İtirilmiş zamana səyahət - Bircə Şuşa səfərindən yazır

İtirilmiş zamana səyahət   - Bircə Şuşa səfərindən yazır

01 Sentyabr 2022 09:48 956


İşdə yıxılıb əməlli xəsarət aldım. Dalınca bərk xəstələndim, göy öskürəyə oxşayan bir ölət yapışdı boğazımdan. Hansı loğmana üz tutdumsa dərmanımı tapan olmadı.

Bir gün oğlum məni Şuşaya səfər biletiylə müjdələdi:

- Bax bu səfər səni sağaldacaq, heç olmasa özünü qoru o vaxtacan. Ehtiyatlı dolan, yıxılma, bir yerini yaralama görək başımıza nə gəlir.

Oğlum hamıdan gizləsə də, mən özümü saxlayammadım, xəbəri bir neçə dostuma ötürdüm. Səfərdən bir gün əvvəl başım gicəlləndi, büdrəyib sol qolumu yaraladım.

Yol çantamı oğlum yığdı: qalın jaket, qollu qoftalar, yun şərf, iki cüt rahat ayaqqabı. Uşaq zənbili qabğardıqca qorxudan səsimi çıxarammırdım, elə bilirdim nəyəsə etiraz eləsəm, səfərim alınmayacaq...

Yola çox erkən çıxdıq. Yan yoldaşım cavan oğlanıydı. Gənc olsa da, yola məndən ehtiyatlı çıxmışdı – boynunda modern boyunluq yastıqçası, torbayla yer-yeməlisi, planşeti, şəkilçəkəni... Qalan hamı ya ailə, ya qohum-əqrəba, ya da ər-arvadıydı.

Avtobus şəhərdən çıxmamış sərnişinlər torbalarını qucaqlarına alıb cığıldatmağa, içindən çıxanları bölüşüb yeməyə başladılar. Qolumdakı yaranın sızıltısı, oğlumun vurduğu sarığın ağrısı dişlərimin dibini göynədirdi.

Qolumu sinəmə qoyub gözüyumulu düşünürdüm: yağı düşmən, gavur qonşu bu davaya başlamasaydı, günümüz-güzəranımız necə olardı? Nə təhər yaşayardıq, nə iş görərdik?

Siftə ağlıma bunlar gəldi: qohumlarım, qonşularım, kəndçilərim şəhid olmazdı, evimiz dönə-dönə dağılmazdı, gəlinlər başsız, analar övladsız qalmazdı. Sinəmizə Xocalı dağı çəkilməzdi.

Fəqət olan olmuş, keçən keçmişdi, mən o keçmişin içindən sıyrılıb elimin Kəbəsinə doğru gedirdim.

***

Füzuli rayonunun işğal zonasına düşməyən tərəfində səhər yeməyinə dayandıq. Xalqımız gözəl yaşamağın, yaxşı süfrə qurmağın, ləzzətli qazan asmağın hər yolunu bilir.

Səkkiz tamamda zənbilli xanımlarımız düşdüyümüz çayxanada səhər süfrəsi açdılar. Sərnişinlər tələsmədən, deyə-gülə, arxayınca toqqanın altını bərkidib avtobusda yerlərini tutdular. Yan yoldaşım hardasa girəvələyib əynindəki şalvarı şortiklə əvəz eləmişdi.

Avtobusumuz Zəfər yoluyla irəliləyəndə içəridəkilərin çoxunu yuxu tutmuşdu. Yol yoldaşımın qəzilli baldırları mənə toxunmasın deyə büzüşüb lap küncə təpilmişdim.

Yol qıraqlarında tez-tez iri texniki avadanlıqlar, yolçəkənlər gözə dəyirdi. Bir-iki söz soruşmaq üçün özümü irəliyə – bələdçinin yanında verdim, di gəl onu da yuxu tutmuşdu. Bu səfər yolda sənədlərimizi yoxlayıb bizə qoşulan polisin yaxasından asıldım:

- Buralarda döyüş gedibmi? Cəbrayıl şəhid olduğu yer yoldan görsənirmi? Aralıdan bir az abad görünən o kəndin adı nədi?..

Sağ olsun, cavan polis hər sualıma səbirlə cavab verdi.

Qalın meşələrə, sıldırımların arasından çəkilmiş yollara baxdıqca xəyal məni yenə uzağa apardı...

