Sevda - toz basmış su səthi həssaslığı - Yeni imza

Sevda - toz basmış su səthi həssaslığı   - Yeni imza

26 Oktyabr 2022 11:18 315


YeniYaz.Az gənc şair Rəhman Mirzəlizadənin şeirlərini təqdim edir.

yollar yoxdur, yolçuluğu ithaf etdim cığıra
gələn çatmaz... üzün gülsün... sən alisən, mən aşiq.
yoncaları tapdalanmaz bu gəlişin, nə mutlu!
heç bilmirəm, kim dərvişdi, kim gözləyən, kim asi...

o civarda bilən olmaz nə canlardan yığıldım
bir dumandım, gəldim, yağdım, dağıldım...
qorxdun, əllərin titrədi, mən mehinə yıxıldım
gəlsin, görsün qarışqalar kövrəkliyə kim layiq..

dönüşü yox Məcnunluğun ilələbəd, nə olsun...
kimdir Məcnun? - bir cüt gözün ötəsində bir ovsun...
ovsun nədir? - bir aşiq ki, tinətindən qovulsun
və qovuşsun nəhayətə, tərs oxuyub ayini...

günəş batır, qəhərlənir buludların yarığı
at su içir, damağından damcılayır artığı
yaşlı qadın yorğun başa düyünləyir yaylığı
qarğıları neydən alır qurbağanın küt səsi...

"sin" nə bilər dişlərimin sızıltısın, əlaman!
küləklərə tapınan bu tarlalarda zəvvaram
səndən başqa bətnlərdə döl yox, günah olaram.
görən, günah nəyə derlər, hanı batil, kim fasiq?

***

sevda - adamboylu nəhayətsizlik.
yarıölü divanəlik.
sevda - toz basmış su səthi həssaslığı.
sevda - göylərin tanrıya yaxın dayazlığı.
qırpımlı nəğmələrin uzantısına qarışan bir havalı.
sevda - müşk-ənbər, ney sədası, at yalı...

***

Öləcəyik... sən də, mən də
Yenə səhər
hamı işə gedəcək...
Masa üstə darıxacaq:
...boş qəndqabı
Bir də kirli siləcək...

Öləcəyik... bu gün, sabah...
Yenə axşam
örüşündən qayıdacaq naxırlar...
Yatağında düşünəcək bir uşaq:
görən, gecə sərçələr
hara yoxa çıxırlar?...

***

özümdən yaşca böyük bir sükutla
silkələyib tökürəm nar budağındakı qarışqaları.
asın məni bir qarışqa yuvasına ac qayıtsa...
bir gün getsəm,
kimsəsiz kitablarıma bağışlayın məni...
sərgərdan günəşin qürubçağı
göy üzündə buraxdığı narıncı ləkələrdən süzülüb gəlir bu hüzn.
yenə öz zirvəsinə çəkilmiş bir dağ -
hamıdan, hər şeydən uzaq
yaşayır öz tənha yüksəkliyini...
mənsə...

bax bu qocaya -
çaldığı neyə
ikinci dəfə dodağını vurmaqdan iyrənəcək qədər nifrət edir özünə...
özünü əynindən çıxarıb yuyası gəlir adamın,
sonra zivədən asmağı...
zivənin altına tutub ağzını
özündən damcı-damcı süzülən suyu içəsi gəlir adamın...

söndür işığı, anam...
qaytar məni bətninə;
dünyada başlamayan varlığıma...
dəli edir adamı
kimsəsiz küçəni işıqlandıran lampanın şüursuzluğu...
söndür işığı, anam...
qaytar məni bətnindəki qaranlığıma...

***

Hər şey vaxtından tez böyüyüb bu səhər.
ey göylərə həbs olunan müqəddəs, bir bədənlik günah ver!
bax bu yorğun bəndənə:
taleyindən qaçıb gizlənir göz qapaqlarında.
gözlərini açınca onsuz hər şey faş olacaq!
şahid gətirəcək divara tolazladığı əşyaları
yəni, tənhalığının rədd edilmiş dostlarını!

İkindi vaxtı. Cansıxıcı tərəddüd...
ey göylərə həbs olunan müqəddəs, bir bədənlik günah ver!
heç bir ölüm əzabıma layiq ola bilmədi...
yaxalanan anın lazımsızlıq duyğusu -
necə böyük bir ağrı...
ya da şüurun
dəli əlləri kimi anlamsız vurnuxmaları...

Şər qarışır... Güzgüdəki bir cüt tənhalığa çevrilir sevgi...
ey göylərə həbs olunan müqəddəs, bir bədənlik günah ver!
tənhalıq - özünü göndərməkdir zamanda sürgünə,
sonra əlini silah kimi tutub atəş açmaqdır
divardakı kölgənə...

Gecə... Peşmanlığın təntənəli qüssəsi
ey göylərə həbs olunan müqəddəs, bir bədənlik günah ver!
indi kiməm ki guya? -
sevdiyi insana bənzəməyə can atan bir kor!
Ya da hər gecə üzünü divara çevirib
xəyali canlar alan qoca, tənha inkvizitor!
Və əbədi bitən nələrsə...