Ataqamın hekayəsi: Qanadlı körpü

Ataqamın hekayəsi:   Qanadlı körpü

20 Sentyabr 2024 11:28 80


“Şəhərimizin ortasından çay axırdı” – cavanlar yuxulu yurdu yad adama belə öyürdü. “Oba əzəldən elə çay boyu yayılmışdı” – qocalar da belə deyirdi.

Çayın suyu az idi. Lap az. Ziyarət dağının sağ döşündəki bir baldırqanbulağın suyu sol döşündəki acıbulağın suyuna qovuşub çaylağa tökülür, özünə “çay” dedizdirirdi. Adı da yox idi, hərə ona kefi istəyən adı verirdi.

Cavanlar Nəriman həkimin verdiyi adı –“Dupduruca”nı daha çox bəyənib işlədirdi.

Nəriman həkim otuz üç yaşın içindəydi. Qəribə adam idi; aparıq, upuzun. Almacıqları çıxmış üzü, çənəsinə çatan, çoxdan dəbdən düşmüş bakembardı, pırpız saçı vardı. Ayaqqabıları yay-qış tərtəmiz, şalvarı ütülü olardı. Şəhərdə oğrubaşı Vahiddən sonra qoluna döymə döydürən ikinci adam idi.

Hələ evlənməmişdi. Evlənməyəcəkdi də… çünki Abbasın arvadı Simarəni sevirdi. Xubyarlı Yasəmən demişkən, “adam kimi sevirdi”.

Abbas bədən tərbiyəsi müəllimi idi, qırx yaşının içindəydi. Arvadınınsa iyirmi yeddi yaşı təzə tamam olmuşdu. Cavanlar Simarənin yaşını ayına kimi əzbər bilirdi. Abbasın yaşını soruşanda, Simarənin yaşının üstünə on üç gəlirdilər.

Abbasın üzü Yarəhmədli məhləsinin ağzındakı “qara daş” kimi sığallı olduğundan, ona “şümal Abbas” deyirdilər. Əzələləri o qədər iri idi, yeriyəndə qolları özündən yarım metr aralı süzürdü. Dükan-bazarda sıxlıq olanda, əli ona-buna dəyməsin deyə, yanpörtü gəzirdi. Amma quşürək idi; bir dəfə internatın idman zalında Amil yumruqla Bayandurun dodağını partladanda Abbasın ürəyi getmişdi. Elə ona görə də, nə ona “müəllim” deyən var idi, nə də Nəriman həkimin başına gələnlərdə ondan şübhələnən.

Simarəyə “divin şeytan balası” deyirdilər; heç vaxt məmədan taxmaz, yad kişi görən kimi qoftasının düymələrini xəlvətcə açar, xoşu gələn oğlana elə ərinin yanında göz vurardı.

Abbasın atası barama tədarükü idarəsində Simarənin anası ilə bir işləyibmiş. Bunu sosial təminat idarəsində işləyən bir nəfər yardım ərizlərəni araşdıranda öyrənib danışmışdı. “Yebo! – gözlənilməz xəbərdən gözləri parıldayan “qəməlti Hüseyn”in oğlu İlham əlini dizinə çırpmışdı, – tay denən Simişin Abbasa getməyi dədə-nənələrinin qıcer-qıcer oyunuymuş ki!” “Həə, bu körpü də belə qurulubmuş. Dəzgahın sınsın, fələk!” – Famil həkimin oğlu Səfa alnını qaşıyıb siqaret yandırmışdı.

Nəriman həkim hər tezdən saat 6.20-də Sağ Sahil küçəsindəki həyət evinin dəmir qapısını kilidləyib çıxar, Mirzəcanlı məhləsi ilə Yarəhmədli məhləsini birləşdirən açıq sarı rənglənmiş taxta körpüyə qədər on dəqiqə aramla addımlayar, körpünün düz ortasında daha beş-altı dəqiqə dayanıb ətrafa baxar, bir neçə dəfə dərindən nəfəs alar, əlini addımlarının tempinə uyğun, körpünün sürahisinə vura-vura gedər, düz saat 7-də xəstəxananın girişində olardı. İşi saat səkkizdə başlasa da, o, həmişə işə bir saat tez gedərdi.

