Marafon - içimdəki müharibənin finişi - Şahbaz Xuduoğlu

Marafon - içimdəki müharibənin finişi   - Şahbaz Xuduoğlu

06 May 2024 13:46 192


İçimdə illərdi müharibə gedirdi. Uzun məsafəyə qaçmaq istəyimlə "axı nəyinə lazımdır" arasında. Nəhayət, o "müharibəyə" qalib gəldim. Və marafon qaçdım.

Çox erkən oyandım. Malkolm Qladvelin "Dahilər və Autsayterlər" kitabından 50 səhifə oxudum.

"Matvey qaydası" haqqında düşündüm: həmişə zənginlər zəngin, kasıblar kasıb, güclülər güclü, zəifləri zəif qalacaqlar?

Qəhvəaltı etmədim. Sadəcə kofe içdim.

Nigarla finiş arkasına yaxın toplanmış marafonçular arasındaydıq. "Sən sona qədər qaça biləcəksən"- soruşur. "Əlbəttə, şübhən olmasın"- deyirəm. "Birdən özünü pis hiss etsən çıx, risk etmə". Nigarla razılaşdıq ki, müstəqil qaçaq.

Saat 10-da marafon başladı. Bilirdim ki, bir tempdə qaçacağam. Sağ dizimdə az ağrı var. O məni bəzən geri çəkir.

Başlayanda çoxluq mane olur, "Dəniz mall"da artıq seyrəkləşir, hər kəs sərbəst davam edir.

Ruhlandırıcı amillər

Kənardan ilk dəstək "Dənizi" keçəndə gəldi, barabançılar toxmaqla davula döyürdülər.

Yol boyu bir neçə yerdə, şeypurçu və barabançıların atəşfəşanlığı çox kömək oldu.

Kənardan izləyicilərin alqışı, bağırtısı, uşaqların əl yelləmələri, dəniz vağzalından keçəndə gəmidən tamaşa edib əl çalan gəmi həyətinə mən də əl edirəm. Ümumiyyətlə, dəstək olan hər kəsə gülümsəyərək, əl edərək, əlinə əlimi toxundurmaqla qarşılıq verməyə çalışıram.

Marşrut boyu dayanan insanlar (onlara çox təşəkkür edirəm), qaçanlar qədər alqışa layiqdirlər, su verən, boş su qablarını yerdən toplayan, əlində plakatla istiqamətləndirənlər və s.

Neqativ hallar

Bəzən yanımdan kimsə sürətlə keçirdi, psixoloji gərgin olurdum, instinktiv sürətim artsa da tempi qoruyurdum.

Bəzən qarşıdakı qaçdığı yerdə dayanır, az qalırsan üstünə çıxasan...

Nələri etmək və nələri etməmək?

Hər 3 km-dən su verirlər, yalnız 3 dəfə su aldım. Marafon qaçanların məsləhətinə görə, suyla başı, bədəni islatmağın faydası var. Mən yalnız geri qayıdanda Kukla teatrının yanında suyu sinəmə və qollarıma tökdüm. Paltarım ağırlaşdı. Başa düşdüm ki, bu məsləhət mənim kimi qollu, qıçlı geyimliyə aid deyil.



Günəşə qarşı allergiyam var, bu səbəbdən hər zaman çox qapanır və günəş kremindən istifadə edirəm. Sifətimə krem çəkdim, amma tərləməyə başlayanda əriyib gözümü yandırmağa başladı.

Bu, qaçmağa çox mane olurdu. Günəş eynəyi də olsa göz sulanmaz.

Günəşdən qorxusu olmayanlar qoltuğuaçıq mayka geyirlər. Bu, adamı sərin saxlayır. Qaçış üçün xüsusi bel çantası da var, o daha praktikdir.

Marafon boyu qaçan kimisə ötdüyüm yadıma gəlmir. Sadəcə çoxlu dayananların yanından keçirdim. Çox irəli baxmağa çalışmırdım, adamı vahimə basırdı ki, hələ irəlidə nə qədər qaçan var. Adam lap ümidsiz olur.

