Göz üstündə bəslənmiş övlad ata qatilinə çevrilir

Göz üstündə bəslənmiş övlad   ata qatilinə çevrilir

03 İyun 2024 10:15 142


Qürubqabağı sevgi

Fəxri Uğurlu

Gerhart Hauptmanın “Günəş batana yaxın” pyesi haqqında

Henrik İbsenin Avropa dramaturgiyasında açdığı yolla gedən ən böyük sənətkarlardan biri də alman dramaturqu Hauptmandır. Emil Zolyadan başlanıb Avqust Strindberqdən keçən naturalizm ənənəsi “yeni dram”ın ən parlaq nümayəndələrindən sayılan Hauptmanın əsərləri üçün də xarakterikdir. Bir xeyli nəzm, nəsr əsəri yazmış olsa da, Hauptman dünyada əsasən dramaturq kimi tanınır. Qələmə aldığı əlliyə qədər pyesin bəziləri mənzum dram janrında yazılıb. 1912-ci ildə əlli yaşlı böyük sənətkar ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

“Günəş batana yaxın” (“Qürubdan əvvəl”, “Qürubqabağı” kimi də tərcümə oluna bilər) pyesi dramaturqun ən məşhur əsərlərindən biri, bəlkə də birincisidir. Bu əsər Hauptmanın həm bir sənətkar, həm də mütəfəkkir kimi bütün gücünü ortaya qoyur. Pyesi Şekspirin “Kral Lir”inə bənzədən cəhət çoxdur, müəllif özü də baş qəhrəmanın dilindən buna açıq işarə vurur. Onun qəhrəmanı antik çağın stoisizm fəlsəfəsinə rəğbət bəsləyir, dialoqlarında qədim Roma müdrikləri Senekaya, Mark Avreliyə bir neçə dəfə istinad eləyir. Bəllidir ki, stoiklər insanı təbiətlə həmahəng yaşamağa, tamahdan, ehtirasdan uzaq durmağa, taleyə, zərurətə boyun əyməyə, apatiya dedikləri mənəvi dinclik, sükunət, biganəlik məqamında qərar tutmağa, çıxılmaz vəziyyətdə, yəni hansısa kənar səbəb üzündən bunlar alınmayanda isə yaşamına son qoymağa çağırırdılar.

***

Hauptman bu əsəri 1932-ci ildə, yetmiş yaşında qələmə alıb. Onun baş qəhrəmanı Mattias Klauzenin də yetmiş yaşı var. Kral Lir bir ölkənin, dövlətin başçısıydısa, Mattias da öz biznesinin, qurduğu ticari-iqtisadi şəbəkənin padşahıdır. Yaşadığı şəhərdə, cəmi mahalda onun böyük nüfuzu, hörməti var. Klauzenin yubileyi cah-cəlallı mülkündə təmtəraqla, təntənəylə qeyd olunur. Yaxından-uzaqdan tədbirə yığın-yığın qonaq gəlir, ev bayram ovqatına bürünür.

Mattiasın dörd övladı - iki oğlu, iki qızı var. Onun sevimli xanımı üç il qabaq dünyadan köçüb. Böyük oğlu Volfqanq fəlsəfə professorudur. Volfqanqın arvadı Paula çox məkrli, təhlükəli qadındır. Mattiasın kiçik qızı Ottiliyanın əri Erix Klamrot kobud, qəddar, hiyləgər, bunlarla yanaşı işbaz bir əyalət adamıdır. O, qayınatasının müəssisəsində direktor vəzifəsində çalışır. Mattiasın kürəkənindən zəhləsi gedir. Ayağını azacıq çəkən Bettina atasına da, anasının xatirəsinə də büt kimi pərəstiş eləyir. O, üç il əvvəl can üstə olan anasının qarşısında atasından muğayat olmaq, onun qayğısına qalmaq barədə öhdəlik götürüb. Ailənin, ocağın keşiyini çəkmək, atasının qulluğunda durmaq bu qarımış qızın başlıca həyat amalıdır. İyirmi yaşlı sonbeşik Eqmont isə boylu-buxunlu, idmançı görkəmli xoşxasiyyət bir oğlandır.