Şəhər camaatı körpüyə çox ad vermişdi: “tuluq” Tahir dəm olub o körpüdən yıxılıb əl-ayağını sındıranda – “Tahiraşan”, İldırımın oğlu Səlim havalanıb bir axşam o körpünün üstünə çıxıb dayanmadan mərcanlı çopur Dubuzun qızı Ütəlginin adını bağıranda – “Ütəlgi körpüsü”, Arzuman “Zil”ini körpünün dayağına çırpanda -“Arzuman körpüsü” dedilər. Ad olmayanda, camaat ona eləcə ya “taxta körpü”, ya da “sarı körpü” deyirdi.

Bir gün Davudun ərzaq dükanında iki arvad danışırmış ki, guya Nəriman həkim hər səhər körpünün üstündə Abbasın arvadı Simarəni görmək üçün dayanırmış. Simarə də çılınlanıb pəncərə qabağında durub özünü Nəriman həkimə göstərirmiş. Söhbəti Davudun oğlu Vidadi tezliklə şəhərə belə yaydı: “Haccı Qaraman haqqı, bayaq badamburun Solmaz deyirdi ki, Abbas cöngə kimi fıs verib yatır, Simiş də məməşin-gümüşün həkimə göstərir”.

O gündən körpüyə “Simarə körpüsü” adı verildi.

Minbaşılı Əli oğlu Zaman dəyirmandərəli çələbi Qəzənfərin qızı Təranəni “Moskviç”ə basıb, götürüb qaçmışımış. Deyirlər, Təranə maşında zəhləsi getdiyi Zamanın üzünə tüpürər, Zaman da elə maşında onun bakirəliyini açıb yolun kənarında tək qoyub gedər. Qız paçasının arasından qan sıza-sıza yol maşınına minib düz həmin körpüyə gələr, özünü başıaşağı ordan atar. Fizzənin ortancıl qızı and içirmiş ki, Tərişi təcili yardım maşını xəstəxanaya aparandan hələ bir saat sonra da çayın suyu durulmayıbmış, qırmızı axırmış. Camaat o gündən körpünün adını dəyişib “Çələbi qızı” qoydu, amma Təranənin heç qırxı çıxmamış yenə “Simarə” adına qayıtdı.

***

Abdullanın restoranının qabağındakı çayxanaya yaşlılar, Akifin kitab evinin arxasındakına – Aydının çayxanasına – cavanlar toplaşardı. Nəriman həkim həmişə cavanlar toplaşan çayxanaya gələrdi. Burda hamı onu səbrsizliklə gözləyərdi. Əslində, çox uşaq elə onu eşitmək üçün bura toplaşardı, çünki onun “müharibəyə susamış bolşevik balaları” söhbətini ayrı yerdə eşitmək olmazdı. “Bu hökumət dağılacaq, – deyirdi, – mən ölü, siz diri, – barmağını şəhərin mərkəzindəki minillik Çinara tuşlayardı, — görərsiniz, Çinarın altında dar ağacı qurulacaq, Dağ Tumasdan tutmuş Cocuq Mərcanlıya kimi bütün bolşeviklərin boynuna kəndir keçiriləcək”.

Hərdən ahıl müəllimlərdən biri cavanların çayxanasına tərəf gələn Nəriman həkimi yolda tutar, “a bala, dilini dinc qoy, səni üngüldərəyə göndərərlər” deyib öyüd verərdi. Başqa biri qolundan dartıb onu yanında oturdar, bir stəkan çay süzüb “gözünün gözəyin çək, hörümçək torundan ev olmaz” deyərdi. Nəsihət davam elədikcə, Nəriman həkimin almacıqlarından qan qaçar, burnu sallanardı.

Cavanlar arxa çayxanadan növbə ilə boylanar, Nəriman həkimə ilişmiş qocaların boş çənələrinə söyərdü.

“Dünən gecə Abbas Simişi aynabənddə yenə çırpırdı. Qızın başın keçirtmişdi qəzilli paçasına, təpəsinə-təpəsinə döyürdü. Simiş də qancıq kimi zingildəyirdi” – bunu arxa çayxanada Abbasın qonşusu Əhriman dedi. “Bank Tofiq”in oğlu Ceyhun içini çəkdi: “Başam, day üfürdü. Yebo! Ləvərə oğlu, döyəndə, guya sevəcək?!”

