“Bütün sənət dünyası “like”a oturub” - Müsahibə

“Bütün sənət dünyası “like”a oturub”  - Müsahibə

24 İyun 2022 11:46 863


YeniYaz.Az yazıçı Jalə İsmayılla müsahibəni təqdim edir.

- Şeir, esse, hekayə... Sizə ən çox doğma olan hansıdır?

- Hekayə! Özümü şair saymıram. Düzdür, bəzən təriflənən şeirlər olur, amma yenə də düşünürəm ki, şairlik ruhun fərqli qatıdır. Payızdan-payıza şeir yazan adamı şair saymaq olarmı, bilmirəm. Şeir haqqında danışmağa qorxuram, amma hekayə müzakirəsi aça bilərəm. Hiss edirəm ki, ən yaxşı anladığım mətn hekayədir.

- Rumın ədəbiyyatından tərcümələr edirsiniz. Rumın dilinə necə gedib çıxmısınız?

- Elmlər Akademiyasında doktorant olarkən rumın ədəbiyyatını seçmişdim tədqiqat obyekti kimi. Sonra Rumıniyada ikinci doktoranturanı oxudum. Azərbaycan – Rumıniya mədəni əlaqələr tarixini araşdırdım. Öyrəndiyim dili inkişaf etdirmək üçün də hərdən xoşuma gələn mətnləri tərcümə edirəm.

- Sizə “Xalq yazıçısı” adı versəydilər, qəbul edərdinizmi?

- Mənə verməzlər, bu heç. Amma bu adlarla bağlı prinsipial mövqeyim yoxdur. Ümumiyyətlə götürsək, ad verməyin əleyhinəyəm. Xalq yazıçısı, Xalq artisti sovet dövründən qalan qiymətləndirmə sistemidir. İndi buna gərək yoxdur. Ola bilər ki, bəzi adamlar adlarının qarşısının boş qalmağından kompleksə düşürlər, onlara özünütəsdiq üçün illərdir daşıdığı ad-soyad azlıq edir. Bu adı almaq insanı daha istedadlı etmir, almamaq da istedadsız olmaq demək deyil.

- Hansısa bir şairə Xalq şairi adı veriləndə sevinmək və ya kədərlənmək hissiniz olubmu?

- Elə bir şey xatırlamıram. Tamamilə laqeydəm bu prosesə. Formal olduğunu dərk etdiyim şeylər məni həyəcanlandırmaz. Ola bilər, dostlarımızdan biri ad alsın, biz də uzağı sevincinə şərik ola bilərik, təbrik edərik.

- Sizcə indi necə bir ədəbi gənclik yetişir?

- Yaxşı uşaqlar var, yaxşı mətnlər də var.

- Yaxşı mətni olanlardan kimlərin adını çəkə bilərsiniz?

- Ramil Əhmədin, Aqşin Evrənin, Ülvi Bahadırın, Rəşad Nağının yaxşı mətnləri var. Adını indi xatırlaya bilmədiyim başqa uşaqlar da var. Mətni, müəllifi unutsam da, təəssüratlarım yadımda qalır – yaxşı bir mətn oxuduğumu xatırlayıram. Şeirin oxucusuyam. Amma hekayəçiləri rəqib olaraq görürəm (gülür).

Bəzən gənclərin ən böyük problemi böyüklər olur. Ya onları göyün yeddinci qatına qaldırırlar, ya da yerin dibinə soxurlar. Hələ formalaşmamış yaradıcı şəxsiyyət də tənqid-tərif dilemması qarşısında özünü itirir. Özünütənqid mərhələsinə keçməmiş gənc üçün uclarda yaşamaq ağır gəlir. Onlara bu əziyyəti verməyək. Bu qarışıqlıqdan sağ çıxmayan o qədər istedadlı uşaq var ki. Tənqidin də, tərifin də dozası qədərində olmalıdır. İddiası çox görünən gəncin “havasını almaq” istəyənlər də az deyil axı. Özünün və başqalarının sərhədini bilmək faydalı şeydir.

- Yaşıdlarınız arasında elə yazarlar varmı ki, onları mətn etibarı ilə özünüzdən geri hiss eləmisiniz?

