Sevdiklərinizdən ayrılmayın - Adil Quliyevdən yeni hekayə

Sevdiklərinizdən ayrılmayın   - Adil Quliyevdən yeni hekayə

10 Oktyabr 2023 11:21 603


Qismətim sevməkdir ümidsiz, gizli,
Həyat bəxş etsə də özgəyə səni,
Çoxdan birdir ruhun ruhumla yəni.

Adam Mitskeviç. "Lauraya"

Əgər imkanım olsaydı, həftənin cümə gününün adını dəyişdirib, insanların iki istirahət günü ərəfəsindəki əhval-ruhiyyəsinə uyğun, daha şux bir ad qoyardım. Məsələn, "çoxdan gözlənilən", "arzu olunan" və ya ən pis halda "intizar günü" deyərdim. Hətta "Həzin Rusiya axşamları" mahnısı məhz cümə günlərinin axşamına daha çox uyğun gəlir. Axı mövsümündən asılı olmayaraq, cümə elə mənim üçün də həftənin ən çox gözlənilən və ən arzulanan günüdür. Bəs necə. Axı qarşıda iki istirahət günü var, demək, zəngli saat qurmağa və səsi daha gur çıxsın deyə onu vedrəyə, yaxud qazana qoymağa ehtiyac yoxdur. İstədiyin vaxt yatıb, istədiyin vaxt qalxa bilərsən.

Qarşıladığım və yola saldığım minlərlə cümə günlərindən biri mənim üçün xüsusilə yaddaqalan idi. Yay fəslinin lap əvvəli və bəyaz gecələrin davam etdiyi, gecələrin səhərə qədər gündüz kimi işıqlı olduğu, leninqradlıların və şəhərin qonaqlarının yatmaq əvəzinə geniş prospektləri və qranit sahilləri qayğısızcasına gəzmək istədikləri iyun günü...

Gecə məşqdən çıxıb yataqxanaya qayıdanda artıq gecə saat üç idi. Qapını sakitcə açaraq barmaqlarımın ucunda öz çarpayıma doğru getdim və səssizcə yerimə girdim. Otaq yoldaşım Andrey astadan xoruldayaraq şirin-şirin yatırdı və mən onu oyatmaq istəmirdim.

“Balaca və arıq olmaq necə də gözəldir!” ona baxaraq ağlımdan keçirdim. Andrey ana bətnindəki uşaq kimi elə yumrulanmışdı ki, əgər onu üfüqi vəziyyətdən qaldırıb şaquli vəziyyətə uzatsaydılar, çənəsini dizinə qoyub fikrə getdiyini düşünmək olardı. Mən heç vaxt belə yata bilmirdim. Yadımdadır, bir dəfə idman zalında necə oldusa məşqçi mənim üzümü dizimə çatdırmağıma kömək etmək istədi. Az qala belimi sındıracaqdı, amma məndə yenə heç nə alınmadı. Elə bu fikirlərlə də yuxuya getdim.

Məni zəngli saatın anlaşılmaz zingiltisi oyatdı. Yuxulu gözlərimi açanda siqnal əqrəbinin “beş” rəqəminin üstündə dayandığı bir siferblat gördüm. Yadımdadır, mən zəngli saatı qurmamışdım. Görünür, bu köhnə xronometrin əqrəbi əsdiyi üçün təsadüfən digər əqrəbə ilişərək onun üstündən “adla”mışdı.

Şənbə günü səhər saat beşdə durmaq, təbii ki, istirahət gününə hörmətsizlikdir. Ona görə yenidən yatmağa çalışdım. Əvvəlcə ürəyimdə bir xeyli qoyun saydım, ancaq xeyri olmadı. Sonra onları ağ və qara rənglərinə görə seçməyə başladım. Fayda vermədi. Gah bu, gah o biri böyrüm üstə döndüm. Yanlarım ağrımağa başladı. Dedim, qalxıb yataqxanada bir az gəzişim. Yaxşı ki, gəzməyə yer vardı. Beşmərtəbəli binanın hər mərtəbəsində uzunluğu yüz metrdən çox olan dəhliz və iki böyük mətbəx vardı.

