Tanınmış həkimdən sevgi hekayəsi - Mətn

Tanınmış həkimdən sevgi hekayəsi   - Mətn

03 May 2024 17:49 296


YeniYaz.Az Adil Muradın – tanınmış həkim Adil Qeybullanın sevgi mövzusunda yazdığı hekayəni təqdim edir.

Ömrün sınaq anları

Hekayə

Real hadisələr əsasında yazılıb

Hər dəfə naxıra mal aparan vaxt Nihad söhbətə başlayanda, utandığından nəzərləri bir nöqtəyə zillənən və əlindəki çubuğun ucu ilə qeyri-iradi torpağı eşələyən, bununla da oğlanın hər sözünü diqqətlə dinləmək fürsəti qazanan Səlimə qəflətən başını döndərib mənalı baxışlarla onu süzdü, gənc oğlanın qəlbində qığılcım düşdü. Görünür, hərdən sevgi atəşi üçün bir qığılcıma ehtiyac olur. Qızın kəşfiyyat xarakterli, oğlanı başdan-ayağa süzən, titrək və atəşli baxışları ən axırda birbaşa Nihadın gözlərinə fokuslandı. Bu, həmişəki baxışlar deyildi, başqa idi, onun nüvəsində ünsiyyət sərhədlərini aşan sirli bir işartı vardı. İki göz yeni müstəvidə ilk dəfə üz-üzə gəlirdi. Bu baxışlar özləri də bilmədən onların hər ikisinin taleyini müəyyən edirdi. Səlimənin badamı gözləri onsuz da çox ifadəli, parlaq və gözəl idi. Adətən hər bir gözəlin ən azı bir gözəgəlimli cəhəti olur, Səlimənin də cazibəli, cəlbedici gözləri ilk baxışdan seçilirdi.

Nihada babasının adını qoymuşdular. Səlimə isə nənəsinin adını daşıyırdı. Əslində sənəddə adı Səliməxatun idi, Səlimə deyə çağırırdılar. Nihadın özündən yaşca kiçik bir bacısı vardı. Səlimə isə evin tək övladı idi. Kənddə qonşu idilər, eyni yaşda doğulmuşdular və eyni sinifdə oxuyurdular. Qonşuda, məhlədə, məktəbdə daim üz-üzə gəlirdilər, lakin qızın baxışları onun ürkək qəlbinə od salmışdı. Oğlanın oxumaq, təhsilini davam etdirmək fikri yox idi. Yaxın qohumu avtomobil çilingəri işləyirdi, rayonda ad çıxarmışdı, maddi vəziyyəti çox yaxşı idi. Nihad qıza danışırdı ki, evdə mənə deyirlər, həmin qohumun yanında şagird kimi işlə, yaxşı öyrən və bu sənətə yiyələn. Onlar yaşım çatan kimi məni evləndirmək istəyirlər. Məhz bu sözlər qızın ifrat marağına səbəb olmuşdu. Səlimə isə tibb bacısı olub kənddəki ambulatoriyada işləməyi arzulayırdı.

Uşaqların malı örüşə bir yerdə aparırdılar. Nihad ayda bir dəfə mal nobatına gedəndə danışmağa fürsət tapmırdılar. Ayrı vaxt yol boyu birgə gedər, ordan-burdan söhbət edər, kənddə-kəsəkdəki dedi-qoduları, qeybət mövzularını, evlərində olub- keçənləri bir-birinə danışırdılar. Əslində, danışmağa, daha dərin ünsiyyət qurmağa mövzu gəzirdilər. Hər ikisinin ailəsi həyətlərində camış saxlayırdı. Camışın südü, qatığı, qaymağı inəyinkindən daha keyfiyyətli, daha dadlı olduğundan kənddə camış saxlayanlar az deyildi. Əksəriyyət camışı öz külfətinin dolanışığı üçün saxlayırdı.