Bu söhbəti kimisə Nəriman həkimə çatdırdı. Mərkəzi xəstəxananın tibb bacısı J. K. “Təvərə”nın dal otağında əlini sarı tüklü baldırlarına sürtə-sürtə Ələkbər oğlu Mömüyə danışırmış ki, günorta Nəriman həkim nə xəbər eşitmişdisə, quduz it kimi hamıya ağız atırdı.

Çayxanaya gələndə, cavanlar ayağa durub Nəriman həkimi salamladı, altına stul çəkdilər. Dodaqları əsirdi. Çay süzdülər. Əlləri əsə-əsə stəkanı götürdü, bir qurtum aldı, kökdən düşmüş tar kimi bir səs çıxartdı: “Bizim də canımız div təkin şüşədədi…”. Nə demək istədiyini yada salmaq üçün gözlərini yumdu, alnını ovxalayıb xeyli düşündü. Kimsə “hə, elə Abbasın da canı aynabənddədi” deyəndə, Nəriman həkim gözlərini açdı və hirslə, kiminləsə qovğa edirmiş kimi söhbətə dəxli olmayan sözlər deməyə başladı: “Bilirsən, elli? Canlı sümüyün rəngi çəhrayı olur.., cansızınkı ağ olur. Sümük torpaqda çox qalsa – külrəngi, qumsal yerdə qalsa – narıncı, bataqlıqda qalsa – yaşıl, ya da qara rəng alır…”. Söhbətin davamını maraqla gözləyən bir neçə cavan eyni vaxtda başını tərpətdi.

“Abbasın da lap Murtuzası çıxıb” – cavanlardan biri söhbəti Simarənin döyülməsinə burmaq üçün atmaca atdı. Nəriman həkim gözünü həmin cavanın gözünə zilləyib xeyli baxdı, birdən ayağa durub Sol Sahil küçəsi boyu körpüyə tərəf getdi.

Nəriman həkim toran vurana qədər körpünün üstündə gəzişdi. Körpüdən keçən olanda, kənara çəkilib barıya söykənir, adam gedən kimi yenə var-gəl edirdi.

Abbasgilin aynabəndinin bütün pərdələri çəkilmişdi. Şəhərin işıqları yananda, pərdələrdən biri azacıq aralandı. Az sonra Abbasgilin həyətindən bir uşaq çıxıb körpüyə tərəf gəldi, Nəriman həkimə yaxınlaşıb nəsə dedi, tez də qayıtdı.

***

Səssiz bir avqust gecəsi, saat 3.15-də “Simarə körpüsü”nün altına dörd nəfər toplaşdı: Simarənin özü, Abbas, Abbasın bağırbadaş dostu Ramiz, bir də Nəriman həkim. Abbasgil Ramizin “Niva”sı ilə gəlmişdi. Nəriman həkim isə gündüzdən burdaydı, daha doğrusu, körpünün üstündəydi, “Niva”nı görən kimi, o da körpünün altına endi.

Ramiz maşını köndələn saxlamışdı, arxa təkərin biri suya girmişdi. O, əlindəki fənərin işığını yerlə hərləyib əvvəlcə Abbasla Simarənin, sonra da Nəriman həkimin üzünə vurdu. Abbas arvadının qolundan yapışmışdı. Heç bir danışıq olmadı. Ramiz fənəri dinməzcə Nəriman həkimin əlinə qoydu, özü isə maşının yaxınvuran işıqlarını yandırıb körpünün üstünə qalxdı.

Abbas arvadının üzünü özünə tərəf çevirib donunu qaldırdı, donun ətəyini bürmələyib Simarənin göbəyinin üstündə “pijon” düyünü vurdu. Donun altında ayrı paltar yox idi. Nəriman həkim fənərin işığını tez Simarənin açıq yanbızlarından çəkdi.

- İşıq vur! – Abbas boğuq səslə dedi. Səsi öz səsinə heç oxşamırdı. – Özü də bura vur! – o, arvadının yanbızına şappıldatdı.

Nəriman həkim fənərin işığını aramla Simarənin ayağından yanbızına qədər qaldırdı.