Hələ qurdla quzunun bir yerdə otlayan vaxtıydı, bu kəndlərdə yaşayan ermənilər buğdadan, arpadan ötrü bizim kəndlərə işləməyə gələrdilər. Atlı erməni gördüyüm yadıma gəlmir, hamısı eşşək belində gələrdi.

Arakel adlı bir erməni qızı Xuşnazı da yanına alıb qapılarda ot biçir, odun yarır, pəyə kürüyürdü. Bu müddətdə ata-bala kolxozun anbarında qalırdı, ruzilərini yığıb mövsümü sovandan sonra evlərinə qayıdacaqdılar.

Günün birində kəndin cüvəllağıları Arakelin qızına sataşmışdılar, erməni sovet sədrinin üstünə şikayətə getmişdi:

- Ay sədr, sizin uşaqlar yedi qazı, sevdi Xuşnazı, başıma saldı qapazı, əlimdən aldı dəryazı. Gedirəm Leninin qəbrinə yazam.

Dünyagörmüş sədr Arakeli dilə tutub ona eşşəyi götürüncə dən vermişdi, qızını da yanına salıb kənddən çıxarmışdı...

Avtobus asfaltı hələ qurumamış yolu dırmandıqca elə bilirdim dolayların birində Arakellə Xuşnazı eşşəkli gedən görəcəm.

***

Mürgülü bələdçi “bu dağların arxası Şuşadı” deyəndə içəridəkilər yenidən torbalarını dizlərinin üstünə aldılar. Kotlet, cücə çığırtması, peraşki qoxusu burnuma dəydikcə mədəm qazınırdı, acından uğunurdum.

Polisin qulağına pıçıldadım:

- Soruşun görək burda neçə nəfər şuşalı var.

Mənimlə paralel oturacaqdan bir yaşlı kişi, arxadan da bir az cavan birisi dilləndi. Qalanlar Cəbrayıl, Qubadlı, Füzuli əsilliydilər. Bir-iki nəfər də Bakıdan, Qarabağın hüdudundan qıraq rayonlardan.

Avtobus mənzilə yaxınlaşdıqca mahnı sədaları salondan yaralı dağlara yayılırdı: “Səni dünya tanıdı birbaşa, Azərbaycan, yaşa, Azərbaycan!..” Sinəmə dağların yeli dolurdu, köksüm qabarırdı.

Bir şuşalı kişinin, bir də mənim yeməyə heç nəyim yoxuydu. Mən dörd gözlə dörd yanıma baxınırdım, ağsaqqalsa dəsmalını gözünə sıxıb sızıldayırdı:

- Can, ay cavanlar, can, ay körpələr, bu qədər yolu şələli, yaralı necə gəlmisiz!..

Şəhərin girişinə çatanda neylədimsə çənəmi saxlaya bilmədim, dişlərimin şaqqıltısı başıma düşdü. Bir qohumum noyabrın dördü gecəsi burda gedən qanlı döyüşdən fraqment göndərmişdi mənə. Koronaya tutulmuşdum, ciyərlərim yarıyacan buzlamışdı, karantində təkbaşına can verirdim. Xəbərim bütün qohumlarıma yayılmışdı, gecənin yarısı telefonuma gələni çox çətinliklə aça bilmişdim – hamının yadında olar, interneti oğurluq işlədirdik.

Dörd dəqiqəlik çəkilişi xeyli izlədim, heç nə qanammırdım. Ağır texnikanın səsi, silahların şaqqıltısı, əsgərlərin bağırtısı... Birdən qaranlığın arasından Şuşanın adı yazılmış lövhəni gözüm aldı. Döyüşlərdə can qoymuş qohumum bağırırdı: “Ay insafsız, gör hardayıq, indi ölmək vaxtıdı?..”

Gecənin elə vədəsiydi ki, heç kimə heç nə deyə bilmədim, qalxıb əl-üzümü yudum, feysbukda belə bir status paylaşdım: “Şuşanın aşı dəmlənir”. Xətrini istədiyim jurnalist dostum buna görə məni özəldə danladı: “Belə xəbərlər paylaşıb xalqı çaşdırma. Şuşanı elə asanlıqla almaq mümkün deyil”. Postumu silib depressiya quyusuna düşdüm.

İndi həmən yerdən, həmən qapıdan mən özüm Şuşaya girirdim. Gördüm canımın öhdəsindən gələ bilmirəm, yaralı qolumu oturacağın tutalğasına çırpdım. Yaram zoqquldayanda hər şeyi unutdum...

