Qarabağ ağ eləmişdi - İlqar Rəsul yazır...

Qarabağ ağ eləmişdi   - İlqar Rəsul yazır...

15 Martt 2024 14:29 121


Leverkusen divarları arasında Troya müharibəsi gedirdi

Evdə tək idim. Matç başlamazdan əvvəl övlad Avropadan, xanım Ərəbistan yarımadasından ismarıc yazıb xəbərdarlıq etmişdilər ki: bax, həyəcanlanma, evdə tək olduğunu nəzərə al. Sənə bir şey olar, əlimiz çatmaz, peşman edərsən hamını. Day bilmədim, “hamı” deyəndə Qarabağın oyunçularını, Qurban Qurbanovu da nəzərdə tuturdular, ya yox? Hər halda olsaydı, eşitsəydilər, təəssüflənərdilər yəqin ki.

Nə isə.

Dediyim kimi, oyun öncəsi mənə iki istiqamətdən ciddi xəbərdarlıq edilmişdi. Amma deməklə deyil ki. Guya özümün ağlım kəsmirdi? Kəsirdi əlbəttə. Amma day bu yerdə ağıl gücsüz idi. Bayerlə oyun ola, üstəlik də səfərdə 2:0 irəlidə olasan, buna ağıl dözər? Ağıl vaxtında öz tədarükünü görüb çəkilmişdi kənara: Dava-dərmanı əvvəldən hazır qoymuşdum. Gedib qapının da qıfılını açmışdım ki, Qərbdən və Şərqdən gələn xəbərdarlıq ismarıcları özünü doğrultsa, barı qohum-əqrəba, qapı-qonşu içəri rahat girsin, balkondan, pəncərədən yıxılıb gedən olmasın, HFN-dəki qardaşlarımız zülmə düşməsinlər, kiminsə nənəsi "futbol çıxardanın..." deyib də günaha batmasın...

İkinci hissənin yarıdan o yanasını futbola ayaq üstdə baxdım. Əmin idim ki, rəqib matç bitincəyədək bir top vuracaq, əlavə vaxtda da hesabı bərabərləşdirəcək. Amma yenə də televizorun qabağında var-gəl edirdim...

Məşhur "Troya" filmini xatırladım. Çox bəyənirəm o filmi. Ən çox baxdığım filmdir. Xüsusilə də Hektorla Axillesin doyüş səhnəsi. Hər dəfə o döyüşə baxanda ümid edirəm ki, bu dəfə Hektor Axillesə qalib gələcək. Hər dəfə də Hektor məğlub olur...

Matçın gərgin vaxtında, o vürhavırda həyəcandan, nigarnlıqdan imkan tapıb Bayer Qarabağ oyununu Axilleslə Hektorun döyüşünə bənzətmişdim. Yenə eyni hiss yarandı məndə: ta bu dəfə Hektor qalib gəlməlidir. Filmdəki döyüşdə – Troya divarları qarşısında gedən ölüm-dirim savaşında maraqlı bir an var. Hektor Axillesin müdafiəsini yarıb, qılıncın ücü ilə sinəsinə dəbilqənin üstündən çarpaz bir "dağ" çəkir. Axilles diksinir, təəccüblənir, qorxur, toparlanıb hücuma keçir və qalib gəlir...

Qarabağ da eynisini etmişdi Leverkusen divarları arasında. Həm də iki dəfə. Bayerin müdafiəsini yarıb, sinəsinə iki dənə çalın-çarpaz dağ çəkmişdi. Bayer də, əməlli-başlı qorxmuşdu, toparlanıb hücuma keçmişdi. Qalırdı qələbə qazanmaq...
Bütün varlığımla arzulamağıma, istəməyimə rəğmən Qarabağın uduzacağını bilirdim. Amma yenə də qələbəyə ümid edirdim. Məntiqsə nəfəs dərmədən deyirdi ki, Qarabağ bu mərhələni keçməyəcək. Keçsə, day bu lap ağ olar...

Qarabağ onsuz da yetərincə ağ eləmişdi. Bir dəfə qrupdan çıxanda. İkinci dəfə Pley-ofda Braqaya qalib gələndə: Zəif Azərbaycan çempionatının təmsilçisi olub da güclü Portuqaliya çempionatının liderini məğlub etmişdi. Burada artıq dayanmalı idi. Üstəlik bura qədər Qarabağ həm öz azarkeşlərini, həm özgə azarkeşləri o qədər heyran etmişdi ki, kimsə ondan narazı qalası deyildi bu məğlubiyyətə görə...

Oyun bitəndən sonra azarkeşlərin Qarabağa minnətdarlıq etəmsi də əsasən bu səbəbdən idi. Bəlkə də bu, avrokuboklar tarixində məğluba içdən ehtiram nümayiş etdirilən nadir matçlardan idi. Çətin ki, hansısa oyundan sonra məğlub komandanın azarkeşləri və rəqibin məşqçisi, müəyyən mənada heyəti hansısa komandaya bu qədər təbrik və təşəkkür ünvanlayıb...

Qarabağ bu mənada gerçəkdən qalib idi və belə mənəvi qalibiyyət futbol tarixinin hər dönəmində yaşanmır. Bu mənadə dünən biz həm də məğlubiyyətin təntənəsini seyr etmiş olduq...
Bu gün isə bizə qalır başda Qurban Qurbanov olmaqla komandaya, bütövlükdə klubun şəxsi heyətinə bizə həyəcan dolu bir Avrokubok mövsümü yaşatdıqları üçün təşəkkür etmək. Eləcə də "Azərsun" Holdinqin rəhbərliyini Qarabağ üçün uğurlu məşqçi seçiminə və dayanıqlı maddi-texniki baza təminatına görə alqışlamaq...

O ki, qaldı bu matçın səhhətimizdə çəkdiyi çalın-çarpaz dağlara, qoy Azərbaycan adamına bundan sonra da həyəcanı, stressi komanda Qarabağ yaratsın, torpaq Qarabağ yox...