Bir neçə nəfərlə yanaşı qaldığımın fərqindəydim. Onlar da eyni tempi saxlayırdılar.

Onlardan biri əcnəbi xanım Bulvar otelindən sonra irəliləməyə başladı. Geri qayıdan yolda onun sürəti daha da artmışdı. Hiss etdim, bu onun ilk marafonu deyil, gücünü yarıdan sonraya saxlayıbmış.

Ağ Şəhərdən Babək prospektinə çıxanda çevrədən geriyə yol başlayır. Bir az eniş yoldu, amma xəzri nəfəs almağa mane olurdu. Yaxşı ki, boyunluq taxmışdım, ağız-burnumu bağladım.

Cavanşir körpüsünü çətinliklə aşdım. Yoxuş qaçanda bir hərəkət çox köməyimə gəldi; addımları kiçiltdim, sürəti isə azaltmadım. Yanaşı gedən bir nəfər əlini qaldırıb "afərin" dedi. Ruhlandım.

Daha bir çətinlik, Bayraq meydanının boynuna, "Manqal" restoranının qarşısına qalxmaq oldu. Marafonun ordan keçəcəyini hesablamamışdım. O yoxuşu qalxmaq inanılmaz çətin gəldi. Amma dayanmadım.

Ümumiyyətlə, bədənimdə ağrılar başlayanda təxəyyülə yüklənirəm: Atamın yanına, dağlara gedirəm; Haçayurdda at çapıram; əlimi bərk-bərk yelkəninə, ayaqlarımı çılpaq atın belinə dolayıram, məni ildırım sürəti ilə irəliyə aparır... Bunları təsəvvürümdə canlandırdıqca həqiqətən, küləyə qalib gəlmiş kimi sinəm genişlənir, ayaqlarım güclənir. Yerə toxunmadan gedirəm sanki.

Hələ, marafonu yarı etməmiş böyrümdə ağrılar başladı, uşaqlıqda qaçanda belə hallar tez-tez olurdu. Burda da xəyalımı bədənimdən ayırdım. Meşələr, dalğalar, çayların şırıltısı, doğma insanlar, onların söhbətlərini xatırladıqca ağrılarım getmişdi.

Bayıl yoxuşunu geridə qoyanda çox sevindim. Əsas odur qaçmağa davam edirdim.

***

Gəmi muzeyinin yanından keçəndə arxadan gələn yunan ailəsi ilə ələ-ələ toxunub salamlaşdıq, astaca qaçaraq uzaqlaşdılar. Mən həmişə elə bilirdim ki, onlar məndən zəif qaçırlar, amma əksinə imiş.

Bir nəfər daim yanımda qaçır. Çox etibarlı gəldi mənə. Biri qaça-qaça gəlib selfi də çəkdi.

Finiş xəttinə az qalmış özümü səfərbər etdim. Öncə əllərimin sürətini qayığa kürək çəkən kimi artırdım. Ardınca ayaqlarım da hərəkətləndi. Bu hansısa başqa bir güc idi. Onun üzə çıxmasına çox sevindim. Və elə bu sevincə finişə yetdim.

***

Yan tərəfdə taxtda uzandım. Zəif günəş şüaları yorğunluğumu aldı. İsveçrəli bir kişi skamyada oturmuşdu. Şəkilini, video müraciətini çəkdim, ailəsinə göndərdi. 71 yaşı var, 5 il fasilədən sonra marafona qoşulub və sona qədər qaçdığı üçün xoşbəxt görünürdü.

Bu an Nigar zəng etdi. Dedi, xalça muzeyinin yanından gəlir və marşrutdan çıxmayıb. Dedim çıxma, az qalıb. Saat yarım sonra onu "Kristal hall" tərəfdən finişə doğru qaça-qaça gəldiyini gördüm. Finişdə dayananlardan xahiş etdim ki, o çatanda hamı alqışlasın.