Nərmin Kamaldan yeni hekayə: Ülvi küçəsi

Nərmin Kamaldan yeni hekayə:   Ülvi küçəsi

04 Noyabr 2022 11:36 590


YeniYaz.Az yazıçı Nərmin Kamalın “Ülvi küçəsi” hekayəsini təqdim edir.

Karantin vaxtı musiqi müəlliməsi İrina İvanovna qoca anasını götürərək şəhərdən bağ evinə, Novxanıya köçüb gəldi. Onların hər ikisi qaş-qabağını tökmüşdü, Çar vaxtı bu sahilə pənah gətirən ulu babaları kimi səadət tapa bilmirdilər. Amma əsas odur ki, baş götürüb qaçmağa bir yer var.

Hasarlar çox hündürdü, ana-bala orada nə etdiklərini görmək olmurdu. Gündüzlər bağda sanki çəhrayı bir musiqi qutusunun qapağını açırdılar. Şirin sədaların ortasında müəllimə amiranə səslə deyirdi:

– Nəzrin, üçüncü barmaq!

Belə çıxır ki, qayda-qanunu pozub ora kənar adam çağırırdılar. Musiqi yenə səslənirdi, yenə dayan deyirdi İrina müəllimə:

– Do diyez hansı barmaqla???

Musiqi təkrar çalınırdı, indi də tamam yad bir səs özünü ortalığa salır, sanki yatan adamın üstünə yaş yorğan sərirdin, bütün halını pozurdu. İrina müəllimə təbdən çıxırdı:

– Nəzrin, cto tı igraesh? Nə çalırsan? Sən düşünüb çalırsan, yoxsa yox?
– Düşünürəm.
– Onda barmaqların sənə qulaq assın, hara gəldi gedib avaralanmasın!

Musiqi yenə səslənirdi, müəllimə saxlamasa, kimsə bilməzdi yenə səhv var:
– Hansı barmaq yazılıb? Re s kakim paltsem nado igrat?
Bu vaxt Valya qarı dözməyib işə qarışırdı:
– Ah İrinoçka, kakaya raznitsa kakoy palets? Voyna idet.
Qarı qızcığazın könlünü almaqçün dediklərini bir də onun dilində deməyi özünə borc bilirdi:
– Hansı barmağın nə fərqi, onsuz da müharibə gedir.

Musiqi dərsi dünyanın taleyini həll edən ciddi bir iclas kimi keçir, vaxt tamam olur, İrina müəllimə tələbəni yola salmazdan əvvəl başını həyətin qapısından çıxararaq ora-bura baxırdı. Boş dalanda külək qumu sovururdu.

Nəzrindən sonra Leyla gəlirdi. Başqa tələbə özüylə başqa musiqi gətirirdi. Bu gün də elə oldu. Uzun-uzadı qammalar, ondan da uzun etüd silsilələri başlandı.

– Leyla, rezin kimi çalırsan. Jivee. Canlan bir az. Bu etüddür, elə çal, elə bil qatar gedir, ra-ta-ta-ta, ta-ta-ta… Leyla poşitay… Leyla, düzünü de, sən evdə çalmısan, ya yox???
Valya qarının səsinə meşə kənarında yaşayan adamlar ağacdələn səsinə adət etdikləri kimi öyrəşmişdi qızı və heç onu eşitmirdi:
– Ah, İrinoçka, nə etüdbazlıqdır…

Günlər belə keçir, bu günlərin sonu görünmürdü. İrina müəllimənin qonşuluğundasa, hasarın o üzündə, dədə-babadan qalma köhnə bağ evində altmış yaşını haqlamış bir kişi ölürdü. Belə baxanda, heç ölən adam kimi görünmürdü, əjdahayla döyüşə hazır Bəhram Gura bənzəyirdi. Özüyçün uzanıb uzaq ölkələrdəki meşə yanğınları, daşqınlar, yolundan çıxan qatarlar haqda xəbərlərə baxırdı, ən yaxındakı qəzanı isə görmürdü. Boğazında yad bir zərrəcik peyda olub məskən salır, yeni-yeni qitələr kəşf edir, acgöz insan kimi torpaqlar qamarlayır, oğul-uşaq evləndirir, artıb çoxalırdı. O, böyük yaşıl bir almanı götürüb dişinin altına qoydu, xarçıltıyla dişlədi, sanki bu irilikdə almanı yeyib qurtana qədər yaşayacağına əmindi.