Mən üçüncü mərtəbədə yaşayırdım, buranı iki dəfə hərlənəndən sonra üst mərtəbəyə qalxmağa qərar verdim. Dəhlizin o başında qapı cırıltısını eşitdim. Dəhlizə dalğalı saçlı, arıq, qısaboy bir qız çıxdı. Əynində ağ kofta, qırmızı mövsümlük gödəkcə və eyni rəngdə idman şalvarı vardı. Qız, ona yaxın pilləkəndən enmək əvəzinə, nədənsə mənə tərəf gəəldi. “Doğrudan da,” – deyə düşündüm, – “tez durana Allah yetirir”. Mən Allahdan belə səxavətli bir hədiyyə istəmirdim, amma, əlbəttə, ondan imtina da etməzdim.

Qız yanıma çatanda onu yaxşıca gözdən keçirdim. Qıvrım saçları ilə örtülmüş balaca alnı, balaca burnu, qara, aypara qaşları, yarıyuxulu gözlərini kölgələyən uzun kirpikləri, çöl zanbağının saplağı kimi uzun boyunu ona xüsusi cazibə verirdi. Bəs qızın yerişi necə idi?! Yerişi rəqsdə qu quşunu təqlid edən balerina kimi səlis, rahat və gözəl...

Mənə çatmağa bir-iki addım qalmış başını qaldırdı, baxışlarımız toqquşdu. Elə bildim baxışlarımız arasında parlaq bir qığılcım alovlandı və bu qığılcım ürəyimdə gizli bir sevginin atəşini yandırdı.

Tanımadığım bu qız gəlib yanımdan keçəndə ürəkləndim:
– Xanım qız, bir dəqiqə dayanın!
Cavabında o susdu.
– Siz mənə neylədiniz? – asta səslə soruşdum. – Sizin ürəyiniz var?
O, dayanmadan geriyə döndü, əli ilə dəhlizin o başını göstərib dedi:
– Mənim ürəyim var, amma tək darıxmasın deyə onu sevgilimin yanında qoydum.

Təbii ki, yalan deyirdi. Çünki səhərin bu səssizliyində onun ürəyinin döyüntüsünü aydınca eşidirdim. Ancaq bunu, məni bürüyən sevgi ehtirasının təsirindən yanılaraq pilləkənlərin beton pillələrinə dəyən ayaqlarının ritmik səsi ilə səhv sala bilərdim.

Uğursuz tanışlığın kədər və peşmançılığı ilə otağıma qayıtdım. Qonşum top kimi bürünərək sakitcə yatmağına davam edirdi. Ona baxaraq düşündüm: “Madam sən yatarkən nəinki ömrünün çox hissəsi, hətta gözəl qızlar da səndən yan keçib gedir, yatmağa bu qədər vaxt ayırmağa dəyərmi? Həyat o qədər də acınacaqlı deyil – adətən o, uzun, bəzən dözülməz, bəzən isə maraqlı olsa da. Bir də belə gözəl qızlar!”

O gündən sonra səhər yeddidə yox, beşdə durmağa qərar verdim. Şalvarla futbol maykamı tələsik geyinib dördüncü mərtəbəyə qalxdım. Dəhlizin başındakı o qapı bu dəfə cırıldamadı və xumar baxışlı o gözəl yanımdan keçib getmədi.

Lakin ümidimi kəsmədim, çünki yerin yuvarlaq olduğunu dəqiq bilirdim və bu o demək idi ki, biz nə vaxtsa yenə qarşılaşacağıq. Belə də oldu.

