“Hamını dolamaq istəyirəm” - Gənc yazarla müsahibə

“Hamını dolamaq istəyirəm”   - Gənc yazarla müsahibə

29 İyul 2022 09:46 1039


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən gənc yazar Vüqar Babazadə ilə müsahibəni təqdim edir.

- Vüqar, sənə görə yaxşı mətndə nələr olmalıdır?

- Mənim üçün yaxşı mətnin ilk şərti onun yalan olmamasıdır. Əgər mətndə nəyəsə inanmıramsa və ya müəllif özünü ələ verirsə, artıq mənim üçün mətnin də keyfiyyəti aşağı düşür. Gərək müəllif bir az “juk” ola. Bununla yanaşı, geniş fon, bədii atmosfer, dolğun təsvirlər, təbii dialoqlar, sadə və bəlağətsiz hisslər və cəsarət də öz yerində. Ola bilər ki, bunlar hamının qəbul etdiyi ümumi şeylərdir. Hər halda, yaxşı mətni heç vaxt bir detalına görə qiymətləndirmək olmaz. Bu da hər kəs üçün fərqli ola bilər.

- Yazı dili, yoxsa yazı texnikası?

- Hər ikisi olsa, daha yaxşıdır. Dil rəvan olmalıdır, texnika da səlis. Dil deyəndə “nənəm təndirin yolunu yağır eləmişdi”ni nəzərdə tutmuram. Bu dillə, tutaq ki, bir data analitikin həyatını necə yaza bilərsən? Həmçinin texnika da. Suala belə cavab verim: müasir yazı dili və müasir yazı texnikası.

- Vüqar, ən yaxşı mətnlə ən yaxşı yeməyi necə fərqləndirirsən?

- Çox sağ ol ki, bu sualı mənə verdin. Yaxşı sualdır. Yaxşı yemək necə boğazdan içəri gedəndə mədəyə rahatlıq gətirirsə, qana qarışıb adama enerji verirsə, dadı damağında qalırsa, barmaqlarını bir-bir yalayırsansa, yaxşı mətn də elə olmalıdır. Adama enerji verməlidir, oxuyandan sonra qayıdıb bir də oxumalısan, ləzzət eləməlidir, doyurmalıdır. Bədəni qidalandırmaqla iş bitmir, gərək ruhu da qidalandırasan, ona yaxşı yeməklər verəsən. Bu haqda daha dolğun məlumatlar əldə etmək istəyənlər Seymur Baycanın “Ədəbiyyat və mətbəx” - səhv etmirəmsə adı belə olmalıdır - yazısını tapıb oxuya bilərlər.

- Niyə ən çox gündəm mövzularından yazırsan. Bununla publisistikanın önəmli olduğunu xatırladırsan?

- Bu sualı tez-tez eşidirəm. Niyə çox gündəm mövzuları yazırsan? Niyə kütlənin istədiyi şeyləri onlara verirsən? Əvvəla, mən ciddi adam deyiləm. Adamlar mənə niyə ciddilik yükləmək istəyir, başa düşmürəm. İstədiyim şeydən yazaram. Gündəm mövzuları yazmayıb, nə edəcəm? İkincisi, mənim işim budur. Bir “oboy” vuran ustaya deyə bilərsiniz ki, sən niyə çox “oboy vurursan, bir az vur?” Əlbəttə, yox. Yaxud bir maşın ustasına deyə bilərsiz ki, usta, sən niyə çox maşın düzəldirsən? Mənim də, necə deyərlər, çörəyim bundan çıxır. Nə etməliyəm? Lepka vurmamalıyam ki! İşim yazmaqdır və mən də yazıram. Pis, yaxşı. Üçüncüsü, tez-tez yazılarıma şərh yazırlar, yaxud deyirlər ki, sən bu mərhələni aşmalısan, indi bu məsələlər heç kimin vecinə deyil, heç kim maraqlanmır, antireklam ən böyük reklamdır-filan. Bu artıq həyasızlığın ən axırıncı səviyyəsidir. Adam nə qədər arsız olar ki, belə şeylər deyə bilər. Əslində, bunu deyən adamlar elə mənim yazılarımın qəhrəmanlarıdır. Əgər bu sözləri həqiqətən tanıdığım bir adam deyirsə, ona deyirəm, sən özün əlləşib, necəsə özünü sudan çıxarmısan, niyə həyasızlıq edirsən, imkan vermisən ki, başqalarına da kömək edək? Dördüncüsü, çox oxuyuram. Kitabı hələ qırağa qoyuram. Onu sonra danışarıq. Gün ərzində ən azı on dənə köşə yazısı oxuyuram. Elə şeylər oxuyuram ki, heç kimin ağlına gəlməz. Elə müəlliflər, elə yazarlar var ki, onları tanımırsınız. Həmişə olmasa da, hərdən yaxşı yazıları da olur. Üstəlik, feysbuk, tvitter və digər sosial şəbəkələrdə də durmadan nəsə oxuyuruq. Hər bir statusun altında müəyyən bir hiss yükü var. Hər şey hansısa hisslə yazılır. Və bu informasiyalar adamı necəsə dingildədir. Mən yazaraq dingildəyirəm. Ola bilər ki, kimsə qaçaraq, kimsə rəsm çəkərək, kimsə kinoya baxaraq, kimsə qışqıraraq dingildəyir. Beşincisi, çalışıram ki, yaxşı yazılar yazım və gündəm yazısının içində də maraqlı və faydalı nəsə olsun.

- Bu gün feysbukun olmağının bir yazar üçün əhəmiyyəti böyükdürmü?