Köhnə bağda iki qardaş idilər, böyük qardaş və kiçik qardaş. Hərəsinin öz otağı vardı. Böyük qardaşın otağı böyükdü, pəncərəsi küçəyə baxırdı. Kiçik qardaşın otağı kiçikdi, pəncərəsi bağa açılırdı. Böyük qardaş elə hey kinoya baxırdı. Filmin biri qurtarır, o biri başlayırdı. Kiçik qardaşsa elə hey tavana baxırdı. Xatirənin biri qurtarır, o biri başlayırdı.

Bura həftədə bir dəfə, şənbə günləri baş çəkən ortancıl bacını saymasaq, gələn olmurdu. Ortancıl bacı qardaşların yeməyini bişirib yenə öz evinə qayıdır, o da İçərişəhərdə tək-tənha ömür sürürdü.

Hər iki qardaş ən yaxşı işləri gənclik illərində görmüşdülər. Gənc olanda oxumuş, əsgər olmuş, işləməyə başlamış, nümayişlərə çıxmış, sevmiş, evlənmiş, qonaqlıqlar qurmuş, manqal açıb kabab çəkmiş, ev təmir etmiş, ancaq yaşları otuz beşə çatmamış nə isə tərs getmiş, bütün işlər burulmuşdu. Yarıyolda onlar o gur həyatdan küsüb, əsəb dərmanlarıyla bu bağa çəkilmişdilər. Yuxu kimi gəlib keçmiş həyəcanlı illərdən ayılanda yalnız kiçik qardaşın əlində bir qız övladı qalmışdı. O qız o illərin əyani sübutu idi, yuxuda görməmişdi kiçik qardaş o illəri.

Yaşıl almanı yeyib qurtaranda ölməkdə olan kiçik qardaş körpüyə qalxdı. Bu, adi körpü deyildi, şəhərin o başından bu başına atayla qız arasında uzanan, başqa heç kimin görmədiyi ikinəfərlik asma körpüydü. Gün boyu ürəkləri hər istəyəndə ata-qız telefonlarını götürüb bu qırx ilin körpüsünə çıxar, əl-ələ tutub o başa, bu başa gəzərdilər.

“Necəsən, mənim qoç qızım? Uşaq necədir? Bayıra çıxma, indi ən yaxşı yer evdi. Xəstəlik tüğyan edir.”
Qız da körpüyə qalxdı:
“Yaxşıyam. Səsin birtəhər gəlir, burnunda danışırsan. Nigaran qaldım.”
“Qətiyyən nigaran qalma. Soyuq bal yemişəm, ondandı. Məndə həmişə olur.”
“Şirin şey çox yemə.”

Onlar körpüdən endilər, bir azdan yenə qalxdılar körpüyə. Ata dedi:

“Xəbərlərə baxdım, bu gün iyirmi dörd adam ölüb. Elə narahatam, mənim balam, elə bilirsən bizimçün ola bilməz? Pis zəmanədi. Çıxma heç yana, heç kimlə ünsiyyətdə olma.”

“Sən də.”

“Mən heç kəslə oturub durmuram. Özünü qoru, məni də qorumuş olursan.”
Axşamüstü hiyləgər zərrəcik səssiz-səmirsiz ağciyər adlı əsrarəngiz nəfəs şarlarının tən yarısında mütləq mülk sahibi oldu və ardınca bədənin gizli dəhlizlərində közərən qırmızımtıl qaranlıq işıqda təşviş içində qaçqın köçü başlandı.

