İtkilərin yaddaş quyusu - Mətanət Vahid

İtkilərin yaddaş quyusu   - Mətanət Vahid

18 Sentyabr 2024 15:24 121


“Çinar yazıları”nda Şuşanın azad olunduğu gün qələbə əhvalı paytaxtın küçələrinə səs halında gəlir: “aramsız siqnallar”, “maşın dilində” gözaydınlıqları, “qatı duman kimi şəhərin canına hopmuş” uğultu, “ağır qübbə kimi şəhərin üstünə çökmüş səs” və s. təsvirlər sevincin ifadəsinin səs forması ilə mənzərəni aydınlaşdırır.

Qələbənin dadını-duzunu ən çox bu cümlədəki “daha” bildirir hekayədə: “Ərklə qolumuza girib başını yuxarı tutdu, iyirmi-otuz ilə Bakı iqliminə ancaq ki uyğunlaşmış cavan çinarları göstərdi: "Daha Bakı küləyi onları yerindən qopara bilməz..."

Şadyanalığın təsvirilə başlayan hekayə bu “daha”dan əvvəlki və daha da əvvəlki zaman plastlarından keçə-keçə xatirələrin quyusuna enib, yenidən günümüzə qayıtmaqla qələbəyə qədərki otuz ili göz önünə gətirir. Qarabağ mövzusu ilə bağlı hər şey WinRAR arxivatoru kimi üç-beş cümləyə sıxışdırılıb yaddaş mövzusuna səbəb-fon təşkil edir: “...Düşdükləri vəziyyət gülməli dərəcədə ağlamalı idi, birdən-birə heç nəsiz heç kimə çevrilmişdilər: varlısı, kasıbı, vəzifəlisi, vəzifəsizi, müdriki, səyi... Alınlarına yekə bir "Qaçqın" damğası vurulmuşdu, qaraçı taboru kimi düşmüşdülər çöllərə...”

Dostu təhkiyəçi-qəhrəmana Tağı haqqında danışanda “Yaddaşını itirib... Heç kəsi yoxdu” deyir. Hekayənin gedişatında bəlli olur ki, Tağı ilə bağlı yeganə yaddaş ünvanı kiril əlifbası (bu da bir başqa aşınmış yaddaş plastı) ilə çinarın gövdəsinə qazılmış “Т+П=С” yazısıdır. Yerində “təzə qəbir kimi” quru torpaq təpələnmiş çinarla birgə Tağının adı da, yazısı\taleyi də qeyb olub itkinlərin arasına qarışır. Yoxa çıxan isə yalnız kəndin yeganə çinarı, onun ardınca quruyan bulaq deyil, talan olmuş bütün yurd yeridir: “Kəndin yerini tapsalar da, kəndi tapmadılar; tapdıqlarını tanımadılar. Bir vaxtlar asfalt boyu təsbeh daşı kimi düzülən şüşəbəndli, eyvanlı evlərin yerində uçuq divarlar qalmışdı, daşlar qalaqlanmışdı. Təpəsinə tənəklər dırmanan qəlbi dağdağan, vən ağacların yerində cır nar kollarından başqa heç nə yox idi”.

Vaxtilə altında tonqallar qalanan, xalça-palaz salınıb böyüklərin dincəldiyi, uşaqların cürbəcür oyunlar oynadığı geniş, sıx çətirli ana çinar\ağac həyatın metaforudur – üzərindəki yazı, bir növ, tale yazısı. Tağı ilə Ənnağının tale yazıları bir-birinə qarışır. Getməsin deyə anası pasportunu gizləməklə, elə bil, Tağının ömrünü oğurlayır. İtkin qardaşının pasportu ilə yaşamaqla o öz ömrünü salıb itirir; sanki qardaşının ömrünü yaşayır, hətta sevgisini də... Övladlarının sənədində belə, ata adı kimi Tağının deyil, qardaşının adı yazılır. Ənnağı itkin olsa da, Tağının həyatının içindədir, alın yazısının ortasındadır. Belədə itkin olan kimdir bəs – Ənnağımı, Tağımı? Dolayısı ilə, “Çinar yazıları” otuz illik bu qovğadan fiziki olaraq sağ çıxanın da, çıxmayanın da yoxmuş kimi varlığını, xatirələrin yaralı, illərin/ömrün itkin olduğunu göstərir.

Hekayədə xatirələrin səhifəsini çevirəndə görürük ki, qardaşlar ikisi də sevgisinin yaddaşını diri saxlamaq üçün adlarını çinarın gövdəsinə həkk edibmiş: “Bir kişinin iki qızını istəyirdilər: Tağı - Pərvanəni, Ənnağı - Qətibəni!”

Hekayənin sonunda Tağı bu dəfə artıq Bakıda çinar ağacının üstünə kirillə həkk etdiyi yazını göstərir: “Ə+Г=С”. Belə bir sonluq bu məqama qədər oxuduğun gerçəyi şübhə altına alır, yaddaşında sürətli keçid edib görürsən ki, Tağının itmiş yaddaşı Ənnağının itkin ömrünün xatirəsinə biçilib. Sonda təhkiyəçinin heyrət içində vermək istədiyi sual həm də cavabdır. Amma sualı vermək imkanı tapmır; “Q” niyə?” (“Ə” niyə yox?!) soruşmaq istəyir, o isə artıq arabasını sürüb getmişdi. Hekayə sonda sual vermək imkanını oxucuya yaradır: yenə mətndəki yaddaş quyusuna enib yazının içində itkin düşmüş Tağını axtarırsan.