Bu, Hollivud səviyyəsidir - Xalid Kazımlı

Bu, Hollivud səviyyəsidir   - Xalid Kazımlı

03 Fevral 2023 16:21 283


“Əqrəb mövsümü” barədə təcrübəli tamaşaçı rəyi

Özümü kinoman saymıram, amma indiyədək minlərlə filmə, yüzlərlə seriala baxmışam – ilk filmimiz “Neft və milyonlar səltənətində”dən tutmuş ta “Əqrəb mövsümü”nə qədər.

Deyim ki, bu filmlərin içində yarımçıq qoyub baxmadıqlarım da olub. Xüsusilə son illər, təvazökarlıqdan Hollivud yamacı qədər uzaq olsa da, deyim ki, türkün sözü, seçici olmuşam. Filmin, serialın ilk 10 dəqiqəsinə baxıram, yapışdısa, sona qədər izləyirəm, maraqlı gəlmədisə, başqasını seçirəm. Hətta elə olur ki, bir serialın 6 bölümündən sonra görmüşəm ki, dadı-duzu qaçıb, Türkiyədə çəkilən “Bizim evin halları”na dönüb, ta baxmıram. (“Bizim evin halları” beləydi, 6-7 adam serial boyunca divanda oturub ordan-burdan söhbət edirdi).

Ancaq “Əqrəb mövsümü”nə sona qədər baxdım. Sona qədər baxa bildimsə, demək, ortada iş var və serial adama yapışır.

Bu həcmdə ilk iş olduğu üçün ümumilikdə serialı uğurlu saymaq lazımdır. Onun ətrafında gedən söz-söhbətlər, davam edən müzakirələr də göstərir ki, filmin yaradıcıları məqsədlərinə çatıblar. Bu, təxminən futboldan söhbət düşəndə “eh, bizdə futbol-zad yoxdur” deyib, sonra “Qarabağ”ın Avropa klubları ilə oyunlarında stadionu dolduran və ürəkdən azarkeşlik edənlərin bir sutka futboldan danışmasını xatırladır. Bizdə futbol yoxdur, amma “Qarabağ” var, eləcə də bizdə kino yoxdur, amma “Əqrəb mövsümü” var.

Aktyorlardan Azər Aydəmirin oyunu, şişirtməyə-filana yol vermədən deyim ki, Hollivud səviyyəsidir. Onun bu qədər müqtədir sənətkar olduğunu, doğrusu, bilmirdim. Abbas Qəhrəmanovu azı 38 ildir tanıyıram, ustaddır, söz yox. Hikmət Rəhimovun oyunu da gözəgəlimli və yaddaqalandır. Ümumiyyətlə, aktyor ansamblı yaxşıdır.

Serialın cəmiyyətə ötürdüyü mesajlar çox təqdirəlayiqdir. Ümumi ideya bundan ibarətdir ki, haramlıq, əclaflıq, xəyanət cəzasız qalmır, məhsulu bu və ya digər şəkildə adamın qarşısına çıxır.

İndi gələk qüsurlara. Bunları yazmaya da bilərdim. Amma ona görə yazıram ki, gələcək işlərdə belə şeylər olmasın və ortaya çıxarılan əsərlər daha mükəmməl olsun.

Rejissor Emil Quliyev dünya kinematorafiyasının bəzi klişelərindən imtina etməyib. Ailəsində problem olan, arvadı tərəfindən danlanan, hansısa cinayət işinin axtarışına xahiş-minnətlə cəlb edilən təhqiqatçı obrazı indiyədək minlərlə filmdə olub. ABŞ, Rusiya, Türkiyə və başqa ölkələrin seriallarında minlərlə bu cür obraz var. Hərdən adam istəyir ki, nə olar, o təhqiqatçı ya subay olsun, ya da arvadı ölsün ki, əsərin qəhrəmanı rahat işləsin. Bənzər epizodlara nə qədər baxmaq olar? Təəssüf ki, başqa ölkələrin kinematoqrafları da bu klişenin basqısı altında qalmaqda davam edirlər.

Serialın quruluşçu operatoru personajların bir sıra söhbətlərini Bakının axar-baxarlı yerlərində, məsələn, köhnə və yeni bulvarlarda, Ağ Şəhərdə çəksə, həm şəhərin gözəlliyi və əzəməti görünərdi, həm də əsər daha baxımlı və rəngarəng olardı. Bir də qapalı məkanlarda, dialoqlar zamanı rakurs tez-tez dəyişməlidir. Bu, sovet dövrünün filmlərində olurdu: kameranı işə salır, sonra onun qarşısında, bir rakursda 3-4 dəqiqəlik çəkiliş aparırdılar.

Serialdakı dialoqların səmimiliyi, pafossuzluğu, həyatiliyi təqdirəlayiqdir, amma söyüşlər, biədəb ifadələrin bolluğu qulaq cırmaqlayır. İki ziyalı cütlüyün öz evində “mənim buna filan yerim çatmır” deməsi yanlışdır. Baxın, onların dediyi sözü eynilə burda yazmaq mümkün olmadı. Oxucular adamı topa tutar. Amma “Əqrəb mövsümü”nün izləyiciləri yüz minlərlədir və zamanla milyonlarla olacaq. Adamlar bu cür danışa bilərlər, söz yox, amma tamaşaçı bunu eşitməməlidir. Söyüşlərdən, rus dilində olan jarqon ifadələrdən həddindən çox istifadə olunmasını tənqid edənlər haqlıdırlar. Bir də serialın bölümlərində əvvəldən axıra qədər ən çox işlənən söz “oğraş” idi. Bunları da azaltmaq, bəzi yerlərdə “yaramaz”, “əclaf”, “şərəfsiz” kimi sinonimlərdən yararlanmaq olardı.

Serialın ən bəyənmədiyim yeri mənasız pauzalar oldu. Filmin personajları bəzən təxminən bir dəqiqə şəkil kimi durur, boşluğa baxırlar, dialoqlar zamanı ağır-ağır danışır, bir-birinə gec cavab verirlər, mənasız şəkildə susurlar. Bunlar dinamikliyi azaldır. Melodramlarda həzin musiqinin fonunda belə epizodlar sentimentallığı artırır, amma detektivlərin ritmini pozur, elə qənaət yaradır ki, ölənlər, itənlər təhqiqatçıların vecinə deyil, onlar öz lirik həyatlarını yaşayırlar.

Bir oğlu ölən, o biri isə qaçırılan və ondan heç bir xəbər almayan atanın oteldə eşqbazlıq etməsi epizodu artıq idi. O halda olan adamın yadına nə bir başqa iş düşər, nə başqa bir qadın – nə qədər əclaf biri olsa da.

Bununla belə, ekran əsərinin finalının əla alındığını, hətta bu layihənin davamlı olmasını umanların haqlı olduğunu qeyd etmək gərəkdir. Eyvazov-Orucov tandemi başqa müəmmalı cinayətləri də aça bilərlər – sadəcə, daha təmiz danışaraq və pauzaları ixtisar edərək.

“Yeni Müsavat”