Köç başını itirmişdi, əlinə ox, nizə, nə gəldi alıb hara gəldi hücuma keçir, bu çaxnaşmada bəzən özünküləri qırıb talayırdı. Hava çatmırdı. Boğanaq idi. Evindən-eşiyindən qovulmayanlar belə, həşirə düşüb otaqlarından çıxır, qırmızı çayın selinə qarışaraq böyük şəhərlərə – ürəyə, beyinə üz tutur, imdad diləyirdilər. Daxili qoşunlar gözə dəymirdi, zərrəcik onları hələ kandarda olan vaxt satın alıb öz tərəfinə keçirmişdi. Qala gözətçisi ilk həmlədə təslim olmuşdu. Belə fəlakət göz görən yerdə olsaydı, müxbirlər gələr, çəkib bütün dünyaya göstərərdilər. Amma bu, hər dərdə dözə bilən, hər möhnəti gizlədə bilən yaraşıqlı bir qiyafənin – insan dərisinin altında dövran edirdi.

Gecə kiçik qardaşın hərarəti qalxdı. Az-maz hərarətdi, soyuq olub, gəlib keçib gedər. Səhər o heç nə olmamış kimi körpüyə qalxdı: “Bu gün xəstəlikdən on doqquz adam ölüb, azalıb bir az. Eviniz istidir? Vaxt elə ananın evinə baş çək, gör nə əyər-əskiyi var, həll et. Özünü qoru, məni yaşadan sənsən.” O, mamırlayıb boğulan yasəmən ağacı tək mühasirədəydi. Gecə hərarət daha da yüksəldi. Yorğanın altında tir-tir titrəməyə başladı. Elə titrəyirdi ki, dişləri dişlərinə dəyirdi. Nədir bu üşütmə? Nə oldu ona?! Bu hava həmişəki şəhər havalarına oxşamır. Gündüzlər də axşam kimi qaranlıq keçir, gecələr dəniz zülmətdən zülmətə dalğalanır. Ağacların quru qol-budaqlarından adam vəhmələnir. Ayrı vaxt gəzəndə ayağının altına işıq salan ağappaq qum indi dalbadal tökən bu tır-tırdan sonra meşə torpağı tək qaralıb, ağırlaşıb. Ev də sahibi kimi ölüm ayağındadır, köhnəlikdən pəncərə taxtalarının dişləri seyrəlib, dəlmə-deşikdən içəri şimal küləyi vıyıldayır. Amma buralarda bundan da köhnə evlər var.

Biri elə qonşudakı üçmərtəbə. Görkəmiylə elə bil adama “Nə baxırsan?” – deyir, “Keç öz yolunla get”. Hərdənbir, ildə iki-üç dəfə ev dəllallarının ayağı dəyir bura, yanlarıyca müştəri gətirir, tez də çıxıb gedirlər, yenə həşəratların ixtiyarında qalır ev. Burda hələ nə qədər zavallının qarnını doyuracaq taxta var.

