Aqşin Yenisey böyük ədəbiyyat yolunda - Sabir Rüstəmxanlı yazır...

Aqşin Yenisey böyük ədəbiyyat yolunda   - Sabir Rüstəmxanlı yazır...

15 Fevral 2023 14:11 755


Gənclik illərində “Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddın” jurnalı və folklor” adlı dissertasiya işimi rəy üçün Moskvaya, Ali Attestasiya Komissiyasının üzvü olan, ədəbiyyatşünas–alim və görkəmli yazıçı Çingiz Hüseynova göndərmişdim. O, da yubatmadan və özünəməxsus səliqə-sahmanla cavab yazmışdı.

Bu dəqiqliyi və diqqəti o vaxt hələ həyatda olan, Moskvada yaşayan qocaman Əziz Şərifdən və şərqşünas alim Qəzənfər Əliyevdən görmüşdüm. Çingiz bəy məktubunun sonunda yazırdı:

Ən çox da bu “ömrü qovhaqovdasan” sözləri ilişib qalmışdı yaddaşımda. İndi elə bir yaşdayam ki, ömrü qova-qova yaşamağımız daha məni narahat eləmir, amma ədəbiyyat yoluna başladığım ilk illərdən bəri gücümün müxtəlif janrlara paylanması və ya parçalanmasının səbəbləri, xeyiri və zərəri haqqında ara-sıra düşünürəm. Sonrakı illərdə də belə davam elədi, üstəlik həyatımın bir hissəsini də müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi uğrunda gedən siyasi mübarizələr aldı. Taleyimiz belə gətirmişdi, düşmən torpaq iddiası ilə üstümüzə gələndə, yazı masasına yapışıb qala bilməzdim.

Yeni nəsil yazarları arasında bənzər taleyi yaşayanları, yəni müxtəlif janrlarda yazanları görəndə sevinirəm.

Başımız qarışır, bir də baxırıq dünən gənc saydıqlarımız artıq yetkin yaşa çatıblar və ədəbiyyatda layiqli yerlərini tutublar.

Cəlilabad əvvəllər Azərbaycanın ədəbi xəritəsində solğun bölgələrindən biri olub. Uzun illər öncə bu barədə düşünəndə yazmışdım: “Cəlilabad ədəbiyyatımızın dincə qoyulmuş torpağıdır”. Yəni bir gün öz bəhrəsini verəcək.

Ötən əsrin 70-ci illərindən başlayaraq mənzərə dəyişildi: şeirdə Ayaz Vəfalı, Abbasağa, Salamın, Faiq Balabəylinin, nəsrdə Böyükxan Bağırov və Meyxoş Abdullanın adları önə çıxdı, ardınca güclü bir ədəbi nəsil gəlir. Aqşin Yenisey onların ən istedadlılarından və respublika ədəbi mühitində seçilən, özünü təsdiqləmiş nümayəndələrindən biridir.

Onun haqqında bu sətirləri yazarkən Çingiz Hüseynovun sözlərini xatırlamağım təsadüfi deyil. Aqşin də yolun başlanğıcından janr müxtəlifliyindən çəkinməyib: şeir, nəsr, publisistika, esse, ədəbi tənqid... Ən əsası, bu ədəbi janrların hər birində söz demək qabiliyyəti var, orijinal dəsti-xətti ilə seçilir, yazdıqlarının əksəriyyəti dəyərlidir, bədii-estetik və ictimai yükü var.

Aqşin Yeniseyin şeiri, nəsri, publisistikası ayrı ayrılıqda təhlil olunmalı, əsərlərinin uğurlu və uğursuz tərəfləri haqqında danışılmalıdır.

Bu yaxınlarda nəşr olunmuş sonuncu – “Hərflərin vahiməsi”, sonra isə 2013-cü ildə “ən yeni ədəbiyyat” silsiləsindən olan “Məbədin sükutu” adlı kitablarını (hər ikisi “Qanun” nəşriyyatında buraxılıb) oxudum. Sosial mediada şeir silsilələrini və publisist yazılarını da, imkan daxilində, izləyirəm. Lakin bu məqalə onun bir televiziya verilişində meyxana haqqında mükəmməl çıxışından və sonuncu kitabını oxuyandan sonra yazıldı.