***

Dağıntıları, yeni tikililəri nəzərə almasaq, şəhər elə mən gördüyüm kimiydi.

İlk düşərgəmiz Cıdır düzü oldu. Gözüm üzündən-gözündən dərd süzülən arıq ucaboy kişidəydi. Düşənlər yağlı əllərini yumağa su axtarırdılar.

Adı dillərdə dastan düzəngah, yastana min illər necə olmuşdusa, elə də qalırdı. İpək kimi gödək otların üstünə ayaqqabılı çıxmağa utanırdım. Elə bu göyün altında Allaha tapşırıb getdiyim Günəş də yerindəydi, başımıza od ələyirdi.

Yastananın ətəyindən dərəyə sarı boylandıqca nənəmin bir sözü yadıma düşürdü: “Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədi”. İndi o çuval mənim çiynimə qonmuşdu, fələk onu çiynimdən bir daha salmasın deyə Günəşi saxlayan Göyün, Göyü saxlayan Tanrının ünvanına dua-səna, şükürlər yağdırırdım.

Daşaltı çayı insanlığın dərdinə biganə bir tövrlə dərə boyu şəstlə axıb gedirdi. Təbiətin soyuq üzü – soyuq sular, soyuq daşlar-qayalar burda böyük bir faciəyə şahidlik eləmişdi, indi gördüklərini danmaq istəyirmiş kimi Daşaltı çayı başını götürüb bizdən qaçırdı.

Ağlaya bilmirdim, qarışıq duyğular içimdə düyün düşmüşdü. Kəklikotu, cır andız, daş yarpızı toplayıb tezcənə çələng hördüm. Qırx pilləkənə, Ərimgəldiyə, Xankəndinə tamaşa elədim. Sonra hamını orda qoyub Qalaya qayıtdım. Bütün qapılara “Mina yoxdur – ANAMA” yazılmışdı. Yolun ağzındakı həyətlərə təpilib dörd gözlə baxınırdım. Nəfəsim açılmış, öskürəyim kəsilmişdi...

***

Yer üzündə simvollaşmış şəhərlər, nağıllaşmış məkanlar var – İstanbul, Qüds, Bağdad, Roma, Səmərqənd...

Onlardan çox cavan olsa da, məndən ötrü Şuşa da əfsanəyə dönmüş belə insan məskənlərindən biridi. Bu şəhərə öldürücü xəstəliklər, epidemiyalar yol tapa bilməyib, yaxından-uzaqdan bura azarlı gələnlər şəfa tapıb gediblər.

Enişi enib təpədəki evlərə doğru dırmandıqca elə bilirdim yenə qulağıma pioner şeypurlarının səsi gələcək, sıraya düzülmüş qalstuklu oğlanlar, qızlar küçələrdən keçib yay düşərgələrinə gedəcəklər. Boş şəhərə baxdıqca sevinirdim, düşünürdüm yəqin camaat Bazarbaşına, İsa bulağına gedib. Mürsəl kişi iri pəncəli əlləriylə qavalını qapazlayıb bir ağız “Gamış bağa girdi, gəl” oxuyandan sonra deyəcək ver manatımı.

Mürsəl babadan bir az geridə öz triosuyla erməni qızı Anahid otururdu, Mürsəl kişinin qızı yerində olardı. Bizim xalq mahnılarımızı, bəstəkar mahnılarını xoş avazla oxuyurdu. Arada qoca qaltanlı gər səsiylə tərsa qızını susdururdu. Xan əminin Güllü bağda ayrıca yeri vardı, hörmətli qonaqları gələndə şirin səsini ordan dərələrə yayırdı.

Yolları, cığırları qaça-qaça gedirdim, adamları öz yerində tapmadıqca quzulayıb tökülürdüm. Elə bilirdim aşağılardan yaylamağa gələn cavanları yenə qızlar araya qoyub ağac kölgəsində xısınlaşacaqlar, doqqaza çıxan nənələr yoldan keçən “detdom” uşaqlarının cibinə xuşgəvər tökəcəklər, əllərindəki qəpiyi zorla onların ovuclarına basacaqlar.

Zaman atını dəhmərləyib çoxdan getmişdi. Bir zaman yayda adam əlindən tərpənmək olmayan gəlli-getli şəhərdə indi qu desən qulaq tutulardı. Tox itlər bizi saya salmırdı, sısqa pişiklər miyoldaşıb arxamızca düşürdü.

