Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

Kinomuzu xilas edəcək 3 körpü   - Əli İsa Cabbarov

13 Yanvar 2023 12:53 69


YeniYaz.Az Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun kinomuzun aktual problemlərinə həsr olunmuş məqaləsini təqdim edirik.

Xilas sözü təsadüfən başlığa çıxarılmayıb. Həqiqətən təzadlı situasiya yaranıb. Azərbaycan filmi 2 il əvvəl Venesiya proqramında idi, bu il dövlət studiyasının filmi 2 beynəlxalq mükafat aldı, amma camiyədə xilasolunmalı ovqat var. Uzun-uzadı uzanan keçid dövrü camiyəni boğaza yığıb. Hamı böhran meneceri ritorikası ilə danışır. Durumun belə qavranılmasının abstrakt psixoloji səbəbləri ilə yanaşı konkret səbəbləri də var. Mədəniyyət nazirliyinin 2021-2022-ci il fəaliyyəti təkcə peşəkarları yox, ölkə rəhbərliyini də narazı salıb və kadr dəyişiklikləri bunu bir daha göstərdi. Yeni heyət formalaşma ərəfəsində situasiyanın dəyərləndirilməsini aparır. Peşəkar camiyənin susqun gözləmə mövqeyi zərərlidir və rəsmi qurumlar pozitiv, konstruktiv, əməli siqnallar almalıdırlar.

Gerçəkdən kinomuzu nə xilas edər?

Üç körpü. Kinomuz və kinomuz üçün həyat əhəmiyyətli üç sahə ilə bağlar yaradan üç körpü: Kino və TV, kino və biznes, kino və ədəbiyyat

İlk olaraq “kino və tv”dən başlayaq. Tv-nin cəmiyyətimizdə oynadığı rolu yada salmaq ümid edirəm lazım deyil. İnsanlar tv-dəki kimi geyinir, danışır, Tv-nin dediyi təamları dadır. TV bəzi hallarda müasir insan üçün ( son zamanlar sosial şəbəkələrlə birlikdə) gerçəkliyin özünü əvəz edir. Kinomuzun xilası üçün “kino və TV” körpülərinin effektli qurulması ən vacib faktordur. Bu körpü hansı funksiyaları yerinə yetirməlidir?!

-TV Azərbaycan kinosunu təbliğ edir, “Azərbaycan kinosu” brendi yaradır. Bu brendi yaratmaq üçün kinomuzun kifayət qədər resursu, uğurları var. Heç şübhəsiz, kinomuzun xalqımızın son 100 illik həyatında oynadığı rolu müsbətdir.

-TV kinomuzda gedən proseslərdə, kinoteatral baxışlardan, gələcək planlar haqqında məlumatlandırır. Bu fəaliyyətin effekti kinozallara daha çox tamaşaçının axmasına səbəb olur.

-TV kinoya investisiya yatırır. Bu dünya təcrübəsidir, RAİ, ANTEN, NTV,TRT, HBO, CVT kimi dünya nəhəngləri bədii kinonun öndə gedən donorlarıdır. Film istehsal etməklə onlar həm kinoteatral yayımdan qazanır , həm də efirindən əbədi nümayiş etmək hüququnu pulsuz qazanır. Müşahidələr göstərir ki, İTV artıq bu prosesin həndəvərindədir və ilk ürkək addımlar atılıb. SPACE TV də bu addımı ata biləcək potensial kanaldı. Xəzər tv isə bu istiqamətdə atdığı addımları yelə verdi, amma bazarda bərpa olunma şansları hələ də var. Telekanallarımızın kino istehsalı lideri olma şansları çoxdur. Hətta çəkdikləri serialların da kino formatında versiyalarını hazırlayıb kinoteatral yayıma buraxmaları da effektli ola bilər. Ən azı bu kino məhsulunun serial olaraq gündəlik ( və ya həftəlik) efir kimi promosu olması onun kassa gətirmək şansını artırır.

İkinci vacib körpünün əhəmiyyəti haqqında danışıb vaxt aparmayaq. Amma bu körpü bizdə çox zəifdir. Müstəqilliyin 25 ili keçəndən sonra bizim nəhəng biznes qurumları MEDİA sektoruna fikir verdilər ( SOCAR media yarandı) , kino istehsalı isə hələ diqqətlərində deyil, çünki bazar onlar üçün çox balacadır. Həqiqətən də bazar balacadı, amma bazarın potensialı böyükdür. Azərbaycanın böyük biznes şirkətləri kinoya yatırım edib, bazarı böyüdüb ( bir filmlə bilet satışını yarımilyona çatdırıb) gəlir əldə etməlidirlər. Hər hansı şirkətin hansısa uğurlu film layihəsində adının hallanması onun imicinə nə qədər müsbət çalarlar qatır. Azercell-cinema, Bakcell -cinema, Nar-production və ya PAŞA films, Azersun-film və serial istehsalı mərkəzi, daha nə adlar ola bilər? Kino sahəsində fəaliyyət iri biznesə dolayı dividentlərdən əlavə birbaşa gəlirlər də gətirə bilər.