Övladlarıyla birgə Mattias da ona dörd gözəl övlad bağışlamış ömür-gün yoldaşının itkisini çox ağır keçirib. Üstündən üç il ötsə də, kişi hələ indi-indi özünə gəlir. Bettina atasının üstündə yarpaq kimi əsir, bilir ki, onun sağlamlığı tükdən asılıdır. Klauzenlərin ailə həkimi Şteynits bu məsələdə Bettinanı tək buraxmır, həm pasiyenti, həm də dostu Mattiasın səhhətini daim nəzarətdə saxlayır.

***

Şəhərdə dedi-qodu gəzir ki, Mattias İnken Peters adlı gənc qıza aşiq olub. Bu qız Klauzen ailəsinin şəhərqırağı mülkündə anasıyla birgə yaşayır. Onun dayısı Ebiş Mattiasın bağbanıdır. Qızın atası bir neçə il qabaq türmədə özünə qəsd eləyib. Onu saxta yolla sığorta haqqı mənimsəmək üçün qəsdən yanğın törətməkdə günahlandırıblar. Kişi də özünün, ailəsinin şərəfini, namusunu qorumaq naminə canından keçib.

Onun günahsız olduğu sonradan sübuta yetirilib, di gəl, adamların ağzını yummaq, ictimai rəyi dəyişmək mümkün deyil, camaat elə dediyini deyib durub. Frau Peters qızının qəlbini qırmamaq üçün atasıyla bağlı acı həqiqəti ondan gizləməyə çalışır. Fəqət Mattiasla İnken arasındakı münasibətin gerçəkliyi üzə çıxandan sonra fröyleyn Peters Klauzenin gəlini Paulanın göndərdiyi anonim məktubu oxuyub hər şeydən agah olur. Bunun ardınca qıza dalbadal təhqirlə dolu açıqcalar gəlir.

Bu arada Klauzenin işlər müdiri Hanefeldt Mattiasın övladları adından frau Petersin yanına gəlib onunla alverə girməyə çalışır. Şərti də belədir: xanım Peters qızı, qardaşıyla birgə klauzenlərin Polşadakı mülkünə köçüb orada məskunlaşır, bunun müqabilində ona qırx min marka rüşvət verilir. İnken anasından bu qədər pulu haradan aldığını soruşanda isə frau Peters qızına bir qohumundan ona miras qaldığını söyləyəcək. Hanefeldt xanım Petersə vəziyyətin ciddi olduğunu, klauzenlərin qətiyyən geri durmayacaqlarını anladır.

Qadın bilir ki, çılğın, tərs İnken bu təklifə razılaşmayacaq, ona görə də qızını Mattiasla ünsiyyəti kəssin deyə dilə tutmağa çalışır. İnken isə deyir ki, əgər Mattias onunla evlənməsə, başına güllə çaxacaq.

***

Aradan bir neçə ay keçmiş Klauzen ailəsi ananın ölümündən sonra ilk dəfə köhnə adəti üzrə birgə səhər yeməyinə yığışır. Ailənin patriarxı hələ masa başına gəlməyib. Süfrəyə doqquz dəst qab-qacaq düzülüb. Kürəkən Klamrot lakey Vinterdən doqquzuncu dəstin kimdən ötrü nəzərdə tutulduğunu soruşur, Vinter bu haqda məlumatsız olduğunu deyəndə Erix o dəsti süfrədən götürməyi lakeyə əmr eləyir. Övladlar ailə məclisinə İnkenin də çağırıldığını anlayırlar, ancaq buna inanmaq istəmirlər, atalarının belə bir addım atacağını, türmədə həyatına rüsvayçılıqla son qoymuş fırıldaqçının qızını kübar həyat keçirən övladlarıyla bir masa arxasında oturdacağını ağıllarına heç cür sığdıra bilmirlər.

Masa başına fröyleyn Peterslə birgə təşrif buyuran Mattias Klauzen məsələdən duyuq düşəndə dəli olmaq dərəcəsinə çatır. Mattias əsib-coşmaqdaykən İnken qaçıb özünü eşiyə atır, qoca Klauzen onun dalınca yüyürsə də, qıza yetişə bilmir. Məclis bununla bitir ki, nəslin patriarxı övladlarını da, kürəkənini də, gəlinini də evdən qovur, üstəlik, Klamrotu tutduğu vəzifədən azad eləyir.