Bizim yataqxanamız Köhnə Peterhofda yerləşirdi. Leninqraddan oraya getməyin ən asan yolu elektrik qatarına minmək idi. Yol təxminən qırx dəqiqə çəkirdi və bu müddət ərzində qatardakı sərnişinlərin bəziləri yatır, bəziləri yol yoldaşları ilə söhbət edir, bəziləri isə mənim kimi təzə qəzetləri oxuyurdu.

Bir dəfə mən həmişəki kimi gecənin gec vaxtı qatarla şəhərdən qayıdırdım. Boş oturacaqda əyləşib hələ də mətbəə iyi verən “Komsomolskaya pravda” qəzetini açmışdım ki, yataqxanada uğursuz tanışlıq cəhdi göstərdiyim qızın vaqona daxil olduğunu gördüm. O, taxta skamyaların arasından keçərək məndən bir qədər aralıda əyləşdi. Vaxt itirmədən yerimdən sıçrayıb onunla üzbəüz oturdum. Qız mənə heç fikir də vermədi.

– Ümid edirəm, bu gün siz ürəyinizi heç yerdə qoymamısınız? – deyə qəşəng yol yoldaşımdan soruşdum.

Tanımadığım qız təəccüblü gözlərlə mənə baxıb gülümsədi. Mən indiyədək belə gülümsəmə görməmişdim. Onun azca nəmli dodaqları səhər günəşini qarşılayan çiçək kimi açıldı, sapa düzülmüş mirvari dənələrini xatırladan dişləri, onların arasından da dilinin ucu göründü. Bu, sadəcə olaraq, valehedici idi.

– Bəs sən burda neynirsən? – deyə soruşdu.
– Hər yerdə səni axtarırdım, axırı tapdım .
– Məni axtarırdın? Qatarda?
– Əlbəttə. Sən artıq səhərlər yataqxananı gəzmirsən.
– Mən başqa vaxt da sizin yataqxananı gəzmirəm, – gülümsəyərək dedi. – O oğlandan ayrıldım.
– Ayrıldın? Niyə? – ürəyimdə sevinərək soruşdum.

– Nəsə xoşunuza gəlmədi? – təəccübləndi.
– Yox, yox, bu mənim üçün yaxşı, hətta çox yaxşı xəbərdir, – deyə səmimi etiraf etdim. – Demək, indi ürəyini dördüncü mərtəbədə qoymağına ehtiyac yoxdur, mən bu prosedur üçün öz otağımı məmnuniyyətlə təklif edə bilərəm ..
– Bu seçimin məni qane edəcəyini düşünmürəm, – dedi tanımadığım qız.
– Niyə axı? – maraqla soruşdum.
– Çünki siz çox danışırsınız və lazımsız suallar verirsiniz, – o sinif rəhbəri tonunda dilləndi. – Mən sizə bir ipucu verim: əgər mənim rəğbətimi qazanmaq istəyirsinizsə, az danışın və çox susun. Aydındır?

– Aydındır, – deyə cavab verdim, – amma mənə elə gəlir ki, qızlar qulaqları ilə sevirlər.
– Yaxşı, demək, təkcə mən beləyəm, – özünün mələkvari təbəssümünü bir daha nümayiş etdirərək dedi. – Mən bir nəfərlə ünsiyyət quranda öz hisslərimə güvənirəm və həmsöhbətin gözlərinin dediklərinə daha çox inanıram. Dil nədir ki? Sümüksüzdür axı. Bircə buqələmun kimi rəngini dəyişmir, vəziyyətini asanlıqla dəyişir. Dil uzun ola bilər, yalançı, natiq də ola bilər. Amma gözlər... Gözlər yalan danışa bilməz. Onlar ürəyin aynasıdır, mən onlara daha çox güvənirəm. Əgər ürəyimi ələ almaq istəyirsinizsə, daha çox susmağa çalışın, qəlbinizin pıçıltılarını eşidim. Bax o zaman məni başqa yerdə axtarmağa ehtiyac qalmayacaq.

– Başa düşdüm. Mən indi özümü lap balıq kimi aparacağam, – deyib həmsöhbətimi arxayın saldım.