Səlimə heç vaxt onu bu cür, təpədən-dırnağa süzməmişdi. Gözlərin ifadəsi adətən çoxmənalıdır, onu həmişə sezsən də, duymaqda, dəqiq oxumaqda çətinlik çəkirsən. Bu dəfə onun baxışlarında nə isə gizlənmişdi, əslində, qəlbində oğlana qarşı müəyyən hisslər oyanmışdı. Deyirlər, qızlar qulaqları ilə sevərlər. Onlar həm də psixoloji baxımdan oğlanlardan daha tez yetişirlər. Eyni yaşda qızla oğlanın həyata baxışlarında bu fərq kəskin hiss olunur. Səlimə son söhbətdən sonra içində hər şeyi çək-çevir edir, özünə suallar verirdi: Yanında belə bir oğlan ola-ola, başqa birisini gözləməyə dəyərmi? Nihad qısa müddətdə qohumunun sənətini öyrənəcək, əli ömürlük çörəyə çatacaq. Atası da zəhmətkeş adamdır, zavodda iki növbə işləyir, ailəsinə yaxşı baxır, ev işlərində həmişə arvadına köməklik göstərir, sakit adamlardır, heç vaxt səsləri çıxmaz. Nihad da atası kimi indidən zəhmətə qatlaşmaq istəyir. Bu imkanı niyə əldən qaçırım?! Yoxsa bilinmir kimə ərə gedəcəm, ailəyə necə baxacaq, içən, çəkən olacaqmı, hər addımda şiddət göstərəcəkmi, günümü qara eyləyəcəkmi?... Düzdür, bu, tale məsələsidir, amma Nihad onlardan deyil, ortada ən azı neçə illərin ailə nümunəsi var.

Bu sualları cavablandırmaq üçün Səlimə Nihadı daha çox dinləməyə, onun sirli tərəflərini öyrənməyə çalışırdı. Əlbəttə, hər bir qadının arzusu ər nəvazişini itirməmək, daim sevilmək hissi yaşamaqdır. Belə olanda evdə ruzi də tapılır, əmin-amanlıq da olur, məmnunluq da yaranır. Yoxsa söz-söhbətli evdə ruzi-bərəkət olmaz.

Suallar Səlimənin başında fırfıra kimi fırlanırdı.

Bir şərqli qızı kimi onu ailənin məişət tərəfləri daha çox maraqlandırırdı.

Hava sərinlədiyindən hər ikisi altdan geyinib üstdən qıfıllanmışdı. Baxışlar öz təması ilə ara-sıra qarşılıqlı suallar verir və bir-birini həvəslə dinləyirdi. Hər ikisinin 14 yaşı vardı. Bu yaşda yeniyetmələrdə dəyişiklik getdiyindən, onların görünüşündə, xasiyyətində, davranışında bəzi əlamətlər özünü göstərir. Oğlanın bığ yeri təzəcə tərləmişdi, qızın isə döşləri çıxmışdı.

Dağların döşündə və düzənlikdə böyük çəmənlik – geniş örüş sahəsi vardı. Bura çoxlu mal-heyvan gətirirdilər. Bütün kəndin heyvanı burda otlayırdı. At, camış, inək, buzov, keçi və qoyun... Otlaq sahəsi hamıya çatırdı. Kənd uşaqları da bir-biri ilə burada görüşər, söhbətləşərdi. Həm də özləri bilmədən bir-birinə nəzarət edirdilər. Gizlicə siqaret çəkənin, artıq-əskik hərəkətə yol verənin ailəsi dərhal xəbər tuturdu. Bu isə ən aşağısı, evdə məzəmmət demək idi. Kənd bir ailə kimi idi, hamı kənddə gəzən söz-söhbətdən və biabır olmaqdan çəkinirdi.

Oğlanın dilindən onun gələcək arzuları barədə eşitdiyi hər sözü Səlimə tutiya kimi qəbul edirdi. Çünki evdə, məktəbdə, məhlədə, kənd aralığında bu söhbətləri eləmək imkanı yox idi. Digər tərəfdən, örüş yeri kəndin içərisindən keçən çaydan bir qədər aralıda yerləşirdi, suyunun şırıltısı çox zəif eşidilirdi, söhbətə çox mane olmurdu.

Əslində, hər iki ailədə valideynlər bir-birini yaxşı tanıdığından qohum olmaq istəyirdilər. Nihadın anası oğluna gizlicə bildirmişdi ki, istəyirik bu qızı sənə alaq, gözümüzün qabağında böyüyüb, ağıllı uşaqdır. Oğlan susub heç nə deməmişdi. Səlimənin anası isə ona bu barədə deyəndə, qız “mən oxuyub bir sənətə yiyələnmək istəyirəm, sonra baxarıq” demişdi. Sadəcə bu söhbətləri bir-biri ilə bölüşməyə həm cürət etmirdilər, həm də utanırdılar.

