüşü, istedad, iman, təmizlik, mehribanlıq... Bütün bunlar azmış kimi inanılmaz vətənpərvərlik.

Bundan sonra gəl döz onun yoxluğuna!

25 ildə 25 ömür yaşayan bir gəncin itkisi 25 insanın itkisi kimi ağırdır. Çünki gedəndə hər yerdən gedir. Hər ucalıqda bir boşluğu qalır. Hara baxırsan onu görürsən. Gözün axtarır, qulağın darı dəlir. Ömrünə hopur Ceyhun kimi gənclər. İstəsən də ayrılıb rahatlıq tapa bilmirsən.

Bu doğmalıq qohumluğa, tanışlığa baxmır, kim olur-olsun bağlanır Ceyhuna. Axı onunku fiziki və ya genetik yox, ilahi yaxınlıqdır. Yaxşı və gözəl nə varsa Tanrıdandır. Biz də az-çox bu yaxşılıqların, bu gözlliklərin daşıyıcısıyıq və kimdə eynisinə rast gəlsək, özümüzə doğma sanırıq.

Şəklini ilk görəndə hamı kimi mən də çaşdım: bu oğlanı tanıyıram.

Az sonra anladım: mənə tanış gələn sima deyil, Tanrının naxışıdır.

Məni Ceyhunun hüzuruna – valideynlərinin, qardaş-bacısının, doğmalarının, mənim kimi onu sonradan tanıyanların yanına bu duyğular aparırdı.

Məclis ənənəvi keçirilməsə də, təyinatını anlamaq çətin deyildi. Ceyhunu məhz belə xatırlamaq, belə anmaq lazımdır. Gəlin səmimi danışaq, ortada qələbə varsa, dərdin rəngi dəyişir. Dərd işıq saçır. Gözəlləşə-gözəlləşə şəhidin güləş çöhrəsinə bənzəyir. Cismani ayrılıqlar nə qədər ağır gəlsə də, ruhani vəhdət sənə böyük təsəlli verir.

16 may ad günüdür Ceyhunun. Üstəlik, yaxınları demiş, məzun günüdür, toy günüdür... Həm də ayrılıq gündür... Nəyi varsa bu gündür, nəyi yoxdursa, arzu kimi qalıbsa, o da bu gündür.

Bu gün Ceyhunun günüdür!

Onun doğmlarına yaşatdığı sevincin, qürurun və ağrının günüdür.

Çıxışlar da var, musiqi də, video-materiallar da, lakin heç kim və heç nə Ceyhunu onun öz duaları qədər xarakterizə etmir. Adətən yazmırıq dualarımızı, göylərə pıçıldayırıq. Ceyhun yazıb. Ömrümdə ilk dəfədir kiminsə duasını dinləyirəm. Necə də səmavi kitablardakı ayələrə bənzəyir. Ahəngi eynən odur. Lakin gənc bir oğlanın Tanrıya bu qədər inanması məni daha çox heyran qoyur. Bu yaşda bu təqva haradandır? Etiraf edək, indiki gənclər haqlı olaraq gəncliyini yaşamaq istəyir. Yaşayır da. Ceyhunda proqram başqadır. Onun hər sözündə, hər hərəkətində qüdrətin əli var.



Böyük Alim Qasımovun səsi gələndə bu yəqinliyim bir az da artır. Doğru qapını döyür Alim. Ona görə üzünə taybatay açılır. Azanla başlayıb muğama keçir... Tanrıdan bəndəyə yəni... Göylərin bağrını dələn səsin ahəngi təkcə məni yox, bütün məclis əhlini taleyin hikmətinə təzədən inandırır.

Ceyhunun indi muzeyə çevrilmiş otağına girəndə əməlli-başlı sarsılıram. Lap körpəlikdən bütün əşyalarını saxlayıblar. Qəti əmin oluram: valideynləri onu vaxtsız itirəcəklərini hiss edirmişlər! Yoxsa bir körpənin ən adi oyuncağını, ayaqqabısını, paltarını niyə qoruyub-saxlasınlar? Orda saatlar, burda mobil telefonlar, adapterlər... Küncdə gitara, rəfin önündə əsgər çəkmələri... Əşyalar adamı darmadağın edir. Hərəsinin bir hekaysi var. Oğul istər yazmağa. Əşyaların yaddaşını oyadıb ustalıqla qələmə aldığı üçün fransız yazıçı Patrik Modianiyə Nobel mükafatı veriblər. Ceyhunun əşyalarından yazmağa o qədər böyük sənətkarlıq lazım deyil. Çünki bu əşyalar özü danışır. Ruhunun səsyazanını işə salıb köçürsən, yetər.

Mən heç vaxt eyni heykayəni bu qədər ucadan danışan onlarla əşyanı bir yerdə görməmişdim!

Ailə şəklinin önündə qardaşı İsmayılı soruşuram. Yanımda durubmuş. Onu Ləman Ələşrəfqızının “Cənnətdəki ADAnın sakini” filmindən tanıyıram. Mənimlə də filmdəki kimi gülümsəyərək danışır. Hətta zarafatlaşır:

– Deyirdi, hara gedirəm, zəlzələ olur... İndoneziyaya getmişdi, zəlzələ oldu...