- Yaşıdlarım... Mən bir az gec yazmağa başlamışam. Pasportla yaşıdım olanlar artıq ədəbi mühitdə tanınırdılar. Məhz bu yaşıdlarım ən təəssübünü çəkdiyim nəsildir. Ən yaxşı mətnləri onlar yazsın istəyirəm. Həm də onları oxuyanda daha çox qorxuram. Eyni dövrü, eyni hadisələri yaşadığımız üçün bildiyim şeyləri necə işlədikləri məni həyəcanlandırır. Bəzən də çox maraq göstərmirəm – sanki artıq nə yazdıqları, necə yazdıqları mənə məlumdur. Daha gənc olanların və ya daha yaşlı nəslin durduğu yerdən dünyaya baxmaq fərqli təəssüratlar oyada bilir.



Zəif mətnlərə gəlincə, təbii ki, qarşıma çıxır. Hər yazılanı ortaya çıxarmamaqdan yanayam. Yazar haqqında mənfi fikir formalaşdırır. Beş yaxşı hekayə yazarsan, bir dənəsi xoşa gəlməz, yadda qalan da o olar. İndi sosial şəbəkələrdə bədii mətn adına paylaşmalar çoxdur. Mənim dostluğumda da xeyli şair-yazıçı var. Çatdırıb oxumağa çalışıram hamını. Gördüm, bəyənmədim, bir “like”ı çox görərəm...

- Xəsislik var...

- Tərifə xəsisəm. Onlayn, ya oflayn, fərq etməz. Ən yaxındakılar – Rəbiqə də, Ülviyyə də, Elnaz da, Günellər də, Cavidan da, Svetlana da, oğlanları hələ demirəm - bilir, xoşuma gəlmədi, bəyənmirəm. Belə baxanda çox xırda şeydir bir “like” qoymaq. Amma məndə də belə çatmır. İradları adətən ictimai olmayan platformalarda – privat çatlarda bildirirəm. Özümə münasibətdə də beləyəm. Mənə düşmən lazım olmur. Uşaqlar da bilir ki, məni rahat-rahat tənqid edə bilərlər. Edirlər də. Sağ olsunlar. Mətnə görə küsmək uşaq söhbətləridir.

- Sizcə, hazırk ədəbiyyat “like” ədəbiyyatıdır?

- Nəinki ədəbiyyat, bütün sənət dünyası “like”a oturub. Bu gün ölçü vahidinə çevrilib “like”. Gənclər də çox aldanır buna. Mətnin dəyərini bəyənmə sayı ilə ölçən böyük bir kütlə yaranıb. Sanki bu qadınların və kişilərin bacardığı başqa iş yoxdur, əllərində ancaq ədəbiyyat var və mütləq ədəbiyyat tarixində qalmalıdırlar. Özünçün yazmaq, dost-tanışla paylaşmaq başqa, iddialarla çıxış etmək başqa.
Bu gün üzdə olan heç bir ədəbiyyatçı nə Aygündür, nə Röya – bütün ölkənin tanıdığı yazı adamı yoxdur. Şairlərdən bəlkə Ramiz Rövşən, yazıçılardan bəlkə Anar...

- Ramiz Rövşən demiş, yəqin ki, Xalq şairi adı almağı yadınızdadır, təbrik etdinizmi?

- Yox, Ramiz bəylə bizim şəxsi tanışlığımız yoxdur, ona görə də təbrik eləməmişəm. Niyə də almasın? Niyə gec alıb – sual bu olmalıdır.

- Tənqidçilərin gənclərə olan münasibəti sizi narahat edirmi?

- Tənqidçilər gənclərə nə edir? Kimin əlini tutublar ki, sən yazma? Yazan çox, tənqidçi azdır. Üstəlik, bu iş, demək olar ki, ictimai əsaslarla görülür. Tənqidçi əməyinin qiymətləndirilməsi nə yerdədir? Hökumətin xüsusi proqramı varmı? İctimai təşkilatlar və ya özəl qurumlar tənqidçilərin öz işlərini yüksək səviyyədə görməsi üçün hansı layihələr edirlər? Nə yazılırsa, az qala hamısı şəxsi təşəbbüsdür. Ədəbiyyat təəssübkeşliyidir. AYB hesabatları var, onlar da ədəbi mühitə ciddi təsir edə bilmir.

