Bir saat geri çəkdim həyatı - Yeni şeirlər

Bir saat geri çəkdim həyatı   - Yeni şeirlər

29 Fevral 2024 11:40 654


Həyat Şəmi

Ayrılıq

Kəsmişdim üzünü xoşuma gəlməyən kitabın,
Uşaq vaxtı...
İndi də xoşuma gəlməyən insanların ayağını
kəsirəm ömrümdən.

Çəkmişdim rəsmini anamın,
Doqquz yaşımda.
Üç dəfə öpmüşdü məni...
Yanağına qəmzələr qoymuşdum
bir gülüşüylə.

Bağçamızda qızılgül qələmi əkmişdim,
Gecəgözlüdə...
Böyüyüb ayrılıqlar yazdı ömrümə -
Yurdumdan,
Anamdan,
Səndən...
İndi də özümdən ayrılıram...

Bu ilin martında da sən getdin, ata!
Axund dedi ki,
cümə günü ölənlər sorğu-sual olunmaz...
Mənim bir sualım var:
Anamı gördünmü?

Şuşa

Musiqi beşiyim, səssiz qalmışdın,
Dumanlı dağların bizsiz qalmışdı.
Sən əsir düşmüşdün, susuz qalmışdın,
Mən əsgər andımı içdim səninçün.

Sən azad olmalı, hürr olmalıydın,
Bir gecə içində sirr olmalıydın.
Qara sevdamıza yar olmalıydın,
Yar bağrım başını, açdım səninçün.

Sıldırım qayandan od ədədlər,
Qoynunu tənimə yurd elədilər,
Ayağın altına cənnət dedilər,
Mən ayağı yalın qaçdım səninçün.

Dan yeri sökülür yaralı yerdən,
Götür şəhid olmuş balanı yerdən!
Keçilməz yollardan, dolama yerdən,
Yol tapıb canımdan keçdim səninçün,
Yol bulub canımdan keçdim səninçün.

Səni ilk gördüyüm gün

Səni ilk gördüyüm bir Yer vardı -
Öz oxu ətrafında fırlanan...
Yaydan çıxan oxunu
İndi ürəyimdə gəzdirirəm.

Səni ilk gördüyüm bir yer vardı,
İşığı işıq deyildi ki, nur idi,
İndi o nuru balıq gözlərimdə
gecə-gündüz üzdürürəm.

Səni ilk gördüyüm bir səs vardı -
heç kimdə tapammıram...
O səsin gözündən keçirib
qulaqlarıma sırğa asdım busəni.

Səni ilk gördüyüm bir din vardı-
İmanı sən,
Peyğəmbəri sən.

Səni ilk gördüyüm bir gün vardı-
Gün çox dar idi, çox dar,
Darıxdım...

Sənə yazılan şeir

Məni təkliyin əlindən
alıb əzizləyən Adam...
Oxuyub öz kitabımı
Təzədən üzləyən Adam.

Hər dərdi çevrilib saya,
Baxır yüzə, baxır Aya,
Çəkdiyini görməyim deyə
Gözünü gizləyən Adam!

Yola salıb qəmlərini,
Çirmələyib qollarını,
Ömrün kirli yollarını,
Silib təmizləyən Adam.

Tamamlayıb düz əllini,
Gəl 10 yaş da üzərinə,
Sevginin ən gözəlini,
mənnən də gözləyən Adam.

Gözündən ləl, inci düşüb
Taleyindən incik düşüb,
Əlindən bir gənclik düşüb,
Özünü özləyən Adam.

Durub yaşımın qəsdinə,
Çevrilib dərdin dostuna
Çıxıb sözümün üstünə
Hər gün bir "SÖZ" deyən Adam!

Sevgisini teldən asıb,
Yolumu zənglərlə kəsib,
Budur qismət, budur nəsib,
Nəsibini İzləyən Adam!

***

Üç dilimə böldüm ömrümü -
Birini savaş yedi,
Birini həyatla barış,
Digərini də İstanbul udur...

İstanbul vaxtı ilə

Eyni işləməz
gedənlə qalanın saatı.
Getdim...
Bir saat geri çəkdim həyatı...

Bir cümə günü

Sən barmaqlarını yeyirsən
duyğulananda,
mən dilimi dişləyirəm.
Sənin barmaqlarından bal damır
mənim dilimdən şeir.

Sən öz türkcənin incəliklərinə girirsən
ən incik halında,
Mən dilimi uduram Boğazda -
ismin yerlik halında
unuduluram...

Sən yumruğunu tarixin daşına vurursan,
kəsilir,
Barmaqlarından qan yaddaşım damır,
Hər daşın altından şəhid olmuş Mən çıxıram,
Dilim çıxır, Vətənim çıxır,
qurban olduğum vətənim, və tənim..
Qürbət tənədir ...

Yağdırırsan öz türkcəndəki dadlı sözləri,
yağ-bal içində olsam da,
Mən dilimi yadırğamıram əsla.
Tut əlimdən - deyirsən,
tutulur dilim.
Barmaqların Vətən dadır...

Sevincdən uçur əllərim,
Əllərim göydəykən,
oxunan
Səladan duyuram,
Sılanın öldüyünü...
Bir cümə günü İstanbulda.