Zəfər şərqisi - Şərif Ağayar

Zəfər şərqisi  - Şərif Ağayar

08 Noyabr 2022 12:13 552


Şərif Ağayar


Qədim inanca görə məkanlar da canlı insanlar kimi ruha malikdir. Antik fəlsəfənin bir neçə qolu, demək olar ki, bu dünyagörüşü üzərində qurulub. Hətta məkan fəlsəfəsi sığışdığı əsrlərdən dolub-daşaraq təkallahlı dinlərə də sirayət edə bildi. Halbuki panteist məntiqlə hər hansı bir məkanı müqəddəs hesab etmək doğru deyildir. Axı Tanrı laməkandır. Şair demiş, “əhli mömin” onu görə bilmir, “pünhana baş endirir”.


Bir az incələsək müqəddəs saydığımız yerlərin vətənləşdiyini hiss edərik. Biz əslində, bir məkanın ruhunu tapmaqla, tanımaqla onu vətənə, yurda çevirir, müqəddəsləşdiririk. Vətənə, yurda bəslədiyimiz tükənməz sevginin də qaynağı budur. İstəyirsiniz İsanın Nazaret kəndindən danışaq, istəyirsiniz Musanın səhrasından, istəyirsiniz Məhəmmədin Hirasından, nəticə dəyişmir. Hətta bunun üzərinə buddist rahiblərin sığındığı nəhəng mağaraları da əlavə edə bilərik.

Ədəbiyyatın ilkin dövrlərində təbiətin canlı kimi təsvir və təqdim olunması da bəşəriyyətin min illik inancına söykənir.

Eləcə də tarixin özünün məkanlarla davranışı... Babək Bəzzeyn qalasının ruhunu tapmışdı və öz ruhu ilə üst-üstə düşdüyünü hiss etmişdi. Bir az da metaforik söyləsək, insanlar məkanların ruhudur, məkanlar insanların. Babək Bəzzeyndən ayrı həmin Babək deyildi, eyni zamanda Bəzzeyn Babəksiz Bəzzeyn deyildi. Bu günümüzə xəfifcə bir məna göndərməsi edən bu böyük inqilab məhz ruh bədəndən ayrılanda məğlubiyyətə uğradı.

Qarşılamağa hazırlaşdığımız 8 Noyabr – Zəfər Gününü də yalnız tarixi gerçəklik müstəvisində yox, həm də fəlsəfi-mistik istiqamətdə öyrənməyə çalışmalıyıq. Əks halda Şuşanın 1992-ci ilin 8 mayında düşmən tərəfindən işğal edilməsini yada salmalı və hər iki ayın səkkizinci günü gerçəkləşən hadisələrin xırdaca müqayisəsini aparmalıyıq. Şuşa otuz yox, əlli il də yağı tapdağında qalsaydı, heç vaxt onların olmayacaqdı. Çünki o öz ruhundan ayrı düşmüşdü. Şuşa üçün otuz il boyu oxunan həsrət nəğmələrinin, axıdılan göz yaşlarının, çəkilən ahların səbəbi vacib bir kateqoriyanın öz mahiyyətindən zorla ayrı salınması idi.

Zəfər zülmü aradan qaldırdı.

Otu atın qabağına qoydu.

İlahi mahiyyəti özünə qovuşdurdu.

Böyük Hüseyn Cavid məşhur “Topal Teymur” pyesində bəhs etdiyimiz nüansı özünəməxsus ustalıqla ifadə edirdi. Sultan İldırım Bayazid Sivas şəhərinin işğal edilməsindən söz açaraq tütək çalan çobana müraciətlə deyirdi: “Çal ey bəxtəvər çoban, nə Sivas kimi şəhərin dağılıb, nə Ərtoğrul kimi oğlun ölüb”. Diqqət etsəniz, sultan ilk olaraq Sivasın adını çəkir. Çünki Sivassız nə özünü, nə oğlunu, nə də taxt-tacını təsəvvür edir. Biz şərti olaraq Sivası da, Ərtoğrulu da İldırım Bayazidə geri qaytarsaq zəfərin necə böyük sevinc olduğunu təsəvvür etmiş olarıq.

Zəfər Sivasların dönüşü, Ərtoğrulların dirilişidir.

O, bir xalqın taleyində bütün rəngləri dəyişmək iqtidarındadır.