Abbas sağ ayaqqabısını sol ayaqqabısının, solu da sağın burnuna dirəyib çıxardı, sonra şalvarı ilə tumanını birlikdə soyunub kapotun üstünə atdı. Dalını maşına dayadı. Arvadının belindən tutub qaldırdı. Simarə qurbantəpəli Nazim elektrik dirəyinə dırmaşan təki ayaqlarını ərinin belinə keçirdi. Dizi zərblə maşının radiator toruna dəyəndə Nəriman həkim udqundu, işığı Simarənin gərilmiş yanbızlarından çəkib saçlarına vurdu.

Abbas boğazına bəlğəm yığışmış səslə: – Gözümə salma!- deyib başını arvadının dağınıq saçları arasında gizlətdi.

Simarə qollarını Abbasın boynuna dolamışdı. Ayaqları tez-tez sürüşüb ərinin belindən açılır, sakit havada aramla qanad çalıb süzən qaraquşun qanadları təki, rəngini gecənin belə boğa bilmədiyi sarı körpünün qanadları boyu qalxıb-enirdi. Yırğalandıqca gözünün üstünə düşən saçını geri atıb “Aba, bəsdi, bitir!” yalvarırdı.

Ayağı yerə dəyən kimi Simarə donunun düyününü açıb ətəkərini buraxdı, özünü maşına atdı. Arxaya keçmək üçün oturacağı aça bilmədiyindən, eləcə qabaq yerdə oturub əli ilə üzünü örtdü.

Ramız körpüdən enib Nəriman həkimin qarşısında dayandı. Fənəri onun əlindən dartıb alıb işığı üzünə vurdu:
- Gördün?!

Nəriman həkim bir addım geri çəkildi:
- Yox, görmədim.
- Dedim axı, görməyəcək, – Abbas qeyzlə əlini yelləyib Ramizə bozardı.
- Gördü, – Ramiz sözləri dişinin arasından zorla çıxartdı, — udmağı qalıb, tələsmə.

“Niva”nın təkərindən sıçrayan su Nəriman həkimin şalvarını islatdı. O, əlini qoynuna qoyub körpünün altında xeyli dayandı. Sonra suyun üstündən bir neçə dəfə o tərəf-bu tərəfə hoppandı, ayaqqabılarının ucunu suda islatdı, ovcuna su doldurub üzünə çırpdı, bomboş Sol Sahil küçəsinə çıxıb ayaqlarına kündə bağlanmış məhbus addımlarıyla üzüyuxarı, Çinara tərəf getdi.

***

Aydının çayxanasında pulla şahmat oynayanların başına çoxlu azarkeş toplaşmışdı. Axşama yaxın kimsə Nəriman həkimi soruşdu. “Keçən həftə Mahmudlu stansiyasında görən olub, deyib ki, Səhiyyədən çağırıblar, Bakıya gedir” – dedilər. Başqa biri onun sözünü təsdiqlədi, əlavə etdi ki, Həmid oğlu Nazim Bakıda onu nazirliyin qabağında qarapaltarlı iki adamla qara “Volqa”ya minən görüb.

Ertəsi gün tibb bacısı J. K. “Təvərə”nin arxa otağından gitaraçı Hikmət vasitəsilə Nəriman həkimin işdən qovulması xəbərini yaydı.

İki gün sonra isə Nəriman həkimin şəhərə qayıtdığını dedilər.

Həmin gün axşam hamı çayxanaya toplaşıb Nəriman həkimin gəlməyini gözlədi, amma o gəlmədi. Heç vaxt gəlmədi.

***

“Həkim hər gecə saat 3-dən sonra körpünün altı ilə sahildən sahilə keçir. Dayanmadan. Səhər açılana qədər. Cığır da açıb” – bunu Abbasın qonşusu Əhriman dedi.
Əhrimanın sözünə inanan olmadı. Bir neçə cavan həmin gecə yatmadı, körpüyə yaxın bir yerdə gizlənib Nəriman həkimi pusdu. Ertəsi gün Əhrimanın düz gördüyünü dedilər.

