“Mənə əzab verməsinlər, bəsimdir” - Müsahibə

“Mənə əzab verməsinlər, bəsimdir”   - Müsahibə

09 İyun 2022 11:06 610


YeniYaz.Az şair Elnaz Eyvazla müsahibəni təqdim edir.

- Müşahidə təcrübənin ən maraqlı hissəsidir. Bir növ buna libas da demək olar. Ən gözəl libas... Ədəbiyyatı da sistemli şəkildə izləmək ona bir geyim tərzi verməkdir. Bəzən xanımların müşahidəsini əks cinsin nümayəndələri zəif hesab edir. Sizcə, müəlliflər arasında belə bir bölgünün olması nə dərəcədə məqsədə uyğundur?

- Ümumiyyətlə, bütün ümumiləşdirmələrin və ayrı-seçkiliyin əleyhinəyəm. İstər ədəbiyyatda, istərsə də həyatda. Bütün qadınlar belə, bütün kişilər elə. Nə absurd düşüncədir, nə anormal yanaşmadır?! Mənim üçün cins şərtidir, həyatda İnsan var, Ədəbiyyatda da mətn.

- Bəzi müəlliflər ədəbi yarışlara qoşulmaqdan çəkinirlər. Ya özlərini o sırada görmək istəmirlər, ya da yarışmağı mənasız sayırlar. Bu məsələyə bir xanım müəllif kimi münasibətiniz hansı səviyyədədir?

- Xanım müəllif kimi yox, sadəcə müəllif kimi deyə bilərəm ki, hər bir müəllifin müəyyən müsabiqələrə qoşulub-qoşulmamaq üçün səbəbləri, yaxud əsasları var. Hər kəs seçimində, qərarında azaddır. Məsələn, artıq müəyyən qədər sözünü demiş, imzası tanınan bir yazar həvəskarlarla bir arada, yaxud həvəsləndirici müsabiqələrdə niyə iştirak etsin?! Özündən xeyli təcrübəsiz, yaşca kiçik, ədəbiyyata təzə-təzə iddialı olanların yolunu niyə kəssin? Konkret özümün mövqeyim maraqlıdırsa, müəyyən müsabiqələrdə iştirak etmişəm. 2011-ci ildə Nəsimi Milli Ədəbiyyat müsabiqəsinin nəsr nominasiyasının qalibi oldum, Azadlıq radiosunun təşkil etdiyi müsabiqədə hekayəm ilk onluğa düşüb çap olundu. Sonra bir o qədər həvəsli olmadım hansısa müsabiqədə iştirak etməyə. Səbəb nə özünü təsdiq etmiş hesab etməkdir, nə yaş məsələsidir. Sadəcə, sakit, gizlin bir köşəyə çəkilmək istəyidir.

- Henri Millerin belə bir ifadəsi var: “Qadınlarla bağlı edilə biləcək üç şey var - onu sevə bilər, onun üçün əzab çəkə bilər, ya da onu ədəbiyyata çevirə bilərsən.” Belə düşünürəm ki, ədəbiyyatda hazırkı mövzuların əksəriyyəti qadınlardır. Bəs qadınlar yaradıcılıqlarında necə düşünür?

- Bütün qadınların adından necə danışa bilərəm? Bəlkə, kimsə heç ümumiyyətlə, bu barədə düşünmür? (gülür). O ki qaldı sitat gətirdiyiniz fikrə, istər qadın olsun, istər kişi, bir-birinə əzab verməsinlər, yetər. Mənə əzab verməsinlər, bəsimdir. Sevməyə qalsa, bütün insanların sevilməyə ehtiyacı var. Başımıza gələn bəlaların bir çoxu sevgisizlikdəndir. İllah da cinsi ayrı-seçkilik edək deyirsinizsə, kişilərin daha çox ehtiyacı var sevilməyə. Çünki yükü ağır olan sevgiyə, qayğıya ac olur... Yükü ağır olmaq nədir, bilirəm.

- Ədəbi mühitə olan münasibətləriniz sizi hansı mövzulara müraciət etməyə təşviq edir?

- Müraciət etdiyim mövzuların ədəbi mühitlə yox, həyatla, cəmiyyətlə əlaqəsi var, öz yaşadıqlarım, ətrafı müşahidələrimlə əlaqəsi var.

- Tənqid dəyərləndirməkdir, müzakirəyə çıxan əsəri qiymətləndirməkdir. Yazarın baxışından daha fərqli baxışdır. İndiyə qədər olubmu ki, hansısa tənqiddə tənqidçi ilə fikirləriniz üst-üstə düşsün?

- Əlbəttə, fikirlərimizin üst-üstə düşdüyü də olub, düşmədiyi də. Ancaq bu onun şəxsi fikirləridir, müdaxilə etmək, dəyişməyə cəhd etmək, ən azından etik deyil. Əgər öz mətnlərimlə bağlı tənqidi fikir eşidirəmsə, ilk növbədə bunun həqiqətə uyğun olub-olmadığına diqqət edirəm, dönüb bir də tənqidə tuş gələn mətnimi oxuyuram, nöqsanımı tapmağa, haqlı tənqiddirsə, ondan nəticə çıxarıb səhvimi düzəltməyə çalışıram. Haqsız tənqiddirsə, fikir müəllifinə zaman ayırıb məni oxuduğuna və fikir bildirdiyinə görə təşəkkür edirəm, vəssalam.

- Müasir dövr Azərbaycan poeziyasından və nəsrindən kimləri oxumağı məsləhət bilmirsiniz? O müəlliflər ki, cəmiyyət tərəfindən müasir görünsələr də, heç biri dövrün tələbatını ödəmir.

- Kitab, müəllif seçimi zövq məsələsidir. Oxucu zövqü, mətn zövqü. İnsanların seçiminə və zövqünə qarışmaq olmaz. Müəllif demirəm, mətn deyirəm: yaxşı mətni də, pis mətni də oxumaq lazımdır ki, fərqi görəsən, necə yazmamaq, nəyi oxumamaq lazımdır özün dərk edəsən. O ki qaldı tələbat ödəyib-ödəməməyə, zaman ən gözəl süzgəcdir, hər bir mətn də, müəllif də bu süzgəcdən keçəcək zatən.

- Son olaraq, bir yazarın görmək istədiyi oxucu obrazı necə olmalıdır? Yazarın oxucudan istədiyi məqamlar...

- Oxucudan nəsə gözləmək üçün öncə ona gözəl, diqqətəlayiq əsər təqdim etməlisən. Oxucu bizdən gözləyir. Yazarın oxucudan gözləntisi, yazdığım mətnləri bəyənirsə, oxusun. Əslində, mənim aləmimdə Söz öz sahibinin şansıdır. Ürəyini boşaltmaq, başqalarından fərqli olaraq düşündüklərini, yaşadıqlarını, hiss etdiklərini, başqalarının görə bilmədiklərini görüb, duya bilmədiklərini sözə çevirmək bacarığı, ilahi lütfdür. Və “boyum hündürdür, hər kəs mənə baş əysin” deyə bilmədiyin kimi, “mən yazıram, mütləq məni oxuyun” da deyə bilməzsən. Sən o şansı dəyərləndir, yaz, heç kəsdən heç nə gözləmədən, təmənnasız, tərif də, diqqət də, lap elə mükafatlar da özü Sözün ayağına gələcək.