Diqqətdən kənarda qaldığını düşünənlər şedevr yazdığını iddia edənlərdir. Hər yazan adam özü haqqında bir rəy eşitmək arzusundadır, bu, təbiidir. Amma reallığımız başqadır də. Ədəbi məktəblər yaradacaq ədəbi dərgilər yox, dərnəklər yox. Spontan şəkildə inkişaf edən ədəbiyyatımız üçün bu tənqid kifayət qədər adekvatdır.

- Bəs tənqidçilər içərisində ən adekvatı hanısıdr? Yəni bu adam elədiyi tənqiddə tam doğrunu deyəcək...

- Düzünü demək, qərəzli olmaq... nisbi anlayışlardır. Tənqidçi qərəzli olub neyləyəcək? Həvəsdən salacaq? Bir sözlə həvəsdən düşəcəksənsə, lütfən, buralara gəlmə. Öncə tənqidə münasibətimizi dəyişməliyik. Tənqid pisləmək və ya tərifləmək deyil axı. Mətnin təhlil olunması tamamilə başqa şeydir. Hər hansı bir mətnin ədəbiyyatda qalıb-qalmayacağı zamanın işidir. Gənclərə qarşı səbirli olmaq lazımdır, gənclər də səbirli olmalıdırlar. Gənclər mətnə birmənalı cavab gözləyirlər: yaxşıdır və ya pisdir. Ən qərəzli saydığımız tənqidçini belə diqqətlə oxumalıyıq. Qərəzə kökləndiyi üçün, belə demək mümkündürsə, heç kimin görmədiyini görüb çıxara bilər və bu, yazara başqa bir yol göstərər.

- Olubmu ki, sizi tənid ediblər, absurd saymısınız?

- Yox, olmayıb. Xoş şeyləri də, naxoş şeyləri də təmkinlə qarşılayıram. İnanın, indi yanımızdan keçən o uşağın belə fikrini eşitməyə və ağlabatan iradını qəbul etməyə hazıram. Heç vaxt düşünməmişəm kimsə qərəzlidir mənə qarşı. Niyə qərəzli olsun? Öz fikrini bildirir. Kiminsə məni bəyənməmək haqqı var! Adi oxucu və ya tənqidçi. Mənim yazmaq istəyimi və istedadımı kim əlimdən ala bilər? Rahat olmaq, öncə öyrənmək, sonra yazmaq lazımdır. Vəssalam.

- Sizcə, Jalə İsmayıl hansı mətnləri ilə qalacaq?

- Bir neçə şeir, bir neçə pyes, bir neçə hekayə, bəlkə bir neçə esse ilə. Bir söz də deyim, redaktəni dayandırmayan müəlliflərdənəm. İnanıram ki, hər şey daha yaxşı ola bilər. Yayımlanmaq üçün harasa göndərəndə onillik mətnin belə üstündən bir də keçirəm. Bir dənə “Pintoş” hekayəsindən başqa. Necə yazmışam, eləcə də qalır on ildən çoxdur. “Pintoş” haqqında hekayə də pintidir elə.

- Son olaraq, özünüzdən sonra gələn gənclərə nə arzulayırsınız?

- Böyük, çox böyük uğurlar arzu edirəm. İnanıram ki, onlar daha yaxşı mətnlər yazacaqlar. Onlar hər saniyə dəyişən texnologiya dövrünün insanları olaraq fərqli düşünməyə məcburdurlar. Şeir yazan robotlarla yarışacaqlar, xəbərləri olsun (gülür).

Bu gün 20 yaşlılar sanki daha nihilist görünürlər, daha aqressiv. Çox iddialı, az səbirli. Bu yaşda onlara izah etmək mümkün deyil ki, vallah elə deyil. Nə yaxşı da mümkün deyil. Heç kimi bəyənməmək, dikbaşlıq etmək, iddiaları istedadını aşmaq... bu yaşda da etməyib, nə vaxt edəcəklər? Gənclik daha iddialı olmasa, daha fərqli yollar aça bilməz. Bu iddia yarışında kim finişə çata biləcək, bax onu xeyli gözləməli olacağıq. Qoy biz yaşlıları bəyənməsinlər, sevməsinlər, oxumasınlar... amma bilsinlər ki, bir gün onlar da yaşlanacaqlar (gülür).

Yazsınlar. Öz mətnləri ilə böyüsünlər. Özünəməxsus olsunlar. Qalanı düzələcək.

- Təşəkkür edirəm.

- Buyurun.

Nizami Bayramlı