Bu bir təsadüfdürsə də, maraqlı təsadüfdür. Çünki “Hərflərin vahiməsi” Aqşinin insan və zaman, şəxsiyyət və cəmiyyət, şair və ictimai proseslər, ehtiyac və ləyaqət, hakimiyyət və sənət arasında tarix boyu davam edən, gizli və açıq savaş haqqında bədii-fəlsəfi düşüncələrinin toplusudur. Başqa sözlə desək, düşüncələr romanıdır. Bununla yanaşı, o, hər zaman bütün qələm sahiblərini rahatsız edən ədəbi üslub, janr, məzmun və forma məsələləri barədə də nəzəri xarakterli fikirlərini də qəhrəmanının diliylə oxucularla bölüşmüşdür. Yəni bu kitab, əslində, onun bütün yaradıcılığının açarıdır.

“Hərflərin vahiməsi” kitabına qədər Aqşin Yeniseyin “Unutmaq sözünün şəkli” (2000), “Sizin eradan əvvəl” (2005), “Cənnətdə terror aksiyası, “147 dənə sən” (2013) və nəhayət, “Məbədin sükutu” adlı şeir və nəsr kitabları nəşr edilmişdir. Bu adlardan müəllifin axtarış və yenilik iddiaları aydın görünür.

Altı kitab 45 yaşlı bir müəllif üçün azdır, çoxdur, deyə bilmərəm. Say həlledici deyil. Həlledici olan Aqşinin bu kitablarla öz ədəbi taleyini müəyyənləşdirməsi və bununla yanaşı, milli-mənəvi dəyərlərə, tariximizə, dilimizə, əxlaq və ənənələrə münasibətlə bağlı hamımızı düşündürən bir çox sorunları yeni nəslin təfəkkürü, yeni estetik kateqoriyalar və dünya təcrübəsi baxımından təhlil etməsidir. Belə yazılarında Aqşinin satirik qələminin gücü də ortaya çıxır. Həmin yazıların bir qismi “Məbədin sükutu “ kitabında toplanmışdır. Əslində, satira, sarkazm ruhu onun bütün yazılarından keçir.

“Hərflərin vahiməsi”nə iki fərd arasındakı dialoq kimi də baxmaq olar. Bu forma müəllifə cəmiyyətdəki prosesləri bütün yönləri ilə görmək və təhlil etmək imkanı verir.

İki şair, biri evi içində, biri pəncərənin o üzündə, – havadan asılmış vəziyyətdə öz yaşayışları, cəmiyyətin keçdiyi yol, öz dostlarının taleyi barədə söhbət edirlər.

Evinə hətta sabun ala bilməyən şair, bir də “Cırtulla-79, göyün yeddinci qatında, pəncərənin qabağında, bir vedrənin üstündə oturmuş “şair ruhlu məmur...” Birincisi aclığa, ehtiyaca dözərək hələ özünü və sözünü satmayıb, ikincisi isə “ailəsi dağılmasın deyə, məcbur olub yalanın, rüşvətin, ləyaqətsizliyin tərəfinə keçib”.

Bir də şairin köhnə yataqxana yoldaşı “aşağılarla yuxarılar arasında kanat kimi gedib-gələn”, Cırtulla-80 var ki, pəncərədəki araq məclisində tez-tez yada düşür və Cırtulla - 79 həm də şairə onun sifarişini çatdırır: “Şair, Cırtulla - 80 deyir, yazılarında yuxarılara ilişməyin onların xoşuna gəlmir (İşarə ilə göyü göstərərək). Ordan zəng vurub deyiblər ki, ona çatdır, bizdən yazmasın, yazmasa xəcalətindən çıxarıq.

Əslində, bütün roman bu ziddiyyətin, “yuxarıyla” “aşağının”, satılmışlarla satılmayanların, ləyaqətsizliklə ləyaqətin tarix boyu davam edən mübarizəsinin günümüzdəki mənzərəsi haqqındadır. Və “şair ruhlu məmur”, puluyla əsir etdiyini düşündüyü şairi çətin sınağa çəkir: “Bax indi içəri giribkandardakı paltarlarının cibini axtarsaq, bir qara qəpik tapmarıq ki, ölü gözünə qoyaq”. Sonra hücum başlanır: “Sənin harana yaraşır həqiqət şeypurçuluğu, intellektul inqilab, nə bilim, beyin fırtınası? Hardan da tapırsınız ee, eşidəndə adamı gic yerinə qoyan bu cür sözləri? Nə deməkdir axı söz azadlığı? O şey ki, yazanı məhv edir, oxuyanı xəstə, eşidəni dəli. Onun azadlığı kimə lazımdır?”