Səhər yenə gələn oldu. Açar dəliyi tamam paslanıb. Dəllal cin kimi bir göz qırpımında dırmanaraq divardan aşdı, çox keçmədi ki, köhnə darvaza qonşudan səsi gələn pianonun yabanı simli babası kimi cırıldadı və gələnlərə yol verdi. Müştərilər bu dəfə gənc kişiylə qadındır.
– Buyurun, atam, keçin içəri. Bura çox maraqlı bağdı. Hasarın yanındakı o seyfi görürsüz? Brejnevin seyfi olub. Orda vaxtiykən çox vacib dövlət sənədləri saxlanıb. Necəsə əldən-ələ keçib gəlib çıxıb bura. – o, ağ rəngli hündür dəmir dolabın qapısını açdı. İçində bir bel və dırmıq vardı. – Gəlin həyətdən başdıyaq. Gördüyünüz kimi, uzunsov deyil, əyri-üyrü deyil, tam dördkünc torpaq sahəsidir. Quma baxın, qaymaq kimidir. Bəzi bağlardan bu qumu satıblar, qalmıyıb. Necə, anam? Bəli, bəli, qumu da satıllar. Hiss elədim təəccübləndiz. Çox olur. Varlı bağın yiyəsi gəlib pul verir köhnə bağın yiyəsinə, deyir dur kənarda. Traktor salır daşıyır qumu aparır öz bağına. Müalicəvi qumdur. Min bir dərdin dərmanı. Necə, atam? Düzdü, düzdü, ağaclardan zəifdi. Amma bilirsiz, baxım olmayıb, baxımsız qalıb. Gəlib-gedən, suvaran olmayıb. Bağ baxmaq sözünnəndi. Hələ bunnan belə, baxın əncir ağacına, altı bəhərnən doludu, tökülüb yaydan qalıb quruyub, yığan olmayıb. Üzümü də var. Yayda mən bu bağa müştəri gətirmişdim, o talvardan bir ağ şanı dərib aparmışdım, qabığı nazik, şipşirin. Hər cür meyvə ağacları var. Tut var. Nar var. Ərik var. İnnab var. Sadəcə baxım olmayıb, böyüməyiblər. İndi gələcəkdə inşallah siz köçəndə dayandığımız yerdə yaxşı bir söhbətgah qurarsız. Bu gün hava bulanıqdı, amma ora baxın, ora çox güntutan yerdi, əsil hovuz yeridi, orda hovuz tikdirərsiz. Yaxşı, necə məsləhətdi, keçək evə. Yox, ayaqqabınızı çıxarmıyın. – Onlar evə girəndə həyətdəki ağ hündür dəmir dolabın açıq qapısından içəri totuq-motuq bir kirpi sivişib girdi. – Qapı-pəncərəsi dardı? Razıyam siznən. Amma onu indiki dəblə genəltmək mümkün olan işdi. Bilirsiz, pis çıxmasın, həmişə müştərinin ağlı gözündə olur. Gözünə nə qəşəng görünsə, onu bəyənir. Müştəridə gərək xəyal gücü olsun, baxanda evi təmirli görsün. Kürsülü evdi, üçmərtəbəli. Necə? Əlbəttə, dəniz görünür. Ümumiyyətlə, bu bağ hündür yerdədi, havalı yerdədi. Qalxaq, görəcəksiz. Müsibət mənzərəmiz var. Yavaş, hə, pilləkən cırıldayır, o da inandırım sizi yaşayış olmamasından irəli gəlir. İnsan nəfəsi hər şeyin çarəsidi. Bu, ikinci mərətəbə. Geniş hündür otaqlardı. Necə, xanım? Bəli, hər mərtəbəsində var hamam. Pərdələri çəkim. Bu da dəniz. Hələ üçüncü mərtəbədən lap ləpədöyən, adamların çimdiyi yer görünür. Dəniz xoşunuza gəldi? Çox yaxşı, köçün oturun tamaşa edin, Robinzon necə deyir? Kino göstərirlər, yenə dəniz haqqında kino. Üç? Ora çardaq kimidir. İndi içəridən ora pilləkən qalxmır, bayır tərəfdəndi yolu. Hər tərəfə pəncərələri var, həm gic gilavara, həm dəli xəzriyə. Quyusu? Əlbəttə, var, düşəndə göstərərəm. Buyurun, birinci siz keçin. İşi çoxdu? Əslində, bilirsiz, biz elə camaatıq ki, əlimiz sementə dəyməsə dinc otura bilmirik. Vallah, elə belə də yaşamaq olar. Bağ evidir, şəhər evi deyil ki. Görürsüz? Eyni vaxtda deyik, ürəyimiz birdi. Belə də yaşamaq olar. Qonşular sakit mədəni adamlardı, bir qonşu pianina müəlliməsidi, o biri qonşu bakılıdı, yerli adamdı. Niyə satır? Bilirsiz, buranın yiyəsi qoca kişidi. Həkimdi, işi-gücü şəhərdədi, deyir, onsuz da gəlmirik, getmirik. İki oğlu var. Hərəsinin öz ailəsi. Onsuz da deyir, bilirəm, mən öləndən sonra satacaqlar, elə mən satım bölüm onların arasında. Quyu? Doğrudan, yaxşı yadıma saldız, budur quyusu. Bu quyunun qiyməti yoxdur. Yəni mən heç nə demirəm, ev özü özünün haqqında danışır. Əşyalar? Heç birini aparmır. Nə ki gördüz evdə, hamısı qalacaq. Çarpayı, soyuducu, masa, manqal, samovar… Bağı alası olsanız, bircə Brejnevin seyfini aparacaq. Dənizə yolu? Beş dəyqə piyada yolu var. İnşallah, alası olsanız, mən göstərərəm sizə burda dəniz qırağında harda yaxşı balıq verillər. Hardan bildim balıq xoşdayırsız? A-ha-ha-ha. Bir dəqiqə, üzr istəyirəm, yaddan çıxdı, evin qapı-pəncərəsi açıq qaldı, onları bağlayım gəlim. – dəllal bunu deyib evə qalxdı, qapıları bağladı, pəncərələri örtdü, həyətdəki ağ dəmir dolabın qapısını möhkəm sıxdı və hamılıqla bağdan çıxdılar.