Oğlanı tanıdıqca qız ürəyində ona daha çox bağlanır, lakin bunu qəti şəkildə büruzə verməməyə çalışırdı.

Aralarında hisslər dərinləşdikcə bir-birini qısqanmağa başladılar. Bunu sezən valideynlər onuncu sinfi qurtaran kimi onları adaxladılar.

Məktəbi qurtaran kimi Nihad yaxın qohumunun yanında çilingərlik öyrənməyə başlayır, Səlimə isə tibb texnikumuna daxil olur.

Bir gün Nihad Səliməgildəykən söhbət zamanı qəfil qızın vəziyyəti pisləşir, o, qəfildən titrətməyə başlayır. Anası əvvəlcə elə bilir qızına soyuq dəyib, tez yatağa uzadır, sirkə ilə ovuşdurur, dərman verir, oğlan isə başqa otaqda gözləyir. Səlimənin vəziyyəti bir qədər düzələndən sonra Nihad evlərinə qayıdır.

O, anasına bu haqda heç nə demir. İki gün sonra vəziyyət yenidən təkrarlanır, Səliməni həkimə aparırlar, oğlan da onlarla gedir, müayinə aparan ultrasəs həkimi bildirir ki, qızın limfa düyünləri şişib, müayinə davam etməlidir. Qızın valideynləri narahat halda evlərinə qayıdırlar. Qızın hər gün hərarəti qalxır, gecələr tərləmələr onu əldən salır, əlacsız qalıb müayinə üçün onu Bakıya aparırlar. Müayinə edən həkimlər bildirirlər ki, limfa düyünlərinin belə böyüməsinə biganə qalmaq olmaz, qan təhlilləri də narahatdır, mütləq biopsiya edilməlidir. Ailəsinin razılığı ilə biopsiya aparılır. Nəticə hamı üçün dəhşətli olur: limfa düyünlərinin xərçəngi (limfoqranulomatoz, nodulyar skleroz) diaqnozu qoyulur. Səlimənin ata-anasını dəhşət bürüyür.

Lakin həkimlər qızın valideynlərinə bildirirlər ki, bu, xərçəngin müalicə oluna bilən növüdür, bir neçə aylıq kimyəvi terapiya və şüa müalicəsi aparılmalıdır. Məsələdən bütün kənd əhli xəbər tutur. Bir tərəfdən xəstəliyin qorxulu adı, maddi xərclər, digər tərəfdən də, kimyaterapiyanın dəhşətləri. Görəsən, bu yolu keçə biləcəklərmi? Ata-anası Səliməyə çox şeyi bildirmirlər. Məsələnin məğzini bilən kimi, Nihadın valideynləri evdə məsləhətləşirlər, qızı almaqdan imtina edirlər və yavaş-yavaş bu qərarı qızın valideynlərinə bildirirlər. Səlimənin ailəsi üçün bu ikinci dəhşətli zərbə olur. Lakin oğlan qızı atmayacağını, sona qədər onun yanında olacağını valideynlərinə qəti şəkildə bildirir. Valideynləri oğlanı inandırmağa çalışırlar ki, bu qızın axırı yoxdur, onun yaşamaq şansı da şübhə altındadır, ondan nə sənə ailə olacaq, nə də ondan uşaq gözlə. Lakin oğlan inadından dönmür, valideynlərinə qarşı üsyana qalxır.

Kənd camaatı bilir ki, qızın ailəsinin maddi imkanları məhduddur, müalicə xərclərini ödəmək mümkün olmayacaq, qızın həyatı da taleyin ümidinə buraxılıb. Ağsaqqalları oturub məsləhət edirlər, belə qərara gəlirlər ki, uşaqdan mərhəmət hissini əsirgəmək olmaz və bu ailənin arxasından geri çəkilmirlər. Camaat yığışıb kimin nə imkanı var, əl tutur, hər kursun əvvəlində müalicə pulunu toplayıb qızın valideynlərinə verirlər.

Üzücü kimyaterapiya kursları başlayır, dəhşətli halsızlıq, ürəkbulanma, qusma, iştahsızlıq Səliməni əldən salır. Lakin bütün bunlara mətanətlə dözməyə çalışır. Nihad da bir anlığa onu tək qoymur, ona ürək-dirək verir, saatlarla yanında oturur, dodağını isladır, üzünün tərini silir.