Qohumlar, doğmalar İnkenin Mattiasa bağlanmasında bir hiylə olduğunu düşünürlər, frau Petersin gənc qızını tamah məqsədilə bu nikaha təhrik elədiyindən, varlı kişiyə bir növ sırıdığından şübhələnirlər. Halbuki anası cənab Klauzendən bahalı hədiyyə alıb-almadığını İnkendən dönə-dönə soruşmuşdu, saf, dürüst İnken də anasını heç bir bəxşiş almadığına inandırmış, bundan ötrü and içməyə məcbur olmuşdu. Fəqət ailəni, xüsusilə də gəlinlə kürəkəni buna inandıra bilməzsən. Onlar özlərinə çatası sərvəti əllərində saxlamaq, heç kimlə bölüşməmək üçün nəyə desən gedərlər.

İnken bir neçə həftə Klauzenin malikanəsində qalır. Onlar artıq evlənməyə qərar veriblər. İndi Mattias qıza təkcə arvadından qalma daş-qaşları bağışlamır, onunla baş-başa qalmaq üçün İsveçrənin səfalı yerində, göl qırağında yığcam bir qəsr də alıb. Qəsrin yenidən qurulması başa çatandan sonra Mattias İnkenlə birlikdə ana təbiətin ağuşuna çəkilib qəlbini dincə qoyacaq. O artıq işgüzar həyatdan da, ailədən, cəmiyyətdən də, hüdudu görünməyən varlanmaq ehtirasından da usanıb, qalan ömrünü dağlar qoynunda, təbiətlə baş-başa rahat, sakit, asudə yaşamaq istəyir. Mattiasın ən böyük diləyinə çatmasına çox qalmayıb.

Xoşbəxt sevgililərin başı üstünü qara buludlar alsa da, onların bundan hələ xəbərləri yoxdur. Kimsəsiz qalmış Mattias cavanlıq dostu professor Haygerə məktub yazıb onu yanına çağırır. Haygerin dada yetməsi uzun çəkir. Bu müddətdə kürəkən Klamrotun təhrikiylə övladları Mattiasdan məhkəməyə şikayət eləyib atalarının ağıldankəm, anlaqsız olmasıyla bağlı qərar verilməsini istəyirlər. Yalnız kiçik oğul Eqmont ərizəyə qol çəkmir.

Məhkəmənin qərarıyla işlər müdiri Hanefeldt Mattias Klauzenin hamisi təyin olunur. O da oğlu Volfqanqla birgə Mattiasın dizi üstündə böyüyüb. Kişi bunu Hanefeldtə xatırladanda hər ikisi dərindən sarsılıb kövrəlir. Artıq ailənin patriarxı nəinki malına, mülkünə, təsərrüfatına, heç quruca canına da sərəncam verə bilməz. Onun daha bir ölüdən fərqi yoxdur.

Ailə hamılıqla atanın başına cəm olur. Övladlar hələ də nə işə qol qoyduqlarının fərqində deyillər. Mattias onlardan tabutunu istəyir, açıq deyir ki, övladları ata qatilidirlər. Bettina tövbə eləyib atasının ayaqlarına düşür, o biri övladların da az-çox peşman olduqları sezilir. Onlar atalarını inandırmaq istəyirlər ki, hər şeyi onun xeyri üçün eləyiblər. Ancaq artıq gecdir.

Mattias övladlarının dünyaya gəlməsi, körpəliyi, uşaqlığıyla bağlı xatirələrə dalır, kəllə deformasiyası ilə doğulan körpələrin sümüyü bərkiməmiş onların başını öz əlləriylə necə düzəldib normal vəziyyətə gətirdiyini yada salır. İndi belə məlum olur ki, ata doğma övladlarının timsalında öz qatillərini bəsləyirmiş. Budur, həmin qatillər varını-yoxunu, mal-mülkünü, qəlbini, sevgisini, sevincini, azadlığını əlindən alandan sonra onu ölümə, heçliyə məhkum eləyiblər.

***

Ağrılı monoloqunun ardınca Mattias mərhum arvadının portretini cırıb ayaq altına atır, övladlarından imtina eləyir. Professor Haygerlə doktor Şteynits Mattiası sakitləşdirmək üçün onun qatillərini bayıra çıxarırlar. Bundan sonra Mattias Klauzen doğrudan dəli olur. Evdən qaçıb frau Peterslə bağban Ebişin yaşadığı yerə gedir.

Mattias anasından İnkeni soruşanda frau Peters ona heyrətlə baxır, qızının nə müddətdir cənab Klauzenin malikanəsində yaşadığını ona xatırladır. Çox keçməmiş bacı-qardaş nə baş verdiyini anlayırlar. Onlar Mattiasın islanmış əyin-başını dəyişir, ona bir balaca mürgüləyib başını dincə qoymaq üçün şərait yaradırlar.