Tofiq Tağızadənin “Otel otağı” filmində azərbaycanlı obraz uzun illər Türkiyədə yaşayan qohumuna bizim düşmən qabağından qaçmadığımızı isbat etmək üçün Şəhidlər Xiyabanından danışır. Axı qorxub qaçan bir xalq bu qədər övladını itirə bilməzdi. Doğru məntiqdir. Lakin hər şey məğlubiyyətin qara çadırına büründüyü üçün onu öz rəngində görmək və göstərmək çətindir.

Zəfər ölümlərə inanılmaz dəyər qazandırır, onların boş yerə baş vermədiyi üzərinə məntiqi vurğu salır.

Bütün itkilər üçün təsəllilərin ən böyüyünü verir.

Bir xalqın psixologiyasını kökündən dəyişdirir, insanların xarakterinə, xasiyyətinə təsir göstərir.

Zəfər torpağı basılan kişinin içində gəzdirdiyi ağrılı boşluğu həyat iksiri ilə doldurur.

Ruhumuzun zədəsini yamayır, içimizin üşütməsini isti sevgilərə sarıyır.

Zəfər torpağı işğala, zorakılığa, təhdidə məruz qalan bir məmləkətə Tanrının ən böyük hədiyyəsidir.

Xalqların tarixi məğlubiyyətlə pozulub zəfərlə yazılır. Azərbaycan imperiya güclərinin əlində zəfərə həsrət qalmışdı. Biz məhz zəfərdən məhrum olduğumuz üçün özümüzü heç vaxt xoşbəxt hiss etmirdik. İlk Azərbaycan xanlığının işğalından 2020-ci ilin sentyabrına qədər faciələrimiz bir an belə dayanmayıb. Bu, beş yüz ildən çox edir. Beş yüz il – beş əsr. Balaca rəqəm deyil. Hətta bir belə itki ilə varlığımızı qoruyub-saxlamışıqsa böyük hünərdir.

Azərbaycanda xanlıqlar Nadir şah Əfşarın qətlə yetirilməsinin ardınca onun nəhəng imperiyasının çöküşü nəticəsində yarandı. Əfşarlar isə bizim ərazilərdə qurulmuş ən böyük dövlət idi. Taleyin ironiyasına baxın: ən nəhəng imperiya ən xırda dövlətlərə parçalanır və xalqımızın qara günləri başlayır. Çırtdan dövlətləri ilhaq edən Rusiya və İran imperiyaları ölkəmizdə istədiyi kimi at oynadır. Qafqazda erməni vilayətinin, daha sonrakı illərdə isə erməni dövlətinin yaradılması prosesi də beləcə başlayır.

Və biz iki il bundan əvvələcən Zəfər üzünə həsrət qalırıq.

İtirə-itirə gəlirik.

Gah parçalanırıq, gah ərazilərimizi işğal edirlər və biz bu yüz illər boyunca bir qarış torpağımızı da geri qaytara bilmirik.

2020-ci il sentyabrın 27-də yarım minillik tariximizdə ilk dəfə irimiqyaslı hərbi əməliyyata başlayaraq işğal edilən torpaqlarımızın geri qaytarılması üçün ölüm-dirim savaşına atılırıq. Cəmi qırx dörd günə dörd min dörd yüz ildə edə bilmədiyimizi edirik: ərazi bütövlüyümüz, demək olar ki, təmin olunur və on illərlə bizə qənim kəsilən düşmən kapitulyasiya imzalamağa məcbur qalır.

Noyabrın 8-i – Şuşanın işğaldan azad edilməsi ilə Böyük Zəfər qapımızı döyür...

Zəfər Vətənin can verən ərazilərinin ruhunu ona qaytarır.

Canı bədənə qovuşdurur.

Bayrağımızı daha ucalarda dalğalandırır.

Onun rənglərini daha aydın, daha bərraq göstərir.

Uşaqların üzünə xoşbəxtlik, böyüklərin çöhrəsinə təbəssüm qondurur.

Çünki Zəfər bir xalqın mövcudluq dəyəridir, onun mənəvi çəkisidir.

O, yeni tarixin yeni səhifəsidir.

Biz son yarım minillikdə yaşayan soydaşlarımızdan daha şanslı insanlarıq çünki belə bir günü yaşamaq qismətimiz oldu.

Bundan sonra bircə işimiz qalır: hamılıqla bu Böyük Günə layiq olmaq...

Onu bizə qazandıran kişilərin dəyərini bilmək...

Azərbaycanı zaman yolçuluğunun yeni relsləri üzərinə qaldıran Zəfər Günümüz mübarək olsun!

vetensesi.az