“Vaqif Səmədoğlu başımıza daş saldı” - Gənc şairlə müsahibə

“Vaqif Səmədoğlu başımıza daş saldı”   - Gənc şairlə müsahibə

22 İyul 2022 09:38 599


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən gənc yazar Səttar Timuçin ilə müsahibəni təqdim edir.

-Səttar bir gənc olaraq sənət iddian nədən ibarətdir?

-İddia deyəndə ki, bildiklərim var. Məsələn, mən bilirəm ki, gənc şairlər arasında ən yaxşı yazanlardanam. Çalışdığım qədər çeynənmiş fikirlərdən qaçıram. Ən əsası özünəməxsusam. Şeir yeni fikrə, fərqli yanaşmaya acdır. Və şeirə yeni nəfəs qatan iki-üç şair varsa, hazırda biri elə özüməm. İnsan nəyisə paylaşırsa, demək, iddiası var. Əksini iddia edənlər təvazökarlıq adı ilə artistlik edirlər. Nəyə lazımdır lazımsız təvazökarlıq? Sadəcə eqoistliklə təvazökarlıq arasındakı sərhəddə dayanmaq lazımdır. Məsələ orasındadır ki, sərhəd də tikanlı məftillə örtülüb. Hər külək əsəndə birinci sənə batır.

-Səncə, indiyə kimi yazdığın mövzular hansı yenilikləri ilə seçilir?

-Mən şeirdə yeni, fərqli ifadələr işlətməyi sevirəm. Bənzətmələrdə hansısa nəsnəyə yox, mifik hadisə və obrazlara, ümumi situasiyalara metafora etməyi sevirəm. Fərqi yoxdur, bənzətmə hansısa nəsnə olsa belə, buna fərqli yanaşma lazımdır. Yarpaq kimi düşmək, qartal kimi uçmaq, dağ kimi uca və s. Artıq bu və bu kimi ifadələr oxucunu həyəcanlandırmır. Mənim şeirlərimi oxuyanlar orada fərqli və yeni ifadələr, maraqlı yanaşmalar görə bilərlər. Ən əsası özünü həyəcanlandıra, heyrətə gətirməlisən. Mən yeni nə isə uğurlu misra, ya bənd yazanda uşaq kimi sevinirəm. Gedib üç dənə dalbadal siqaret çəkib bunu bayram edirəm. Görürsən? Uşaq kimi sevinib, siqaretlə bayram etmək... Bu da fərqli yanaşmadır (gülür). Mənim üçün hər şeirdə yeni ifadə, maraqlı tapıntı olmalıdır.

-Gələcəkdə özünü bir imza kimi necə doğrultmaq fikrin var?

-Belə bir şey deyim, mən ürəkdən arzuladığım, gözümü yumub xəyal etdiyim şeylərə gec-tez çatıram. Çatanda fərqinə varıram ki, qeyri-ixtiyari illərdir bu xəyal üçün çalışmışam, sadəcə hiss etməmişəm. Məsələn, uşaqlıqda yaxşı bir mahnını dinləyərkən gözümü yumub, xəyal edərdim ki, bu mahnının sözlərini mən yazmışam, hamı alqışlayır, dinləyir. Və keçən il Tofiq Hacıyev ilə "Qara adam" adlı gözəl bir proyektə imza atdıq. Radiolarda, televiziyalarda dinlənildi, yaxşı geridönüşlər aldıq. Bundan əlavə "Ata" adlı mahnının sözlərini yazdım və hələ yarım qalan və gözləmədə olan iki-üç mahnı da var. İndi də xəyallar qururam hamısına da çatacağam. Çünki əgər qurduğun xəyal potensialın ilə düz mütənasibdirsə, alınacaq. Məsələn, hündürlükdən qorxub kosmonavt olmağı xəyal etmirəm axı. "Artistan" adlı sənət və ədəbiyyat dərgisi hazırlayırıq. Ədəbi rəhbəri mənəm. Burada da iddialıyam. Oxucular Türkiyə dərgiləri standartında dərgi oxuyacaqlar. Bəzi adamlar deyir ki, nə gec oldu belə? Anlamırlar ki, yaxşı başlanğıc etmək istəyirik və 100 ölçüb bir biçirik. Və sonda da axır ki, ilk kitabım üzərində çalışıram və üz qabığı, şeirlər hamısı hazırdır. Kitab tam fərqli olacaq. Yenə də iddialıyam ki, ən maraqlı və fərqli şeir kitabı olacaq. Oxucuları kitabda sürprizlər gözləyir.

