Gənc şairlə müsahibə: “Onlar məni xain bilirlər” - Yeni layihə

Gənc şairlə müsahibə:   “Onlar məni xain bilirlər” - Yeni layihə

12 May 2022 13:20 523


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən gənc yazarlar Nizami Bayramlının Ələsgər Əhmədlə müsahibəsini təqdim edir.

- Ələsgər, yəqin axır vaxtlar ədəbi mühitdə baş qaldıran çaxnaşmalardan xəbərin var. Necə düşünürsən, bu kimi halların baş verməsi lazımdırmı və lazımdırsa, nə üçün lazımdır?

- Çaxnaşma deməzdim, çünki o qədər də təsirli olmasa da, bir az canlanma oldu. Məsələn, bu yaxınlarda hamımızın "satıldığımız" Silkway ədəbiyyat festivalı. Çox gülməlidir e, bu dəqiqə bu mühitdə nəfəs alsaq, deyəcəklər satıldı. Mənə maraqlısı odur ki, satılmaq barədə danışan kəslərin dost-tanışları da bu festivala qatılsaydı, yenə bizə satış qiyməti qoyardılarmı? Festivalın təşkilatı işləri mənimçün də yaxşı keçmədi, tamam. Münsif heyətini görəndə qalib olmayacağımı da bildim. Yazıçılar Birliyindən imtina edən bir şair şeir oxuyur, münsiflər də AYB. Həqiqətən kimlərin olacağını bilsəydim, getməmək barədə düşünəcəkdim. Getsəm belə seçilmək sevincimi xəyal etmədim. Mənə ən xoş olan insanlarla bir avtobusda deyib-gülərək getmək idi, hətta yolüstü meyxana da dedik (ölmüşük gülməkdən). "Maşın aşsa, ədəbi mühit öləcək" zarafatına gülsək də, içimdə kədərlənirdim: "Bəlkə, aşdı?" İnanırsan, avtobusun aşma faizi ünvan başına çatmasından daha çox idi. Amma bir zülm-Allah-əkbər çatdıq. Həvəsim 0 dərəcə olsa da, yenə deyirəm, çox insanla buzları əritdik. Məsələn, Həsənlə, Eminqueylə münasibətim yenidən normaya düşdü, Səddamın nömrəsi silinmişdi, onu yazdım, Bahəddinlə daha yaxından tanış olduq, Rəvanla stolüstü futbol oyununda komanda olaraq cəmi bir oyun uduzduq. Ümid Nəccariylə maraqlı bir proyektin ilkin danışığını etdik, Cavid Zeynallı ilə içkisiz, siqaretsiz yarım saat söhbət edə bildik, Ayxanın hekayəsini özündən eşitdim, Mehdinin "ilk ədalətsizliyinə qurban" olmasına şahid oldum, Ramil Əhmədə sıfır yazdım (buna azı 10 səbəbim var), Təvəkküllə Nadir barışdı, Ulucayın həm də yaxşı üzdüyünü gördüm. Bir sözlə, yaxşı iki gün keçdi və heç birimiz satılmadıq. Gələk ikinci canlanma prosesinə - sənin dərslik məsələnə. Açığı, bu təşəbbüs mənə dərs oldu, yenə də çox murdar adamlar gördüm. Səni əmin edirəm, mənim adım olduğu üçün çox adam ümumən tənqid etdi. Meyxananı bəyənməyib, meyxanaçı kitabı satan kitabçılardan tutmuş, tənha bədbəxtlərədək. Bir sirr verim, o kitab tutsa, birinci tənqid edənlər satacaq həm kitabı, həm özlərini. Belə, can sağlığı, mənim mənliyimə əsasən, bütün baş verən hadisələr öldürmür, gücləndirir.

- Hazırkı ədəbi mühitdə səni qane edəcək şeirlər yazan müəlliflərdən kimlərin adını çəkə bilərsən? Bir də ki, onların sözlə münasibəti hansı səviyyədədir?

- "Kruq ədəbiyyatı" - çəkəcəyim adlardan sonra uğursuz çayxana şairləri, daha doğrusu, xanım yazarla oturula biləcək çayxana şairləri bu adı verəcək. Onlar çox vaxt vətənpərvər, milliyyətçi, bozqurd, dəli Kür, yaralı Araz olurlar. Onlardan arınanlar Həmid Herisçidir, Qulu Ağsəsdir, Elromandır, Ulucaydır, Mehdidir, Eminqueydir, İftixar Ceyhundur, Səddamdır, Ümid Nəccaridir, Fərid Hüseyndir və s. Qaldı ki, sözə münasibətləri, ən azından iki-üç yaxşı şeiri olanın belə sözə münasibəti yaxşıdır.

- Bu gün ədəbi mühit Feysbukdan ibarətdir. Tez-tez dostlarının postlarında bu kimi ifadələrlə yəqin ki, qarşılaşırsan. Sən necə düşünürsən?

- Bu Feysbuk şairlərinin bəhanəsidir. O şəxslərdir ki, şeirlərini "bəli, xanım, düz buyurursunuz" kollajında yazırlar. Həm də sosial şəbəkə ən mühüm faktordur, burdan tanıyırlar deyə, kitab təqdimatına gəlirlər və ya gəlmirlər. Kitabına iki yad adam gətirə bilməyən, məncə profilini dondursun. Vətən-vətən deyənədək getsin ölməzdən öncə özünü öldürdüyü müharibələrdə döyüşsün. Onlar məni xain bilirlər və mən onların məclislərində oturmaqla onlara bu şərəfi layiq görmərəm. Getsinlər, bir-birlərini aldatsınlar. Görüşsünlər, sevişsinlər, ayrılsınlar. Niyaməddin Musayev “forever”.

- Həmişə gileylənirsən ki, Azərbaycan poeziyası dünya poeziyasından geri qalır. Maraqlıdır, bəs bu geriliyin aradan qaldırılması üçün Ələsgər Əhməd nə iş görür?

- Elə indi də gileylənirəm. Cəddinə and olsun, giley də bir işdir. Heç olmaya, mən bunu bilib, narahat oluram. Bacardığım qədər də sınıq-salxaq tərcüməmin köməyi ilə xarici saytlara yazı göndərirəm. Biz dünya səviyyəsində yazırıq, sadəcə bizimkilər dünya səviyyəsindən uzaqdır. Həmçinin dünyaya açılmaq üçün biz sadəcə yazmalıyıq, qalan işləri vicdanlı reklamçılara buraxmaq lazımdır.

- Atalardan belə bir məsəl var: “İşləməyən dəmir pas atar”. Səncə, yaradıcılığına bir neçə ildən sonra geri dönən şairlər bu atalar məsəlinin prinsiplərini ödəyirmi?

- Məncə paslanma prosesi dəmirin işləkliyindən yox, keyfiyyətindən asılıdır. Şərab çox qaldıqda daha da keyfiyyətli olur. Amma baxır harda və necə saxlayırsan. Sən qızılsansa, səni ilan qoruyacaq ki, istedadını sancmasınlar. Həmin ilan sənin alter-eqondur.

- Son olaraq, müasir dövr Azərbaycan poeziyasında, təbii ki, gənc nəsildən oxuculara kimləri oxumağı məsləhət bilirsən?

- Gənc nəsildən hamını oxusunlar ki, "müasir klassiklər"i tanıya bilsinlər. Oxuyun, oxuyaq, oxusunlar!