Ədəbi qəhrəmanlarımız nə qədər qazanır? - Mətanət Vahid

Ədəbi qəhrəmanlarımız nə qədər qazanır?   - Mətanət Vahid

05 Sentyabr 2024 14:01 117


Bədii mətnlər nə qədər (həm də) uydurma və xəyal məhsulu olsa da, məncə, iş və qazanc məsələsində müəlliflər uydurmurlar. Necə ki reallıqda zəhmət çəkib göz nurunu tökməklə milyonlara sahib olmaq mümkün deyil; kirayə pulunu, kommunal xərcləri, gündə 3 öyün naharı güclə çatdırmaq olur, eyni vəziyyət həm də bədii ədəbiyyatda özünü göstərir...

Saytda Tim Parksın “Puldan danışaq...” deyə sözə başladığı esseni oxuyanda köhnə bir yazımı xatırladım: Bir neçə il əvvəl idi, saytın oxunma siyasəti ilə bağlı virtual söhbət zamanı Qismət maraqlı bir eksperiment-mövzu təklif etdi: “ədəbi qəhrəmanlarımız nə qədər və necə qazanır?” Zarafatyana “başqasının qazancını hesablamaq mənə yaraşmaz” deyə düşünsəm də, ümumiyyətlə, eksperimentlərə, fərqliliklərə açıq biri kimi mövzu məni tutdu və beynimdə yazının konturları cızıldı. Hətta sonralar intermediallıq silsiləsindən olan “Ədəbiyyat və iqtisad”, “Ədəbiyyat və reklam” yazılarımda da mövzuya astaca toxundum. Bu müddətdə araya xeyli başqa yazılar düşdüyündən həmin mövzuya köklənmək imkanım olmasa da, bir şeyin fərqinə vardım ki, mütaliə zamanı özüm də hiss etmədən ədəbi qəhrəmanların qazancını hesablayırmışam. Maraq qurdu beynimə necə düşmüşdüsə, Şərif Ağayarın Qoluyoxu kimi (“Qoluyox” hekayəsi) elə hey beynimin bir küncündən suallar ələnirdi: taleyini oxuduğum qəhrəmanın “Görəsən, ayda nə qazanır ki?..” deyə qazancına da biganə qala bilmirdim.

Elə Qoluyox Vəlyəddinin hansı yolla və nə qədər qazandığına baxaq: “Gözünü açandan vəzifədə işləmişdi. Di gəl tərcümeyi-halının ən təntənəli vaxtını, öz diliylə desək, adam balası kimi yaşadığı dövrü Pensiya Fonduna baş mühasib təyin olunan gündən hesablayırdı... Onun sol əllə qazandığının yarısını özündən deyən oğul iki əllə qazana bilməzdi. Adamlar ona pay-püş, pul-para verməyə adətkar idilər. İllah da sağlam ola-ola təqaüdə çıxmaq istəyənlər! Vəlyəddin Nəsimidən betər soyurdu belələrini... Qoluyox Vəlyəddinə rüşvət vermək, uşağa corab almaq kimi adi iş idi. Hələ bəlkə ondan da ötə, ondan da savab!” Şərif Ağayarın “Qoluyox” hekayəsinin qəhrəmanı “yaşamağın təhəri”ni bilən adamdı. Belələri haqqında “zəmanə adamıdır” deyirlər.

Sol əli ilə tutduğu qələmi çörək ağacına çevirən Vəlyəddini “Qoluyox” adlandırma, lap söy, fərq etməz, yetər ki, gördüyü işin haqqını ver. Nə yolla olur olsun, qazanc əldə etməyi bacardığı kimi, başqalarının qazancını hesablamaq mərəzi də var. Özünün əsas qazancı isə maaşı deyil, gördüyü qeyri-qanuni xidmətlər müqabilində aldığı rüşvətdir. Əslində, bu hekayə yalnız Qoluyoxun deyil, onun simasında bütövlükdə cəmiyyətin iç üzünü açır. Onun işlədiyi qurumda rüşvət verilməsi də alınması qədər absurddur. Rüşvət verən var ki, alan da var. Qoluyox tamamilə realist qəhrəmandır və qazanc yolu da günün reallığını əks etdirir. Bu mövzularla bağlı müəllif hekayədə çox söz demir, dedikləri ilə qəhrəmanın qazandığının qazandıranların əliaçıqlığı sayəsində başa gəldiyi də bəlli olur...