-Necə düşünürsən, yazmaq ciddi bir məsələdir, yoxsa həvəs?

-Bir şey ki, insana, insanlığa nəsə qata bilir, onun ruhuna toxunur, kövrəldir, sevindirir, deməli, ciddi məsələdir. Amma mən istifadə olunan ciddi və qeyri-ciddi sənət sözlərini anlamıram. Mən ciddi və ya qeyri-ciddi sənət sözlərini bəlkə nə vaxtsa səhvən işlədə bilərəm, amma anlamıram. Sənətin pisi var, yaxşısı var. Ciddi sənət nə deməkdir, qaşlarını çatıb oturan sənət, yoxsa necə? (gülür) Belə sözlər qeyri-səmimi elitanın ortaya atdığı sözlərdir. İlbər Ortaylı havasındadırlar, amma daxildə ən sevdikləri müğənni Şəbnəm Tovuzludur. Baxırsan ki, yenə də toylarına Eyyub Yaqubovu çağırırlar. Ümumiyyətlə, toyuna Eyyubu çağıran insanlardan qaçmaq lazımdır. Əksəriyyəti səmimi deyil və hasarı boyunca küknar ağacları olur.

-Bayağılıq bir gənc kimi səni narahat eləyirmi?

-Bayağılıq bizim canımıza işləyib, daha doğrusu, yeridiblər. Bundan qurtulmaq çox çətin olacaq. Bayağılıq özünü şeirdə pafosla göstərir. Birbaşa olaraq "ey dağlar, oy, qartallar" başlığı ilə başlayan şeirləri atıram qırağa. Musiqidə bayağılığın əsas səbəbi bəstəkarların şairlərlə çalışmamasıdır. Teatrların yazıçılarla konstruktiv əlaqəyə keçə bilməməsidir. Bilirsən, bir cəmiyyətin ən işıqlı adamları, ən sözünə qulaq asılası adamları şairlər, yazıçılar olmalıdır. Amma bizim də əlimizi ayağımızı elə qırıblar ki. Elə birinci özümüz qırırıq e. Məsələn, Vaqif Səmədoğlu. O boyda şairdi, yaratdığı Moşu obrazı ilə başımıza daş saldı. Camaata şair olduğunu deməyə utandırdı e. Bir cəmiyyətin ki, şair obrazı Moşudur, daha bu cəmiyyətdən yaxşı sözü ciddiyə almağı gözləmək olmaz. Bəlkə də Vaqif Səmədoğlu orada başqa şeyi demək istəmişdi. Amma hesablanmamış hərəkətdir. Bu cəmiyyətin bayağı olmağa tam haqqı var.

-Gənc həmkarlarından kimlərin eqosu istedadından böyükdür?

-Buradan istedadından böyükdür ifadəsini çıxmaq istərəm. Ətrafımda istedadsız yox, istedadını cilalamayan adamlar var. Belə eqoistliyə qalanda isə dostum Vüqar Babazadə, Əlibala Əhmədovu deyə bilərəm. Amma mənə bu, maneə deyil. Yekəbaşlıq ayrı şeydir, eqoistlik ayrı şey. Mənə də eqoist deyirlər. Nə olsun? Ramiz Rövşənin "atam balası" deyəndən sonrakı üz ifadəsinə fikir vermisiniz? İnsan dediyi sözün mükəmməlliyinə o qədər inanır ki. Adamı üstə qaldıran belə inamlardır e. Bir şeyə çox inanmaq eqo kimi görsənir bəzən. Amma Ramiz Rövşən ən uğursuz ifadəsini o inamla bizə necə yeridibsə, hələ də təsirindən çıxa bilməmişik.

Ümumiyyətlə, gənc yoldaşlar mütləq Ramiz Rövşəni oxumalıdırlar ki, onun kimi yazmasınlar. Heç kim "atam balası" kimi gərəksiz ifadəni elə uğurlu şəkildə insanlara yeridə bilməyəcək. Ramiz Rövşənin səsini şeirinin üzərindən çəkəndə o şeir yetim qalacaq. Ramiz Rövşənin şeiri onunla birlikdə böyükdür.