Bununla yanaşı, biznes kinoteatral şəbəkələrin inkişafına da yatırım edə bilərlər. İki şəbəkənin gəlirləri göz önündədir. Bu sahəyə investisiya edən təkcə yayıma yox, həm də istehsala nəzarət imkanı qazanır. Sosial şəbəkələrdə yazmışdım, bir daha təkrar edim, Türkiyə ilə kino sahəsində əməkdaşlığın potensial uğurlu istiqaməti istehsalat yox, məhz yayımdır. Onlar üçün Azərbaycanda kino yayımına, yayım şəbəkələrinin inkişafına maliyyə yatırmaq və ya cəlb etmək daha gəlirli olacaq. Bu bizim milli maraqlarımıza, milli kinomuzun maraqlarına da daha çox cavab verir.

Kino və biznes körpüsünün inkişafı üçün nə etməliyik? Sadəcə bu iki cəbhəni bir-biri ilə tanış etməliyik. Artıq birinci addımı Azərbaycan Kinematoqrafçılar İttifaqı və YARAT Müasir İncəsənət Mərkəzi atıb. “Kino və biznes: körpülər” panel müzakirəsini təşkil edib, bu mövzunu altuallaşdırıb. Bu çox azdır, kinomuz ilə biznesin əlaqəsi gündəlik iş rejimində olmalıdı. Bu körpü üçün vasitəçiliyi, Kinematoqrafçılar İttifaqı kimi ictimai təşkilatlarla yanaşı rəsmi strukturların etməsi daha effektli olar. Ardıcıl “kino və biznes: problemlər, perspektivlər” formatlı konfranslar keçirilməli, iş adamları üçün yeni filmlərin və yeni istehsala başlamış layihələrin xüsusi təqdimatı keçirilməlidir. İş adamlarını birləşdirən ictimai təşkilatlar ( Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Amerika ticarət palatası və bu formatlı başqa təşkilatlar) da bu işin önündə olmalıdır. Aidiyyatı olan rəsmi struktur isə ( Nazirliyin “Audiovizual və interaktiv media” şöbəsi) bu əlaqələrin qurulmasının moderatoru rolunda çıxış etməsi tərəflər arasında etibarlılığı artırar.

Zaman ötdükcə, müsbət zəmin olduqda vergi güzəştləri və parlaq investorların mükafatlandırılması da gündəmə gələ bilər.

Və nəhayət, üçüncü körpü-Ədəbiyyat və kinomuz.

Azərbaycan kinosunun tarixini bilənlər bilir ki, kinomuzun ən uğurlu illəri məhz ədəbiyyatımızla güclü körpülərin olduğu vaxt idi. Xatırlayırsınızsa ölkənin ən iri studusiyasının baş redaktorları ədəbiyyatımızın ulduzları idi: İsa Hüseynov, İsi Məlikzadə, Yusif Səmədoğlu. Ən məşhur yazarlar , M. Hüseyn, S. Rəhman, Anar, İbrahimbəyov qardaşları filmlərin ssenari müəllifləri idilər. Nəticədə filmlərin səviyyəsi də yüksək idi , xüsusilə filmlərin ədəbi keyfiyyəti. Son onilliklər bu ənənə itib və bu filmlərin, təsdiq olunmuş ssenarilərin keyfiyyətini aşağı salıb. Son onilliklərdə ədəbi əsərlərin uğurlu ekranlaşdırılması nümunələri də yoxdur. Amma uğurlu ədəbi əsərlər var axı, niyə onlar ekrana gəlmir? Çünki kino və ədəbiyyat körpüsü dağıdılıb. Təcili bərpa edilməli və inkişaf etdirilməlidir. Ədəbiyyatımız təkcə dramaturq yox, həm də redaktor çatışmamazlığını aradan qaldırmaq üçün bazadır. Eyni ilə yuxarıda adı adıçəkilən körpülərin yaradılması prosesinin texnologiyalarını burda da tətbiq etmək lazımdır. Sadəcə hər iki sektoru bir-biri ilə tanış etmək, “Azərbaycan ədəbiyyatı: mətndən ekrana” formatlı seminarlar, ekranlaşdırma üzrə ssenari müsabiqələri keçirmək prosesi canlandırar, körpüləri formalaşdırardı.

Üç körpü, üç komunikasiya kanalı, üç şah damar. Can verən, sağaldan, inkişaf etdirən, körpü…kanal…damar… Yarat və bəhrəsin gör.

aki.az