Mənim baldırlarım yalan deməz - Yeni hekayə

Mənim baldırlarım yalan deməz   - Yeni hekayə

23 Yanvar 2024 09:44 405


Bizim Umayra xanım

“Müharibə novellaları” silsiləsindən

Jalə İsmayı

– Mənim baldırlarım yalan deməz. Yağacaq!

Üçrəqəmli kiloya sahib Reyhan xala baldırlarını ovuşdurub yavaş-yavaş yerindən qalxdı. Asta addımlarla pəncərəyə yaxınlaşıb göyə baxdı. Səmada onun proqnozunu təsdiqləyəcək bircə dənə də bulud yox idi. Buna rəğmən, Reyhan xala yenə əminliklə təkrar etdi:

– Yağacaq! Möhkəm yağacaq!

Sonra da divandakı yerinə qayıdıb yarımçıq qalmış çayını başına çəkdi, arxasınca da ağzına bir qaşıq ağ gilas mürəbbəsi qoydu. Hamı susurdu. Biz Bakıdan uzun yol gəlmişdik. Bu gecə Sənəm xalanın evində gecələyib, sabah meşə yolu ilə dağa çıxmağa hazırlaşırdıq. Bələdçimiz Nadirdən başqa biz dörd nəfər bu yolu ilk dəfə gedəcəkdik. Həyəcanlıydıq və Reyhan xalanın hava proqnozuna qədər də əhvali-ruhiyyəmiz əla idi. Belə xoşagəlməz proqnozdan sonra hamı gözünü Nadirə dikmişdi. Yerli adam o idi, neçə qrupa bələdçilik etmişdi. Nadirsə, belə görünürdü ki, Reyhan xalanın sözünü ciddi qəbul etməmək fikrindəydi. Hortahort çay içir, mürəbbə yeyir, sabahkı səfər barədə üyüdüb-tökürdü.

– Əşi, yağana qədər nə getsək, qənimətdir. Talada çadır qurarıq, bir çay içərik, pendir-çörəyimizi yeyərik, dizimizə güc, ürəyimizə təpər gələr, sonra yolumuza davam edərik.

Kimə inanmalı, baldırına güvənən Reyhan xalaya, yoxsa ömrü bu yollarda keçmiş Nadirə? Mən evdən min bir müsibətlə icazə almışdım. Demək olar ki, üzümə salıb zorla çıxmışdım qapıdan. İndi bu dağ səfəri alınmasaydı, bir də məni buraxmayacaqdılar. Hirsli-hirsli Reyhan xalaya baxdım.

– Adamı lap həvəsdən salırsınız, Reyhan xala. Mən Bakıdan qaça-qaça gəlmişəm ki, evdə oturum?

– Qaça-qaça gəlmisən, yoxsa evdən qaçmısan? – Reyhan xala güldü, – sabah evdə otur, qızım, o biri günə Allah kərimdi.

Sənəm xala da güldü. Bu yaşlı qadınlarla deyişməyə halım yoxdu. Yavaş-yavaş yataqlarımızı hazırlamağa başladıq. Nadirin haykinq qrupları həmişə Sənəm xalanın evində qalır. Evi kasıb olsa da, təmizdir, kirayəsi də ucuzdur. Uşaqlara yemək də bişirir. Bələdçimiz yolda məlumat vermişdi bizə. Reyhan xala bizim ev sahibinin, necə deyərlər, gor qonşusudur. Səyahətçilər qonaq gələndə o da Sənəm xalaya kömək edər, uzun tumanını yerə yayıb sac qurar, qonaqlara yuxa, qutab bişirər. İkisi də tək yaşayır. Oğul-uşaqdan onlarla qalan yoxdur. Qadınlar da günün çoxunu ya bunun, ya onun evində keçirir, olmuşdan-olacaqdan söhbət edir, dağı arana, aranı dağa daşıyırlar, nənəm demiş.

Biz yatmağa hazırlaşanda Reyhan xala sağollaşıb çıxdı. Sənəm xala da öz otağına keçdi. Bayaqdan qonşu qadına hirsli olsam da, bir anlıq ürəyim sıxıldı. İndi gedib təkbaşına nə edəcəkdi evdə?

Başımı yastığa qoymaq istəyirdim ki, otağın küncündən Aynurun səsi gəldi. O, yer yatağında oturub əllərini göyə açmışdı.

– Ay Allah, bizim Umayra xanımın proqnozu düz çıxmasın, nolar!

Hamı gülüşdü. Reyhan xalanın kod adı hazır idi – Umayra xanım. Uzun illər sonra bu hekayəni oxuyacaq insanların xəbəri olsun ki, onun yazıldığı günlərdə Umayra xanım Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Komitəsinin Hidrometeoroloji Proqnozlar Bürosu adından hava haqqında rəsmi məlumatları səsləndirərdi. Söhbət hava proqnozundan gedirdisə, bütün ölkənin tanıdığı və inandığı Umayra xanımın sözü hamı üçün qanun idi.

Səhər sübhdən oyandıq. Səma aydın, səhər yeməyi şahanə, kefimiz əla. Bizi heç nə, heç kim yoldan saxlaya bilməzdi. Yeməyimizi yedik, Sənəm xala ilə sağollaşdıq, bel çantalarımızı da götürüb həyətdən çıxmaq istəyirdik ki, Reyhan xala əlində balaca bir qazan darvazadan girdi.