Həyat fəlsəfəsi bircə “qazanmaq”dan ibarət olan Vəlyəddini həmişə bşqalarınn qazancı maraqlandırır: şəstlə yeriyənin də, “televizora çıxan”ın da, bir-biri ilə tutaşan iki qonşu uşağının da, bərkdən qışqıranın da nə qədər qazandığı məsələsi onu rahat buraxmır. Hətta “görəsən, peyğəmbərlər babat pul qazana bilibmi?” düşüncəsi ilə hesab-kitab edib belə nəticəyə gəlir ki, aralarında ən imkanlısı İslam Peyğəmbəri olub. Beləcə, bütün ömrü onun-bunun qazancını hesablamaqla keçir Qoluyox Vəlyəddinin. Vəssalam, hekayə elə bundan ibarətdir. Heç bilmirəm, bu mövzu Şərif Ağayarın haradan ağlına gəlib. Fikirləşə-fikirləşə qalmışam, görən, adamın qazancı nə qədər olmalıdır ki, belə bir hekayə yaza...

Qəhrəmanına qəribə, absurd yolla qazandırmağa çalışan müəlliflərdən biri Mirmehdi Ağaoğludur. “Bu gün səbr elə” uzun hekayəsi rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və kredit borcları içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. Əlbəttə, burada qəribə heç nə yoxdur, orta statistik, günü kredit borcları üzündən məhkəmə çəkişmələrində keçən azərbaycanlının durumudur. Qəribə olan budur ki, əsərin qəhrəmanları ehtiyac əlində “neynim-necə edim?” suallarının əzablı ağırlığı altında əzilərkən Dilbərin ağlına bir fikir gəlir: bu çıxmazdan qurtulmağın yolunu ərini satmaqda görür. Amerikadan Azərbaycana gələn və burada ailə qurmaq istəyən qadına ərini subay kişi kimi tanıdır və proseslərin sonunda evlənmələri üçün vasitə olur.

Əsərin qəhrəmanları – Nəsimi və Dilbər tənbəl, aciz, “armud, biş, ağzıma düş” deyəcək qədər fəaliyyətsizdirlərmi? Əsla. Hər ikisi əldən düşənə qədər işləyir, çalışır, bununla belə, nə borclardan qurtula bilirlər, nə durumları düzəlir, nə də problemlərdən yaxa qurtara bilirlər. İnsanın həyat yolunun qara zolağa düşdüyü zamanlar olur ki, nə etsən də, bihudədir. Onlar da belə bir durumdaykən Dilbər böyük məbləğdə qazanc əldə etməyin yolunu dəyərli bir şeyi “bazara çıxarmaqda” görür. Onun əsas niyyəti pullu qadını aldatmaq deyil, öz ailəsinin durumunu düzəltməkdir. Amma nəticədə əvvəlkindən də pis durumda qalır: Məlahətlə evləndirdiyi əri də əlindən çıxır, əlinə keçirməyə ümid etdiyi böyük məbləğlərə də sahib ola bilmir. Necə deyərlər, “it də gedir, ip də...”

Klassik ədəbiyyatımızdan üzü bəri görmüşük ki, əsərlərdə bir tərəf qazanan, o biri tərəf yeyən olur. Doğrusu, bu bərabərsizlik ədəbiyyatın işinə yarayır, deyəsən... Bəli, necə deyərlər, “xoşbəxtlik var-dövlətdə deyil”. Amma bu deyimi pullarını saymağı belə lazım bilməyənlər düşünüblər, evdən çıxanda pul qabındakı hətta qəpiklərini də saymağa məcbur olanlar yox...

(arxivimdən ixtisarla)