Bu söhbət ərəfəsində elektrik qatarının gəlib Köhnə Peterhof platformasında dayandığının fərqinə belə varmadıq. Məlum oldu ki, təsadüfi yol yoldaşım bu qız mənim yataqxanamın yaxınlığında yaşayır. Onu ötürüb, bir-birimizə adlarımızı belə demədən ayrıldıq. Düzdür, tanımadığım qız söz verdi ki, məni necəsə tapacaq. Mən bu sözlərə o qədər inanmasam da, bir daha görüşəcəyimizə az da olsa ümidim vardı.

Daha bir-iki həftə keçdi, amma qız heç görünmədi. Artıq tanımadığım bu qızın məni yaxşıca “doladığını” düşündüm və onun varlığını tezliklə unutmağa çalışdım.

Bizim yataqxananın birinci mərtəbəsində kütləvi tədbirlərin, o cümlədən şənbə diskotekalarının keçirildiyi kiçik bir zal vardı. Buraya musiqi dinləmək, rəqs etmək üçün qonşu yataqxanaların sakinləri də gəlirdilər. Mən rəqs həvəskarı olmasam da, diskotekaya həmişə gedirdim. Bu dəfə də ritmik musiqinin sədalarını eşidib aşağı düşdüm. Salonda çoxlu cavan oğlanlar və qızlar vardı. İnsanların çoxluğundan otağın havası boğucuydu. Girişdə dayanıb qollarımı sinəmdə çarpazladıb. Divara söykənib rəqs edənlərə baxırdım. Birdən kimsə əllərimdən tutub arxama apardı və kiminsə qarnına sıxdı. Başımı çevirəndə görüşəcəyimizi vəd edən o ağ paltarlı qızı yöndəmsizcəsinə qucaqladığımı gördüm. İndi mənim, onun bədəninin nə qədər incə və kövrək olduğunu hiss etmək imkanım vardı. Təəccübdən belə bir vəziyyətdə deməli olduğum bütün sözləri unutdum; qəfil əlimə düşən bu xoşbəxtliklə necə rəftar edəcəyimi bilmədim. Biz eləcə səssizcə dayanıb zaldakı insanları izləyirdik. Mən çox istəyirdim nə isə danışım, amma onun sözə inamsızlığını xatırladım. Ağzımı açsam, vurulduğum qızı yenidən itirə bilərdim.

Bir neçə ritmik melodiyadan sonra DJ ağır cütlük rəqsi qoydu. Dinamiklərdən məşhur “Bir qutu siqaret” mahnısını oxuyan Viktor Soyun səsi yayıldı. Xəyallarımın qızı əllərimdən tutub məni zalın ortasına apardı. Bu unudulmaz bir rəqs oldu. Nəhayət, ürəklərimiz bir-birinə sığındı və biz tək qalaraq ürəkdən danışa bildik. Onun balaca, zərif bədəninin qucağımda titrədiyini hiss edirdim. Mən bu mahnının təkrar-təkrar səslənməsini elə istəyirdim ki...

Diskoteka səhərə yaxın qurtardı. Biz keçəndəfəki kimi onun yataqxanasının qapısı ağzında ayrıldıq. Bir az əvvəl qız adının Yuliya olduğunu söyləmiş və otağımın nömrəsini soruşmuşdu. Sonra o, səhər dumanında itən ay kimi, sübhün toranlığında gözdən itdi.

Həmin axşamdan sonra Yuliya yenə uzun müddət yoxa çıxdı. Gözlərim küçələrdə, metroda, şəhərətrafı qatarlarda – ağla gələn hər yerdə onu axtarırdı. Hər qapı döyüləndə onun astanada görünəcəyi ümidi ilə həyəcanlanırdım. Ancaq gələnlər başqa insanlar olurdular və mən təkrar-təkrar özümə sual verirdim:
"Ətrafda zərif cinsin bu qədər gözəl və yetərincə uyğun nümayəndələri olduğu halda, bu qəribə qız sənin nəyinə lazımdır?" Bilmirdim. Yuliya mənə necə hakim olmuşdusa, onunla görüşdükdən sonra dincliyimi itirmişdim.