***

Bir həftə sonra Nəriman həkim əvvəlki kimi, hər tezdən saat 6.20-də Sağ Sahil küçəsindəki evindən çıxar, bir neçə dəfə geri qayıdıb qapını bağlayıb-bağlamadığını yoxlayar, “səni bağlamışam, qapı!” deyib körpüyə tərəf gedər, ayaqqabı-corabını soyunub şalvarının balağını qatlayar, çayda kəhilti ilə əl-üzünü yuyar, çeçə barmağını corabın boğazına keçirib qulaqlarına dolan suyu qurulayar, əllərini şalvarının yanına silər, corablarını qatlayıb cibinə soxar, ayaqqabılarını yalın ayağına geyib elə balağı qatlalı, Çinarın altına gedərdi. Heç kimlə danışmazdı. Kimsə yolda kefini soruşanda, hürkmüş at kimi azacıq geri sıçrayar, yüngülcə gülümsəyər, köynəyinin qolunu dirsəyə qədər çirməyib damarını sığallayar, başını bulayıb yoluna davam edərdi.

Bir ildən sonra şəhərdə Nəriman həkimin adını tutan yox idi, gəlib kiminsə qarşısından keçsə belə, ona salam verən olmazdı.

***

Müharibə isə qızışırdı. Döyüşlər Ziyarətin bəri üzünə adlamışdı. Mərmilər ara-sıra şəhərin lap yaxınlığında partlayırdı.

Bir avqust səhəri mərmilərdən biri avtovağzalın arxasındakı “yamaqlı bina”nın həyətinə düşdü. Sonrakı hər gün bir neçə ev yandı. İnsanlar artıq yanan evlərini söndürməyin mənasız olduğunu anlayıb daha təhlükəsiz yerlərə – şəhərə yaxın kəndlərdəki qohum-əqrəbalarına, tanış-bilişlərinə pənah apardılar.
Nəriman həkimin evi yanada o, çöldən reanimasiya şöbəsinin buta şəbəkəli pəncərəsinə dırmaşıb yaralı əsgərlərə yardım göstərən həkimlərə ucadan məsləhət verirdi.
“Deyirlər, evin yanır, həkim, gedək söndürək” - kepkalı bir kişi onun əlini şəbəkədən qoparıb dedi, həkimdən “İşin olmasın, mənim evim yanmaz!” cavabını alınca, çiynini çəkib aralandı.
Ziyarət dağının boz ətəklərində kerosinə bulaşmış qara rus tankları görünəndə, şəhərdə tək-tük adam qalmışdı. Nəriman həkim körpünün üstündə dayanıb şəhəri tərk eləyən sonuncu ailələri laqeydliklə seyr edirdi. Kəskin neft qoxusu duyduğundan, ona elə gəlirdi ki, körpü müharibənin ruhunu canına hopdurub.
Ramizin “Niva”sı Abbasgilin həyətində idi. Ramizlə Simarə maşının damına yüklədikləri yorğan-döşəyi kəndirlə bərkidirdi. Abbas gözə dəymirdi.
Nəriman həkim körpünün Sağ Sahil küçəsi tərəfindən qalxan tüstünü görəndə bir anlıq özünü itirdi. Tüstüyə tərəf bir neçə inamsız addım atdı, əyilib körpünün altına baxanda, həm dayaqların buğum-buğum yandığını, həm də evinə tərəf qaçan Abbası gördü.
Çaya yaxın selavdan tapdığı çatlaq şüşə banka ilə qaça-qaça çaydan neçə dəfə su daşıyıb alovun üstünə çilədiyi yadında deyildi. Növbəti dəfə əyilib su dolduranda, kimsə yavaşca çiyninə toxundu. Qanrılıb Simarəni gördü. “Gəldim, həkimim, getmək vaxtıdı, – Simarə əyilib bankanı ehmalca onun əlindən alıb suya atdı, – gedək!”. Nəriman həkim çiliklənmiş bankanın iri qırığını sudan götürüb zorla eşidiləcək səslə dedi: “Görürsən?! Yanıram!”
Ramiz bir neçə dəfə siqnal verdi, Abbas maşının pəncərəsindən boynunu uzadıb qəzəblə arvadını çağırdı.

***
Xəstəxananın arxasındakı yalda durub tüstüyə bürünmüş şəhərlə vidalaşanlardan biri, Səfiyar müəllimin kiçik oğlu Fərhad danışırdı ki, Nəriman həkim köynəyini soyunub başının üstündə hərləyə-hərləyə körpünün üstündə ora-bura qaçır, alovun dillərini döyəcləyirdi. Deyir, həkim ağ qanadlı adama oxşayırdı. Sonra, deyir, tüstünün arasında yoxa çıxdı.

Avqust, 2009