– Bəs bu küçənin adı nədir? – gənc qadın ciyildədi.
– Anam, bu küçənin adı yoxdur. – dəllal darvazayla əlləşə-əlləşə dedi. – O şəhərdədi elə. Bağ yerində hər yol küçə deyil. Burda əsas bir neçə yolun adı var, ana yollardı. Qalanları bağların arasıynan gedən belə dar yollardı. Adı olmur.

– Axı divara yazılıb Ülvi küçəsi? Odu, baxın.

– Ah-hah-hah. Onu bilirsiz, buralarda bir dəli vardı, əlinə bir vedrə qır alıb gəzirdi. Divarlara kefi istəyən adı yazırdı. Ülvi küçəsi, Zeynəb küçəsi…

Onlar gülüşdülər. Addım səsləri uzaqlaşdıqca uzaqlaşdı. Kirpi ağ dəmir dolabın içində qalası oldu. İndi kirpinin bircə xilas yolu vardı. Gərək bu kişiylə qadın o bağı alaydı. Əgər bağı almasalar, qarşıdakı uzun qışı bağlı qapı arxasında dəmir dolabda ac-susuz qalacaqdı kirpi. O da belə baxanda yaxşı görünəcək, amma içi boşalacaq, boşalacaqdı, quruca tikanlı dərisi qalacaqdı, bir də bir cüt ayağı.
Yolayrıcında dəllal sağollaşıb öz evinə-eşiyinə getdi. Kişiylə qadın ana yola tərəf üz qoydular.

– Görəsən, torpağı almaq nədir? Yəni o torpağın altı da sənin olur? Lap yer kürəsinin nüvəsinə qədər uzun bir dilim səninki olur, ya tək torpağın üstü? – xəyalpərəst qadın başını çiyninə əydi.

– Bəzi ölkələrdə qanun var ki, – kişi ağıllı-mağıllı sözlərlə danışmağa başladı. – İki metrədən dərin nə tapılsa, kraliçanındı. Bəzi ölkələrdəsə qanun var ki, qızıl, nöüt tapsan, sənindir.

– Onu demirəm. Soxulcanları deyirəm, süxurları, yeraltı suları…

Onlar ana yola çatanda buludların pərdəsi çəkildi, Günəş lacivərd səmanın ortasında bərq vurdu, bağlar, evlər, adamlar bir anda yayın ən qızmar günlərindəki kimi işığa qərq oldular.

– Bəlkə qayıdaq bağa? Nə deyirsən? – kişi qadına baxıb mənalı-mənalı gülümsədi.
Belə adamaldadan havalarda ağlın başından çıxır, elə şeylər edirsən ki, sonradan peşman olursan.

klv.az