Mən artıq ümidimi üzəndən sonra o, yenidən peyda oldu.

Bir gün axşam qapını döymədən açıb otağıma girdi. Onu görəndə gözlərimə inanmadım. Yenə o qəmli təbəssüm, alnına tökülən qıvrım saçlar, çılpaq zərif çiyinlər... Mən sevinclə ona nəsə xoş bir söz demək istədim, barmağını dodaqlarına qoyub etirazla başını tərpətdi. Səssizcə yaxınlaşdı, əllərimdən tutub məni arxasınca çəkdi. Akt zalına düşdük. Yuliya məni kresloya oturtdu, özü isə pianonun arxasında yer aldı. Bununla da məni heyrətə gətirdi. Təəccübümün həddi-hüdudu yox idi. Yuliyanın bu alətdə bu qədər peşəkar və gözəl ifa etdiyini ağlıma belə gətirməzdim.

Melodiyaların ahənginə uyaraq yellənən bu qız bir neçə klassik musiqi əsəri ifa etdi. Hər dəfə başını bulayanda buruq saçları sürüşərək cəsur kişi əlləri kimi pianoçunun çılpaq çiyinlərini sığallayırdı. Mən onun arxasında əyləşmişdim və musiqiyə qulaq asdıqca bu sirli qızı anlamağa çalışırdım.

O, çox uzun müddət çaldı. Bethoven, Şopen, Motsart. Ən təəccüblüsü də o idi ki, mən hansı musiqi əsərini ağlıma gətirirdimsə, elə bil ürəyimi oxuyurmuş kimi dərhal onu ifa etməyə başlayırdı.

Musiqi ifasını qurtaran qız pianonun qapağını örtüb bir müddət gözlərini yumaraq eləcə oturdu. Sonra ayağa qalxdı, yenə də əlimdən tutdu və biz mənim otağıma qalxdıq. Yalnız orada, çay içə-içə, nəhayət ki, mən onunla danışa bildim. Yuliyanın Qazaxıstandan olduğunu öyrəndim. Orada ciddi şəkildə musiqi ilə məşğul olmuş, dəfələrlə ifaçıların müxtəlif müsabiqələrində nüfuzlu yerlər qazanmışdı. Leninqrada da mənim kimi oxumağa gəlmişdi. Məni isə başqa bir sual daha çox maraqlandırırdı: görəsən bu gənc, gözəl və istedadlı qız niyə həmişə kədərlidir.

– Bilmirəm, – çiyinlərini çəkən Yuliya dedi, – Mən uşaqlıqdan beləyəm. Qəmgin əhval xoşuma gəlir. Kədərli musiqini, kədərli hekayələri və kədərli rəsmləri xoşlayıram. Bir də səssizliyi sevirəm, çox danışanları və çox söz verənləri sevmirəm.
Yanımda oturdu, özünün təəccüblü dərəcədə güclü barmaqları ilə əllərimi sıxaraq soruşdu:
– Başqa nəyi sevdiyimi bilmək istəyirsən?

Başımı tərpətdim.

– Şeir oxumağı, – dedi Yuliya.
– Şeiri mən də sevirəm, – əlüstü dilləndim. – Oxu, zəhmət olmasa, məmnuniyyətlə dinləyəcəm.
– Ən çox kimin şeirlərini sevirsən? – qız maraqla soruşdu.
– Mən bir çox şairin şeirlərini sevirəm: Anna Axmatova, Marina Svetayeva, Konstantin Simonov.
Yuliya bir az fikrə getdi, sonra bir-birinin ardınca şeirlər söyləməyə başladı.