Nəticədə “Ehtiyac növbəti dəfə azadlığı yenmişdi, bu qədər ənənəvi və bəsit!” “O, bir neçə dəfə dəhşətli nikotin yanğısına bənzətdiyi yazmaq ehtiyacının həyəcanını boğa bilməyib, yazı masasında oturmağa cəhd etdikdə hətta o kabusun kinli dəvə nəfəsinin hənirini ənsəsində ovxalamışdı da...”

Beləliklə, şair azadlığını və yazmaq ehtiyacını çörəyə və arvadının ara verməyən sabun tələbinə qurban verir. Bu sabun tələbi əsərdə rəmzi xarakter daşıyır.

Bu dramatik məqam əsrlər boyu acı nümunələr yaratmış bir faciəvi paradoksdur. Bülbül-qəfəsdə; sənətkar sarayda, padşahın gözünün qabağında, süfrəsinin qırağında. Saraylar bu işə yaramasa və ya sənətkarlar saraya sığışmasalar da elə bir şərait yaratmaq ki, sənət adamı özünü daim saraydan asılı, ona borclu hesab etsin; yuxarıların məddahına çevrilsin. Bu, sənət və hakimiyyət münasibətlərinin klassik formasıdır. Hakimiyyət həmişə sənətin açıq və hər şeyi görən gözlərindən qorxub, ya bu gözlər çeşidli ənamlarla bağlanmalıdır, ya çıxarılmalıdır.

Təbii ki, bu formaya sığmayan hallar da var, sənətkarın hakimiyyət sevgisi təmənnasız və ürəkdən də ola bilər. Yaxud ilham atı yarı yolda dayanmış müəlliflər, özlərinə başqa bəraət tapmayanda dostlarının təbii yüksəlişini onların guya hakimiyyətə yaxınlıq yalanı ilə gözdən salmağa çalışıblar.

Elə sənət adamları da var ki, istedadsızlıqlarını hakimiyyətin onlara təsiri və ya senzura ilə ört-basdır ediblər (guya senzura icazə vermir). Güclü istedad sahiblərinin isə belə bəhanələrə ehtiyacları yoxdur, onlar buzqıran kimi bürokratiya qatını qırıb keçir və istənilən hakimiyyəti onun varlığını qəbul etməyə və onun gücüylə, yoluyla hesablaşmağa məcbur edir. Ən yaxın tariximizdə öz cəsarətsizliklərini pərdələmək üçün meydan qəhrəmanlarına ağlasığmaz böhtanlar yağdıranları da görmüşük.

Lakin bütün hallarda özünün və sözünün azadlığını və ləyaqətini qorumaq o qədər də asan iş deyil və antidemokratik rejimlərdə bu daha da çətinləşir.

“Hərflərin vahiməsi” bu sadə həqiqət haqqında, lakin mürəkkəb bir əsərdir.

Müəllif öz dediyi kimi mətnin içində itir və ya bu süjet romanda əriyib gedir, mövzu ilə bağlı ruhən bağlı olduğu böyük şəxsiyyətlərin fikirləri, dini, mifik düşüncələr onu alıb aparır, əsər də müəllifiylə birgə insan azadlığı və iradəsi, çörək və ləyaqətlə bağlı duyğular burulğanından keçir, başladığı “tənliyi” açmağa çalışır.

Orta məktəbdə riyaziyyatçı olmaq istəyirdim, tənliklərin həllini çox sevirdim; bir dəfə də özüm bir tənlik düzəltmişdim, açması iki-üç səhifə yer alırdı, sonda nəhayət naməlum X-in cavabı tapılırdı. Bu cavab sevimli müəllimimin adı idi. Bununla onu təəccübləndirmək istəmişdim. Aqşin də özünü öz yaratdığı tənliyin ixtiyarına verir, “ilk cümləsindən, son cümləsinə qədər zamanı yaddaş” süzgəcindən keçirməyə çalışır, ortaya atdığı tənliyi aça-aça gedir. Cavab gözlənilməzdir: X=Aqşin. Bu düşüncə burulğanının içindən çıxan o özüdür. Çünki, əslində, bu romanda şair neçə tarixi şəxsiyyətə rastlaşsa, onlarla söhbət etsə, mifologiya, din və fəlsəfəyə baş vursa, bəzən bir neçə şairi üz-üzə qoyub danışdırsa, “yeni roman” nəzəriyyəsinə uyğun, mətndə özünü unutdurmağa çalışsa da, romanın bir qəhrəmanı var, o da Aqşinin özüdür. Aclıq çəkən də, həyatın ağırlığını araq şüşəsində boğmağa çalışan da, yuxarılara boyun əyməyən də, azadlığını ehtiyaca qurban verən də, ürəyi yazmaq ehtirasıyla yanan da, yazmaqdan uzaqlaşan da və nəhayət sonda yolun yarısından qayıdan, öz dediyi kimi mənanı qurban verib azadlığını qazanan da Aqşinin özüdür. Azadlığını qazanıb. Lakin ilkin ruhunu da qaytara biləcəkmi?