Vəziyyətdən narahat olan Nihadın valideynləri bir gün müalicə həkiminin yanına gəlir, onunla gizlicə görüşürlər. Söhbət zamanı həkimdən xahiş edirlər ki, bu xəstəlik sağalan olmadığını Nihada izah etsin, bəlkə, qızdan əl çəkə: “Bu bir alın yazısıdır, qədərdir, biz neyləyə bilərik? Yaxşı qonşulardır, qız da insafən yaxşı uşaqdır. Lakin xəstə qızı biz sağlam oğlumuza necə alıb onu bədbəxt edə bilərik?”

Həkim onlara bildirir ki, hər şey qayda üzrə aparılsa, xəstənin sağalmaq şansı çox yüksəkdir: “O ki qaldı oğlana nəsə deməyə, mən şəxsi işlərə qarışa bilmərəm, mənim vəzifəm, həkimlik borcum xəstəni sağaltmaq, həyata qaytarmaqdır”.

Nihadın valideynləri işi belə görüb başlayırlar həkimlə sərt danışmağa, onu şantaj etməyə:

– Bizim uşağımızı niyə bədbəxt edirsiniz, siz xərçəng xəstəsinin valideynlərinə sağaltmaq sözü verirsiniz, bizim uşağımız da bunu eşidib ümüdlənir.

Həkim söhbəti davam etdirməyə lüzum görmür, tibb bacısını çağırıb oğlanın valideynlərini sakitcə otaqdan uzaqlaşdırır...

Səlimə Bakıda bir qohumugildə yerləşir, Nihad isə ilk vaxtlar yanında şagirdlik etdiyi qohumundan borc götürür və Səlimənin qaldığı yerə yaxın, gündəlik ödəmə ilə gecəqondularda qalır. Onun cibində pulu az olduğundan bəzən ucuz yeməkxana tapıb gündə bir dəfə yemək yeyir. Çətin sınaqlar başlayır. Kimyaterapiyanın gedişində çox ağır günlər yaşanır, Səlimənin sümük iliyinin fəaliyyətinin zəifləməsi ilə bağlı qan göstəriciləri aşağı düşür, qız isə günlərlə üzü üstə çul düşür.

Səlimənin anası Nihadı kənara çəkib ona bildirir ki, mən səni bədbəxt edə bilmərəm, hələ bilmirəm balamın axırı necə olacaq? Yaxşı olar bura gəlməyəsən, gedib öz işlərinlə məşğul olasan, sənin valideynlərini də başa düşürəm, onlar elə bilirlər mən səni burada tovlayıb saxlayıram.

Nihad qətiyyətlə bildirir ki, mən Səliməni ata bilmərəm, ona bir şey olsa, mən də yaşamayacağam, əgər məni buradan qovsanız, özümə qəsd edəcəm. Bu sözlərdən sonra qızın anası bir qədər toxtayır, gözünə işıq gəlir, digər tərəfdən oğlanın valideynlərinin tənəsindən çəkinir.

Nihadın pulu qurtardığından yaxınlıqda iş axtarmağa başlayır. Xəstəxana ətrafındakı yerləri dolaşır, orada tək-tək gəzən adamlardan burada iş tapmağa kömək etmələrini xahiş edir. Bir nəfər onu yaxınlıqdakı avtoyuma məntəqəsinə aparır. Orada oğlanın bu işi bacarıb-bacarmadığını soruşurlar. Nihad bildirir ki, özü avtotəmirlə məşğuldur. Ona işin şərtlərini başa salırlar. İş muzdlu işdir, gündəlik yuyulan maşından asılı olaraq, hər maşına iki manat veriləcək. Oğlan həvəslə razılaşır və səhər tezdən mütləq işdə olacağını deyir. O iş tapdığı üçün çox sevinir və Səliməyə baş çəkmək üçün tələsik onun yanına yollanır. Ürəyində fikirləşir ki, burda qazandığı puldan qızın müalicəsinə köməklik göstərə biləcək.