-Dostların şeirlərinə münasibət bildirəndə səmimi və ya qeyri-səmimi olduqlarını necə bilirsən?

-Dostlar şeirdən zövq alır, ədəbiyyatdan başı çıxan dostlar isə səhvi görür, uğurlu bəndi, misranı göydə tutur. Bir dəfə Rauf Ra və digər dostlarla çay içirdik, şeir deyirdik. Şeirimin son bəndi beləydi:

İndi dəniz və əsa dalğalanır uzağa
Bir hörümçək və dua, yerim-yurdum mağara
Dərin quyu və yuxu, yəqin burdan çıxaram
Tanrı ola bilmərəm, çünki bağışlamaram

Bu şəkildə idi. Rauf Ra dərhal anladı ki, burada peyğəmbərlərə işarə vurulur. Şair üçün anlamaq çox çətin deyil, bəlkə. Amma hər adam anlamırdı. Şeiri anlayan adamları mimikalarından tanımaq olur.

-Tənqid olunmusanmı, yaxud kimlərsə səni tənqid edərkən hansı reaksiyanı verirsən?

-Tənqidə tam açıq adamam, amma təhqirə keçmədiyi halda. Yaradıcılıq fakültəsinin də tələbəsiyəm, həmçinin. Orada şeirlərimiz tənqid olunurdu. Çox şey öyrənmişəm orada. Qismət Rüstəmov, Mübariz Örən, Maral Yaqubova yazılarımızı masada bizlə müzakirə edirdi. Çox da normal qarşılayırdım. Hamı səni bəyənməli deyil. Əgər hamı bəyənirsə, deməli, sən fərqli deyilsən, maraqlı deyilsən. Amma tənqid yaralı yerimdir. Bu haqda hətta Kulis.az-da "Ədəbsiz ədəbi tənqid" adlı yazım yayımlanıb. Ədəbi tənqidin məqsədi müəllifin inkişafına yönəlməlidirsə, bizdə tənqidçinin və elə müəllifin də reklamına yönəlir. Dava-dalaş, təhqir, söyüş... Aləm dəyir bir-birinə. Dünyaya çıxmaq orada müzakirə olunmağın vaxtı çatıb. Mən çox istərdim ki, İran ədəbiyyatından məni tənqid etsinlər. Mənim üçün İran poeziyası üstdür. Gərus Əbdülməlikianı özümə çox yaxın hiss edirəm. Onun "Sonuncu quş" şeirlər kitabını hamıya məsləhət görürəm.

-Şeir yazmağın hansı müsbət tərəfləri var idi ki, ancaq şeir müəllifi olmağa qərar verdin?

-Daima şair kimi qalmaq çox çətindir. Şeir yazmaq da hekayə yazmaqdan çətindir. Məsələ üstünlük deyil, məsələ hissdir. Mən özümü şair kimi hiss edirəm. Amma bir roman üzərində də işləyirəm, üzə çıxarmadığım bir neçə hekayəm var. Yaradıcı insanın belə bir qəlibi olmamalıdır. Sadəcə şeir yazanda daha xoşbəxt oluram. Özü də çox demişəm ki, kədər məni xoşbəxt edir. Mən çox da xoş şeylərdən yaza bilmirəm. Bunu üstünlük kimi demirəm, pis şeydir. Gərək özümü bu yöndə cilalayım.

-Gənc dostlarına, xüsusən də, adını eqo qoyub sui-istifadə edənlərə nə demək istəyirsən?

-Vallah, çox adam olub ki, şeirimi oxuyub deyib, bu bəddən Şəhriyar del Gerani qoxusu gəlir, nə bilim burdan Qismət qoxusu gəlir, burdan Musa Yaqub, ordan Ramiz Rövşən-filan. Baxıb görürəm, adamın yazısından naftalin qoxusu gəlir, qalstuk qoxusu gəlir, xaş qoxusu gəlir, ürəyim rahatlayır. Mənə hələ normal adam ağız büzməyib. Uzağı, tənqid edib, özü də əsaslı... Yazdıqlarımdan arxayınam. Redaktə olunandan sonra kitabda hər şey, hər kəsə agah olacaq. Nəinki şeirlər, ümumi kitab tamam başqa formatda olacaq.

Nizami Bayramlı