– Boy, hara gedirsiniz? Sizə təzə qaymaq gətirmişdim.

– Çox sağ ol, Reyhan xala, qayıdanbaş yeyərik, yolçu yolda gərək, – Nadir dil-ağız elədi.

Reyhan xala diqqətlə bizi süzüb başını buladı.

– Tərs uşağı tərs, gör sözə qulaq asırlar, ay Sənəm.

– Di fikir vermə, yağacaq, islanan bunlar olacaq – Sənəm xala hamını razı salmağa çalışırdı.

– İslanmaq nədi ki? Dağda-daşda sürüşərlər, yıxılıb ora-buralarını qırarlar.

Reyhan xala qazanı masanın üstünə qoyub ağır-ağır oturdu. Bizim Umayra xanım getməməyimiz üçün, deyəsən, israr edəcəkdi. Nadir onun gətirdiyi qazanın qapağını açıb qaymağı qoxuladı.

– Bəh-bəh! Ver bu qazanı da aparaq, Reyhan xala, enerji deposudur e, enerji!

– Mən nə deyirəm, bu nə deyir – Reyhan xala geri çəkilmək istəmirdi, – buna bax hələ, özü də həkim olacaq, bir qarış şortiki keçirib əyninə dağa çıxır. Bir fikirləşmir ki, dalımı soyuq aparar.

Uşaqların gülüş səsi ilə toyuqların qaqqıldaşması bir-birinə qarışdı. Bizim Umayra xanım mənim şortumu göstərib deyinirdi. Pərt olmuşdum, bunu cavabsız qoya bilməzdim.

– Yayın ortasında dalımı niyə soyuq aparsın, ay Reyhan xala?!

Bu dəfə Reyhan xala da güldü.

– Di yaxşı, Allah amanında, sağ gedin, salamat qayıdın – bizim Umayra xanım təslim olmuşdu – qaymağınızı da qayıdanda yeyərsiniz, yolda xarab olar.

Döngəni burulanda geri çevrildim. Reyhan xala əlini qaşının üstünə qoyub arxamızca baxırdı.

Nadir deyən talaya çatanda artıq günorta idi. Çadır qurası olmadıq. Bir tikə çörək yeyib yolumuza davam etdik. Uşaqlar yol boyu Reyhan xalanın diliylə şortuma ilişib gülüşürdülər. Əllərinə fürsət düşmüşdü.

– Qoy kəndə qayıdaq, yağmayan yağışın haqq-hesabını edəcəm onunla – hirsim keçsə də, Umayra xanıma sataşmaq üçün axşamı səbirsizliklə gözləyirdim.

Hədəf nöqtəsinə çatıb nəfəsimizi dərmək üçün oturduq. Meşəlik ərazidə bu qədər yol çıxmaq hər adamın işi deyildi. Bir-birimizi təbrik etdik. Nadiri isə ayaq üstə alqışladıq. Adımızı da xüsusi lövhəyə yazdıq – fatehlər lövhəsinə. Çox yaxşı gəlmişdik. Geri qayıtmaq üçün vaxtımız boldu. Hətta tələsmədən gedə bilərdik. Dikdən düşdüyümüzə görə daha sürətli hərəkət edəcəkdik. Həvəsləndirici mükafatımız da vardı – bizi bir qazan qaymaq gözləyirdi.

Günorta oturduğumuz talaya doğru az qala qaça-qaça endik. Meşənin gözəlliyindən zövq almağa imkan tapmırdıq. Səs-küyümüzə quşlar da qoşulmuşdu. Bu qaçaqaçda artıq növbəti səfərin planını müzakirə edirdik. Mütləq gələcəkdik. Və qəfildən göy guruldadı. Biz qızlar səsdən qorxub qışqırdıq. Bu, yağış deyildi, əməlli-başlı leysan tökürdü. Bizim talaya çata bilmədik. Sıx bimiş ağacların altında qorunmağa çalışdıq. Xeyri olmadı, hara getsək, yağış bizi tuturdu. Nadir düz bir yer tapıb tez çadır qurmağı təklif etdi.

Çadırın içində qız-oğlan demədən hamı bir-birinə qısılmışdı. İkinəfərlik çadırda beş adam nəfəs-nəfəsə oturmuşduq. Mənim dal… hər yerim donurdu. Yağışla bərabər havanın temperaturu da düşmüşdü. Heç kim qalın paltar götürməmişdi. Bütün qəzəbli baxışlar bir saat öncə qəhrəmanımız olan Nadirə dikilmişdi. Yazıq oğlan bilmirdi nə desin. Ən çox üşüyən də məndim, ən çox deyinən də.

– Umayra xanım dedi də yağacaq. Niyə bizi arxayın saldın ki, yox, yağmayacaq!

Nadir günahkar baxışlarla gah bizə, gah yerə baxırdı. Göyün gurultusundan onun səsini zorla eşidirdik.

– Əşi, mən nə bilim e… İnanmadım da… Reyhan xala bizim kəndə gəlmədi axı, müharibə vaxtı ermənidən qaçanda qayadan sürüşüb yıxılıb, ayaqları qırılıb dizdən… Protezdir e onun baldırları, başa düşürsüz?! Protez baldır haradan bilir yağış yağacaq?!