Qrup rəhbəri hamını dəstə halında gəzməyə dəvət eləyirdi. Saat dörddə geri qayıtmalı olduğumuzu durmadan təkrarlayırdı.

***

Axtardığım yerlərin çoxunu tapmışdım, ancaq internatı tapa bilmirdim. Burayla bağlı ürəyimdə xatirələr vardı – atamın xalası oğlunun arvadı dünyadan cavan getmişdi, iki balaca oğlunu analıq incitməsin deyə burdakı internata qoymuşdular. Onlar da tətildə kəndə gələndə çəpər qonşularımızı – ataları erkən öldüyündən yetim qalmış dörd qardaşı özləriylə aparıb, dörd yetimin qayğısını çəkə bilməyən cavan ananı zülümdən qurtarmışdılar.

Atamın xalası nəvələri tətildə evə gələndə Şuşada keçən günlərindən həvəslə danışardılar. Anaları yadlarına düşəndə əl-ələ verib enərmişlər Daşaltı çayının qırağına, uşaqlar səslərini eşidib lağ eləməsinlər deyə çayın qıjovunda doyunca ağlayıb geri qayıdarmışlar. Qardaşlara həyan olan, onların duzlu göz yaşlarını duzlu dəryaya axıdan çay illər sonra igidlərimizə məzar oldu. Odur ki. mən o çaya gah qanlım, gah xilaskarım kimi baxırdım...

***

Neçə saatdı gözümlə izlədiyim qalalı kişini itirmişdim. Ağacların kölgəsiylə aşağıdakı məhlələrə tərəf yelləndim. Şəhərin sahibsiz itləri yanımca şütüyürdülər. Başım özümlə danışmağa qarışdığından ilk dəfəydi itdən qorxmurdum:

- Allah, görən bu itlər bizim itlərdi, yoxsa o itlərdən qalan itlərdi?..

Enişi enib sağdakı küçəyə buruldum. Qulağıma illərin o tayından bir səs dəydi, səksəndim: bu, köhnə taxta doqqazların üstündən asılmış taxtaxın taqqıltısıydı. Doğrudan da səsin, qoxunun qəribə yaddaşı var. O qapıların üstündə bir yuvacıq olurdu, yuvacığın içində də balaca taxta. Evə gələn o taxtayla qapını döyürdü.

Qalalı kişi taxtaxla bir doqqazı döydü, sonra bala qapını açıb içəri girdi. Mən də üzbəüz həyətə girmək istəyirdim ki, birdən qulağıma zingiltiyə bənzər bir səs gəldi:

- Ay qapım, mən gəldim, ay evim, mən gəldim!..

Onun arxasınca həyətə dürtüldüm. Kişi alçaq pilləkənlə yuxarı çıxdı, əlini taxta sütunlara çəkib yenə zarımağa başladı:

- Ay dədə, ay ana, eşidirsiz, görürsüz, mən gəlmişəm!

Ağsaqqalın dalınca ruh kimi sürünürdüm. Evin şüşələri çiliklənib içəri dağılmışdı. Hər yerdə güllə izi vardı. Evə yüngülcə əl gəzdirib içində yaşamaq olardı.

Kişi üzünü qara suvaqlı divara sürtüb qəfil nərə çəkdi:

- Səni yağı harandan daradı, ay gözəl yurdum? Məni tanıdınmı, ay ocağım? – deyib gözündən sel axıtdı.

Birdən qəfil dikəlib əllərini yana açdı, üzünü tavana tutub sızıldadı:

- Ay evim, məni tanıdınsa bir işarə ver. Ay Allah, bir işarə ver bilim ki, torpağım məni tanıdı.

Girişdəki otağın salamat qapısını bərkdən örtdüm, qaçıb yan pəncərədən kişinin tamaşasına durdum. Kişi səsə çevrilb gözü böyümüş sağa-sola baxındı, gizləndiyim yerdən çıxıb özümü ona göstərdim. Elə bildim yolboyu cınqırı çıxmayan ağsaqqalın başına hava gəlib:

- Ay bala, gördünmü evim-ocağım məni tanıdı, qəbul elədi!

Əlimdəki suyu ona uzatdım:

- Baba, gördüm, hamısını gördüm.