Bir azdan Nihad gəlib Səliməgilə çıxır, qapının zəngini basır, qızın anası gözlükdən baxıb qapını açır, oğlanı içəri buraxır, onu mətbəxə aparır və qarşısına çay qoyur. Lakin oğlan bildirir ki, mən Səliməni görməliyəm. Anası deyir, qız indi çox zəifdir, həkim onunla təmasların azaldılmasını tapşırıb. Nihad israr edir. Bu zaman qızın anası Nihada həkimin dediyi kimi maska geydirib qızın otağına aparır. Əslində, anası həm də çalışır ki, oğlan qızı bu vəziyyətdə görüb ondan yavaş-yavaş soyusun, özü də gələcək tənələrdən qurtulsun. Nihad görür qız yataqda beli üstə heysiz və hərəkətsiz uzanıb, başı yaylıqla sarınıb, sifəti xeyli arıqlayıb, gözləri çöküb və sulanıb, qaşları tökülüb, çöhrəsi ölü kimi solğunlaşıb, dodaqları cadar-cadar olub. Oğlanın matı-qutu quruyur, dili lal olur, donub qalır. Kənardan baxanda sanki çarpayıda bir meyit uzanıb, sadəcə çənəsini bağlamağa kimsə tapılmır. Nihad qızın başının üstündə dayanıb baxanda qeyri-ixtiyari gözündən yaş damcıları Səlimənin sifətinə düşməyə başlayır. O, gördüyü mənzərədən özünü itirir, bilmir neyləsin, pəncərəyə tərəf çevrilib maskası ilə gözünün yaşını silir, işıqlı dünya bir anlığa gözündə qaralmağa başlayır, başı gicəllənir, az qalır yıxılsın, tez özünü pəncərənin yanındakı stula çatdırmaq istəyir. Səlimənin anası oğlanın qolundan tutur ki, yıxılmasın, onu mətbəxə aparır, orda dilə tutur, yalvarır, deyir, Səlimə ağırdır, sənin valideynlərin də çox narahatdır, səni bədbəxt edə bilmərəm, nə qədər çətin olsa da, geri dön, olanları unut və öz həyatını yaşa.

Nihad yenə qəti etiraz edir, qayıdır ki, mən Səliməni heç vaxt atmayacağam, ata bilmərəm, onun sağalacağına, yenidən ayağa qalxacağına inanıram. Nihad bunu deyərək, yanıqlı və için-için ağlamağa başlayır, qızın anası da ona qoşulur. Oğlan gözü yaşlı durub gedir. Anası oğlanın dalınca da xeyli ağlayır. Sakitləşdikdən sonra ürəyində danışır, dualar edir və ən axırd “Allah böyükdür” deyib təsəlli tapmağa çalışır.

Nihad küçədə də gözünün yaşını saxlaya bilmir, cibində yaylığı olmadığından bayaq qızın anası verdiyi və Səlimənin başı üstə öz göz yaşları ilə islatdığı maskanı cibindən çıxarıb üzünü silir.

Evə çatanda əynini dəyişib çarpayıda uzanır, onu fikir götürür, qızı gözünün önünə gətirdikcə daha da vahimələnir. Bu minvalla onu mürgü tutur, yuxu aparır.

Yuxuda görür yaz fəslidir, hər yer yaşıllaşıb, Səlimə ilə göy çəməndə gəzişərək söhbət edirlər. Əyilib çəməndən qırmızı lalə dərir, qıza vermək istəyəndə görür qız yoxa çıxıb. Nihad həyəcanla ətrafa boylanır, Səliməni görmür, qışqırmağa başlayır. Birdən qızın səsi eşidilir və o, Nihaddan bir qədər aralı peyda olur. Oğlan görür Səlimə tanınmaz və eybəcər haldadır, qorxudan əlləri əsməyə başlayır. Qız Nihada deyir: «Mən ağır bəlaya düçar olmuşam. Bizi buna görə ayırmaq istəyirlər. Lakin mən sağalacam, həyata qayıdacam, biz birgə xoşbəxt olacağıq. Buna əmin ola bilərsən. Səndən bircə ricam var: mənə sona qədər dayaq ol!». Oğlan bunu eşitcək hönkürtü ilə ağlamağa başlayır və tez diksinib yuxudan ayılır. Evdə qala bilmədiyindən əynini geyinib bayıra çıxır, küçədə bir qədər fikirli gəzişir, lakin soyuq olduğundan isinmək üçün yaxınlıqdakı marketə girir. O həm də axşama yeməyə nə isə alar, fikri bir az dağılardı.

Evə qayıdan kimi qıza belə bir məktub yazır: «O gün yuxuda mənə dediklərini heç zaman unutmaram. Bizi ancaq ölüm ayıra bilər. Nə qədər nəfəsim gəlir, sənin yanında olacağam. Sağalmağına sonsuz ümidlərlə. Sənin Nihadın». Məktubu zərfə qoyur, üstünə «Yalnız Səlimənin oxuması üçün» sözlərini yazır və qapağını bağlayır.