Bu müddətdə övladları da, İnken də, professor Haygerlə sədaqətli lakey Vinter də Mattiası axtarırlar. Dəlixana maşını sanitarlarla birlikdə haradasa yaxınlıqda dolaşır.

Əvvəlcə İnkenlə professor Hayger yetişir. Onlar Mattiası maşına basıb buralardan uzaqlaşdırmağa, onu İsveçrəyə aparıb qanına susamış doğmalarının cəngindən qurtarmağa tələsirlər.

Fəqət iş işdən keçib, zərbə o qədər ağır olub ki, daha İnkenin sevgisi də onu həyata qaytarmağa qadir deyil. Artıq Mattias bunu anlayıb. İnken onun ardınca gələn maşını tapançayla qarşılayır, onun uğrunda sonacan çarpışacağını deyir. Elə bu aralıqda Mattias zəhər içib sadiq nökəri Vinterin qolları üstündə keçinir.

***

Əsərdəki konflikti quduz kapitalın başa-beyinə vurması, ictimai əxlaqın üzə durması kimi də xarakterizə eləmək olar. Ancaq məncə, əsl mətləb bu qatlardan daha dərindədir.

Məsələ burasındadır ki, bütün ömrünü ailəsinə, övladlarına, cəmiyyətə həsr eləmiş insan heç olmasa yetmiş yaşında öz ekzistensiyasını bəsləməyə, Sartr demiş, məhkum olunduğu azadlığın verdiyi səlahiyyətdən yararlanmağa can atanda doğmalar, yadlar onu dörd yandan mühasirəyə alıb oxlamağa başlayırlar. Nəvəsi yaşda qıza vurulmuş Mattias Klauzen haqlıdır, ya yox, bu sevgiyə qarşılıq vermiş İnken Peters səmimidir, ya yox - bunlar bir başqa söhbətin mövzusudur. Hər halda müəllif bizi bu münasibətin saflığına inandırmağa çalışır. Aşiqlər arasındakı dialoqlar da uşaq məsumluğundan, yeniyetmə səmimiliyindən, gənclik təmizliyindən xəbər verir.

Gəlin müəllifə inanıb ondan sonra bu suala cavab verək: biri keçmişi, o biri gələcəyi simvolizə eləyən bu iki yer sakininin indiki zamanda görüşmək haqqı yoxdurmu? Onların birgəliyi onsuz da uzun sürməyəcək, fəqət İsveçrə təbiətinin qoynunda uzun sürməyən birgəlik belə möcüzə yarada bilər. Axı Mattias Klauzen vur-tut cəmiyyətin sahilinə çıxıb qalan beş-üç il (bəlkə də beş-üç gün) ömrünü təbiətin qoynunda yaşamaq, bir stoik kimi özünə dalmaq, bütün buxovlarını qırmış varlığından zövq almaq istəyirdi.

Bütün həyatı boyu zəhmət çəkib pul qazanmış, sərvət toplamış bir adamın, nəhayət, ömrünün qürub çağında belə bir fəxri istirahətə, fələkdən məzun olmağa, pərəstiş elədiyi müdriklərin təcrübəsinə uyğun filosofanə həyat tərzi keçirməyə ixtiyarı çatmırmı? Di gəl, o biriləri bir yana dursun, onun filosof oğlundan belə atasının halal haqqını qoparmaq mümkün deyil. Evini-eşiyini, varını-yoxunu tam təhvil verib inzivaya çəkilmək istəsə də buraxmayacaqlar, heç nəyi qalmayanda quru qəfəsini istəyəcəklər, canını alacaqlar.

***

Bu məqamda dahi aktyor Çarli Çaplinin bioqrafiyasını xatırlamamaq olmur.

Çaplinin dördüncü arvadı, böyük amerikan dramaturqu, Nobel mükafatı laureatı Yucin Onilin qızı Una (bilənlərin yadında qalar, bu qız gənc Selincerin sevgilisi olmuşdu, gələcəyin böyük yazıçısı müharibədən sonra onunla evlənmək fikrindəydi) ondan otuz altı yaş kiçik idi. Aktyorla qızın atasının yaşı arasında vur-tut altıca ay fərq vardı. Həmin vaxt Unanı parlaq aktrisa karyerası gözləyirdi. Ancaq qız filmlərə çəkilməyi yox, özünü gələcək ailəsinə həsr eləməyi arzulayırdı.