Sudan bir qurtum alıb aşağı düşdü, zirzəmiyə endi. Özlərinə aid heç nə tapa bilmədi. Böyürtkənlərin arasındakı əzilmiş alüminium camı göstərib:

- Bu, sizin olmasın? - dedim.

Alıb xeyli baxandan sonra qolu gəldiyi qədər uzağa tulladı:

- Yox, bizim olsaydı, tanıyardım.

Yorulub dildən düşdü, qayıdıb oturdu kürsülü evin taxta pilləkənində, bir az nəfəs dərəndən sonra:

Gavur, ağ oğlun ölsün,
Bağrı dağ oğlun ölsün.
Azarlayıb yatmamış
Sappasağ oğlun ölsün,

- deyib yenə yetim-yetim ağladı. Mən də qoşuldum ona.

Aralıdan avtobusumuz siqnallayırdı, bələdçi ruporla adamları səsləyirdi.

- Dur gedək, - dedim, - Gəncə qapısına aparacaqlar bizi.

- Ay qızım, sən get, - dedi, - qoy mən evimlə dərdləşim.

Pilləkənin yanında budaqları barlı iri armud ağacı vardı. Kişi qalxıb armudun gövdəsini qucaqladı, üzünü ağaca sürtə-sürtə dilinin altında nəsə danışdı, zağ-zağ əsdi. Sonra başını qaldırıb indi də ağacla danışmağa başladı:

- Mən bekara oldum, eləmi? Səni qoyub getdim, amma sən yerindən tərpənmədin, burdaca bitib yolumu gözlədin. Kölgəndə balalarıma yüyrük asdım, mənlə şərik uşaq saxladın, barını yeyib səni boynuburuq qoyduq. Ay ağac, məni tanıdınsa bir işarə ver, qoy mən də toxtayım.

Qəfil bir meh əsdi, armudun yarpaqları bir-birinə dəyib səsləndi, budaqlarındakı xırda kal meyvələr titrəşdi. Kişi yenidən cana gəldi:

- Ay bala, ay qızım, sən Həzrət Abbas gördün? Ağacım məni tanıdı!

Gözünün çalasındakı yaş diyirlənib yanağında partladı, qəlpələri dodağına qondu:

- Di sən dur get camaata qoşul, qoy mən də burda dərdimə ağlayım, - əl dəsmalını gözünə sıxıb gumuldandı. - Şəvə saçlı balamı öldürüb yağı, sən Allah get, utanıram səndən, ağlaya bilmirəm...

***

Sağımı-solumu manşırlayıb özümü çatdırdım dəstəyə. Qala qapılarını gəzdik. Tut bağında Şuşa teatrı ilk tamaşasını oynayırdı. Biz ora çatanda məclis soğulmuşdu. Girdiyim həyətlərdən üzüm yarpağı, alça, turş alma yığırdım. Bir zaman azmanlar oylağı olmuş şəhəri gözümə təpirdim, ürəyimə hopdururdum, yaddaşıma yazırdım.

Təzə açılmış restoranda günorta yeməyinə oturduq. İçəridə adam qarışqa kimi qaynaşırdı. Qonaqların hamısına xidmət göstərməyə çalışırdılar. Mənim də naharım gəldi: iri boşqabdakı kababın yanında bir çömçə aş, iki közləmə kartof, bir pomidor vardı. Lüləni bir parça çörəyin arasına qoyub qırağa itələdim, boşqabda qalanları tələsik yeyib qayıtdım ağsaqqal qalalının evinə.

Qoyub getdiyim yerdəcə oturmuşdu. Cürbəcür adlar çağırıb mələyirdi:

- Ay Baxış!.. Ay Gülənbər!.. Ay Çimnaz!..

Məni görüb utandı, bir az toxtadı. Az sonra bəlğəmli səslə yenə bayatı çəkdi:

Gələn yanıma gəlsin,
Qadan canıma gəlsin.
Yurdu talan olanlar
Dursun yanıma gəlsin...

Çörəyin arasındakı kababı, şüşədəki suyu ona uzadıb:
- Gələndən ağlayırsan, - dedim.
- Ay bala, kimlərdənsən?
- Desəm də tanımazsan.

