İndi tək ayaq üstündə həyatınla “klass-klass” oynayırsan - Müharibə şeirləri...

İndi tək ayaq üstündə həyatınla “klass-klass” oynayırsan   - Müharibə şeirləri...

11 Oktyabr 2022 12:44 524


YeniYaz.Az gənc şair Eminquey Akifin “Müharibə şeirləri”ni təqdim edir.

müharibədən sağ çıxan yarımbədən,
sonuncu dəfə dostunu itirmisən,
onun bədənindən ayrı düşmüş sol əlini sıxmısan,
bilirəm,
əllərin ağrıyır.
elə dostunun anası,
elə üç ayın gəlini,
bir dəfə "Vətən sağ olsun" deyəndə,
min dəfə qarğıyır...

mina apardı ayağını,
indi tək ayaq üstündə
həyatınla “klass-klass” oynayırsan,
indi sol əlinin verdiyini sağ əlin də bilmir...
hələ də ərinin tikələrini basdıran o gəlin də bilmir,
hər gün qəbri üstdə ağladığı əridir,
ya yox?

hə, dost,
müharibə,
həm həyat verən,
həm də öldürücü ilan zəhəridir...

axırıncı dəfə əllərini bir-birinə çırpıb nə vaxt gülmüsən?
qoy deyim,
"qəhrəman dostumun büstü də,
indi quşların hədəfimi? " - deyib,
sağ əlini tapmayanda,
yaman gülmüsən.

təsəlli vermisənmi özünə?
sağ qolu, sol ayağı olmayan əlil,
təqaüd almağa tələsən insan izdihamından
rahat keçə bilir.

torpağa nə var ki,
daşdan yumşaq nə varsa,
qanını içə bilir.

külək yellədikcə bayrağı
göydən ata düşmür yetim uşaqlara,
inan ki,
vətən də başını yelləyir bayraqla,
baxıb taa uzaqlara,
çırpır üstündən-başından şərəfini.

de görüm,
sinəsi ağ-qara qəbirlərlə
pianoya dönən şəhidlər məzarlığı,
ana naləsindən başqa nə ifa edə bilir,
ölü əsərlərlə?!

bu top-top,
tapança-tapança oyunları, uşaqlıq deyilmi?
müharibədən sağ çıxan yarımbədən,
deməli,
böyümür adamlar,
əsrlərlə...

***

keçən gün,
bilmirəm nə vaxtsa,
məni əsgər meyitlərinin içindən sağ tapdılar,
məni donmağa qoymayan sinəmdəki gülləni
çıxartdılar,
anama verdilər,
sonra əsgər meyitlərinin boğazından bayraq tapdılar
- gödəkcələrinin üstündəki...

keçən gün,
bilmirəm nə vaxtsa,
pürrəngi qardan adam düzəldən uşaq tapdılar,
mərmi gilizlərindən burnu,
başında əsgər papağı.

keçən gün,
bilmirəm nə vaxtsa,
bizimçün bəzənib göbək yellədən mavi əsgər də şəhid oldu.

keçən gün,
bilmirəm nə vaxtsa,
Nabat xala tutdu qolumdan,
nəvəsinin kəmərini göstərdi,
"ay əclaf, bəs, sən niyə ölmədin?" - deyib
kədərini göstərdi,
sonra qucaqladı məni,
ağladı nəvəsini.

keçən gün,
bilmirəm nə vaxtsa,
əyilib torpağı öpən adamlara,
torpaq üstünü örtərək özünü bağışladır.

keçən gün,
bilmirəm nə vaxtsa,
harda bir ağlayan adam gördümsə qaçdım,
elə o zamandan bəri,
dözə bilmirəm ağlayan adamlara,
onlar torpaq qoxuyan yağış dadır...

***

xəbərçi qız müjdə verir TV-dən
- beş kilometrlik bayraq düzəldilib
son illərin əəən uzun bayrağı!

cavab verirsən qıza evdən
- aparıb hərbi hissədə saxlayacaqlar,
sonra əsgərlər öləcək,
hər dəfə o bayraqdan bir hissə kəsib bağlayacaqlar
tabutlarının üstünə.

bir gün analarımızın dediyi ağı
dövlətimizin himninə çevriləcək!
sonra şəhidlərimizin adları düşəcək
sual-cavab kimi tələbələrin testinə!

hardasa bir şəhid atasının partlayan ürəyi
dönəcək yaylım atəşinə,
gözləri açılacaq havaya,
daha o köhnə Bakının meyxanası da
"çağırsa ellər gedərəm davaya!",
hüznlüdü, Günəş!

bir ana oğlunun məzarının torpağını ovuclayırdı,
elə bil, torpaqdan oğul düzəltmək istəyirdi,
əvəzində
itirdiyimiz torpaqlardan
Allah düşmən düzəltdi bizə,
indi bu düşmənlər girirlər evimizə,
oğurlayırlar aşımızı, mahnımızı, dolmamızı,
atamızı, oğlumuzu, doğmamızı,
işğal davam eləyir,
güllə mənə də dəyir,
güllə sənə də dəyir...
indi de görüm,
göysən, qırmızısan, yoxsa yaşılsan?
aymısan?
ya ulduzmusan?
de görüm,
üç rəngdən,
ay-ulduzdan hansını qazanmısan,
hansını uduzmusan?

Müharibə epizodları

doğum günündə,
bayraqla bəzənmiş qırmızı tabutda
qızına hədiyyə gəldi şəhidim,
zavallı qız,
sanmışdı ki, atası gözlərini yumub gizlənqaç oynayır,
"ata, gözlərini aç,
mən gəldim...
ata, gözlərini aç,
mən gəldim...
ata gözlərini aaaaaç!
oynamaq istəmirəm!"

***

dostum,
heç darıxma qaziliyindən,
şəhid dostlarının şəkillərinə baxıb köks ötürmə,
dostum, üzülmə,
hanı qolların?
dostlarınla birgə şəhid oldular.

***

Qarabağa qovuşur Azərbaycan,
ikiyə bölünən şəhid bədənlərinin arasından axır Araz çayı...

***

saçlarından dən götürüb ha səpdin,
ha əl açdın, arzuladın çıxa çin.
sinəsində güllə gəldi, qan gəldi,
sülh gəlmədi bu yerlərə göyərçin.

papaq atdı Vətən sənin qapına,
özün verdin övladını pay-pürüş.
ey, ağlama, övladına xoş görün
bir də heç vaxt olmayacaq bu görüş.

ağ bayraqdı kəfənimiz, yelləmə!
sülhə gəlməz, bayrağını paralar.
yaranandan xəstə yatır bu torpaq,
qan azlığı, qanaxmalar, yaralar...