– Sevdiyi yerlər hamısı seysimik zonalardır. İndoneziya, Yaponiya... – kimsə arxadan deyir.

– İsraili də sevirdi... Orada da daim müharibədir... – İsmayıl əlavə edir.

“Hə, indi düzəltdin, – mən ürəyimdə deyirəm. – Ceyhun getdiyi yerlərdə zəlzələ olmurdu, onu belə yerlər çəkirdi...”

Çünki ən “seysimik zona” elə onun öz vətənidir. Müharibələr, faciələr, işğal, şəhidlər... Şükür, indi qələbənin kövrək addımlarnı atır... Sülhün astanasındadır... Bu vaxt qəfil mənə çatır – Ceyhunun otağı balaca Azərbaycandır. Hər yer bayraqdır. Birini özü ilə fotolarda gəzdirib. Getdiyi hər yerə aparıb. Aldığı onlarla diplom, sertifikat, mükafat uşaqlıqdan geyindiyi hərbi formalarla üz-üzədir. Adətən oxuyan uşaqlar döyüşməkdən-vuruşmaqdan uzaqdır. Ceyhun burda da seçilir. Şəhidlik də bir nəfəs yaxındır Ceyhuna.

Ötən əsrin 90-cı illərində müharibədə həlak olmuş əmisi Ceyhun Tahir oğlu Hüseynovun adını daşıyır. 19 yaşında haqqa qovuşmuşdu o da. Ceyhun 25 ildə yaşadığı 25 ömürlə bir yerdə əmisini də yaşadırdı. Əmisindən təkcə öz adını yox, vətən sevgisini də miras götürmüşdü. Bəlkə, bu qədəri artıq idi. O yaşda daşıya bilməzdi. Amma vətən bir ayrı sevdadır. Tanrıya gedən yol da vətəndən keçir. Vətənini sevməyən, heç kimi, heç nəyi sevməz.

Təl-Əvivdə uğurla bitirdiyi magistraturadan və doktorantura üçün Brüsselə aldığı dəvətdən sonra hərbi xidmətə getməyə bilərdi. Qanun buna icazə verirdi. İslam peyğəmbərindən isə çoxdan almışdı rüxsətini. Dinimizdə alimin mürəkkəbi şəhidin qanına bərabər tutulurdu.

Amma sevdada məntiq axtaranlar yanılırlar!

Getmək qaçılmaz idi. Bəs uyğun bir hərbi hissəyə düşmək necə? Qanun buna da icazə verirdi. Atasının imkanı da vardı. Açığını deyək, bir çox təminatlı ailələrin uşağı daha rahat yerlərdə hərbi xidmət keçir. Ceyhun bunu da istəmədi. Tanrısı kimi vətəni ilə də səmimi münasibət qurdu. Araya vasitəçi salmadı. Beləliklə, yolu düşmənlə üz-üzə dayanan uzaq səngərlərə düşdü. Xidmətini bitirməyə iyirmi gün qalmış...

Bu sözü yazmaq istəmirəm!

Bir anda 25 ömrün bitməsi mənə çox ağır gəlir. Amma təskinliyi yanındadır bu dərdin. Tanrısına qovuşdu, əmisinə qovuşdu, vətən torpağına qovuşdu.

Heç unutmuram, 90-cı illərdə şəhid dəfnlərində yaxından iştirak edən bir din xadimi danışırdı, deyirdi, hamısının üzündə təbəssüm donmuşdu, dodaqları sola doğru azca çəkilmişdi, onlar son anda nəyəsə sevinmişdilər, hətta xoşbəxt idilər.

İstər-istəməz yadıma Məhmət Akif Ərsoyun aşağıdakı misraları düşdü:

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşun açmış duruyor peyğəmbər.

Sinəsinin altında gəzdirdiyi vətən sevgisini savadı və dünyagörüşü ilə möhkəmləndirən təqvalı bir gənc üçün bu vüsalın əvəzi yoxdur. Lakin bir də cismani ayrılıq var. Biz sadə insanlar həmişə dönüb-dolanıb öz halımıza ağlayırıq. Sevdiklərimizdən ayrılmaq bizə ağır gəlir. Bir anlıq unduruq ki, sevdiyimiz insanı yaradan da, bizə sevgi verən də, araya keçici ayrılıq salan da taledir.

Verməsə nə edərdik?

Aldısa nə edirik?

Şəhidlərin məqamı bəllidir – onlara rəhmət diləyənləri çox da anlamıram, ruhu şaddır – buna da zərrəcə şübhəm yoxdur, bizə bircə səbir eləmək, bir də o ucalıq sahiblərinin adına layiq məmləkət qurmaq qalır.

Bizim cənnətimiz vətənə şəhidlərin əmanəti kimi baxdığımız gündən başlayacaq.

Şərif Ağayar