Nihad bütün günü maşın yuyur, az-çox pul qazanırdı. Onun bəxtindən hava dəyişkən keçir, yağışda çirklənən maşınları açıq havada yumağa gətirirlər. O baxır ki, günə 40-50 manat pul qazana bilir. Yaxınlıqda ayı 150 manata ev tutur. Pulun 5-10 manatını yeməyə sərf edir, qalanını yığıb saxlayır.

Kimyaterapiyanın son kurslarında Səliməgilin maddi imkanı tamam tükənir. Onun sağlamlıq vəziyyəti də ağır və ümidsiz görünür. Nihad bunu hiss edir, lakin acı nəticəyə heç vəchlə inanmaq istəmir. İki kursun müalicəsinə yetəcək qədər pul qazanıb əlində saxlayır. Xeyli düşündükdən sonra Nihad Səliməyə yazdığı məktubu və əlindəki pulu götürüb qızgilə gəlir. Səlimənin otağına daxil olduqda, onu görüb dəhşətə gəlir. Qız əməlli-başlı çəki itirib, bir dəri, bir sümük qalıb, saçları tamamilə tökülüb, tərpənməyə belə heyi yoxdur. Səlimənin anası qəsdən qızının başını açıq saxlayıb ki, oğlan görüb qızdan soyusun, uzaqlaşsın, çünki o, sonrakı tənələrdən çox qorxur. Nihad yazıb zərfə qoyduğu məktubu gizlicə qızın yastığına qoyur, qazanıb yığdığı pulu isə əvvəlcə qızın anasına vermək istəyir, lakin onun o pulu götürməyəcəyini bildiyi üçün fikrindən vaz keçir və qüssə içində evi tərk edir. Oğlan çıxandan sonra Səliməyə tez-tez baş çəkən anası onun yastığı altında məktubun ucunu görür, tez götürüb oxuyur, məktubu Nihadın qoyduğuna əmin olandan sonra onu gizlədir.

Nihad üz tutur müalicə həkiminin yanına, ona vəziyyəti izah edir, iki kursun müalicə xərcini əvvəlcədən ödəyir, həkimdən isə xahiş edir ki, qızın anasına bu xərcləri xəstəxananın öz üzərinə götürdüyünü desin. Həkim Nihadın fədakarlığından məmnun qalır və belə də edir.

Səlimə altı ay ərzində davamlı və əzablı müalicələrdən sonra yavaş-yavaş sağalmağa başlayır, səhhəti tədricən bərpa olunur və həyata qayıdır. Həkimlər “qızınız artıq sağalıb” müjdəsini verən kimi Səlimənin anası Nihadın məktubunu qızına uzadır. Ağır müalicələrdən yorulmuş, özünə qapanmış Səlimənin çöhrəsi məktubu oxuyan kimi göz önündə dəyişir, onda sevinc və məmnunluq hissləri yaranır. Anası görür ki, qızına gündən-günə güc gəlir, əhval-ruhiyyəsi yaxşılaşır, həyat eşqi artır. O, qızından məktubun məzmununu soruşmağa utanır, amma ürəyində təxmin edir ki, Nihad ona nə yaza bilər?

Bütün kənd qızın sağalması xəbərini eşidib ürəkdən sevinir. Evə qayıdan zaman həkimlər Səlimənin valideynlərinə lazımi məsləhətlər verirlər. Tapşırırlar ki, qızı mümkün qədər soyuqdəymədən, zökəmdən, qripdən qorusunlar, üç il ərzində hər altı aydan bir müayinəyə gəlsin. Evdə yaxşı qulluq edildiyindən Səlimə sürətlə dirçəlir, saçları tam yerinə gəlir, çəkisi artır və əvvəlki füsunkar görkəmini alır.

Bir ildən sonra valideynləri onlara toy edirlər. Toy gecəsi Nihad yuxuda gördüklərini ilk dəfə Səliməyə danışır, həmin ağır və ümidsiz günləri, çətinlikləri birgə, şükranlıq hissi ilə, acı xatirə, qara yuxu kimi xatırlayırlar. Hamiləlik dövründə Səlimə iki dəfə həkim yoxlanışından keçir. Onların sağlam uşaqları doğulur, adını isə Vüsal qoyurlar...

Bakı şəhəri,
24 noyabr 2023