Yazmamaq təklifini verən “Cırtulla 79” eyni vaxtda zamanın, özünün və özükimilərin yaratdığı bir durumu dilə gətirir. Şairdən soruşur: “Elə bilirsən, həqiqəti təkcə sən bilirsən? Təkcə sən bilirsən ki, ölkədə niyə pul var, rifah yoxdur; niyə xalq var, cəmiyyət yoxdur; niyə söz azadlığı var, söz yoxdur; niyə təhsil var, elm yoxdur; niyə ziyalı var, mövqe yoxdur; niyə ümid var, inam yoxdur; niyə qanun var, hüquq yoxdur; niyə imtiyaz var, haqq yoxdur; niyə şüur var, düşüncə yoxdur; niyə müqəddəslik var, paklıq yoxdur? Səncə, bu qədər adam kefindən yaltaqlanır?”

Şair taleyi ilə barışır, köləliyi qəbul edir və nəzərə almır ki, bu sualdakı “yox”ların cavabı məhz onun kimilərdir, şərə boyun əyənlər, ictimai fəallığı lağa qoyanlar, cəmiyyəti saflaşdırmaq üçün mübarizə aparanları, vəzifədə və ya Məclisdə olan aydınları, öz yaşlı həmkarlarını hədəfə çevirənlər, xalqın maraqlarını unudub cavan yaşından sosial həyatdan qopub, təklənməyi, tərkidünyalığı ideallaşdıranlar, arağı istedadın ekvivalentlik mərtəbəsinə qaldıranlar, ədəbiyyatı ictimai mövzulardan uzaqlaşdırıb xırda və xəstə çırpıntılar burulğanına atmaq istəyənlər, özün dünyanın mərkəzi sayanlar. Hər şeyin yaxşı olmasını arzulamaq gözəldir, lakin bundan ötrü tamaşaçı yox, oyunçu olmalısan, qolunu çirməyib işə başlamalı və iş görənlərə dodaq büzmək xəstəliyindən xilas olmalısan; yara vurana yox, yaralara məlhəm axtaranlara haqq qazandırmalısan.

Cəmiyyətdə sevginin yerini qarşılıqlı inamsızlıq tutanda dayaqlar sarsılır, tarazlıq itir və fəlakət başlanır.

“Hərflərin vahiməsi” Aqşinin yeni romançılıq haqqında ədəbi düşüncələri ilə paralel yaranıb. Hansı hansını doğurub, deyə bilmərəm; lakin həm də dünya ədəbiyyatını diqqətlə izləməsi, nəsrin nəzəriyyəsini dərindən bilməsi, bədii yaradıcılıqla yanaşı, ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və televiziya jurnalistikası sahəsində fəallığı, yazılarındakı yetkinlik, aydın vətəndaşlıq mövqeyi və elmilik göz qabağındadır və ədəbiyyatımızda özəl bir yer qazandırır.

Aqşin yeni roman haqqında danışarkən məşhur nəsr ustaları Kafkadan, Prustdan sonra romanı yenidən modernizə edən fransız yazarlarını örnək götürür. Niyyəti, onlar kimi, insanın yox, mədəniyyətin bioqrafiyasını yazmaq və romanı XIX əsr təhkiyəsi çərçivələrindən və hadisəçilikdən xilas etməkdir.

Yeri gəlmişkən deyim ki, Marsel Prustun XX yüzilin ən görkəmli fransız romanı sayılan “İtirilmiş zamanın axtarışında” əsərinin ilk rəyçilərindən biri, şair Jak Madlen roman haqqında yazmışdı: “Yeddiyüz səhifəlik bu əlyazması boyu biz kiçik, kiçicik bir təsəvvür əldə edə bilmirik ki, nə baş verir. Bütün bunlar nə üçün yazılıb? Nəyə görə? Anlamaq olmur! Bu, nədir, nə haqdadır? Bunu anlatmaq mümkün deyil!” Yəni XX yüzilin ən məşhur romanı özünə çox böyük çətinliklə yol açıb.