Kişi dürməyi alıb suyu başına çəkdi, gözlərini qurulayıb dedi:

- Məsəl var deyir əzizin ölür, boğazın ölmür. Səfər yoldaşlarımıza yaman acığım tutdu. Ay qızım, şahın da dəvəsi ayaqyalın gəzər. Bakıdan ta bura çatanacan hamının əli ağzında oldu. Axı biz elə otuz ildi yeyirik. Şəhərlə soyuq görüşdü hamı, elə bil camaat bura tamaşaya gəlib.
- Ay baba, xalq sevincək olub ey, - dedim, - sevinəndə də yeyib-içmək lazımdı. Fikir eləmə, bax, gəlib evini tapdın, yuvan səni tanıdı.
- Yaman tanıdı, ay qızım, yaman gözəl tanıdı, - deyib güldü. - Bala, vallah bu qapıdan girəndən Allaha yalvarıram ki, elə burdaca canımı alsın, meyidim yurdumda qalsın.
- Ay baba, vallah mən də bayaqdan yalvarıram ki, bizi gətirən avtobus elə qırılsın, heç bir həftə düzəlməsin.
- Allah ikimizin də səsini eşitsin. Di sən get ki, mən də gətirdiyini yeyə bilim.
- Ye, birlikdə gedək.
- Bala, vallah getməsən yeyə bilməyəcəm, utanıram səndən.

Ondan aralanıb doqqazdan çıxdım. Əlim dinc durmadı, taxtaxı götürüb qapıya vurdum, tez də doqqazı aralayıb içəri baxdım: kişi yerindən dik qalxmışdı. Mənim qolum qurusun, bəlkə də taxtaxın səsi qocanı əlli il geriyə qaytarmışdı, bəlkə də bu səs ən qiymətli itkisini ona xatırlatmışdı. Gəncliyini, ömrünü, əzizlərini taxtaxın altına qoyub əzmişdim. Məni görcək yenidən taxta pilləkənə çöküb əlini ağzına tutdu:

- Burda deyiblər ey, orucu mən tutum, obaşdanlığı Qədimalı yesin? Əziyyəti sən çəkdin, dürməyi mən yeyirəm.

***

Kişini evində qoyub “Maykl Cekson”un Qalaya girdiyi yola buruldum. Günəş batdı, şəhərə qaranlıq çökdü, çırtma-çırtma yağış atdı. Üşüyürdüm, sıldırım qayalara baxa bilmirdim...

Yanımda oturan oğlan avtobusa tərəf gedə-gedə əlindəki planşeti yuxarı qaldırıb kimləsə bərkdən danışırdı. Söhbətin gedişatından sevgilisi, ya nişanlısı olduğu bilinirdi:

- Əşşi belə də, dağ kəndi kimi bir yerdi. Dedikləri kimi deyilmiş. Bilmirəm niyə bura şəhər deyirmişlər.

Cavanın danışdıqlarını eşitməmək üçün addımlarımı yeyinlətdim. Ölümünü qucağına alıb qayalara dırmanan, müqəddəs zirvəyə qalxan oğlanları düşündüm. Qalanın lap dibində şəhid olan Rəşadı xatırladım – şəhərin alındığını biləndən sonra üzündə saf bir gülüş canını tapşırmışdı, sevincək ölmüşdü.

Avtobusda yerimizi tutandan sonra qara bulud çəkildi, gün yenə şaxıdı.

***

Yolun alt tərəfiylə köhnə, sınıq-salxaq “Jiquli”lər şütüyürdü. Heyrət dolu gözlər maşınların içindən bərələ-bərələ bizə baxırdı. Ürəyimdə onlarla danışırdım: “Hə, indi necəsiniz? Bu savaş sizə nə verdi? Nə özünüz yaşadınız, nə bizi yaşamağa qoydunuz. Lənət olsun sizin kitabınızı yazanlara!”

Avtobusa ən son minən mənim ağlağan babam oldu. Bir addım irəli, iki addım geri atırdı, dəqiqəbaşı qanrılıb arxaya boylanırdı, otuz ildən sonra qovuşduğu zamanın içindən çıxmaq istəmirdi...

Səhər yeməyi yeyilən yerdə yenə dayandıq. Yenə zənbillər açıldı, qalan yeməklər süfrələrə düzüldü. Hamı uzun yolun ağrısını ləziz tikələrlə canından çıxarmağa çalışırdı.

Oğlumun qabğardığı yol çantamı eşələdim. Çantaya yığdığı qalın paltarların heç biri gərəyim olmamışdı, eləcə özümə yük eləmişdim...

İyul 2022-ci il