Onun, şübhəsiz ki, buna da istedadı çatırdı. İfadəli intonasiya, lazımi yerlərdə məntiqi vurğular və pauzalar, poetik mətnin təqdimatında incə həssaslıq – bütün bunlar dinləyicini valeh edirdi. Dəfələrlə oxuduğum bu şeirləri indi elə bil ilk dəfə eşidirdim. Bu, bir zövq axşamı idi. Gözəl qızın dodaqlarından axan bu gözəl şeirlər sanki ilahidən qopub səslənirdi. Ayrılmaq istəmirdim, amma artıq gec idi.

Mən onu ötürməyə getdim, ayrılmadan əvvəl Yuliya gözlənilmədən, ertəsi gün axşam evə gedəcəyini söylədi və əşyalarını qatara aparmağa kömək etməyimi istədi. Mən bunun son görüşümüz olacağından şübhələnmədən və məmnuniyyətlə razılaşdım.

Ertəsi gün axşam saat beşdə mən artıq onun yataqxanasının girişində dayanmışdım. Yuliyanın yükü az idi: yol çantası və bir neçə kiçik sellofan torba. Biz əvvəlcə elektrik qatarına minib Baltik vağzalına, oradan isə metro ilə “Moskva” vağzalına getdik. Gəlib Leninqrad-Almatı qatarının dayandığı platformaya çatanda Yuliya mənə, buradan o yana getməməyimi dedi. Amma mən onu vaqona qədər ötürməyə təkid etdim. Biz Qatar boyu yavaş-yavaş gedəndə Yuliya Anna Axmatovanın “Sevdiklərinizdən ayrılmayın” şeirini oxumağa başladı. Əşyaları kupeyə yerləşdirib platformaya çıxdıq.

– Nə vaxt qayıdacaqsan? – mən soruşdum. – Səni vağzalda qarşılamaq istərdim.

– Bizim bir daha görüşməyəcəyimizi sən hələ başa düşməmisən? – o, gözlərimə baxmamağa çalışaraq soruşdu.

– Niyə? – təəccübümün həddi-hüdudu yox idi.

– Çünki, əziz oğlan, mən həmişəlik gedirəm. Təəssüf ki! Səbəbini soruşma, onsuz da deməyəcəyəm, –Yuliyanın səsi titrədi. – Sən hər dəfə “Sevdiklərinizdən ayrılmayın” şeirini oxuyanda, eşidəndə məni xatırlayacaqsan.

Qatar maşinisti vida fiti verdi və vaqonlar yavaş-yavaş yerlərindən tərpəndilər.

– Ay qız, biz gedirik! – bələdçi qışqırdı.

Yuliya birdən mənə yaxınlaşdı, yanağımdan öpdü və vaqona atıldı.

Qatar amansızcasına sürətləndi, mən onun vaqonundan geri qalmamağa çalışaraq qatarın yanınca getdim. Yuliya pəncərənin qabağında dayanıb mənə baxır, göz yaşları yanaqlarından süzülürdü. Mən platformanın kənarında dayandım, Yuliya son dəfə mənə əlini yelləyərək qışqırdı: “Heç vaxt sevdiklərinizdən ayrılmayı-ı-ı-ın!”

Eləcə uzun müddət platformada dayanıb sevdiyim qızı həmişəlik alıb aparan qatarın dalınca baxdım. Nə çalışsam da onun sözlərində, hərəkətlərində məntiq tapa bilmədim. Vağzal binasına qayıdanda isə səsyazma köşkündən Vladimir Kuzminin bu mahnısı səslənirdi: “...Mən taledən səni qaytarmağı xahiş etmirəm, bilirəm ki, xoşbəxtlik iki dəfə gəlmir...”

İndi hər dəfə Axmatovanın lirik şeirlərini oxuyanda və ya Kuzminin ifasında mahnılar eşidəndə özümdən asılı olmadan, kədərli gözləri və böyük musiqi istedadı olan o qızı xatırlayıram…

İnanılmaz romantik və unudulmaz görüşlərimiz olan o qızı.

Ruscadan tərcümə: Nazim Əhmədli