- Feysbuk digər sosial şəbəkələrdən fərqli olaraq mətni dəstəkləyən, mətni sevən bir platformadır. Feysbukda “nə düşünürsən?” hissəsi var ki, bu da bir az yaxşıdır. Burda təkcə öz bədənin, pulun, maşının, həyatınla yanaşı, həm də öz düşüncələrini də göstərə bilərsən. Təbii ki, əgər nəsə düşünürsənsə. Buna görə də bizə feysbuk daha rahat və daha səviyyəli intellektual platforma kimi görünür. Bura yığışmışıq. Amma bunu faciəyə də çevirməyə ehtiyac yoxdur. Hərdən görürəm, gileylənirlər ki, feysbuk olmasa batarıq, gənc yazarın feysbukdan başqa kütləsi yoxdur-filan. Bunlar hamısı boş-boş söhbətlərdir. Mən daima özünü əzik hiss edən, ağlayan, gileylənən adamlara demək istəyirəm ki, bir az “krutoy” olun. Kütlə başqa cür də qazanıla bilər. Məqsəd kitab satmaqdırsa, elə bir dövrdür ki, istənilən bir məhsulu camaata sırıya bilərsən. Mən feysbuka heç bir kütlə-mütlə üçün girmirəm. Sadəcə əylənirəm, dostlarımdan xəbərim olur, yazılar oxuyuram və yazılarımı paylaşıram. Vəssalam.

- Hansı yazılarına görə utanırsan? Kaş bunları yazmazdım deyə...

- Bütün yazılarımı həyatımın müxtəlif dövrlərində yazmışam. Həmin dövrlərdə düşündüyüm fikirlərlə, təsirində olduğum kitablarla, ovaxtkı ovqatımla, həyatımda olan adamlarla, yaşadıqlarımla birgə. Ona görə əvvəlki yazdığım yazılara baxanda "bunu mən yazmışam?" deyə fikirləşdiyim çox olur. Bu baxımdan yazı prosesi sənin əyani olaraq necə dəyişdiyini göstərən çox yaxşı bir şkaladır. İndiyə kimi bir-iki yazımı çıxmaq şərtilə bəyəndiyim yazım yoxdur. Özümdən qəti surətdə narazıyam. Ola bilər ki, məhsuldar işləyirəm, amma bu da hər gün yaxşı yazı yazdığıma dəlalət etmir. Utanmağa gəldikdə isə heç bir yazımdan utanmıram. Yuxarıda dediyim kimi, onların hamısını mən yazmışam. Bu sadə reallığı sakitcə qəbul etmək və daha çox işləmək lazımdır.

- Müharibə haqqında nəyisə yazmağı düşünürsən?

- Yox, müharibə haqqında heç nə yazmağı düşünmürəm. Ola bilər ki, bu fikrim haçansa dəyişsin. Özümü tamamilə azad hiss etsəm, bəlkə, haçansa yazaram.

-Son vaxtlar ən çox nələr haqqında düşünürsən?

- Heç vaxt konkret bir şey haqqında düşünmək olmur. Çoxlu şey haqqında düşünürəm. Mənasız məişət problemləri, sağlamlığım, ölkəni tərk etmək, ailə, dostlarımın məndən ayırlması və yeni yazdığım roman haqqında düşünürəm. Bəzən də günlər o qədər eyni olur ki, səhər evdən çıxanda beynimi çıxardıb evdə qoyuram, reflektiv şəkildə həyatıma davam edirəm.

- Müasir oxucuda axtardığın şeylər nədir?

- Azərbaycan oxucularının əksəriyyəti sintetikdir. Sintetik oxucu elə bilir ki, kitabda gərək altından xətt çəkilməli, sosial mediada paylaşımalı, fəlsəfi, romantik, pafoslu cümlələr olsun. Sintetik oxucu bunu axtarır və beləcə sintetik müəlliflər peyda olurlar. Məsələn, Rövşən Abdullaoğlu, Varis, Qaraqan, Elxan Elatlı, Çingiz-filan. Əslində, doludur, sadəcə mən ən tanınmışlarını deyirəm. Gördüyünüz kimi adlarını çəkdiyim müəlliflər, ölkədə kitabları ən çox oxunan yerli müəlliflərdir. Burdan da belə qənaətə gəlirik ki, ölkənin kitab oxuyan təbəqəsinin əksəriyyəti sintetikdir. Mən onlar kimi yaza bilərəmmi? Lap yaxşısını. Amma sənəti auditoriyaya qurban vermək, peşəkarlığından əl çəkib kütləyə oynamaq murdar əməldir və onu sadəcə "xaltura" edən sintetik yazıçılar edirlər. Və beləcə ölkədə əsl kitab, əsl ədəbiyyat anlayışı onların yazdığı kimi formalaşır. Çünki oxucu aşağı səviyyəlidir. Bir dəfə Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğluna təklif etmişdim, 5 min manat və 6 ay möhlət verin, mən sizə Çingiz Abdullayevdən daha yaxşı bir detektiv roman yazaram. Oxucu bir qırağa, yazıçılar heç əsl ədəbiyyatın nə olduğunu, yaxşı və pis kitabı necə ayırd edəcəyini bilmir. Meyxanada qazi, vətən, islam, din söhbətləri edib şabaş alanlarla, ədəbiyyatda romantika, pafos, müharibə, vətən, islam söhbətlərini yazan adamlar mənim üçün bir yerdə dayanırlar.

- Vüqar Babazadənin yazıları cəmiyyətə nə qazandırır?

- Heç nə. Nə mənim belə fikrim var, nə də cəmiyyətin. Cəmiyyətdə tək-tək adamların fikirləri ilə heç nə dəyişmir. Çalışıram ki, hər kəsi dolayım, məzələnim. Başqa heç bir amalım yoxdur, özüm qarışıq hamıya ironik yanaşıram. Belə olmasa, dərddən ölərəm. Ancaq ironiya, dolamaq, sarkazm...