Aqşinin fikrincə yeni romançılar yəni Floberin, Balzakın, Dostoyevskinin, Tolstoyun yolunu inkar edirlər, dünyanın çoxölçülü olduğunu, müşahidə və mühakimələrdə başqa gözlərin və beyinlərin də iştirakının vacibliyini iddia etdilər.

Təbii ki, bu inkarçılıq adları çəkilən böyük yazıçıları kiçildə bilmir. Çünki “yenilik” heç də həmişə “üstünlük” ola bilmir.

Roman nəzəriyyəçilərinin bir çoxunun yaradıcılıqları nəzəri düşüncələrinin formulları ilə uyuşmur. Və ya yenilik deyilən sadəcə bir üslub fərqi səviyyəsində qalır.

Bu, ayrı bir söhbətin mövzusudur. Lakin Aqşinin eksperimentlərdən çəkinməməsi, yeni çağın yeni sözünü demək, yeni ifadə biçimlərini axtarmaq istəyi, həm şeirlərində, həm nəsrində bu istəyini reallaşdırmaq qabiliyyəti göz qabağınadadır və inkarolunmazdır. Haqqında danışdığım romanı da bunun uğurlu nümunəsidir.

Roman qəhrəmanlarının düşüncələri və ya söhbətləri bəzən monoloqlar silsiləsinə bənzəyir, burda müəllifin bütün intellekt potensialı, fasiləsiz nitq qabiliyyəti üzə çıxır.

Burada müəyyən mübahisəli məqamlar da var. Məsələn, cümlələrin antik mifalogiyadan, Avropa mədəniyyətindən gəlmə sitat və ya alınmaların çoxluğu mətni ağırlaşdırır və romanın oxunmasını çətinləşdirir. Mən bəzi aşıq-saçıq sözləri də o mətnlərə yaraşdırmadım.

Romanda ədəbi dilimiz “dustaq dil” hesab edilir, bu dillə böyük mədəniyyət yaradılmaq mümkünsüz sayılır, hesab edilir ki, düşüncəmizdə azadlığa yer yoxdur, bu azadlığı qazanmağın yolu anarxizmdir... Lakin bu romanın qəhrəmanının fikridir, İnanıram ki, Aqşin belə düşünməz, bu deyilənlərin yanlış olduğunu ədəbi dilimizin keçdiyi böyük mübarizə yolu aydın göstərir və ona da inanmıram ki, bədii mətnə məişətdən bir-iki açıq-saçıq söz gətirməklə və Avropadan alınmaların sayını artırmaqla ədəbi dilimizi “düzxətli” olmaqdan xilas edə bilərik. Dil mürəkkəb bir prosesdir və onun zənginləşməsinin çoxlu yolları var: dilin sahibi olan xalqın müstəqil dövlətinin olması, dilin yüksək rəsmi statusu, ədəbi dilin bədii dil hesabına zənginləşməsi, ümumxalq dilinin dərin qatlarının ədəbi dilə qoşulması, qohum dillərlə əlaqələrin möhkəmləndirilməsi, tərcümə işinin genişləndirilməsi və s.

Romanda surətlərin sərbəst nitq axarı bir çox orijinal fəlsəfi qənaətlər, aforistik ifadələr, qanadlı dil vahidləri meydana çıxarır ki, onların bəzilərinin doğura biləcəyi narazılıq romanın bədii dəyərini azaltmaz.

Ümumiyyətlə, Aqşinin bədii və publisist dili zəngindir, canlıdır, xalq dilinin qaynar çeşmələrindən qidalanır, bununla yanaşı, intellektinin və zəngin mütaliəsinin gətirdiyi yeniliklərə də açıqdır. Bu keyfiyyət yazıçı üçün tale məsələsidir...

Aqşini mənə doğmalaşdıran cəhətlərdən biri də onun publisistikasındakı vətəndaş cəsarəti, ictimai fəallıq, kəskin satirik yanaşma və cəmiyyətdə baş verən hadisələri incələmək, təhlil etmək qabiliyyətidir. Bu son dərəcə mühüm bir keyfiyyətdir, əsl milli ziyalılıq mövqeyi və sıravi qələm əhlini ictimai xadimliyə yüksəldən böyük ədəbiyyat yoludur. İnanıram ki, Aqşin bu yolu inamla keçəcək.