1943-cü ilin 16 iyununda 54 yaşlı Çaplin 18 yaşlı Unayla nikah bağladı. Çaplin gənc xanımına təklifdə bulunanda ona belə demişdi: “Gəl səninlə evlənək, mən sənə yaşamağı öyrədim, sən də mənə ölməyi”. Ancaq başı yüzlərlə macəra çəkmiş, azyaşlı qızların düşkünü olmuş böyük sənətkar sonralar boynuna aldı ki, yaşamağı Unayla evlənəndən sonra öyrənib. İdeal saydığı qadın ona səkkiz uşaq doğdu, sonuncu övladı dünyaya gələndə Çaplinin 73 yaşı vardı. Onların birgəliyi düz 34 il çəkdi, hər ikisi bu birgəlikdən çox razı qaldı. Ancaq bütün bunlar Mattiasın faciəli ölümündən xeyli sonra baş verəcək...

Yetmiş yaşının tamamında böyük Viktor Hüqo da bəlalı bir eşqə mübtəla olmuşdu, könül dostu, sevgilisi aktrisa Cülyetta Druenin ona katibəlik üçün yazıçının “əndərununa” buraxdığı Mari Blanş adlı iyirmi bir yaşlı qıza dəlicəsinə vurulmuşdu. Yeri gəlmişkən, bu sevgi də qarşılıqlı olmuşdu...

Əlbəttə, Mattias Klauzen böyük sənətkar, yazıçı, ya filosof deyil, ancaq çox oxumuş, yüksək səviyyədə təhsil almış müdrik adamdır. Onun zəngin kitabxanası, geniş mütaliəsi, elmi laboratoriyaya bənzər kabineti var. Dostu professor Hayger elə belə də söyləyir: “Əgər sənin iş adamı, nəhəng bir müəssisənin sahibi olduğunu bilməyən adam bu otağa girsə, dərhal düşünər ki, bura məşhur bir alimin kabinetidir”. Üstəlik, cənab Klauzen jurnallar üçün elmi məqalələr yazır.

Klamrot da qayınatası kimi işgüzar adamdır, ancaq onun nə yüksək erudisiyası, nə əxlaqı, mənəviyyatı, nə də elementar tərbiyəsi var. Mattias onun haqqında dostuna belə deyir: “Mən çox aydın görürəm ki, həyatımın nəcib işi, ali məqsədi onun caynaqlarında necə bir iyrənc alverə dönür”.

***

Eynən Şekspirin “Kral Lir”ində, Balzakın “Qorio ata”sında olduğu kimi Hauptmanın “Günəş batana yaxın” pyesində də min naz-nemət içində, pərqu yorğan-döşək arasında, göz üstündə bəslənmiş övlad ata qatilinə çevrilir. Burada da şər xeyirə qalib gəlir. Müəllif bizə göstərir ki, instinktlərə çox da etibar eləmək olmaz. Dostu Hayger, həkimi Şteynits, yad qızı İnken onu qorumağa çalışdığı halda öz qanından yoğurduğu məxluqlar Mattiasın qətlinə fərman verir.

Doğrudur, kral Lirdən, Qorio atadan fərqli olaraq Mattias ömrünün qürub çağında mömin həyat sürməyə can atır, ancaq onu özüylə baş-başa qalmağa qoymurlar, Haydeggerin dediyi kimi, onun gerçək varlığını içindən sümürüb çəkib, yerini özləriylə, özlərinin mübhəm niyyətləriylə, çirkin məqsədləriylə doldururlar. Belə çıxır ki, onun üzdə nöqsandan xali görünən həyatı heç də düzgün yaşanmayıb, bu səbəbdən ömrünün yekununda Mattias tək bircə şey - batan günəş sayağı qüruba enməyi, solub qaranlığa gömülməyi arzulayır. Canındakı zərbələri, zədələri daşımağa artıq gücü yetməyəndə dönə-dönə “Mən qürubu gözləyirəm, mən qüruba susamışam!” deyib fəryad qoparır.

Sonuna yaxın Mattias Klauzenin ömür günəşi parlaq şüalar saçıb dünyanı onun gözündə nura boyayır, dibinə işıq çatmayan dərin qaranlıqları belə aydınladır, sonra da qatı zülmətə bulaşıb biryolluq sönür.

"Yeni Azərbaycan"